Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-473/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2005-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məktəbli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 25 mart 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Osman Sarıvəlli küçəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə, üz nahiyəsinə üç dəfə yumruqla qəsdən vuraraq onun başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin səthi əzilmiş yarası və sol almacıq nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, orta məktəbdə oxumaqla fiziki və psixi cəhətdən sağlamdır. Zərərçəkmiş şəxs onun qonşusudur, lakin münasibətləri yoxdur. O, uşaqlarla tez-tez dalaşdığı üçün Muradla münasibət qurmur. xx.xx.2022-ci il saat 14 radələrində o, uşaqlarla oynamaq üçün küçəyə çıxmış, İlkin və Əhəd adlı uşaqlarla birlikdə söhbət edən zaman Cavid adlı uşaq qaçaraq onun yanına gəlmiş, həmin vaxt kiminsə onu arxadan vurduğunu hiss etmiş, geriyə döndükdə Muradın əlində olan ağacla onu vurduğunu görmüşdür. Muradın əlindəki ağacı alıb qıraraq kənara atmış, həmin vaxt məhəllədə olan təxminən on nəfər uşaq da onların başına yığışmış, o kənara çəkilsə də Murad Cavid, Baba və Əli adlı uşaqlarla dalaşmış, bu zaman Murad yerə yıxılmış, həmin vaxt Röyal adlı uşaq yerdən daş götürərək Murada tərəf atmışdır. Daha sonra Murad yerdən qalxıb oradan uzaqlaşmışdır. Bir qədər sonra Murad yenə də atası Mütaliblə birlikdə onun yanına qayıtmışdır. Həmin vaxt Mütalibin əlində 20-30 sm uzunluğunda dəmir parçası olmuşdur. Muradın atası Mütalib ona yaxınlaşaraq Muradı döyüb-döymədiyini soruşmuş, o isə Muradı döymədiyini bildirmişdir. Həmin vaxt onlar yüksək səslə danışdığı üçün yaxınlıqda dayanmış atası səsi eşidib onu yanına çağırmışdır. O, atasının yanına getmiş, Murad və atası Mütalib də onların yanına gəlmişdir. Bu zaman atası ondan Muradı döyüb döymədiyimi soruşduqda Muradı döymədiyini bildirmiş, daha sonra onlar arasında mübahisə baş vermiş, bu vaxt Muradın atası Mütalib onun üzərinə gələrək vurmaq istəmiş, buna görə də atası Mütalibi tutmuşdur. Bu vaxt Murad ayağı ilə onun xayasından vurmuş, o da öz növbəsində əli ilə Muradı baş hissəsindən itələmişdir. Daha sonra orada olan qonşular onları ayırmış və o yaşadıqları evə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Məhəmməd adlı şəxs onun qonşusudur. Məhəmməd tez-tez onunla mübahisə edib, onu ələ salmış, onun əqli çatışmazlığından istifadə edərək onunla məzələnmiş, digər uşaqları da özünə qoşmuşdur. 25 mart 2022-ci il tarixdə saat 14:00 radələrində o, məhəllədə gəzişən zaman Məhəmməd yenə də onu söymüş, Məhəmməddən nə üçün söydüyünü soruşqduqda əvvəlcə onu vuracağını bildirmiş, daha “bir, iki, üç” deyib baş nahiyəsindən yumruqla iki dəfə vurmuşdur. Onun başı giccələnərək arxası üstə yerə yıxılmış, yerdən qalxdıqda başından nəsə axdığını hiss etmiş və əlini başına sürtdükdə başının qanadığını görmüşdür. Başı ağrıdığı üçün evlərinə getmiş, atası başına nə olduğunu soruşduqda Məhəmmədin vurduğunu demişdir. Atası başındakı yaranı bağladıqdan sonra birlikdə küçəyə çıxıb atası ilə birikdə Məhəmmədin yanına getmiş, atası onu kimin vurduğu soruşan zaman Məhəmmədin atası Asif Məhəmmədi öz yanına çağırmışdır. O da atası ilə birlikdə Asifgilin yanına getmiş, orada mübahisə edən zaman qəflətən Məhəmmədin atası Asif onun atası Mütalibi tutmuş, həmin vaxt Məhəmməd də əynindəki gödəkcəni çıxardaraq üç dəfə yumruqla onun üzünə zərbə vurmuşdur. Daha sonra orada olan şəxslər onları ayırmış və atası onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 25 mart 2022-ci il tarixdə saat təxminən 13:30 radələrində birlikdə yemək yedikdən sonra oğlu Murad gəzişmək üçün küçəyə çıxmış, saat 14 radələrində o evdə oturan zaman Muradın həyətə qayıdaraq hamam otağına keçdiyini, oradan çıxdıqdan sonra əlini başına sürtdüyünü görmüşdür. Çölə çıxaraq Muraddan nə baş verdiyini soruşduqda Məhəmmədin onu vurduğunu və başının qanadığını bildirmişdir. Daha sonra Muradla birlikdə küçəyə çıxıb hadisə olan yerə getmiş və orada oynayan uşaqlardan Muradı kimin vurduğunu soruşduqda uşaqların hərəsi bir fikir söyləmişdir. Məhəmməddən Muradı onun vurub-vurmadığını soruşduqda vurmadığını, əksinə Muradın onları təhqir etdiyini bildirmişdir. O, Muradın başının qanama səbəbini öyrənməyə çalışan zaman Məhəmmədin oradan uzaqlaşaraq bir qədər kənarda dayanmış atasının yanına getdiyini və orada bədən hərəkətləri ilə kimisə vurduğunu göstərməsini görmüş, Muradla birlikdə onlara yaxınlaşmışdır. Asif orada Muradın uşaqları ağacla döydüyünü bildirmiş, bu zaman onlar arasında mübahisə baş vermiş, mübahisə zamanı Asif qəflətən onun qollarını tutmuş, Məhəmməd isə əynindəki qış gödəkcəsini çıxararaq Muradın üz nahiyəsinə yumruqla üç dəfə vurmuşdur. Daha sonra orada olan qonşular onları ayırmış və o, oğlu Muradı xəstəxanaya apardıqdan sonra baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Murad və Məhəmməd onun qonşusudur. 25 mart 2022-ci il tarixdə saat 14:00 radələrində o məhəllədə uşaqlarla oynayan zaman Murad əlində ağac parçası ilə onun arxasınca düşmüş, o da qonşuluqda yaşayan Əhəd adlı uşaqla birlikdə qaçıb yaşadığı həyətə girmişdir. Ondan sonra məhəllədə nə baş verdiyindən xəbəri yoxdur. İş materiallarında olan məhkəmə tibbi-ekspertizanın 15 aprel 2022-ci il tarixli, 549 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin səthi əzilmiş yarası, sol almacıq nahiyəsininsıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir., qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş komisyon kompeks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli 1478 nömrəli ekspert rəyindən görünür ki, “Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Lakin, bu ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarından məhrum etməmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik, həyəcan yaranmışdır, ifadə verən zaman özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamış, intellektual imkanları aşağı səviyyədə olsa da o, yaranmış şəraitin mahiyyətini dərk edə və davranışının mümkün nəticələrini görə bilər. Zərərçəkmiş şəxs hadisə baş verərəkən təqsirləndirilən şəxsə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur.” İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində təyin edimiş komisyon kompeks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli 1477 nömrəli ekspert rəyindən görünür ki, “Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətləinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Əqliintelektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, onun özünü təqsirli bilməməsi cəzadan və məsuliyyəydən azad olunması üçün müdafiə xarakteri daşıyır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeron RİH-nın 4 saylı MTİİTŞ-nın rəisinin verdiyi xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla müsbət xarakterizə edilir. İş materiallarında olan Xırdalan şəhəri 2 saylı məktəbin direktorunun verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 11-ci sinifdə oxumaqla təhsil və bacarığına görə müsbət xarakterizə edilir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə və təhsil aldığı məktəbin rəhərliyinin onu müsbət xarakterizə etməsini, yetkinlik yaşına çatmamış olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadə gücündə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 240 saat ictimai iş cəzası təyin edilsin. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Onun cəzaçəkmə müddətinin əvvəli qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadə gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-473/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-473/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver