Məhkəmə qərarları › İş №1(012)-468/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-468/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-468/2024 25.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, 05 avqust 2000-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Ağbulaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək İİ qrup əlilliyə görə aldığı təqaüdünü bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq sonuncunun onun istifadəsində olan X2 aid 510307*****8763 nömrəli kart hesabına 09 aprel 2022-ci il tarixdə saat 11:16-da ünvan 1 ünvanında yerləşən “Grandmart Supermarket”dəki “Milliön” ödəniş terminalından göndərdiyi 707 manat, X3 aid **********040962 nömrəli kart hesabına 09 aprel 2022-ci il tarixdə saat 17:22-də Mingəçevir şəhər, H.Əliyev prospektində yerləşən “İlkin market”dəki “Milliön” ödəniş terminalından göndərdiyi 505 manat, Şahid aid 416973*****1996 nömrəli kart hesabına 10 aprel 2022-ci il tarixdə saat 13:06-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “eManat” ödəniş terminalından göndərdiyi 305 manat, 416973*****4534 nömrəli kart hesabına 11 aprel 2022-ci il tarixdə saat 20:08-də Bakı şəhəri, Binəqədi rayonu, Hökməli dairəsində “Mirkamran market”dəki “Milliön” ödəniş terminalından göndərdiyi 140 manat, özünün istifadəsində olan **********779373 nömrəli kart hesabına 11 aprel 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, Xan Şuşiniski 38 ünvanda mobil tətbiq vasitəsi ilə göndərdiyi 202 manat, ümumilikdə 1859 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 1859 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində hal-hazırda adını xatırlamadığı tanışı istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə zəng edərək Azər adlı tanışı olduğunu və həmin şəxsin dayandırılmış təqaüdünün bərpa edilməsi üçün “tanış” axtardığını bildirmişdir. Qeyd etmişdir ki, o, tanışlarına Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini və təqaüdlə bağlı problem yaşayan şəxslərə köməklik etdiyini bildirmişdir. O, adını dəqiq xatırlamadığı tanışı ilə danışan zaman Azərin mobil nömrəsini istəmiş, daha sonra Azərin özü ilə telefon əlaqəsi saxlayaraq problemin nə olduğunu soruşmuşdur. Azər bildirmişdir ki, əlilliklə bağlı aldığı təqaüd 2020-ci ilin dekbar ayında naməlum səbəbdən dayandırılmışdır. O, Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini demiş və 2020-ci ilin dekbar ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində almadığı olduğu təxminən 4500 manat pulu birdəfəlik əldə edəcəyini, daha sonra isə aylıq təqüdünü yenidən ala biləcəyini vəd vermişdir. 2022-ci ilin aprel ayının əvvəllərində o, Azərlə danışaraq sənədlərin tezləşdirilməsi üçün sonuncuya təqdim edəcəyi kart hesabına 700 manat pul köçürməsini bildirmişdir. Azər onunla razılaşmış və o, həmin gün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvanı dəqiq xatırlamadığı Heydər Əliyev adına parkın yaxınlığındakı Kapital banka məxsus bankomata yaxınlaşmışdır. Bankomatdan pul çıxaran əvvəllər tanımadığı şəxsə yaxınlaşaraq ailə üzvlərinin xəstə olmasını, özünə məxsus kartının olmamasını bildirmişdir. Bu səbəbdən həmin şəxsin kartına pul vəsaiti köçürülməsinə icazə verməsini və onun həmin pulları çıxarmağını xahiş etmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra, həmin şəxsin kartındakı 16 rəqəmli nömrəni Azərə göndərmişdir. Azərdən 7 manat faiz tutulacağından 707 manat pul köçürməsini istəmişdir. Bir neçə dəqiqə sonra Azərə göndərmiş olduğu kart hesabına 707 manat pul vəsaiti sonuncu tərəfindən köçürülmüşdür. Bu zaman o, qeyd etdiyi ünvanda Kapital banka məxsus bankomatdan 707 manat pulu nağdlaşdırmışdır. Həmin gün axşam tərəfi Azərlə yenidən danışaraq əlavə 500 manat pul lazım olduğunu bildirmişdir. Azər üzərində pul olmadığını, lakin Mingəçevir şəhərində yaşayan qardaşından alaraq ona göndərəcəyini demişdir. Bundan sonra həmin o, yenidən Abşeror rayonu, Xırdalan şəhərində yerləşən yuxarıda qeyd etdiyi Kapital Banka məxsus bankomata yaxınlaşmışdır. Bankomatın qarşısındakı bir nəfər tanımadığı şəxsə xəstə uşağının olduğunu və üzərində kart olmadığı üçün həmin şəxsə pul köçürülməsi və həmin pulu ona verməsini xahiş etmişdir. Həmin şəxs etiraz etməmiş və o, həmin şəxsə məxsus kart hesabının 16 rəqəmli kodunu Azərə göndərmişdir. Azər karta 505 manat pul vəsaiti göndərmiş və o, həmin pulları nağdlaşdıraraq oradan uzaqlaşmışdır. Səhəri gün Azərə zəng edərək artıq işinin demək olar ki, həll edildiyini deyərək 305 manatda pul lazım olduğunu bildirmişdir. Azər etiraz etməmiş və həmin gün yuxarıda qeyd etdiyi ünvanda yerləşən Kapital banka məxsus bankomatın qarşısında eyni üsulla tanımadığı 1 nəfər şəxsə yaxınlaşaraq kartından istifadə etmək istədiyin xahiş etmişdir. Azərə həmin şəxsin kart hesabını göndərdikdən sonra Azər karta 305 manat pul göndərmişdir. O, həmin pulları nağdlaşdıraraq oradan uzaqlaşmışdır. Səhərisi gün Azərə artıq işinin alındığını, son olaraq 140 manat da, pul göndərməsini bildirərək eyni üsulla və eyni ünvandan 140 manat, həmin gün axşam saılarında isə Azərin göndərdiyi 202 manat pulu da nağdlaşdırdıqdan sonra Azəri aldadaraq ondan aldığı ümumilikdə 1859 manat pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Azərin mobil telefon nömrəsini qara siyahıya əlavə etmiş, Azəri aldadaraq ələ keçirdiyi həmin pullardan heç kimə heç bir məbləğdə pul vermədiyini və Azərin onu tanımasın deyə sonuncuya özünü Babək kimi təqdim etdiyini qeyd etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cu ildə xidmə etdiyi N saylı hərbi hissədən kəskin qlomonefrit xəstəliyi ilə əlaqədar xaric olunmuş və ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Həmin tarixdən 2020-ci ilin dekabrına qədər əlillik dərəcəsi ilə əlaqədar olaraq təqaüd almışdır. Həmin tarixdən 5 il müddət keçdiyinə görə təqaüdü dayandırılmış, yenidən komissiyadan keçməli olmuşdur. Ona guya xəstəliyinin sağaldığı deyilmişdir. Ama həqiqətən də, hələ xəstəliyi davam etdiyindən, buna görə də təqaüdünü bərpa edilməsini istəmişdir. Ancaq bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməmişdir. 08 aprel 2022-ci il tarixdə tanımadığı ***-***-**- ** mobil nömrəsindən ona vvhatsap mobil tətbiqində mesaj gəlmişdir. Mesajı göndərən şəxsin təqaüdün baxılması məsələsi ilə o məşqul olduğunu və təqaüdünün bərpasını edə biləcəyini qeyd etmişdir. Beləcə həmin şəxslə zəng vasitəsi ilə danışmış və sonuncu özünü Babək adı ilə tədqim edərək ona bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşıdır. Həmin şəxs ona təqaüdünü bərpa edəcəyini, bunun üçün verəcəyi kart hesabına 700 manat pul göndərilməsi lazım olduğunu ona demişdir. Həmin pul vəsaitinin sənədləşmə işlərinə və təqaüdünün bərpası üçün özünə hörmət kimi istəmişdir. Əlavə olaraq demişdir ki, 2020-ci ilin dekabr ayından almadığı təqaüdü ümümilikdə 4500 manat dəyərində pulu bank kartı vasitəsi ilə əldə edə biləcək. Beləcə ilk dəfə 09 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxınlığında metronun Nizami stansiyasında ödəmə terminalından həmin şəxsin verdiyi ilk rəqəmləri 510307 və sonu 8763 olan bank kartının hesab nömrəsinə 707 manat pul göndərmişdir. Qeyd etmişdir ki, 7 manat pulu ödəmə terminalı faiz olaraq çıxmış, qalan 700 manat isə tam olaraq hesaba otuzdurulmuşdur. Həmin gün yenə 500 manat özünə hörmət pulu olaraq göndərməyini ondan tələb edərək söz vermişdir ki, bundan əlavə ödəniş tələb edilmədən təqaüdünü bərpa etdirəcək. O, üzərində pul olmadığını, ancaq rayondan qardaşından xahiş edəcəyini demiş və qardaşına demişdir ki, Mingəçevir şəhərindən 500 manat və 5 manat da əlavə pulu komissiya haqqı olaraq ona göndərsin. Həmin gün qardaşı onun xahişi ilə 505 manat da, özünü Babək kimi təqdim edən həmin şəxsin verdiyi 510307 və sonu 0962 nömrəli hesab kartına göndərmişdir. Sabahsı gün həmin şəxs 305 manatda pul istəyərək, ki, işin düzəlməsi üçün pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, 10 aprel 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan Xocaəsən şossesində yerlkəşən marketdən ödəmə terminalından 416973 və sonu 1996 nömrəli hesab kartına köçürmüşdür. Sabahsı gün Babək kimi özünü təqdim edən həmin şəxs ondan yenə sonuncu dəfə 138 manat göndərməyini tələb etmişdir. O, yenə də Babək adlı şəxsin verdiyi 416973 sonu 4534 nömrəli kart hesabına 11 aprel 2022ci il tarixdə Binəqədi rayonu Hökməli dairəsində yerləşən marketdə terminaldan 140 manat pul ödəmişdir. Sonuncu dəfə Babək adlı şəxs onunla yenidən əlaqə saxlayaraq işinin tam olaraq həll olunduğunu bildirərək onu bununla bağlı sevindirmişdir. Lakin xırda bir məbləğin yenidən tələb olunduğunu bildirərək ona ayrılmış pulun yaxın zamanda kart hesabına otuzdurulacağını bildirərək ondan 200 manat pulu göndərməyini istəmiş və o, 12 aprel 2022-ci il tarixdə özünə məxsus olan Unibanka aid 5243 7544 1077 9373 nömrəli kart hesabından həmin şəxsin təqdim etdiyi Kapital bank hesabına Babək adlı şəxsin tələbi və işini düzəldəcəyi vədi ilə 200 manat pul göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, müxtəlif şəxslərin tikinti işlərində fəhlə kimi işləyir və qazandığı pulla ailəsinin dolanışığını təmin edir. İşlədiyi işlərin pulunu vətəndaşlardan hərdən nağd, hərdən isə bank kartına köçürmə yolu ilə əldə etmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində günorta saatlarında yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən H.Əliyev adına parkın yaxınlığında quraşdırılmış “Kapital Bank” a məxsus bankomata yaxınlaşmışdır ki, fəhlə kimi evinin tikinti işlərində işlədiyi, hazırda adını xatırlamadığı şəxsin ona zəhmət haqqı kimi göndərdiyi pulu çıxarsın. Həmin vaxtı əvvəllər tanıdığı, sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxsinona yaxınlaşaraq anasının xəstə olduğunu, özünə məxsus bank kartının olmadığını, anasının müaliləcəsi üçün tanışı tərəfindən pul göndərilməsi üçün bank kartının məlumatlarını bildirməsini ondan xahiş etmişdir. O da, Təqsirləndirilən şəxs inandığına görə etiraz etməmiş və “Kapital Bank” tərəfindən ona verilmiş kartın 16 rəqəmli nömrəsini Sahilə demişdir. Bundan təxminən 2-3 dəqiqə sonra həmin karta 305 manat pul mədaxil edilmiş və o, həmin pulu yaxınlıqdakı bankomatdan çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Sahildə öz razılığını bildirmiş və həmin 305 manat pulu ondan alaraq həmin yerdən uzaqlaşmışdır. Sonradan, Təqsirləndirilən şəxs hansısa şəxsi aldadaraq 305 manat pulu ona məxsus “Kapital Bank” tərəfindən verilmiş bank kartı vasitəsilə ələ keçirməsi məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən poçt vasitəsi ilə məhkəməyə göndərilmiş teleqramdan görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 356, 358 və 384-cü maddələrinii rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar