Məhkəmə qərarları › İş №1(012)-474/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-474/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-474/2025 04.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə «İnstagram» sosial şəbəkəsində istifadə etdiyi «75.polad» profilindən həmin sosial şəbəkədə - «xaricdeheyat» səhifəsində paylaşılmış postun rəy bölməsinə «X7 viza dəstəyi göstərilir» rəyini yazdıqdan sonra onunla mesaj bölməsində əlaqə saxlayan «mehemmedismayilov» profilini işlədən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona X7 getməsi üçün viza alacağına dair yalan vəd verib aldadaraq sonuncunun ona məxsus ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçirilmiş «M10» onlayın pul hesabına xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, «Kristal Abşeron 1» yaşayış kompleksində yerləşən «Uğur market» mağazasında quraşdırılmış «Milliön» ödəniş terminalından köçürdüyü 55 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, eyni ödəniş terminalından köçürdüyü 80 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, eyni ödəniş terminalından köçürdüyü 510 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, eyni ödəniş terminalından köçürdüyü 1265 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, eyni ödəniş terminalından köçürdüyü 196 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda, eyni ödəniş terminalından köçürdüyü 500 manat, 2023-cü ilin oktyabr ayının sonları həmin hesaba eyni ünvanda, eyni ödəniş terminalından köçürdüyü 99 manat, ümumilikdə 2705 manat pulu vahid niyyətlə alıb ələ keçirərək zərərçəkmişə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittihamla özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaq zamanı verdiyi ifdəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs Rəhim oğlunu şəxsən tanımır. O, İnstagram sosial şəbəkəsində «75.polad» səhifəsini işlətmişdir. Hazırda həmin səhifəni işlətmir. xx.xx.2023-cü il tarixdə instagram sosial şəbəkəsində «xaricdeheyat» səhifəsində paylaşılan bir postun rəy bölməsində «X7 viza dəstəyi göstərilir» ifadəsini qeyd etmişdir. Həmin rəydən səhifəyə keçid edən Zərərçəkmiş şəxs adlı istifdəçi onunla mesaj bölməsindən əlaqə saxlamışdır. Özünü X7 viza dəstəyi göstərən şirkətin işçisi kimi təqdim etmişdir. Həmin şəxsə müxtəlif vədlər verərək artıq bir neçə vətəndaşı X7 göndərdiyini və dırnaqarası uğurlarının olmasını bildirmişdir. Həmin şəxsdə işə həqiqi marağı yaratmaq və əməllərini pərdələmək üçün internetdən götürdüyü bir neçə şəxsin də şəxsiyyət vəsiqələrinin fotoşəkillərini göndərmişdir. Məhəmmədlə səmimi münasibət qurduqdan sonra ona «K1» adlı viza ilə onu X7 göndərə biləcəyini demişdir. Bundan sonra ona Whatsapp sosial şəbəkəsində istifadə etdiyi ***-***-**-** mobil nömrəsini vermişdir. Məhəmmədlə Whatsapp sosial şəbəkəsində danışmağa və onu daha da işin alınacağına inandırmağa çalışmışdır. Məqsədi ondan pul almaq və ələ keçirmək olmuşdur. Ona şəxsiyyət vəsiqəsinin şəklini də göndərmişdir. Bir müddət onda inam yaratdıqdan sonra müxtəlif rüsumların ödəniləcəyi adı ilə pullar istəmişdir. Məhəmmədə M10 pul köçürmə sistemində qeydiyyatdan keçirdiyi ***-***-**-** mobil nömrəsini vermişdir. Əvvəlcə ondan 55 manat qeydiyyat rüsumu istəmişdir. Məhəmməd xx.xx.2023-cü il tarixdə M10 pul köçürmə sistemində qeydiyyatdan keçirdiyi ***-***-**-** mobil nömrə hesabına 55 manat pul göndərmişdir. Sonra ondan əlavə rüsumların olmasını yalandan vəd verərək xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 510 manat, xx.xx.2023-cü il tarixdə 1265 manat, xx.xx.2023- cü il tarixdə 196 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, həmçinin 2023-cü ilin oktyabr ayının sonları, dəqiq xatırlamadığı gündə 99 manat pulu öz hesabına köçürtdürərək ondan almışdır. O, Məhəmməddən ümumilikdə 2705 manat pul almışdır. Bundan sonra Məhəmmədə işin alınmadığını, əlavə 5000 ABŞ dolları pul lazım olduğunu dedikdə, Məhəmməd ona pul göndərməmiş və pulunu geri istəməyə başlamışdır. O, Məhəmməddən dələduzluq yolu ilə aldığı pulları nağdlaşdıraraq öz tələbatlarına xərcləmişdir. Məhəmmədə verdiyi vədin yalan olmasını qeyd etmişdir. O, ABŞ-a viza düzəldilməsi fəaliyyəti ilə məşğul olan heç bir şirkətdə işləmir. Elə bir şirkət də tanımır, ümumiyyətlə orta təhsillidir, heç bir xarici ölkədə olmamışdır. Məqsədi asan yolla pul qazanmaq olmuşdur. Məhəmmədə 2705 manat ziyan vurmuşdur. Lakin, söz verir ki, 2 ay müddətinə pulu tam şəkildə qaytaracaq. Bundan əlavə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs instagram sosial şəbəkəsində «xaricde heyat» səhifəsində paylaşılan bir postun rəy bölməsində «X7 viza dəstəyi göstərilir» ifadəsini yazan «75.polad» profilindən tanımışdır. Belə ki, qeyd etdiyi rəy 21,09.2023-cü il tarixdə paylaşılmışdı. Həmin rəydən «75.polad» keçid edərək Təqsirləndirilən şəxsla mesaj bölməsindən əlaqə saxlamışdır. Polad özünü X7 viza dəstəyi göstərən şirkətin işçisi kimi təqdim etmişdir. Polad ona müxtəlif vədlər verərək artıq bir neçə vətəndaşı X7 göndərdiklərini və uğurlarının olmasını bildirmişdir. Hətta bir neçə şəxsin də şəxsiyyət vəsiqələrinin fotoşəkillərini ona göndərək həmin şəxslərin artıq X5 köçmələrini bildirmişdi. Polad onunla səmimiyyət yaradaraq «K1» adlı viza ilə onu da X7 göndərə biləcəyini demişdir. Bundan sonra ona Whatsapp sosial şəbəkəsində istifadə etdiyi ***-***-**-** mobil nömrəsini vermişdir. Polad Whatsapp sosial şəbəkəsində danışmağa başlamış və işin alınacağına söz vermişdir. Bir müddət sonra Polad müxtəlif rüsumların ödəniləcəyi adı ilə ondan pullar istəmişdir. Polad ona M10 pul köçürmə sistemində qeydiyyatdan keçirdiyi ***-***-**-** mobil nömrəsini vermişdir.‘Əvvəlcə ondan 55 manat qeydiyyat rüsumu istəmişdir. O bunun əsasında xx.xx.2023-cü il tarixdə M10 pul köçürmə sistemində Poladın ***-***-**-** mobil nömrə hesabına 55 manat pul göndərmişdir. Sonra əlavə rüsumları ödəməli olduğunu bildirərək müxtəlif məbləğlərdə pullar istəmişdir. Bunun əsasında xx.xx.2023-cü il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 510 manat, xx.xx.2023-cü il tarixdə 1265 manat, xx.xx.2023-cü il tarixdə 196 manat, xx.xx.2023- cü il tarixdə 500 manat, həmçinin 2023-cü ilin oktyabr ayının sonları 99 manat pulu Təqsirləndirilən şəxs hesabına pullar köçürmüşdür. Polad ondan ümumilikdə 2705 manat pul almışdır. Lakin, bundan sonra ona işin alınmadığını, əlavə 5000 ABŞ dolları pul lazım olduğunu dedikdə, O, şübhələnmiş və pul göndərməmişdir. Pulunu geri istəməyə başlamışdır. Lakin, o Poladdan pulunu ala bilmədiyi üçün onun barəsində şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs dələduzluq edərək 2705 manat pulunu ələ keçirmiş və ona həmin məbləğdə ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, sonuncunun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, HK-1/11289 nömrəli materialdə cinayət tərkibi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

2. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın ləğv edilməsi və materialın əlavə yoxlama üçün qaytarılması” barədə 24 may 2024-cü il taixli qərarına əsasən Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar Abşeron RPİ-nin İstintaq Şöbəsində toplanmış HK-1/11289 №-li material üzrə müstəntiq Rövşən Cavadovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir;

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 08 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;

4. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciətinə əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;

5. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur;

7. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, o, həmin tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

8. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisiin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmaqla, iş üzrə təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir;

9. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, sonuncu barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir:

10. Təqsirləndirilən şəxs qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. (4-cü bənd). Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları qanunvericiliyin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və ibtidai araşdırma aparan orqan tərəfindən doğru olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə müəyyən edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli üzrə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədək müəyyən edilməklə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin əməl Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə araşdırması və iş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, amnistiya aktının 5.1-ci bəndinin tələblərinə uyğun olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Göstərilən amnistiya aktının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş istisna hallar Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əmələ şamil edilmir. Belə ki, maddi ziyanın tam olaraq ödənilməsi Təqsirləndirilən şəxs tərəfindən təmin olunmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən, seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işinin materiallarında müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə irəli sürülmüş ittiham çərçivəsində xüsusi müsadirənin tətbiqi əsassızdır və zəruri hesab edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili X1 etdiyi 20 saatın hər iş saatının 6 manatdan, digər 25 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 395 manat (20 saat x 6 AZN + 25 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-cı bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 20 saatın hər iş saatının 6 manatdan, digər 25 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 395 (20 saat x 6 AZN + 25 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar