Məhkəmə qərarları › İş №1(012)-472/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-472/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-472/2024 02.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Füzuli rayonu, Dövlətyarlı kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində barmen köməkçisi işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kolorit Xırdalan” restoranın saxlanc yeri olan kassasına icazəsi olmadığı halda həmin kassanın açarını ələ keçirdib, qanunsuz daxil olaraq kassadan 1800 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1800 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdən etibarən əmək müqaviləsi ilə “Kolorit Xırdalan” restoranında barmen köməkçisi kimi ilkin olaraq sınaq müddətində işə başlamışdır. xx.xx.2023-cü il tarixdən isə əmək müqaviləsi əsasında işinə davam etmişdir. Bu müddət ərzində onun restoran müdriyyəti ilə aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində işlədiyi “Kolorit Xırdalan” restoranında işə gəlmişdir. O, “Kolorit Xırdalan” restoraınında barmen köməkçisi işləyir və restoranın da kassası həmin barda yerləşir. Həmin gün saat təxminən 10 radələrində mağazada müştəri az olmuş və o da həmin vaxt öz işində olmuşdur. Bu zaman mağazada satıcı işləyən Samir Cəfərov adlı şəxsin kassada olan pulları sayaraq ağ rəngli kağıza bükdüyünü və kassanın pullar olan hissəsinə qoyduğunu görmüşdür. O, maddi durumu çox aşağı olduğundan və müxtəlif yerlərə borcu olduğundan həmin pulu oğurlamağı qərara almışdır. Saat təxminən 11 radələrində Samir Cəfərov adlı satıcı yemək yemək üçün gedən zaman o, kassanın yanında qalmışdır. Bir neçə dəqiqə sonra Samir adlı satıcının restoranın qarşısına çıxıb siqaret çəkdiyini görmüşdür. O, ətrafda heç kimin olmamasından istifadə edib kassada olan 1800 manat pulu götürmüş və yenidən heç kimin olmamasından istifadə edib həmin pulu yerə tullayaraq ayağı ilə kassanın altına itələmişdir ki, bir qədər sonra götürsün. Təxminən bir neçə saniyə sonra o, əyilib pulun götürmüş və şalvarının cibinə qoyaraq restoranın arxa qapısından çıxmışdır. Təxminən bir saat sonra restoranın meneceri Şahid ona zəng edərək harada olmağını soruşmuşdur. O da İlham adlı menecerə özünə kirayə ev axtarmağa getdiyimi bildirmişdir. İlham ondan niyə belə elədiyini soruşan zaman o, İlhama yolun uzaq olduğundan işə gedib-gələ bilmədiyi üçün belə etdiyini demişdir. İlhamda ondan işdən çıxmağı üçün gəlib ərizə yazmağını istəsə də o, gələ bilməyəcəyini deyib telefonunu söndürərək cibinə qoymuşdur. O, oğurladığı 1800 manat pulun 450 manatını İlqar adlı tanışına olan borcunu qaytarmış, 322 manat pulu “AZPULMAT”a olan kredit borcunu ödəmiş, 400 manat pulu isə evinin kirayə haqqına ödəmişdir. Yerdə qalan pullara isə Əhmədli qəsəbəsində yerləşən “Defakto” geyim dükanından özünə paltar almışdır. O, oğurladığı pulların hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. O, “Kolorit Xırdalan” restoranından kassadan 1800 manat pul oğurlamış və sözügedən oğurluq cinayətini tək törətmişdir. O, bundan başqa oğurluq cinayəti törətməmişdir. Sadəcə çox miqdarda borcu olduğundan və maddi vəziyyəti aşağı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Törətdiyi oğurluq cinayəti barədə heç kimə məlumat verməmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından etibarən ünvan 2 ünvanında yerləşən 370 kv.m olan obyekti icarə əsasında işlədir. Həmin obyektə də fərdi olaraq özü üçün “Kolorit” restoranı açmışdır. Həmin restoranın müdiri olaraq o, fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərində olan zaman mağazanın administratoru Şahid ona zəng edərək restoranda satıcı işləyən Təqsirləndirilən şəxs 1800 manat pulu kassadan oğurlaması barədə məlumat vermişdir. O da təxminən bir-iki saat sonra Xırdalan şəhərində yerləşən ona məxsus olan restorana gəlmişdir. Bu zaman orada onun işçisi kimi işləyən İlham adlı administrator ona restoranın video görüntülərini göstərmişdir. O, videoya baxan zaman xx.xx.2023-cü il tarixdə restoranda barmen köməkçisi işləyən Təqsirləndirilən şəxs həmin restoranın kassasına heç kimin olmamasından istifadə edərək gizlicə daxil olub kassdan 1800 manat pulu götürməsinin görüntülərinin olduğunu görmüşdür. O, restoranın kassasından pul oğurlayan Təqsirləndirilən şəxs işdən çıxarılması barədə göstəriş vermiş, daha sonra bu barədə administrator İlham DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona məxsus restorandan baş vermiş oğurluq zamanı ona 1800 manat ziyan dəymişdir. Həmin zaman Amilin işi sadəcə barmen köməkçisi olmuşdur. Amilin həmin kassaaya buraxılışı olmamış, kassaya yalnız kassirin buraxılışı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirlmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3 il müddət olar ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Kolorit Xırdalan” restoranında fəaliyyət göstərir. xx.xx.2023cü il tarixdə həmin restoranda oğurluq olan zaman o, həmin restoranda administrator kimi fəaliyyət göstərirmiş. Hal hazırda isə həmin restoranda menecer kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs isə təxminən işlədiyi müddət ərzində 10-15 gün olar ki, tanımışdır. Amil işə başlayan zaman vəzifəsinin barmen köməkçisi olacağını onlara bildirmişlər. Təqsirləndirilən şəxs onların “Kolorit Xırdalan” restoranında təxminən 15 gün müddətində barmen köməkçisi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində özünü nizam-intizamlı adam kimi göstərmişdir. Hər zaman işə vaxtı vaxtında gəlib-getmişdir. Onun Amillə münasibətləri normal olmuşdur. Hətta işdə söhbət edən zaman ona nişanlı olduğunu və kirayə ev tapmaqda köməklik etməyini də xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində o, işdə olmuşdur. Amil də həmin zaman işdə olmuşdur. Həmin zaman restoranın kassiri Samir Cəfərov nahar etmək üçün fasiləyə çıxmışdır. Həmin zaman kassada heç kəs olmamışdır. Barmen köməkçisi işləyən Amilin isə kassaya buraxılışı olmamışdır. O, həmin zaman restoranın zalında olmuşdur. Bir neçə dəqiqə sonra o, ətrafda boşluq olduğunu görüb Amilin harda olması ilə maraqlanmışdır. Bu zaman işçilərdən biri Amilin restoranın arxa hissəsinə keçdiyini bildirmişdir. O da bir neçə dəqiqə gözləyib Amilin restorana işinə qayıtmadığını görmüşdür. Dərhal özünə məxsus ***-***-**- ** mobil nömrəsi ilə Amilə zəng edib harda olmasını soruşmuşdur. Amil isə ona işdən çıxmaq istədiyini və buna görə də mərkəzi ofisə gedib bununla bağlı ərizə yazacağını demişdir. O, Amildən şübhələndiyi üçün dərhal digər menecer Orxan Əlizadə ilə kameraya baxmağa başlamışlar. Bu zaman Amilin kassada olan 1800 manat pulu oğurladığının şahidi olmuşlar. O, dərhal Amilə zəng etmiş, lakin pulu oğurlandığını hiss etdirməməyə çalışmışdır. Belə ki, restorana gəlməsini, danışmalarını və nə köməklik lazımdırsa edəcəyini, işdən çıxmamasını demişdir. Onun elə deməkdə məqsədi Amilə yalan danışaraq guya pul oğurluğundan xəbərinin olmaması kimi özünü göstərərk Amili restorana çağırmaq və orada Amili saxlayaraq polis əməkdaşlarını çağırmaq olmuşdur. O, Amil ilə danışan zaman Amil ona hal-hazırda yaxınlaşa bilmədiyini demiş və telefonu söndürmüşdür. O, dərhal Amilin oğurluq etdiyi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə baxışı iclasında bir ədəd DVD formatlı CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər xx.xx.2023-cü il tarixdə saat 10:01-də qeydə alınır. Videogörüntü 00:00:48 saniyədən ibarət olmaqla restoranın kassa hissəsi istiqamətində olan müşahidə kamerası vasitəsilə qeydə alınır. Videogörüntünü ilk saniyələrində bir nəfər qara-sarı geyimdə olan şəxsin ayağı ilə mebelin altında olan görünməyən əşyanı irəliyə doğru itələdiyi müəyyən edilir. Həmin görüntünün 00:00:21-ci saniyəsində həmin şəxs əyilərək kağız parçasını əli ilə götürüb digər mebelin altına qoyduğu aşkar edildi. Bundan sonra videogörüntünün sonlarına yaxın həmin şəxsin kağız parçasını ayağı ilə itələdiyi və daha sonra əyilərək həmin kağız parçasını gizlətdiyi yerdən götürüb gizlin şəkildə cibinə qoyduğu müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaqa təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. 1-60188 və 1-3821 nömrəli vəsiqələrin sürətindən görünür ki, Qayıbov X2 azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltiv edilmişdir. İmişli RİHB-in 02 saylı Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, həmçinin Vətən müharibəsi iştirakçısı olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron RPİ-də şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işində saxlanılmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində 01 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar