Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-470/2022 21.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkisi toxumunu 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində yarımçıq tikilinin içərisində özü istifadə etmək məqsədi ilə əkmiş və həmin bitki toxumlarından əmələ gəlmiş 05 ədəd çətənə bitkisi kolunu əkməklə, suvarmaqla onlara aqrotexniki qaydada qulluq göstərib qanunsuz olaraq kultivasiya etməklə yetişdirmiş, 01 may 2022-ci il tarixdə saat 19:30 radələrində Abşeron RPİ-nin Saray PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evin həyətyani sahəsinə baxış keçirərkən həyətindəki yarımçıq tikilidən ona məxsus qanunsuz olaraq kultivasiya edilməklə əkilib-becərilmiş 05 (beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,483 qram olan xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisi aşkar edərək götürmüşlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən üç il olarki narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Təxminən 15-20 gün əvvəl özündə istifadə etdikdən sonra qalan marixuana toxumlarını əkmək qərarına gəlmişdir. Əvvəllər istifadə etdiyi qurudulmuş marixuananın toxumlarını özündə saxlamış, və həmin toxumları həyətində əkərək ona xüsusi qulluq etməyə başlamışdır. Həmin narkotik tərkibli bitkini əkməkdə məqsədi həmin narkotik maddələrdən sonradan istifadə etmək olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı evin qarşısında polis əməkdaşları onu yaşadığı evin qarşısında saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu ərazi aidiyyatı üzrə Saray PB-nə getməyi təklif etmişlər. O, heç bir etiraz etməyərək həmin şəxslərlə birlikdə Saray PB-nə getmişdir. Saray PB-də o, yaşadığı həyətdə narkotik tərkibli bitkilər əkdiyini etiraf etmişdir. Bundan sonra ona müdafiəçi təyin edilmiş və o, həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkilərin yerini könüllü surətdə göstərə biləcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə yaşadığı evə qayıtmışlar. Müdafiəçinin, onun, polis əməkdaşlarının və aqronomun iştirakı ilə onun yaşadığı evin həyətinə videoçəkiliş ilə baxış keçirilmiş və o, yaşadığı evin həyətində əkdiyi 05 ədəd narkotik tərkibli bitki kolları iştirakçılara təqdim etmişdir. Bundan sonra həmin 05 ədəd kol bağlamaya zərfə qoyularaq möhürlənmiş və müvafiq protokol tərtib edilmişdir. Bundan sonra iştirakçılar hər biri həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron RPİ-nin X4 polis sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, 01 may 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Abşeron rayonu, Novxanı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğuldur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və Abşeron RPİ-nin X4 polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə saat 20 radələrində əldə etdikləri məlumat əsasında Abşeron rayonu, Novxanı kəndi, Heydər Əliyev küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində daxil olmuş məlumatın məzmununu izah edib, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Saray PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-yə gəlmişdir. Polis bölməsində olarkən tərəfindən raportla rəhbərliyə müraciət olunmuş və raportla bağlı araşdırma aparılması Təhqiqat şöbəsinin təhqiqatçısı Bəşir Bəşirliyə həvalə olunmuşdur. X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı ünvana gedilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra öz razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sağ yan tərəfində olan torpaq sahədə əkilərək kultivasiya olunmuş 5 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərib, həmin bitkiləri özünün əkdiyini və onlara qulluq göstərdiyini bildirmişdir. Baxışda iştirak edən aqronom tərəfindən bitkilərə baxış keçirilmiş, sonra isə aşkar olunmuş 5 ədəd bitkilər qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin X4 əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışında elan edilərək tədqiq edilən ifadəsindən görünür ki, o, Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1960-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı İnstitutunu bitirib, alim aqranom ixtisası almışdır.Maştağa kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsində aqronom işləyir . 01 may 2022-ci il tarixdə saat 20:55 radələrində Abşeron RPİ-nin X4 əməkdaşları ilə Abşeron rayonu, Novxanı kəndi, Heydər Əliyev küçəsi nömrəsiz fərdi evə getmişdir. Bundan sonra polislər ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkib-becərməsi barədə məlumatları olduğunu bildirib, həyətyani sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər.Ramil də buna etiraz etməyib, həyətinə baxış keçirilməsinə razılıq vermiş, bu barədə ərizə yazmış və onlar onun yaşadığı evin həyətinə daxil olmuşlar. Polis əməkdaşlaer Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrini izah edib, üzərində və yaşadığı evdə qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da üzərində və yaşadığı evdə qanunsuz saxlanılan heç bir əşya və predmet olmadığını, lakin həyətyani sahəsindəki bağda özü istifadə etmək üçün əkib-becərdiyi 05 ədəd çətənə kolu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin sağ yan tərəfində olan torpaq sahəsində əkilərək kultivasiya olunmuş 5 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərib, həmin bitkiləri özünün əkdiyini və onlara qulluq göstərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və onun iştirakı ilə həmin kollara baxış keçirmişlər. O da aqranom-mütəxəssis kimi həmin kollara baxmışdır, həmin kolların narkotik xassəli bitki növü olan çətənə bitkisi olduğunu və kollara aqrotexniki qaydada qulluq olunmasını müəyyən edib, bu barədə fikrimi bildirmişdir. Bundan sonra polis əməkdaşları və onun iştirakı ilə həmin 05 ədəd çətənə kolları qablaşdırılmışdır .Bundan sonra bu barədə protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokolda yazılanların doğru olduğunu imzalarla təsdiq etmiş, aşkar olunmuş bitki kollarının kultivasiya edilməklə əkilib-becərilmiş narkotik tərkibli çətənə bitkiləri olması barədə rəy yazaraq polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Novxanı kəndi, Heydər Əliyev küçəsində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin sağ yan tərəfində olan torpaq sahədə əkilərək kultivasiya olunmuş 5 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan 01 may 2022-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, 01 may 2022-ci il tarixdə Abşeron RPİ-nin X4 polis əməkdaşları ilə Abşeron rayonu, Novxanı kəndi, Heydər Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə baxış zamanı həyətyanı sahədə yaşayış evinin qabaq hissəsində əkilməsi və becərilməsi qadağan olunan təxminən 25 sm hündürlükdə 1 ədəd, 5-10 sm hündürlükdə 4 ədəd, cəmi 5 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Bu bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 may 2022-ci il tarixli 7/425 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs məxsus evin həyətindən götürülmüş maddi sübut» yazılar və imzalar olan 1 ədəd qəhvəyi rəngli kağız paketdə 5 (beş) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 2,483 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib yetişdirməklə xeyli miqdarda kultivasiya cinayət əməlini törətmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq hissi çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngüllləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində seçimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, məhkəmədən gizləndiyi üçün Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün və həbsdə olduğu 01(bir) ay 16 (on altı) gün, cəmi 01(bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 (üç) ay 10 (on) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli, 3210 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan narkotik vasitə olan 05 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun tutulduğu 04 (dörd) gün və həbsdə olduğu 01(bir) ay 16 (on altı) gün, cəmi 01 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 (üç) ay 10 (on) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan narkotik vasitə olan 05 ədəd narkotik tərkibli çətənə bitkisi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-470/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-470/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver