Məhkəmə qərarları › İş №1(012)-468/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-468/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-468/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1986-cı ildə Laçın Laçın rayonu, Fərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 02 il 04 ay 15 günü çəkilməmiş qalan, Laçın rayonu, Fərəcan kəndində qeydiyyatda oaln, Abşeron rayonu, Xırdalan şəhəri, məh 27, ev 18, mənzil 13-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1999-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda oaln, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 18, mənzil 110-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli yolla talamaq məqsədlə qonşusu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksinin 70 nömrəli binasının qarşısına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Emil Əİliyev ətrafdan kiminsə gələcəyi halda məlumat vermək üçün binanın girişində gözəlmiş, Təqsirləndirilən şəxs2 isə həmin binanın birinci mərtəbəsinə daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara-yaşıl rəngli “Format” markalı 28 ölçülü 300 (üç yüz) manat dəyərində velosipedi blokun pilləkəninin dəmir tutacağına bağlandığı tros qıfılını əvvəlcədən özü ilə gətirdiyi dəmir kəlbətin ilə kəsərək velosipedi oğurlayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə bina 18, mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmədiyi üçün maddi cəhətdən sıxıntıları olmuşdur. Elə buna görə də oğurluq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 isə onun qonşusudur, sonuncu ilə yaxışı münasibətlərdə olmuşdur. xx xxxx 2020-ci il tarixdə, velosiped oğurlamaq qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Xırdalan şəhərində yerləşən “1001” xırdavat mağazasından 5 manata dəmir kəsən qayçı “kusaçka” almış ki, velosiped oğurlayarkən bağlandığı tros qıfılı kəsə bilsin. xx xxxx 2020ci il tarixdə saat 06 radələrində həmin dəmir kəsən qayçını da götürüb həyətə düşərkən, qonşusu Təqsirləndirilən şəxs1 görmüşdür. Söhbət əsnasında Emil ona maddi imkanının aşağı olduğunu dedikdə, Emilə onunla birlikdə oğurluq etməsini təklif etmişdir. Emil də onunla razılşaraq, ikisi birlikdə taksi ilə Masazır kəndində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə tanımadığı taksi ilə gəlmişlər. Daha sonra Emil ilə həmin yaşayış kompleksində olan binaların bloklarına daxil olaraq velosiped axtarmağa başlamışlar. Bir neçə binaya baxdıqdan sonra, 70 nömrəli binanın blokuna daxil olarkən, birinci mərtəbənin blokunda nərdivana tros qıfıl ilə bağlanmış “Format” markalı velosipedi görmüşlər. Bu vaxt Emilə ətrafda dayanıb nəzarət etməsini deyib, əlindəki dəmir kəsən qayçı ilə həmin velosipedin tros qıfılını kəsib velosipedi götürmüşdür. Bu vaxt velosipedi sürməyə Emilə vermiş, Emil də velosipedi sürərək, özü isə piyada Masazır kəndində yerləşən “Zəngilan şəhərciyi” istiqamətində hərəkət etməyə başlamışlar. Onların həmin istiqamətdə getməkdə məqsədləri, həmin məcburi köçkünəlrin yaşadığı şəhərcikdən gələcəkdə oğurluq etmək üçün ərazini tanımaqları olmuşdur. Onlar məcburi köçkünlərin yaşadıqları şəhərciyə daxil olarkən, ərazidə xidmət aparan polis əməkədaşı onlara yaxınlaşaraq sakin kimi onları tanımadığını deyib sənədlərini tələb etmişdir. Onlar da həmin vaxt həyəcanlandıqları üçün polis əməkdaşı ilə mübahisə etməyə başlamışlar. Həmin polis əməkdaşı da dərhal əməliyyat qrupuna məlumat verdikdən sonra onları Zəngilan RPŞ-nə gətirmişlər. Orada izahat verərkən onlar, həmin velosipedi oğurluq yolu ilə əldə etdiklərini səmimi etiraf etmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, bina 18, mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 isə onun qonşusudur, sonuncu ilə yaxşı münasibətlərdə olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində yuxusu gəlmədiyi üçün yaşadığı binanın həyətinə düşüb həyətdə gəzişərkən, qonşusu Elnur ilə qarşılaşmışdır. Elnurla söhbət edərkən maddi imkanının aşağı olduğunu, hazırda işləmədiyni deyəndə, Elnur ona velosiped oğurluq etməsini təklif etmişdir. İmkanı olmadığım üçün Elnurla razılşaraq, birlikdə tanımadıqları taksi ilə Masazır kəndində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinə gəlmişlər. Daha sonra Elnur ilə həmin yaşayış kompleksində olan binaların bloklarına daxil olaraq velosiped axtarmağa başlamışlar. Bir neçə binaya baxdıqdan sonra sonradan 70 nömrəli binanın blokuna daxil olarkən, birinci mərtəbənin blokunda nərdivana tros qıfıl ilə bağlanmış “Format” markalı velosiped görmüşlər. Bu vaxt Elnur ona ətrafda dayanıb nəzarət etməsini, kimsə gələrsə ona məlumat verməsini dediyi üçün, o, blokun girişində dayanıb ətrafa baxarkən, Elnur da əlindəki dəmir kəsən qayçı ilə həmin velosipedin tros qıfılını kəsib velosipedi götürmüşdür. Elnur velosipedi sürməsi üçün ona vermiş, özü isə piyada, Masazır kəndində yerləşən “Zəngilan şəhərciyi” istiqamətində hərəkət etməyə başlamışlar. Onların həmin istiqamətdə getməkdə məqsədləri, həmin məcburi köçkünəlrin yaşadığı şəhərcikdən gələcəkdə oğurluq etmək üçün ərazini tanımaqları olmuşdur. Onlar məcburi köçkünlərin yaşadıqları şəhərciyə daxil olarkən, ərazidə xidmət aparan polis məkədaşı onlara yaxınlaşaraq sakin kimi onları tanımadığını deyib sənədlərini tələb etmişdir. Onlar da həmin vaxt həyəcanlandıqları üçün polis əməkdaşı ilə mübahisə etməyə başlamışlar. Həmin polis əməkdaşı da dərhal əməliyyat qrupuna məlumat verdikdən sonra onları Zəngilan RPŞ-nə gətirmişlər. Orada izahat verərkən onlar, həmin velosipedi oğurluq yolu ilə əldə etdiklərini səmimi etiraf etmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küç ev 70, mənzil 29-da qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci ilin yay aylarında özünə 1200 manata 28-lik “Format” markalı velosiped almışdır. Həmin velosipedi yaşadığı binanın birinci mərtəbəsindəki blokun pilləkəninin dəmir tutacağına tros qıfıl ilə bağlayaraq orada saxlayırmış. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində mənzilinə gedərkən, həmin velosiped orada olmuşdur. Səhəri gün yəni, xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində həyətə düşərkən velosipedinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə yaxınlıqda yerləşən Zəngilan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət edərkən ona məlum olmuş ki, velosipedini sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlamışlar. Velosipedinin qiyməti aldığı vaxt 1200 manat olsa da, hazırki vəziyyətdə velosipedinin qiyməti 400-500 manat məbləğində təşkil edir. “Format” markalı velosiped ona qaytarılmışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, DİO-da 2011-ci ilin avqust ayından, hazırki vəzfədə də elə həmin vaxtdan xidmət edir. xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində “Zəngilan şəhərciyinin “ ərazisində 1 saylı piyada postunda xidmətdə olarkən, bir nəfər şəhərcik sakini olmayan sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxsin velosipedlə hərəkət etdiyini görüb ona yaxınlaşaraq, özünü təqdim edib şəxsiyyətini təsdiq edən sənədi tələb etmişdir. Həmin vaxt 1 nömrəli binadan bir nəfər sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb səs-küy salaraq onları işindən etdiyni deyib ondan DİN-nin 102 xidmətinə zəng edərək şikayət edəcəyini bildirmişdir. Həmin şəxslərin heç birini tanımadığından və şəxsiyyət vəasiqələrini təqdim etmədiklərindən şübhələnib dərhal həmin yerə istintaq-əməliyyat qrupunu dəvət etmişdir. Hər iki şəxsi raport yazaraq şəxsiyyətlərini müəyyən etmək məqsədi ilə Zəngilan RPŞ-nin inzibati binasına dəvət edib növbətçi hissəyə təhvil vermişdir. Orada məlum olmuş ki, həmin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 1 ədəd “Format” markalı velosiped və 1 ədəd kəlbətin olduğu müəyyən edilmişdir. Həmin vaxt onlar səmimi olaraq 1 ədəd “Format” markalı veloispedi Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksindən 70 nömrəli binasının blokundan oğurladıqlarını, velosipedin tros qıfılını isə həmin kəlbətin ilə kəsdiklərini etiraf etmişlər. Bundan sonra həmin şəxslər barəsində qanuna uyğun araşdırmanın aparılması Zəngilan RPŞ-nin TQ-nun təhqiqatçısına həvalə edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, ********* saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara-yaşıl rəngli, Format markalı, 28-lik ölçülü velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayında olan orta bazar qiyməti təxminən 300.00 manat müəyyən edilir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidməti X3 Şöbəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 ay 15 gününü çəkmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd qara-yaşıl rəngli Format” markalı 28 ölçülü velosiped, 01 ədəd dəmir kəsən qayçı, 01 ədəd tros qıfıl maddi sübut kimi tanınmış və saxlanılması üçün 01 ədəd qara-yaşıl rəngli Format” markalı 28 ölçülü velosiped sahibinə Zərərçəkmiş şəxs qaytarılmış, 01 ədəd dəmir kəsən qayçı və 01 ədəd tros qıfıl saxlanılması üçün Abşeron RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin TSEK-də müayinə aktdan çıxarışdan görünür ki, təkrar müayinə keçirilən zaman Təqsirləndirilən şəxs2 İİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin ifadələri və eskpertin rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 02 il 04 ay 15 gün hissəsi ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan 01 ədəd dəmir kəsən qayçı və 01 ədəd tros qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ibtidai istintaq zamanı 01 ədəd qara-yaşıl rəngli “Format” markalı 28 ölçülü velosiped saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat məhkəmə ekspertizasının xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi X1 28 saat göstərdiyi hüquqi yardıma görə 168 manat, Müdafiəçi2 32 saat göstərdiyi hüquqi yardıma görə 192 manat, eyni zamanda məhkəmə istintaq zamanı Müdafiəçi1 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat və Müdafiəçi2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası X3 Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 04 ay 15 gün hissəsi ilə qismən birləşdirilsin və üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 27 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 03 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs2 məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan 01 ədəd dəmir kəsən qayçı və 01 ədəd tros qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai istintaq zamanı 01 ədəd qara-yaşıl rəngli “Format” markalı 28 ölçülü velosiped saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məhkəmə ekspertizasının xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsinlər və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi X1 28 saat göstərdiyi hüquqi yardıma görə 168 manat, Müdafiəçi2 32 saat göstərdiyi hüquqi yardıma görə 192 manat, eyni zamanda məhkəmə istintaq zamanı Müdafiəçi1 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat və Müdafiəçi2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası X3 Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar