Məhkəmə qərarları › İş №1(012)-47/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-47/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-47/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, N. Nərimanov pr, ev 66-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 22.00 radələrində yaşadığı evdə, yəni ünvan 2 ünvanında mübahisə zəmnində qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs sol göz və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq zərbələri ilə vurması nəticəsində ona “üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, həmin gözün ağlı qişasına qansızma, burun sümüyünün orta 3/1-nin qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı, sol diz oynağı nahiyəsinin qançırı” xəsarətləri yetirməklə, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, zərərçəkmiş şəxslə 2018-ci ilin iyul ayında qeyri-rəsmi ailə həyatı qurmuş, dini kəbinləri olsa da, rəsmi nigahları olmamışdır. Bu evlilikdən iki övladları var. Dəfələrlə məişət münasibətləri zəminində mübahisələri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22.00 radələrində yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs ona hansı səbəbdən boş-boş gəzib işləmədiyini və evə bazarlıq edib gətirmədiyini dedikdə aralarında mübahisə yaranmış, mübahisə zəmnində Zərərçəkmiş şəxs təhqiredici fadələr işlətdiyi üçün əsəbləşərək onun sol göz nahiyəsinə bir dəfə yumruqla vuraraq xəsarət yetirmiş, Aygünə xəsarət yetirən zaman evdə azyaşlı övladları ağlamağa başlamış və həmin vaxt Aygün evdən çıxaraq qaçıb getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə məlumat verməsini öyrənmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22.00 radələrində yaşadığı evdə baş vermiş, təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxt evdə özlərindən başqa hər hansı bir kənar şəxslər olmamış, mübahisə zəminində Zərərçəkmiş şəxs ona xəsarət yetirməmişdir. Sonda o, məhkəmədən törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs elan edilən ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin iyul ayında qeyri-rəsmi ailə həyatı qurmuş, dini kəbinləri olsa da, rəsmi nigahları olmamışdır. Bu evlilikdən iki övladları var. Əri Təqsirləndirilən şəxsla dəfələrlə məişət münasibətləri zəmnində mübahisələri olmuşdur xx.xx.2022-ci il tarixdə saat 22.00 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs işsiz olduğundan işləməsini, boş-boş gəzməməsini və işləyərək evə bazarlıq edib gətirməsini dedikdə aralarında mübahisə yaranmış, Zamir ona və ailə üzvlərinə qarşı təhqiredici ifadələr işlətdiyi üçün ona cavab qaytarmış, həmin vaxt Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək sol göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbələri vuraraq ona bədən xəsarətləri yetirmişdir. Sonra Təqsirləndirilən şəxs əlindən bir təhər qurtararaq evdən qaçıb çölə çıxmış, səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilən X1 qızı göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Onun qızı Təqsirləndirilən şəxsla 2018-ci ilin iyul ayında qeyri-rəsmi ailə həyatı qurmuş, dini kəbinləri olsa da, rəsmi nigahları olmamışdır. Rəsmi nigahdan 2 qızları var. Qızının ailəsi ona məxsus ünvan 3 ünvanında yerləşən evdə yaşamışlar. Qızı tez-tez evdən qaçmış, 2-3 gün keçdikdən sonra evə qayıdırdı, belə hallar tez-tez baş verirdi. xx.xx.2022-ci il tarixdə saat 22.00 radələrində qızı yenə 2-3 gün itdikdən sonra yaşadıqları evə qayıtmış, buna görə də Təqsirləndirilən şəxsla aralarında mübahisə olmuş, bu zaman Zamir əlində olan kiçik əşyanı qızı Aygünün üzünə atmışdır. Onların qızları sığınacağa verilmişdir. O, hadisənin baş verməsində Təqsirləndirilən şəxs yox, qızı Aygün Qurbanovanın təqsirinin olduğunu, hazırda qızının harada olması, kiminlə yaşaması barədə məlumatı olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "MTE və PA ETT Birliyi" X10 Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1263 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının şişkinlikli qançırı, həmin gözün ağlı qişasına qansızma, burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı, sol diz oynağı nahiyə-sinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilmışdir. İş materiallarında olan Abşeron RİHB-nin Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsi, ev 3a-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 60 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul və 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 60 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul və 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar