Məhkəmə qərarları › İş №1(012)-472/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-472/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-472/2022 14.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə xx.xx.2021-ci il tarixdən 2022-ci ilin yanvar ayının ortalarına kimi olan müddət ərzində vahid niyyətlə kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, "Kristal-Abşeron 1” yaşayış kompleksi, bina 11, mənzil 65-dən bir ədəd 500 manat dəyərində televizoru, bir ədəd 800 manat dəyərində soyuducunu, bir ədəd 700 manat dəyərində paltaryuyanı, bir ədəd 100 manat dəyərində xalçanı, bir ədəd 750 manat dəyərində kondisioneri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2850 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Elşəni əvvələr tanımamış, onunla heç bir ədavəti olmamışdır. Elşəni Xırdalan şəhərində fəaliyyət göstərən ev alqı-satqısı işləri ilə məşğul olan şəxsin vasitəsilə tanımışdır. Belə ki, Xırdalan şəhərində 1 otaqlı mənzil axtarmış, bu səbəbdən ev alqı-satqı ofisinə yaxınlaşıb, adını xatırlamadığı şəxsə kirayə mənzil axtardığını bildirmişdir. O, da Zərərçəkmiş şəxs ilə onu tanış eləmişdir. Bakı şəhərində yaşadığım evi ehtiyacı olduğu üçün satmışdır. Həmin vaxt müxtəlif ünvanlarda fərdi əməklə məşğul olmaqla qazanc əldə etmişdir. Yaşamağa evi olmadığına görə kirayədə yaşayır. Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron 1” yaşayış kompleksi 11 saylı binada yerləşən 65 saylı mənzili aylıq 300 manat müqabilində yaşamaq üçün kirayə götürmüş və aralarında kirayə müqaviləsi bağlanmışdır. O, xx.xx.2021-ci il tarixdə həmin evə köçmüşdür. Birinci ayın pulunu Zərərçəkmiş şəxs vermişdir. Qeyd olunan mənzildə yaşayandan iki üç gün sonra onu işdən çıxartmışdır. O, da evdə olan əşyaları satmaq qərarına gəlmişdir. “Tap.az” saytında məişət əşyaları almaq istəyən şəxslərdə əlaqə saxlamış, həmin şəxslər kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus mənzilə gəlib, əşyaların pulunu verəndən sonra çıxıb getmişlər. Həmin alıcılara evin ona məxsus olduğunu deyib, özünə məxsus əşyaları pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin əşyalardan ilk olaraq televizoru 150 manata satmışdır. Bundan sonra soyuducunu 170 manata, paltaryuyanı 100 manat, kondisioneri 150 manata, xalçanı 20 manata satmışdır. Əldə etdiyi pul vəsaitini maddi ehtiyacları üçün xərcləmişdir, 2022-ci ilin yanvar ayının ortalarında həmin mənzildən çıxmışdır. Zərərçəkmiş şəxs ona bundan sonra zəng vuraraq, hansı səbəbə oğurluq etdiyini soruşmuş, o, isə oğurluq etdiyini etiraf etməmişdir. Həmin evdə tək yaşamış, oğurluq etməsi barədə isə heç kəsin məlumatı olmamışdır. Sonda o, törətdiyi əməldən peşman olmasını, vurulmuş ziyanı tam ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi baş vermiş ünvan 3 ünvanı ona məxsusdur. Həmin mənzili 2021-ci ilin dekabr ayının 8-də İpoteka şərtləri ilə almış, yaşamadığı üçün Təqsirləndirilən şəxs kirayə vermişdir. Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə kirayə müqavilə bağlamış, evdə olan əşyaların siyahısı həmin müqavilədə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ilk ayın pulunu yəni 300 manatı vermişdir. Sonradan ikinci ayın pulunu müxtəlif bəhanələr etməklə verməkdən boyun qaçırtmışdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə evə baxmaq üçün gəlmişdir. Qapını döymüş açan olmamışdır. Sonra qapını açaraq evə daxil olmuşdur. Evə daxil olan zaman 1 ədəd 800 manat dəyərində soyuducunun, 1 ədəd 700 manat dəyərində paltaryuyan maşının 1 ədəd 750 manat dəyərində kondisionerin 1 ədəd 500 manat dəyərində televizorun 1 ədəd 100 manat dəyərində xalçanın oğurlandığını aşkar etmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs mobil telefonuna zəng vursada, o telefonu götürməmişdir. O, da Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona 2850 manat maddi ziyan dəymişdir. İlk hadisə baş verən zaman əşyaların qiymətini düzgün hesablamamışdır. Sonradan hesablamış və oğurlanan əşyaların ümumi dəyərinin 2850 manat olduğunu bilmişdir. Sonda o, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, ev-alqı satqısı işləri ilə məşğul olur, Xırdalan şəhəri 119 saylı avtobusun sonuncu duracağında yerləşən ərazidə ofisi var. Zərərçəkmiş şəxs yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxsla ortaq tanışlarının vasitəsilə tanış olmuşdur. Ona Xırdalan şəhəri, “Kristal-ünvan 4 ünvanında yerləşən 1 otaqlı mənzili kredit şərtləri ilə almağa köməklik etmişdir. Bundan sonra Elşən evini kirayə verməyə də ona köməklik göstərməsini xahiş etmiş, etiraz etməyərək Zərərçəkmiş şəxs evini “Tap.az” saytına elana kimi yerləşdirmişdir. Təxminən bir neçə gün sonra anket məlumatlarını sonradan bildiyi Təqsirləndirilən şəxs ona zəng vurub, evə baxmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxsla birlikdə onunla görüşüb evə baxmışlar. Həci evi bəyəndən sonra onların arasında kirayə müqaviləsi bağlanmış və aylıq kirayə haqqı olaraq 300 manat müqabilində razılaşmışlar. Təqsirləndirilən şəxs həmin mənzildə ailəsi ilə birlikdə yaşayacağını demişdir. Lakin onun ailə üzvlərini görməmişdir. Bu hadisə 2021-ci ilin dekabr ayında olmuşdur. Bundan sonra 2021-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs ilə görüşmüş, o bildirmişdir ki, Təqsirləndirilən şəxs telefonlara cavab vermir. Bu səbəbdən birlikdə həmin mənzilə getmişlər. Birlikdə gedəndən sonra Təqsirləndirilən şəxs evdə olan əşyaları oğurladığını aşkar eləmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə xx.xx.2021-ci il tarixdən 2022-ci ilin yanvar ayının ortalarına kimi olan müddət ərzində vahid niyyətlə kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, "Kristal-Abşeron 1” yaşayış kompleksi, bina 11, mənzil 65-dən bir ədəd 500 manat dəyərində televizoru, bir ədəd 800 manat dəyərində soyuducunu, bir ədəd 700 manat dəyərində paltaryuyanı, bir ədəd 100 manat dəyərində xalçanı, bir ədəd 750 manat dəyərində kondisioneri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2850 manat məbləğində ziyan vuraraq oğurluq etmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində islah işi növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, vurulmuş ziyanı tam ödəməsini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işi cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilmiş, dərhal MSY-dan azad edilmişdir. Məhkəmə hesab edir ki, müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işi cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar