Məhkəmə qərarları › İş №1(012)-475/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-475/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-475/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Rusiya Federasiyası, Ulyanovsk vilayətində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 20 oktyabr 2017-ci il tarixdə saat 16:55-də Rusiya Federasiyası, Ulyanovsk vilayəti, Ulyanovsk şəhəri, Zasviyajskiy rayonu, X4 prospekti 19 ünvanında yerləşən “Alyans- Sviyaqa” ticarət mərkəzinin birinci mərtəbəsindəki hamı üçün girişi açıq olan "xxxx" MMCyə məxsus "xxxx" paltar mağazasına daxil olaraq həmin mağazada vitrində asılan həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 112 manat 85 qəpik təşkil edən 3812,71 Rus rublu dəyərində MJ6P7269L artikullu, qara-göy rəngli, 50-52 ölçülü kişi gödəkcəsini əyninə geyinmiş, daha sonra talama niyyətini davam etdirərək həmin mağazanın açıq olan qapısından qaçmaqla mağazanın satıcısının gözü qarşısında açıq talayaraq ticarət mərkəzindən çıxıb qaçan zaman həmən mağazanın işçisi tərəfindən təqib olunduğuna görə Samarskaya küçəsi, ev 17 qarşısında taladığı kişi gödəkcəsini üzərindən çıxararaq yerə atmış, bundan sonra küçədə olan polis əməkdaşı Şahid1 Xamreyeviç ona çataraq saxlaması səbəbindən öz iradəsindən asılı olmayan bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib, soyğunçuluğa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 29,180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 1994-cü il tarixdə Rusiya Federasiyasının, Ulyanovsk vilayətinin, Ulyanovsk şəhərində doğulmuşdur. Rusiya Federasiyasında doğulsa da, oranın vətəndaşlığını almamışdır. Belə ki, o, doğulanda ata anası Rusiya Federasiyası vətəndaşı olmadıqları üçün elə biliblər ki, o da vətəndaşlıq ala bilməz. Ona görə də ona vətəndaşlıq almaq üçün heç bir hərəkət etməmişlər. Lakin o, Azərbaycan Respublikası vətəndaşıdır və şəxsiyyət vəsiqəsi də vardır. Rusiya Federasiyasında doğulub yaşamağına baxmayaraq tez-tez Azərbaycana gəlib getmişdir. 19 oktyabr 2017-ci il tarixdə Ulyanovsk şəhərində tanışları ilə qumar oynayan zaman həmin qumarda o, 48.000 Rus Rublu pul uduzmuşdur. Həmin pulu da 24 saat ərzində tapıb verməli imiş. Uduzduğu pulun bir qismini düzəldə bilsə də, bir qismini düzəldə bilməmişdir. Ona görə də düşünmüşdür ki, oğurluq edib pul əldə etsin. 20 oktyabr 2017-ci il tarixdə saat təxminən 16 radələrində Ulyanovsk şəhərində yerləşən Alyans ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən OSTİN geyim mağazasına daxil olmuşdur. Orada kişi üst geyimi bölməsinə tərəf getmiş və ətrafa göz gəzdirərək onu görən şəxs olub-olmadığını yoxlamışdır. Daha sonra vitrindən 1 ədəd kişi gödəkcəsi götürüb əyninə geyinmişdir. Daha sonra mağazanın girişinin yanında olan güzgünün qarşısında dayanmış və ətrafa baxıb onu görən şəxsin olub olmadığını dəqiqləşdirmişdir. Mağazada qadın satıcının başı digər müştərilərə qarışmışdır. O da həmin məqamdan istifadə edib mağazanın giriş qapısından qaçmağa başlamışdır. Mağazanın çıxışında olan oğurluq əleyhinə sistem işə düşüb səs eləmiş, lakin bu onu dayandırmamışdır. Arxasıyca mağazadan “Dayanın! Gödəkcəni geri qaytarın!” deyə qışqırmışlar. O başa düşmüşdür ki, onun oğurluğunu görən olub. Lakin o, dayanmamış və “Alyans” Ticarət Mərkəzindən çıxaraq Samarskaya küçəsinə tərəf qaçmağa davam etmişdir. Qaçarkən geri baxmış və görmüşdür ki, uzaqdan arxasıyca qız qaçır və “Dayanın” deyə qışqırır. O, başa düşmüşdür ki, onu çağırırlar və mağaza əməkdaşı onun hərəkətini başa düşüb, lakin qaçmağa davam etmişdir. Kamışinskaya küçəsi ərazisində arxasıyca bir kişi də qaçmağa və “Dayanın!” deyə qışqırmağa başlamışdır. Bundan sonra o, törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunmağından qorxaraq və hər kəsin onun əməlini anladıqlarını dərk edərək yuxarıda qeyd olunan mağazadan oğurladığı gödəkcəni dərhal soyunmuş və Samarskaya küçəsi ərazisində yerə ataraq qaçmağa davam etmişdir. Lakin arxasıyca qacan həmin kişi ona çataraq yerə yıxmış və polis əməkdaşlarını həmin yerə çağırmışdır. Vəziyyəti aydınlaşdırmaq üçün onu saxlayaraq Rusiya DİN-nin Ulyanovsk şəhəri Zasviyajskiy rayon polis şöbəsinə aparmışlar. Yuxarıda qeyd olunan gödəkcəni OSTİN mağazasından oğurladığını polis əməkdaşlarına etiraf etmişdir. Orada da izahat verdikdən sonra həmin gün onu buraxmışlar. O, dayansa onu tutacaqlarını bilmişdir. Ona görə də yaxalanmamağı üçün qaçmışdır. Qaça-qaça da əynindən gödəkcəni çıxarda bilməmişdir. Məqam tapan kimi, qaça-qaça gödəkcəni əynindən çıxarmışdır. Düşünmüşdür ki, gödəkcəni çıxarıb yerə atdığı üçün arxasıyca gəlməzlər. Lakin buna baxmayaraq yenə də arxasında qaçıb ona çatıb yaxalamışlar. Əgər onun arxasınca qaçan şəxslərdən qaçıb uzaqlaşa bilsə idi oğruladığı gödəkcəni əynindən soyunub yerə atmayacaqmış. Lakin uzun məsafə qaçdığı və təngnəfəs olduğu üçün başa düşmüşdür ki, o, qaçıb uzaqlaşa bilməyəcək. Ona görə də düşünmüşdür ki, bəlkə oğurladığı gödəkcəni soyunub yerə atsa arxasıyca qaçmağı dayandırarlar. O, gödəkcəni soyunub yerə atsa da, arxasınca qaçmağa davam etmişlər və onu yaxalamışlar. Etdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Konstantinova ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən yuxarıda qeyd olunan vəzifədə çalışır. Onun vəzifə səlahiyyətlərinə Ulyanovsk şəhəri, X4 prospekti, ev 19 ünvanında yerləşən "xxxx" mağazasının idarəetməsi, həmçinin xx.xx.2019-cu il tarixli etibarnamə əsasında məhkəmə və hüquq mühafizə orqanlarında "xxxx" MMC-nin maraqlarını təmsil etmək daxildir. Bu vəzifəyə düzəldikdə onların təşkilatının öncəki nümayəndəsi V.S.Kurskiyevdən öyrənmişdir ki, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs mağazadan aşağıdakı əmlakı oğurlamağa cəhd göstərmişdir. Həmin köynək 3812 rubl 71 qəpik dəyərində, qara-göy rəngli, 50-52 ölçüdə, artikul MJ6P7269L 1 ədəd kişi gödəkçəsi olmuşdur. Gödəkçə Təqsirləndirilən şəxs alındığı və nəticədə "xxxx" MMC-yə qaytarıldığı üçün mülki iddia qaldırmaq istəməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 2017-ci il üçün məzuniyyətdə olmuşdur. xx.xx.2017-ci il saat 17:00 radələrində Kamışinskaya küçəsində yerləşən 8 saylı binanın həyətində 1-ci giriş qapısının qarşısında dayanarkən yanında əvvəllər tanımadığı, qafqazlı, əynində qara gödəkçə olan kişi qaçmışdır. Yanından qaçarkən kişinin əynindəki gödəkçənin arxa boyunluğunda ağ rəngli etiket diqqətini çəkmişdir. Ətrafa baxarkən qışqıraraq qaçan qadın görmüşdür. Həmin qadın "Cavan oğlan, dayanın! Gödəkçəni qaytarın!" deyə qışqırmışdır. O başa düşmüşdür ki, yanından qaçan kişi yuxarıda qeyd olunan, əynindəki gödəkçəni oğurlayıb. O, cəld reaksiya vermiş və kişinin arxasınca qaçaraq, dayanmasını bildirmişdir. Ancaq kişi onun dəfələrlə səslənməyinə reaksiya verməmiş və əksinə sürətini artırmışdır. Həmçinin o da sürətini artıraraq yuxarıda qeyd olunan şəxsə çatmışdır. Kişi bir anlıq əynindəki gödəkçəni çıxararaq, Samarskaya küçəsi, 17 saylı binanın qarşısında yerə atmışdır. O, dayanmamış və kişinin ardınca qaçmağa davam edərək həmin şəxsə çatıb fiziki güc, daha dəqiq, əllərin arxaya bükülməsi döyüş fəndini tətbiq edərək yerə yıxmışdır. Bundan sonra öz rəhbərliyinə zəng edərək hadisə barədə məruzə etmişdir. Daha sonra yuxarıda qeyd etdiyi qadın yaxınlaşaraq bildirmişdir ki, məhz həmin kişi Ulyanovsk şəhəri, X4 prospekti, ev 19 ünvanında yerləşən "Alyans" Ticarət Mərkəzindəki "Ostin” mağazasından qara rəngli gödəkçəni oğurlamışdır. İstintaq-əməliyyat qrupu gəldikdə, həmin kişi özünü təqdim etmişdir. Həmin şəxs 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ulyanovsk şəhəri, X4 prospekti, ev 19 ünvanında yerləşən "xxxx" mağazasında 2017-ci ilin yanvar ayından etibarən satıcı-kassir vəzifəsində çalışır. Onun öhdəliklərinə müştərilərə xidmət göstərmək, məhsul-maddi dəyərlərin təhlükəsizliyini təmin etmək daxildir. xx.xx.2017-ci il tarixdə saat 11:50 radələrində o, işə başlamışdır. Saat 16:54-də əvvəllər tanımadığı, qafqazlı bir oğlan onların mağazasına daxil olmuşdur. Həmin şəxs kişi üst geyimləri bölməsinə yaxınlaşmış və orada gödəkçə seçmişdir. Həmin oğlan gödəkçəni geyinərək güzgüyə yaxınlaşmış və qəfil mağazanın çıxışına tərəf qaçmağa başlamışdır. Çıxışda siqnalizasiya işə düşmüş, o da "Dayanın! Gödəkçəni geri qaytarın!" deyə qışqırmağa başlamışdır. Ancaq həmin oğlan ona əhəmiyyət verməyərək qaçmağa davam etmişdir. O, dərhal həmin şəxsin arxasınca qaçmışdır. Həmin kişi küçəyə qaçmış və Ulyanovsk şəhəri, Samarskaya küçəsi istiqamətində hərəkət etmişdir. Küçədə ondan 10 metr məsafədə qaçmış və gödəkçəni qaytarmağı üçün arxasınca qışqırmışdır. Ulyanovsk şəhəri, Kamışinskaya küçəsi, ev 8 qarşısında arxasınca mülki geyimdə bir kişinin qaçdığını görmüşdür. Daha sonra polis əməkdaşı olduğunu anlamışdır. Həmçinin Samarskaya küçəsində yerləşən ev 17-nin qarşısında yerdə, mağazasına məxsus olan, qafqazlı kişi tərəfinən oğurlanan gödəkçəni görmüşdür. Polis əməkdaşı isə həmin şəxsin arxasınca qaçaraq tutmuşdur. Daha sonra istintaq əməliyyat qrupu çağırılmışdır. Həmçinin mağazadan gödəkçə oğurlayan şəxs özünü təqdim etmişdir. Həmin şəxs 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə daktiloskopik ekspertizasının 28 oktyabr 2017-ci il tarixli, 34Z/1138 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat üçün təqdim olunmuş, hadisə yerinə baxış zamanı əldə olunmuş 2x30mm ölçülü açıq rəngli daktiloskopik lent parçası üzərindəki barmaq izi şəxsiyyətin müəyyənləşdirilməsi üçün yararlıdır. Hadisə yerinə baxış zamanı əldə olunmuş, 2x30mm ölçülü açıq rəngli daktiloskopik lent parçası üzərindəki barmaq izi xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına tədqiqat üçün tərtib olunmuş daktiposkopik kartdakı sağ əlin işarə barmağına məxsusdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. **********1002023 nömrəli cinayət işi üzrə qəbul edilmiş 07 fevral 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 12 fevral 2018-ci il tarixli qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Ulyanovsk şəhəri, Zasviyajskiy rayon prokurorun müavini ədliyyə müşaviri D. A. Vasin tərəfindən qəbul edilmiş 01 mart 2022-ci il qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi üzrə qəbul edilmiş dayandırma qərarı ləğv edilmişdir. X3 Nazirliyinin Ulyanovsk şəhəri, Zasviyajskiy rayonu üzrə Şöbəsinin, təhqiqat şöbəsinin müavini, polis podpolkovniki O. A. Fomiçeva tərəfindən qəbul edilmiş 16 mart 2022-ci il tarixli qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi icraata qəbul edilərək təhqiqat davam etdirilmişdir. 26 mart 2022-ci il tarixli qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Ulyanovsk şəhəri, Zasviyajskiy rayon prokurorun müavini ədliyyə müşaviri D. A. Vasin tərəfindən qəbul edilmiş 13 iyul 2022-ci il qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi üzrə qəbul edilmiş dayandırma qərarı ləğv edilmişdir. 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi X3 Nazirliyinin Ulyanovsk şəhəri, Zasviyajskiy rayonu üzrə Şöbəsinin, istintaq şöbəsinin müstəntiqi, ədliyyə baş leytenantı N. S. Çuvaşalovun icraatına qəbul edilərək istintaq aparılmışdır. 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, istintaqdan qaçıb gizləndiyindən, olduğu yer məlum olmadığından ittihamı ona elan etmək mümkün olmadığından Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmişdir. 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, **********1002023 nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Ulyanovsk şəhəri, Zasviyajskiy rayon prokurorun müavini ədliyyə müşaviri D. A. Vasin tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il qərarldan görünür ki, **********1002023 nömrəli cinayət işi üzrə qəbul edilmiş dayandırma qərarı ləğv edilmişdir. 01 dekabr 2022-ci il tarixdə X3 Nazirliyinin Ulyanovsk şəhəri, Zasviyajskiy rayonu üzrə Şöbəsinin, istintaq şöbəsinin rəisi, ədliyyə podpolkovniki L. R. Mosıçenko tərəfindən **********1002023 nömrəli cinayət işinin cinayət təqibi həyata keçirilməsi üçün xarici dövlətin səlahiyyətli orqanına göndərilməsi məsələsinin həll edilməsi məqsədi ilə cinayət işinin Ulyanovsk şəhəri, Zasviyajskiy rayon prokuroruna ötürülməsi haqqında qərar qəbul etmişdir. Rusiya Federasiyası Ulyanovsk vilayəti Prokurorluğundan Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə **********1002023 nömrəli cinayət işi 16 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin İŞ-nə daxil olmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış bir ədəd qara-göy rəngdə, L-50-52 ölçülü, Mj6P7269L nömrəli kişi gödəkçəsi saxlanması üçün qanuni sahibinə zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərərçəkmiş şəxs Konstantinova tərəfindən elektron məlumat daşıyıcısı vasitəsi ilə müraciət etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakının açıq şəkildə oğurlanması - 480 saatadək müddətə məcburi işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ilədək müddətə məcburi işlər, və ya altı ayadək müddətə həbs və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin cinayətə hazırlıq və cinayətə cəhd

1. Cinayətə hazırlıq şəxs tərəfindən cinayət törətmək üçün vasitə və ya vasitələrin aşkar edilməsi, hazırlanması və ya uyğunlaşdırılması, cinayətdə ortaqların axtarışı, cinayətə sui- qəsd və ya cinayətin törədilməsi üçün qəsdən başqa şərait yaradılmasıdır, əgər bu zaman cinayət bu şəxsdən asılı olmayan hallara görə başa çatdırılmayıbsa.

2. Cinayət məsuliyyəti yalnız ağır və xüsusilə ağır cinayətlərə hazırlığa görə yaranır.

3. Cinayət törətməyə cəhd şəxsin bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən hərəkətlər (hərəkətsizliyi) kimi tanınır, əgər bu zaman cinayət bu şəxsin özündən asılı olmaya hallara görə başa çatdırılmayıbsa. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 78-ci maddəsinə əsasən iddia müddətinin başa çatması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilma. Cinayət törədildiyi gündən aşağıdakı müddətlər keçdikda şəxs cinayət məsuliyyətindən azad edilir: a) yüngül cinayət törətdikdən iki il sonra; b) orta ağır cinayət törətdikdən altı il sonra: c) ağır cinayət törətdikdən on il sonra; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Şimovolos Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 3 mart 2005-ci il tarixli Plenum qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Göründüyü kimi, hazırki cinayət işi üzrə də təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını açıq talamaqla soyğunçuluğa cəhd etmişdir. Həmin əməl həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının qanunvericiliyinə əsasən cinayət sayılır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında həmin əməli törətsə də məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, maddi sübut kimi tanınmış bir ədəd qara-göy rəngdə, L-50-52 ölçülü, Mj6P7269L nömrəli kişi gödəkçəsi ibtidai istintaq zamanı saxlanması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd qara-göy rəngdə, L-50-52 ölçülü, Mj6P7269L nömrəli kişi gödəkçəsi ibtidai istintaq zamanı saxlanması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar