Məhkəmə qərarları › İş №1(012)-471/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-471/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-471/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 42 ünvanında qeydiyyat olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2014-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus 0.03 ha torpaq sahəsini Zərərçəkmiş şəxs1 göstərib ona 15000 manata satacağını vəd verərək özünə inandırmış və bu məqsədlə həmin tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində Zərərçəkmiş şəxs1la ilə görüşüb 10500 manat pulunu almış, bundan sonra hər ay 450 manat olmaqla 10 ay müddətində 4500 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2016-cı il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən özünə məxsus 0.03 ha torpaq sahəsini Zərərçəkmiş şəxs2 göstərib ona 18000 manata satacağını vəd verərək özünə inandırmış və bu məqsədlə həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşüb 16000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, Abşeron rayonu, Masazır kəndində yerləşən “xxxx” MMC-nin ofisində olarkən Əliniyaz adlı şəxs tanımadığı maklerlə ofisə gələrək həmin MMC-nin balansında olan torpaq sahəsindən 0.03ha torpaq sahəsi almaq istədiyini bildirmişdir. O da Əliniyaza və maklerə orada olan 0.03 ha torpaq sahəsini göstərmiş, bundan sonra Əliniyaz həmin 0.03 ha torpağı neçəyə satacağını ondan soruşduqda o, həmin torpağı 15000 manata sata biləcəyini demişdir. xx xxxxxx 2014-cü il tarixdə o, Abşeron rayonu, Masazır kəndində olan ofisində alq-satqı müqaviləsi bağlayaraq Əliniyaza 3 sot torpaq sahəsi satmış, Əliniyaz da pulu olmadığı üçün uzun müddət tikinti işləri aparmamış, daha sonra o, təxminən 2018-ci ilin ortalarında makler Əlif Abdullayevin vasitəsi ilə həmin torpaq sahəsini Xuraman adlı qadına 8000 manat satmış, daha sonra Xuraman adlı qadın həmin torpaq sahəsinə öz adına çıxarış almış, bu səbəbdən Əliniyazın torpağını verə bilməmiş və Əliniyazdan aldığı 15000 manat pulu öz ehtiyaclarına xərclədiyi üçün Əliniyaza qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs2 2015-ci il tarixdən tanıyır, Nəbi ilə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2015-ci il tarixdə onun işlətdiyi Abşeron rayonu, Masazır kəndində yerləşən “xxxx” MMC-yə məxsus olan torpaq sahəsinə qaz çəkilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 ilə danışmış və Nəbi də qaz çəkilişi ilə məşğul olduğu üçün onunla həmin ərazinin 3 hektarına qaz çəkilməsi üçün 18000 manat verilməsinə razılaşmış, Zərərçəkmiş şəxs2 2015-ci ilin iyul ayında həmin ərazinin qazlaşdırma işinə başlamışdır. Nəbi ilə orada bir neçə nəfər də işləmiş, Nəbi ərazinin qazlaşdırma işini 2015-ci ilin sentyabr ayında qurtarıb ona təhvil vermiş, Nəbi işi başlayıb qurtarana qədər o, Nəbiyə hissə-hissə olmaqla ümumilikdə 7000 manat pul vermiş, Nəbi işi təhvil verdikdən sonra o, Nəbiyə 11000 manat pulun əvəzində həmin ərazidən 0.03 ha torpaq sahəsi verə biləcəyini və həmin torpağa görə Nəbinin ona 5000 manat əlavə pul ödəməli olduğunu bildirdikdə Nəbi onunla razılaşmışdır. Bundan sonra o, Nəbiyə həmin ərazidən 0.03 ha topaq sahəsi göstərmiş və xx xxxxxx 2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda Nəbinin oğlu Vüsal Nəbizadənin adına alqı-satqı müqaviləsi bağlamışlar. Sonra həmin torpaq sahəsini makler vasitəsi ilə başqa şəxsə satmış, Nəbi onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və onun Nəbiyə verdiyi torpaq sahəsinin başqa şəxs tərəfindən hasara alındığını bildirmiş, o, isə Nəbiyə həmin hasarın özü çəkdiyini və Gürcüstanda olduğunu yaxın vaxtda gəlib bölgünü edəcəyini bildirmiş, daha sonra Nəbi onunla hər dəfə əlaqə saxlasa da o, müxtəlif bəhanələr gətirərək Nəbi ilə görüşməmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri tam ödəməklə onunla razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəyən maddi ziyanı ödədiyinə, zərərçəkmiş şəxslərlə barışdığına və dövlət büdcəsinə 25 faiz ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi, ev 1, mənzil 5 ünvanında yaşayır. Təxminən 2013-cü ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən torpaq sahəsi almaq və həmin torpaq sahəsində ev inşa etdirmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxxx 2013-cü il tarixdə oğlu Rəşadla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” MMC-nin yerləşdiyi ofisə getmiş və orada sonradan tanıdığı Təqsirləndirilən şəxs onları qarşılamış və ofisə dəvət etmiş, aralarında olan söhbət zamanı o, Abşeron rayonu, Masazır qəsəbəsindən 3 sot torpaq sahəsi almaq fikrinin olduğunu dedikdə Anar ona torpaq sahəsi təşkil edəcəyini bildirmiş, Anar ona atası Asifin Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” MMC-nin rəhbəri olduğunu, bütün işləri, yəni tikinti, torpaq alqı və satqısı işlərini onun həyata keçirdiyini demiş, o da Anarın sözlərinə inanmış və Anarla razılaşmış, bundan sonra o, Anarla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən C-9 adlanan ünvana getmiş və Anar həmin ünvanda yerləşən torpaq sahəsini ona göstərib həmin torpaq sahəsinin 3 sotunu, hər sotu 5000 manat olmaqla cəmi 15000 manat pula ona sata biləcəyini demiş, o da torpaq sahəsinə baxıb bəyəndiyinə görə Anarla razılaşmış və həmin torpaq sahəsini almaq istədiyini Anara bildirmiş, bundan sonra o, Anarla birlikdə Anarın işlədiyi ofisə qayıtmış və orada Anara, oğlu Rəşadın, Anarın atası Asifin və iki nəfər tanımadığı şəxslərin yanında 10500 manat pul vermiş, qalan 4500 manat pulu isə 10 ay, hər ay 450 manat ödəmək şərti ilə razılaşmış, Anar da ona öz razılığını bildirmiş və bu barədə tərtib etdiyi alqı-satqı müqaviləsini ona vermiş, bundan sonra o, hər ay 450 manat pulu Anarın işlədiyi ofisdə Anara vermiş, Lakin həmin vaxtlarda maddi vəziyyəti ilə əlaqədar Anarın ona satmış olduğu həmin torpaq sahəsində tikinti işləri apara bilməmiş, xx xxxxxx 2014-cü il tarixdə Anar, onun Anardan aldığı torpaq sahəsinin pulunu, yəni 15000 manat pulu tam ödəməsinə dair tərtib etdiyi maliyyə arayışını ona vermiş, 2019-cu ilin aprel ayınadək o, və oğlu Rəşad tez-tez gedib qeyd etdiyi torpaq sahəsinə baş çəkmişlər. 2019-cu ilin aprel ayının ortalarında oğlu Rəşad ona demişdir ki, “Anarın onlara satmış olduğu torpaq sahəsinə mişar daşları tökülmüşdür, hasar çəkməyə hazırlaşırlar”. Ona görə də o, dərhal Anarın işlədiyi ofisə gedib Anarla görüşmüş və baş verənlər barədə Anara dedikdə Anar ona satmış olduğu torpaq sahəsini digər şəxsə də satdığını etiraf etmiş, az bir müddət ərzində ondan aldığı 15000 manat pulu qaytaracağını demiş, lakin, bundan sonra Anar müxtəlif bəhanələr gətirərək ondan aldığı 15000 manat pulu ona qaytarmamış, o da məcburiyyət qarşısında müxtəlif instansiyalara ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurduğu maddi ziyanı tamamilə qaytardığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəməsinə, onunla barışmağına və ziyan ödənildiyi üçün iş üzrə icraata xitam verilməsinə dair notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə bir yerdə yaşayır, o, Anarı 2015-ci ildən tanıyır. Abşeron rayonu, Masazır kəndində yerləşən “xxxx” MMC-yə məxsus olan torpaq sahəsinin qazlaşdırması ilə bağlı Anar onunla danışmış və o da qaz çəkilişi ilə məşğul olduğu üçün Anarla həmin ərazinin 3 hektarının qazlaşdırılması üçün 18000 manata razılaşmış, o, 2015-ci ilin iyul ayında həmin ərazinin qazlaşdırma işinə başlamış, onunla bir neçə nəfər də işləmiş, o, ərazinin qazlaşdırma işini 2015-ci ilin sentyabr ayında təhvil vermiş, o, işi başlayıb qurtarana qədər Anar hissə-hissə ona ümumilikdə 7000 manat pul vermiş, o, işi təhvil verdikdən sonra Anar ona 11000 manat pulun əvəzində həmin ərazidən 3 sot torpaq sahəsi verə biləcəyini və həmin torpağa görə onun Anara 5000 manat əlavə pul ödəməli olduğunu bildirdikdə ona Anarla razılaşmış, bundan sonra Anar ona həmin ərazidən 0.03 ha topaq sahəsi göstərmiş və xx xxxxxx 2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda oğlu Vüsal Nəbizadənin adına alqı-satqı müqaviləsi bağlamışlar. O, hər dəfə həmin torpaq sahəsinə gedib baxmış, bir gün o, Abşeron rayonu, Maszır kəndindəki torpaq sahəsinə baxış keçirtdikdə həmin torpaq sahəsinin hasara alındığını aşkar etmiş, o, həmin vaxt Anarla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və Anarın ona verdiyi torpaq sahəsinin başqa şəxs tərəfindən hasara alındığını bildirmiş, Anar isə həmin hasarın özü tərəfindən çəkildiyini və Gürcüstanda olduğunu yaxın vaxtda gəlib bölgünü edəcəyini bildirmiş, daha sonra o, Anarla hər dəfə əlaqə saxlasa da, onunla görüşə bilməmiş, bir müddət keçdikdən sonra o, həmin əraziyə baxış keçirtdikdə onun Anardan aldığı torpaq sahəsində başqa bir şəxsin ev tikdiyini görmüşdür. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəməsinə, onunla barışmağına və ziyan ödənildiyi üçün iş üzrə icraata xitam verilməsinə dair notarial qaydada təsdiqlənmiş ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 14B, mənzil 30-da yaşayır. Təqsirləndirilən şəxs 2016-ci il tarixdən tanıyır, münasibətləri Anarla hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2018-ci ilin axırlarında Anar onunla Masazır kəndində görüşmüş və özünə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən “xxxx”MMC-yə məxsus torpaq sahəsində 0.03 ha torpaq sahəsi olduğunu və vacib pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. O da Anardan həmin torpaq sahəsini neçəyə sata biləcəyini soruşduqda Anar həmin 3 sot torpaq sahəsini ən son qiymət 8000 manata sata biləcəyini demişdir. O, Anarla razılaşmış və bir neçə günə həmin torpaq sahəsinə görə 8000 manatı gətirəcəyini və sənədləşmə işlərini apara biləcəyini demişdir. Təxminən 2018-ci ilin axırlarında Anar onunla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda görüşmüşlər və Anarla həmin 3 sot torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlamışlar. O da Anardan almış olduğu həmin 0.03 ha torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon şöbəsinə təqdim edərək bir neçə gündən sonra həmin 0.03 ha topaq sahəsinə çıxarış almışdır. 2019-cu ilin ortalarında o, həmin torpaq sahəsini hasara almış və daha sonra pula ehtiyyacı olduğu üçün həmin vaxtı başqa bir şəxsə 11500 manata satmışdır. Bir müddət keçdikdən sonra ona məlum olmnuşdur ki, Anar ona satmış olduğu 0.03 ha torpaq sahəsini Nəbi adlı şəxsə də satmış, lakin Nəbi adlı şəxs həmin alqı-satqı müqaviləsinə əsasən sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon şöbəsinə verməmiş və həmin torpaq sahəsinə çıxarış almamışdır. Anar yəqin Nəbinin çıxarış almamsından istifadə edərək həmin torpaq sahəsini ikinci dəfə ona satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2f Səxavət oğlunun məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə bir yerdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl tanıyır. Təqsirləndirilən şəxs “xxxx” MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsi, C-9 adlanan ərazidə torpaq sahəsini təxminən il yarım əvvəl onun vasitəçiliyi ilə sənədləşmə ilə birlikdə 8000 manata satmış, həmin söhbətdən təxminən 2 ay sonra həmin torpaq sahəsin onun vasitəçiliyi ilə başqa bir şəxsə satmışdır..O, sonradan Anarın həmin torpaq sahəsini başqa şəxsə satdığını bilmiş, o, bu barədə Anarla söhbət edəndə Anar həmin torpağı Əliniyaz adlı şəxsə satmış, o, Əliniyaz adlı şəxslə əlaqə saxlamış Əliniyaz da Anarın sözünü təsdiqləmişdir. Anar 1 aya Əliniyazın pulunu verəcəyini demiş və Anarın Əliniyaz adlı şəxsə torpağı ancaq alqı-satqı müqaviləsi ilə verdiyini bildirmiş, onlar torpaq sahəsi ilə bağlı əmlak Komitəsindən çıxarış və katastr sənədi almışlar. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarını, 7811,70 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra iş ərazi aidiyyatı üzrə Abşeron RPİ İŞ-nə göndərilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış, daha sonra Abşeron RM-nin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunmalı və o, məhkəmə zalından dərhal azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunsun və o, məhkəmə zalından dərhal azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar