Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-467/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Ağdam rayonu, Kosalı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Göytəpə ərazi dairəsi, Kosalı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələsi ilə təqsirləndirilməsinə dair cinayət işinə video-konfrans vasitəsilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 oktyabr 2024-cü il tarixdə saat 05 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 21 ünvanda yerləşən "xxxx" MTK-nın 1-ci mərtəbəsində olan anbarının pəncərəsini güc tətbiq edərək əli ilə itələyib açaraq qanunsuz olaraq ambara daxil olub oradan həmin MTK-da gözətçi işləyən Zərərçəkmiş şəxs məxsus cəmi 400 manat dəyərində iki ədəd qaynaq aparatı, bir ədəd 400 manat dəyərində preparator, bir ədəd 600 manat dəyərində antik samovar, 40 metr uzunluğunda 60 manat dəyərində elektrik naqili və 60 manat dəyərində açar dəstini böyük həcmli kisə tipli çantaya yığaraq gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1520 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Video-konfrans vasitəsilə Umbakı Penitensiar Kompleksdən qoşulmuş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 oktyabr 2024-cü il tarixdə gecə təxminən saat 3 radələrində yaşadığı evdən çıxaraq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə piyada getməyə başlamışdır və oğurluq etmək üçün münasib yer axtarırdı, diqqət çəkməmək üçün küçələrdən guya metal toplayırdı. Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 21 ünvanın qarşısına gəlmişdi orada olan yeni tikilmiş 14 mərtəbəli binanın birinci mərtəbəsinin qapısının açıq olması diqqətini çəkmişdir. İstintaq zamanı burada "xxxx" MTK-nin yerləşdiyi ona məlum olmuşdur. Ətrafa baxaraq heç kəsin olmadığını görüb saat təxminən 05 radələri olardı ki, maneəsiz olaraq açıq yer olan içəriyə daxil olaraq diqqət çəkməyib sakit şəkildə içərini, yəni MTK-nın bağlı olmayan ərazisini gəzmişdir və oğurlamağa əmlak axtarmışdır. Sonra MTK-nın 1-ci mərtəbəsində dəmir qapısı olan anbarı görmüşdür və pəncərəsinə yaxınlaşıb içərisinə baxmışdır. Ambarın içərisində avadanlıq və əşyaların olmasını görmüşdür və əli ilə güc tətbiq edib itələyərək pəncərəsini açmışdır. Sonra pəncərədən ambarın içərisinə daxil olmuşdur və içəridə olan əşyalara baxmışdır, iki qaynaq aparatı, bir ədəd preparator, bir ədəd köhnə samovar, elektrik naqili və açar dəsti olduğunu görmüşdür. Həmin əşyaları ardıcıl olaraq iki-iki pəncərədən çıxartmışdır və özündə olan böyük həcmli kisə tipli çantaya qablaşdırmışdır ki, birdəfəlik oğurlayıb apara bilsin. Sonra yenə ətrafı müşahitə etmişdir və heç kəsin olmadığına əmin olaraq oğurladığı əmlak olan kisə tipli çantanı çiyninə qoyaraq və dəstəyindən tutaraq oradan uzaqlaşmışdır. Həmin əşyaları Xırdalan dairəsinə gətirmişdir, orada olan dövlət nömrə nişanına fikir vermədiyi “Kia” markalı avtomobili idarə edən adını bilmədiyi taksi sürücüsünə yaxınlaşıb özünü usta kimi təqdim edərək həmin əşyaların ona məxsus olduğunu və bu əşyaları ucuz qiymətə satdığını bildirmişdir. Həmin taksi sürücüsü daimi Xırdalan dairəsində olur, lakin anket məlumatları və mobil nömrəsi ona məlum deyil. Taksi sürücüsü danışıb həmin əşyaları 350 manata alacağına razılaşmışdır və o, bu şəxsdən həmin pulu almışdır. Həmin əşyaları avtomobilin arxa yük yerinə qoymuşlar və o, oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Əldə etdiyi 350 manat pulu isə sonradan öz şəxsi ehtiyaclarına xərcləmişdir. "xxxx" MTK-nin yerləşdiyi ərazidə sakinlər yaşayır, hasar və maneyə yoxdur və oraya daxil olma sərbəstir. O, da oraya heç bir maneə olmadan sərbəst daxil olmuşdur. Lakin oğurluq etməyə gəldiyi üçün sakitcə hərəkət edirdi ki, onu görən olmasın. Oğurluq etdiyi həmin ambarın pəncərəsi plastik olduğundan pəncərəyə əli ilə güc tətbiq edib itələyərək açmışdır, hər hansı bir alətdən istifadə etməmiş və buna ehtiyac da olmamışdır. O, dəmir yığdığı üçün daimi üzərində kisələr, yumşaq materialdan böyük həcmli kisə tipli çanta və sair belə əşyalar olur. Onlardan da birini oğurladığı əmlakı daşımaq üçün istifadə etmişdir. Həmin cinayət hadisəsini o, özü tək törətmişdir. Ona bu cinayətin törədilməsində kömək edən şəxs və ya şəxslər olmamışdır. O, həmin gecə oğurluq etmək üçün yer axtarırdı və həmin ambarı təsadüfən bilib oradan oğurluq etmişdir. Ona əvvəlcədən heç kim bu ambar və orada saxlanılan əmlak barədə məlumat verilməmişdir. Cinayət yolu ilə ələ keçirdiyi əşyaları satdığı həmin şəxsin anket məlumatlarını və telefon nömrəsini bilmir. Həmin şəxs taksi sürücüsüdür və idarə etdiyi “Kia” markalı avtomobillə əvvəllər də Xırdalan dairəsində dayanırdı, lakin avtomobilin dövlət qeydiyyat nişanını bilmir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayından Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 21 ünvanda yerləşən 14 mərtəbəli binanın birinci mərtəbəsində olan "xxxx" MTK-də mühafizəçi işləyir, eyni zamanda o, ustalıq işlərini bacardığı üçün və binada təmir-tikinti işləri getdiyi üçün sifariş olduqda iş növbəsindən çıxdıqda belə işləri də yerinə yetirir. MTK-nın ətrafında yaşayış binaları, yaşayış evləri və obyektlər vardır. MTKnın ətrafında müşahidə kameralarıda vardır. MTK-nın birinci mərtəbədə yerləşən, saxlanc yeri olan anbarı vardır. O, mühafizəçi işləməklə yanaşı tikinti işləri ilə məşğul olduğundan onun özünə məxsus iki ədəd qaynaq aparatı, bir ədəd preparator, bir ədəd antik, yəni qədim samovar, 40 metr uzunluğunda elektrik naqili və açar dəsti var idi. O, həmin əşyalarını anbara qoyaraq orada saxlayırdı ki, əl altında olsun və lazım olanda işlədə bilsin. Çünki MTK-nın inşa etdiyi 14 mərtəbəli yaşayış binasındakı mənzillərdə təmir işləri tam başa çatmamışdır və o, həmin əşyaları ilə orada bəzi təmir işlər görürdü. Bina tam təhvil verildikdən sonra isə əşyalarını oradan götürəcəkdi. Anbarın qapısı daima bağlı olur və açarın bir nüsxəsi onda vardır. Anbarın pəncərəsi də vardır və bağlı olur. 14 oktyabr 2024-cü il tarixdə günorta saatlarında anbarın qapısını açıb içəri daxil olduqda görmüşdür ki, ona məxsus həmin əşyalar yerində yoxdurlar və anbarın pəncərəsi açıqdır. MMC-də işləyən şəxslərdən maraqlandıqda heç kimin xəbərinin olmamasını görüb başa düşmüşdür ki, gecə anbara kim-isə daxil olmuş və ona məxsus əşyalarını oğurlanmışdır. Bundan sonra müşahidə kameralarına baxmışdır və görmüşdür ki, əşyalarını bir nəfər arıq bədən quruluşlu, uca boy şəxs oğurlamışdır. O, müşahidə kamerasından həmin görüntüləri bir ədəd yaddaş kartına köçürüb Abşeron rayon Polis İdarəsinə gedərək ərizə ilə müraciət etmişdir və izahat vermişdir. Həmin günü polis əməkdaşı ilə hadisə yerinə gəlmişlər. Polis əməkdaşı baxış keçirib protokol tərtib edərək hadisə yerinin fotoşəkillərini çəkmişdir. Bundan sonra aparılan araşdırma zamanı məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir və oğurladığı əşyaları tanımadığı şəxsə satmışdır. Belə ki, Təqsirləndirilən şəxs polisə gətirəndə və sorğu-sual etdildikdə sonuncu oğurluğu törətməsini sərbəst etiraf edərək ambara haradan necə girdiyini və nələri oğurladığını bildirəndə o, da bunları eşitmişdir və əmin olmuşdur ki, bu oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Qeyd edir ki, o, Səxavəti polisdə görən kimi oğurluq edərkən videogörüntüyə çəkilmiş şəxsin Səxavət olmasına əmin olmuşdur.Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 1520 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, cəmi 400 manat dəyərində iki qaynaq aparatı, bir ədəd 400 manat dəyərində preparator, bir ədəd 600 manat dəyərində antik, yəni qədim samovar, 40 metr uzunluğunda 60 manat dəyərində elektrik naqili və 60 manat dəyərində açar dəsti oğurlanmışdır. Bu əşyalar işlənmiş olmuşlar və o, bu əşyaların işlənmiş vəziyyətində qiymətlərini bildirir. Oğurlanmış əmlakın markalarını dəqiq xatırlamır, bu əmlakın alınması barədə sənədlər ondan qalmamışdır. Oğurlanmış əmlak bir ədəd böyük həcmli bağlamada yerləşirdi və bir nəfər bu bağlamanı apara bilərdi. Videogörüntüdən də görünür ki, Təqsirləndirilən şəxs həmin oğurluğu tək törədib və oğurladığı əmlakı böyük həcmli bağlamada çiynində aparır. Ambar mühafizə olunan obyektdə olduğu üçün oraya çox adam girə bilməzdi və o, əmindir ki, Səxavət anbara tək daxil olaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs əvvəl tanımamışdır və iş yerində və ya ətrafda görməmişdir. Hadisənin şahidi kimi həmin MTK-da usta işləyən qardaşı oğlu Şahid göstərə bilər, çünki Şafiq onun əmlakını MTK-nın ambarında görmüşdür, lazım olanda alətlərindən istifadə edirdi, onun əmlakını ambardan oğurlamışlar, oğurluqla əlaqədar polisə onun birlikdə gələndə bilmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini, həmçinin həmin əşyalar ona yadigar olduğundan məhz həmin əşyaların qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxs olan əmisi Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin göstərdiklərini təsdiq etməklə Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməkdə ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata götürmək barədə” xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 00:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-739/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 00:10-dan hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, cinayət işinin icraatına xitam verilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-148/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə hazırkı hökmlə qəti olaraq təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə onun barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM- nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 02 il 02 ay 06 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzasından çəkilməmiş qalan 01 il 04 ay 22 gün hissəsi CM-nin 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesablanmaqla 08 ay 11 gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən birləşdirilmiş və ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 05 ay 19 gün və şübhəli şəxs kimi tutulduğu 02 gün, cəmi 05 ay 21 gün müddət ona təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 02 il 06 ay 09 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 12 mart 2025-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixi qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi və hal-hazırda həbsdə olması nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 24 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham əsaslı olduğundan qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, əldə edilmiş maddi sübut, zərərçəkmiş şəxs və şahid ifadələri, baxış və ifadənin yerində yoxlanılması protokolları, toplanmış sənədlər və işdə olan digər istintaq materialları sübut növü kimi qəbul olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2024-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan övladları var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“... məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010- cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” l4 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «... CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1 -ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 05 ay 19 gün, şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ümumilikdə 05 ay 21 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, X5 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə cəza çəkmə müddətinə həbsdə saxlanıldığı 05 ay 19 gün, şübhəli şəxs qismində saxlanıldığı 02 gün, ümumilikdə 05 ay 21 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 06 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,585 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməsi nəzərə alınsın. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 130 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 17 saata görə 102 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 06 saata görə 66 manat olmaqla, cəmi 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(012)-467/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-467/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver