Məhkəmə qərarları › İş №1(012)-470/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-470/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-470/2020 19.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 12-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evində övladları Gülzarı gecə vaxtı yuxudan yarımçıq oyatmasına irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı nikahsız yaşadığı Zərərçəkmiş şəxs saçlarından tutub yerə yıxmış, yerdə olan zaman yumruq və təpiklə bir neçə dəfə baş və sifət nahiyyəsindən qəsdən vuraraq, ona sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sol gözətrafı nahiyəsinin – sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançırı, sağ bazu, sol çiyin qurşağı, sol said, sol kürəkaltı və qarın nahiyələrinin qançırlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sahilə ilə təxminən 6 il müddətdir qeyri-rəsmi, lakin ər-arvad münasibəti vardır. Həmçinin bu münasibətdən bir övladları da vardır. Sahilə ilə aralarında xırda söz-söhbət olsa da, münasibətləri demək olar ki, həmişə yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə spirtli içki qəbul etmiş, spirtli içki qəbul etdikdən sonra saat 01 radələrində səkidə oturan zaman övladı Gülzarı yanına çağırmış, Gülzar yanına gəldikdən sonra oynamaq məqsədilə adının nə olduğunu soruşmuş və digər suallar vermiş, Gülzar isə ona heç bir cavab verməmişdir. Bu zaman Sahilə evin içərisindən gecə vaxtı nə üçün Gülzarı narahat etdiyini demiş və buna görə ona irad bildirdikdə, yaxınlaşaraq Sahiləyə övladlarına düzgün tərbiyə vermədiyini, əksinə övladlarını ona qarşı öyrətdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı sillə ilə bir dəfə Sahilənin sifət nahiyyəsindən vurmuş, Sahilə isə evdən çölə çıxmış, Sahilənin arxasınca çıxaraq evin həyətində əlləri ilə Sahilənin saçlarından tutub yerə yıxmış, yerdə olan zaman isə yumruq və təpiklə bir neçə dəfə Sahilənin baş və sifət nahiyyəsindən vurmuşdur. Sahilə bundan sonra övladları Gülzarı da götürüb evdən çıxıb getmiş, sonradan isə Sahilənin onun barəsində şikayət etməsini bilmişdir. Aralarındakı mübahisənin təxminən 10 dəqiqə davam etmiş, həmin zaman yaşadıqları evdə başqa heç kəs olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 6 il müddətdir qeyri-rəsmi, lakin ər-arvad münasibəti vardır. Həmçinin bu münasibətdən bir övladları da vardır. Cəlalla münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşməyə başlamış, buna səbəb Cəlal ondan xoşu gəlmədiyini, başqa qadınla münasibətinin olmasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə olan zaman Cəlal spirtli içki qəbul etmiş, Cəlal spirtli içki qəbul etdikdən sonra saat 01 radələrində övladları Gülzarı yuxudan oyadaraq özünün adının nə olduğunu soruşmuş, Gülzar isə yuxulu olduğu üçün heç bir cavab verməmişdir. Cəlala Gülzarı gecə vaxtı yuxudan oyatmasına görə irad bildirmiş, Cəlal isə onun övladları Gülzarı öyrətdiyini, buna görə də övladının atasını tanımadığını dedikdə, Cəlala Gülzarın hələ 5 yaşında və yuxulu olduğunu, bu səbəbdən də cavab vermədiyini demişdir. Cəlal isə buna baxmayaraq onunla mübahisə etməyə başlamış, mübahisə zamanı əvvəlcə sillə ilə bir dəfə sifət nahiyyəsindən vurmuş, Cəlalın yenidən vurmaması üçün evdən çölə çıxmışdır. Cəlal bu zaman əlləri ilə onu itələdiyindən pilləkəndən yerə yıxılmış, yerə yıxıldıqdan sonra Cəlal yaxınlaşaraq əlləri ilə saçlarından tutmuş və onu yerdə sürümüşdür. Həmçinin yerdə olan zaman yumruq və təpiklə bir neçə dəfə baş və sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra evin həyətindən çölə çıxaraq oradan uzaqlaşmış, daha sonra isə Cəlalın onu döyməsi barədə şikayət etmək qərarına gəlmişdir. Mübahisə təxminən 15 dəqiqə davam etmiş, həmin vaxt yaşadıqları evdə başqa heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş MTE və PA Birliyinin Abşeron rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2/4577 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, sol gözətrafı nahiyəsinin – sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançırı, sağ bazu, sol çiyin qurşağı, sol said, sol kürəkaltı və qarın nahiyələrinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2020-ci il tarixli, 2/4577 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 03:50-də müayinə olunarkən onda «Yüngül dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X1 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar