Məhkəmə qərarları › İş №1(012)-471/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-471/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-471/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi4 iştirakı ilə xx xxxx 1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməyən, Kürdəmir rayonu, C.Cabbarlı küçəsi, ev 10-da qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 04.05.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mahrızlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Komsomolski dairəsi yaxınlığında fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 23.04.2021-ci il tarixdə saat 04:00 radələrində sonuncunun idarə etdiyi X3 məxsus “Mazda-2” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonundan Bakı şəhərinə gələrkən Təqsirləndirilən şəxs2 təşəbbüsü ilə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yerləşən mağazadan oğurluq etmək barədə razılığa gəlmiş, bu məqsədlə həmin qəsəbədə E.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının dəmir barmaqlıqlı qapısının kilidini dəmir parçası ilə qırıb saxlanc yeri kimi mağazaya qanunsuz daxil olaraq oradan birlikdə sonuncuya məxsus 4 ədəd 13,50 manat dəyərində “Elodor şampununu”, 6 manat dəyərində 1 paçka əl-üz sabununu, 6 ədəd 4,80 manat dəyərində “Kamey” sabununu, 6 manat dəyərində “Fax şampununu” 3 ədəd 12 manat dəyərində “Helden Şolders” şampununu, 4 ədəd 12 manat dəyərində “İpək Balzam” şampununu, 1 ədəd 3 manat dəyərində uşaq şampununu, 3 ədəd 8,10 manat dəyərində “Aryel” yuyucu tozunu, 1 ədəd 1,20 manat dəyərində “ABC” yuyucu tozunu, 5 ədəd 10 manat dəyərində “Kolkotka” geyimini, 24 ədəd 12 manat dəyərində ayaqqabı kremini, 3 ədəd 18 manat dəyərində “Üz maskası”-nı, 6 ədəd 4,80 manat dəyərində uşaq corabını, 1 ədəd 30 manat dəyərində “sviteri” 2 kiloqram 9,60 manat dəyərində yağı, 2 kiloqram 13,20 manat dəyərində “Supersun” yağını, 2 kiloqram 15,60 manat dəyərində “Servolat” kolbasasını, 2 kiloqram 18,40 manat dəyərində “Oxotnoy” sosiskasını, 7 kiloqram 49 manat dəyərində pendiri, 1 ədəd 3 manat dəyərində şirniyyatı, 20 ədəd 8 manat dəyərində limonu, 2 qutu 46 manat dəyərində pomidoru, 10 kiloqram 14 manat dəyərində almanı, 10 kiloqram 16 manat dəyərində armudu, 5 kiloqram 14 manat dəyərində bananı, 4 qutu 10 manat dəyərində “Pall Mall” siqaretini, 3 qutu 9 manat dəyərində “Elde” siqaretini, 5 qutu 11 manat dəyərində “Magna” siqaretini, 7 qutu 16,80 manat dəyərində “Vant” siqaretini, 3 qutu 6 manat dəyərində “Veqas” siqaretini, 6 qutu 11,40 manat dəyərində “Vikeroy” siqaretini, 3 ədəd 6,90 manat dəyərində “Çempion çayını, 3 ədəd 6,90 manat dəyərində “Beta” çayını, 3 ədəd 6,60 manat dəyərində “Berqa” çayını, 3 ədəd 6 manat dəyərində “Azərçay buketi” çayını, 5 ədəd 7,50 manat dəyərində qurudulmuş südü, 3 ədəd 3,60 manat dəyərində bişmiş qurudulmuş südü, 3 ədəd 9,60 manat dəyərində konsevləşdirilmiş əti, 6 ədəd 10,80 manat dəyərində “Jalə” sokunu, 1 kaset 9,60 manat dəyərində kolanı, 1 kaset 9,60 manat dəyərində fantanı, 1 kaset 9,60 manat dəyərində pepsini, 1 kaset 10 manat dəyərində duzu, 2 kaset 12 manat dəyərində yumurtanı, 2 kaset 15 manat dəyərində kənd yumurtasını, 1 kaset 12,50 manat dəyərində qozlu şirniyyatı, 1 kaset 12,50 manat dəyərində şəkər parə şirniyyatını, 5 kiloqram 11 manat dəyərində peçeniyi, 5 kiloqram 14 manat dəyəində vaflini, 5 kiloqram 8 manat dəyərində qəndi, 1 paçka 3,60 manat dəyərində qəndi, 8 ədəd 54,40 manat dəyərində şokalatı, 2 paçka 9 manat dəyərində konfeti, 7 kiloqram 28 manat dəyərində tamaşa düyüsünü, 5 kiloqram 8 manat dəyərində yumru düyünü, 4 ədəd 4,40 manat dəyərində Yesentuki suyunu, 2 litrlik 20 manat dəyərində möcüzə qarğıdalı yağını, 2 litrlik 9,20 manat dəyərində final qarğıdalı yağını, 2 litrlik 16,80 manat dəyərində semiçka möcüzə yağını, 2 litr 17,20 manat dəyərində final semiçka yağını, 1 litr 8,80 manat dəyərində final semiçka yağını, 1 litrlik 7 manat dəyərində yurdum yağını, 2 ədəd 4,40 manat dəyərində fial yağını, 2 kiloqram 18 manat dəyərində “ana-bala” yağını, 2 kiloqrm 12 manat dəyərində supersun yağını, 2 ədəd 7 manat dəyərində (girdiman) çaxırını, 2 ədəd 9,40 manat dəyərində İvanovka çaxırını, 2 ədəd 6,60 manat dəyərində kaqor çaxırını, 3 ədəd 13,20 manat dəyərində Oqni arağını, 2 ədəd 12,80 manat dəyərində 1 litrlik oqni arağını, 2 ədəd 10,80 manat dəyərində 07 litrlik arağı, 4 ədəd 24 manat dəyərində zalatoy kalso arağını, 2 ədəd 8,50 manat dəyərində cubus arağını, 3 ədəd 7,50 manat dəyərində zalatoy kalso arağını, 1 paçka 4,50 manat dəyərində kərə yağını, 1 ədəd 5 manat dəyərində kiristiyunka yağını, 1 paçka 6 manat dəyərində kalinka yağını, 10 ədəd 11 manat dəyərində “Möcüzə” yağını, 10 ədəd 10 manat dəyərində “Final” yağını, 2 ədəd 6 manat dəyərində final tamat yağını, 6 paçka 13 manat dəyərində xurmanı və 30 manat xırda pulu gizli olaraq talayıb ümumilikdə 1179,70 manat ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 22.04.2021-ci il tarixdə saat 23 radələrində hazırda cəzaçəkmə müəssiəsində olan qardaşı X4 dostu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mazda” markalı avtomobillə X9 rayonuna aparmışlar. X9 rayonuna eviə çatdırdıqdan sonra geri Bakı şəhərinə qayıtmışlar. Avtomobili Fəqani idarə etmişdir. Qardaşı arvadı Mehparə də maşında olmuşdur. 23.04.2021-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində olan zaman Fəqani həmin qəsəbədə soğan satdığını, oranı yaxşı tanıdığını bildirmiş və oradan oğurluq etməyi təklif etmişdir. Fəqaninin təklifi ilə razılaşmış və Fəqani Pirəkəşkül qəsəbəsində yolun kənarında olan mağazinin qarşısında maşını saxlayıb maqazindən oğurluq etməyi bildirmişdir. Həmin vaxtı Mehparə avtomobildə arxada yatmışdır. Oradan tapdığı dəmir parçası ilə mağazinin dəmir qapısının kilidini qırmış və Fəqani ilə maqazinə daxil olmuşlar. Mağazadan 11 qutu siqaret, 3 şüşə araq, 4 şüşə çaxır, qənd, çay, yağ, pomidor, şampon və sabunu oğurlayıb karton qutulara yığıb maşının arxa yük yerinə yığmışlar. Oradan çıxıb Zabrat qəsəbəsinə kirayə qaldıqları evə gəlmişlər və oğurladıqları malları Fəqani ilə aralarında bölmüşlər. Bundan bir neçə gün sonra polis əməkdaşlarının onları axtradığını bildiyi üçün oğurladıqları malları qutularla birlikdə Zabrat qəsəbəsində zibil yeşiyinə atmışlar. Onları oğurluq etdikləri zaman Mehparə həmin vaxtı maşında yatmış, sonuncunun oğurluqdan xəbəri olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 6 ay bundan əvvəl Rəşid adlı şəxsdən kreditlə “Daewoo Espero” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili almşıdır. Bundan sonra Rəşidlə aralarında dost münasibəti yaranmış və o, Sabunçu rayonu, Zabrat qəsəbəsinə Rəşid gilin evlərinə gedib-gəlmişdir. Rəşidin qardaşı Rövşən də onlarla birlikdə yaşayır. Rəşid təxminən bir ay bundan əvvəl həbs olunmuşdur. 22.04.2021-ci il tarixdə Rəşidin qardaşı Rövşən dostları Elmirin Mazda markalı maşını ilə X9 rayonuna aparmağını ondan xahiş etmişdir. 22.04.2021-ci il tarixdə saat 19 radələrində Kürdəxanı dairəsində Elmir Mazda markalı avtomobilini ona vermiş və o, avtomobillə Zabrat qəsəbəsinə Rövşən gilə gəlmişdir. Həmin gün saat 22 radələrində Rövşən, atası Rza və qardaşı arvadı Mehparəni Mazda markalı avtomobillə Kürdəmir rayonuna aparmışdır. Rövşənin atası Rzanı evlərinə apardıqdan sonra gecəykən Rövşən və Mehparə ilə birlikdə Bakıya qayıtmaq üçün yola çıxmışlar. Rövşən ön oturacaqda, Mehparə isə arxa oturacaqda əyləşmişdir. Yolda Rövşən həbsdə olan qardaşı Rəşidə nə aparacağını deyərək gileylənmişdir. Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində Rövşən avtomobili həmin kəndə sürməyini bildirmiş və oradan oğurluq edəcəyini demişdir. O, avtomobili kəndin içinə sürmüş və maqazinin qarşısında Rövşən avtomobili saxlamağını bildirmişdir. O, avtomobili ərzaq maqazinin qarşısında saxlamışdır. Həmin vaxtı gecə saat 04 radələrində Mehparə arxa oturacaqda yatmışdır. Rövşən maşından ayaqaltında olan dəmir parçasını və otverkanı götürüb yerə düşmüşdür. Rövşən maqazinin dəmir reşotka qapısının kilidini dəmir parçasıyla qırmışdır. Sonra maqazinin plastik qapısını otverka ilə sıxıb açmış və maqazinə daxil olmuşdur. O, əvvəl maşında oturmuş və sonra Rövşəni çağırmaq üçün maşından düşüb maqazinə daxil olmuşdur. Rövşən maqazində piştaxtalarda olan ərzaq mallarını, spirtli içkiləri və qeyri-ərzaq mallarını karton qutulara yığmışdır. Rövşən doldurduğu bir neçə karton qutuları maqazindən çıxarıb avtomobilin yük yerinə yığmağa başlamışdır. Qutulardan birini götürüb avtomobilin arxa yük yerinə qoymuşdur. Bundan sonra oradan Zabrat qəsəbəsinə Rövşən gilin yaşadıqları evə gəlmişlər və qutuları Rövşən gilin evlərinə yığdıqdan sonra, Rövşənlə birlikdə avtomobili aparıb sahibi Elmirə qaytarmışlar. Həmin gün axşam Zabrat qəsəbəsinə Rövşən gilə gedib Rövşənin maqazindən oğurladığı araqdan içmişdir. Oğurlanmaış malları Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsinə Rövşənin yaşadığı evə aparıb yığmışlar. Səhəri gün Rövşən ona zəng edib polis əməkdaşların onu axtardıqlarını və buna oğurladığı malları Zabrat qəsəbəsində zibilxanaya atdığını bildirmiş, oğurluq hadisəsi zamanı Mehparə həmin vaxtı maşında yatmışdır, onun oğurluqdan xəbəri olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün Abşeron rayonu, Pirəkəşükl qəsəbəsində E.Aslanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinin içində üzü küçəyə açılan ərzaq maqazini işlədir. Maqazində arvadı Şahid1 satıcılıq edir. Maqazində ərzaq məhsulları ilə bərabər spirtli içki, corab, kolkotka və.s mallar satırlar. Maqazini hər gün saat 05:30-da açır və axşam 22:00-da bağlayır. 23.04.2021-ci il tarixdə saat 05:30-da maqazini açmaq üçün küçəyə çıxmış və bu zaman maqazinin dəmir reşotkadan olan qapısının kilidinin və plastik qapısının kilidinin qırıldığını və qapının açıq vəziyyədtə olduğunu görmüşdür. Maqazinə daxil olmuş və oğurluq olduğunu aşkar etmişdir. Həmin vaxtı arvadı Vüsaləyə bu barədə demiş və Vüsalədə 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bildirmişdir ki, maqazindən müxtəlif növ spirtli içkilər, meyvə-tərəvəz, sabun, şampon, poroşoklar, yağlar, pendir, şirniyyat məhsulları, corab, kolkotka, jaket və 30 manat xırda pul oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1179,70 manat manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də sonunculara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qayınıdır. Hal-hazırda əri X6 həbsdədir. Qayınatası Rza onun əri Rəşid həbs olunana qədər onlarla birlikdə qalmışdır. Rəşid həbs olunduqdan sonra o və qayınatası Rza qayını Rövşənlə birlikdə Zabrat qəsəbəsində yaşamışlar. Rzanın səhəti pisləşdiyi üçün onu Kürdəmir rayonuna evinə aparmağını istəmişdir. Buna görə Rövşənlə qayınX9 rayonuna evinə aparmaq qərarına gəlmişlər. 22.04.2021-ci il tarixdə saat 23 radələrində Rövşənin dostu Elmirin Mazda markalı avtomobili ilə Rzanı Kürdəmir rayonuna aparmışlar. Həmin vaxtı avtomobili əri Rəşidin tanışı Fəqani idarə etmişdir. 23.04.2021-ci il tarixdə gecə Kürdəmir rayonuna çatmışlar və Rzanı evinə düşürdükdən sonra geri Bakı şəhərinə qayıtmışlar. O, avtomobildə arxa oturacaqda, Rövşən ön oturacaqda əyləşmişdir. Fəqanidə avtomobili idarə etmişdir. O, arxa oturacaqda bütün yolu yatmışdır. 23.04.2021ci il tarixdə saat 05 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinə evə çatmışlar. Rövşənlə Fəqani onu oyatmışlar və o, avtomobilin arxa yük yerindən Kürdəmir rayonundan götürdüyü gülləri götürən zaman yük yerində ərzaq məhsulları olduğunu görmüş və Rövşəndən nə olduğunu soruşmuşdur. Rövşənin malın onların olmadığını bildirib Fəqanla çıxıb getmişlər. Bundan bir neçə gün sonra polis əməkdaşları ona zəng edib Rövşənin Abşeron rayonu, Pirəkəşkül kəndində maqazindən oğurluq etdiyini bildirmişlər və onun harada olduğunu ondan soruşmuşlar. O, da bu barədə Rövənə bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, 23.04.2021-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində maqazindən oğurluq edən zaman o, maşında arxa oturacaqda yatmış və Rövşənlə Fəqanin oğurluq etmələrindən heç bir məlumatı və xəbəri olmamışdır. Rövşən malları evə yığmamış, malları Fəqani ilə birlikdə aparmışdır. Bu barədə polis əməkdaşları ona zəng etdikdən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində E.Aslanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinin içində üzü küçəyə olan ərzaq maqazini işlədir. Həmin maqazində ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur. Maqazini hər gün saat 05:30-da açır və axşam saat 22-də bağlayır. 23.04.2021-ci il tarixdə əri Qoşqar maqazini açmaq üçün getmiş və həmin vaxtı maqazinin qapısının kilidinin qırıldığını və maqazindən ərzaq və qeyri-ərzaq mallarının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində onlara 1179,70 manat maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 04.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04.05.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 13.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.04.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında 04.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04.05.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. 06.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 06.05.2021-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonu Mahrızlı kəndində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyinə görə onun sonunculara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 04.05.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.4-cü maddəsinə əsasən öhdəsində iki azyaşlı uşaqların olmasını həmin Məcəllənin 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13cü maddəsinə əsasən dəymiş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04.05.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Müdafiəçi3 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul və müdafiəçi X2 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul Abşeron Rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Ağdam rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04.05.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Müdafiəçi3 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul və Müdafiəçi4 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 aid hissədə Ağdam rayonu Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar