Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-478/2024 26.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Laçın rayonu Malıbəyli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, At-yalı yaşayış massivində fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə- metadon həbini əldə etmə və saxlama cinayətini törətmişdir. Belə ki, o, 09 sentyabr 2023-cü ildə tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan öz istifadəsi üçün bir ədəd, tərkibində 0,04 qram metadon təsir maddəsi olan, üzərində F/M40 yazılmış, qəhvəyi rəngli, dairəvi formalı, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş sintetik narkotik vasitə- metadon həbini qanunsuz olaraq əldə edib, üzərində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 Abşeron rayon polis idarəsi, Qobu polis bölməsinin inzibati ərazisində xidmətdə olan 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinərək, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, At-yalı yaşayış massivində saxlanılaraq Abşeron RPİ-in Qobu polis bölməsinin inzibati binasına aparılmış və orada həmin gün saat 10:40-dan saat 11:20-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd, tərkibində 0,04 qram metadon təsir maddəsi olan sintetik narkotik vasitə- metadon həbi aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilməklə qeyd etmişdir ki, hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Hökməli qəsəbəsində olarkən tanımadığı şəxsdən narkotik vasitə heroin almaq istəmiş, lakin həmin adam heroini olmadığını, narkotik tərkibli metodon həbi olduğunu bildirmiş, o da 10 manata özü istifadə etmək üçün bir ədəd metadon həbini alıb sonra istifadə etmək üçün cibinə qoyub Xırdalan şəhərində yaşadığı evə getmiş, ertəsi günü, yəni xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində evdən çıxıb iş axtarmaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsinin mərkəzi yoluna getmiş, bu zaman tanışı X3 yolun kənarında dayandığını görüb. sonuncunun yanına gedib, söhbət etməyə başlamış, həmin vaxtı kənardan polis avtopatrul maşının gəldiyini görüb, üstündə metadon həbi olduğuna görə oradan uzaqlaşmaq istəmiş, polislər də onun bu hərəkətindən şübhələnib, yaxınlaşaraq özlərini təqdim edib, nə üçün uzaqlaşmaq istədyinin səbəbini soruşmuşlar. O da cibində bir ədəd metadon həbi olduğunu bildirmiş, bundan sonra polislər ona narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi üzərində şəxsi axtarış aparılmasından ötrü Qobu polis bölməsinə aparacaqlarını bildirmişlər. O da heç bir müqavimət göstərmədən polislərin maşınına minib Qobu PB-nin inzibati binasına getmiş, oradakı xidməti otaqda videoçəkilişlə ona hüquq və vəzifələri izah olunduqdan sonra öz xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və üzərində qanunsuz saxlanılan hər hansı əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o da əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd metadon həbini çıxarıb təqdim etmişdir. Bundan sonra polislər onun üzərində axtarış aparsalar da heç nə tapmayıb təqdim etdiyi bir ədəd metadon həbinə baxış keçirib, həmin həbi kağız zərfə qoyularaq qablaşdırıb götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilərkən Əlahiddə X4 12-ci patrul bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində iş yoldaşı polis nəfəri Şahid1 ilə birlikdə 97-29 çağırılşlı avtopatrulla Abşeron rayonu, Hökməli qəsəbəsində xidmətdə olarkən bir nəfərin polis avtomobilini görən kimi özünü şübhəli aparmağa başladığını hiss edib, avtopatrul maşınını həmin şəxsin yanında saxlayıb yaxınlaşaraq özlərini təqdim edib kimliyini soruşmuşlar. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu və Hökməli qəsəbəsi, At-yalı yaşayış massivində yaşadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olmasından şübhələnib, nə üçün polis avtomobilini görən kimi uzaqlaşmaq istədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs də cibində bir ədəd narkotik tərkibli metadon həbi olduğunu söylədikdən sonra onlar Orxana üzərində videoçəkilişlə axtarış keçirmək üçün birlikdə Qobu polis bölməsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs də razılaşıb, heç bir müqavimət göstərmədən onlarla Qobu PB-nə getmişdir. Bundan sonra onlar polis bölməsində xidməti otaqlarından birinə vəkil dəvət edib, Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir ədəd metadon həbi olduğunu bildirmiş və əlini əynindəki boz rəngli şalvarının sağ yan cibinə salıb oradan bir ədəd həbi çıxarıb təqdim etmiş, bundan sonra onlar yenə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparsalar da sonuncunun üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin həbə baxış keçirilmiş və kağız zərfə qoyulub qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Digər iştirakçılar kimi o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid Əlahiddə X4 12-ci patrul bölüyünün polis nəfəri Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Şahid2 iş yoldaşı göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İstintaq materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış protokolundan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd metadon həbi aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16- 16/2-6/4821 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd konvalyut kəsiyində üzərində “F/M40” yazılan 1 ədəd qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə-metadon olub, 1 ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5878 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1 (001)-515/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırkı vaxta qədər çəkməkdədir. Həmin cəzadan 04 (dörd) ay 19 (on doqquz) gün cəza çəkmiş, 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün cəzasından çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü ildə tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan öz istifadəsi üçün bir ədəd, tərkibində 0,04 qram metadon təsir maddəsi olan, üzərində F/M40 yazılmış, qəhvəyi rəngli, dairəvi formalı, Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş sintetik narkotik vasitə- metadon həbini qanunsuz olaraq əldə edib, üzərində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 Abşeron rayon polis idarəsi, Qobu polis bölməsinin inzibati ərazisində xidmətdə olan 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinərək, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, At-yalı yaşayış massivində saxlanılaraq Abşeron RPİ-in Qobu polis bölməsinin inzibati binasına aparılmış və orada həmin gün saat 10:40-dan saat 11:20-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən həmin 01 ədəd, tərkibində 0,04 qram metadon təsir maddəsi olan sintetik narkotik vasitə- metadon həbi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2023-cü il tarixli vəsatəti Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təmin olunmamış və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Odur ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işinin icraatı Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə bağlı dayandırılmış, xx.xx.2023-cü il tarixdə zərurət aradan qalxdığı üçün cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd, tərkibində 0.04 qram metadon təsir maddəsi olan sintetik narkotik vasitə metadon iş üzrə maddi sübut kimi tanınaraq tədqiqat nümunələri götürüldükdən sonra işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron rayon Pİ-nə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyın edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə çəkilmiş 04 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 515/2023 nömrəli hökmünün qanuni qüvvəsini almazdan əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 515/2023 nömrəli hökmü ilə məhkum olunduğu 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki eksperthəkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq ½ ədəd həb sintetik narkotik maddə metadon Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə çəkilmiş 04 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 07 ay 09 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Polis İdarəsi maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,04 qram 1 ədəd metadonun ekspertiza tədqiqatından sonra qalıq qalmış ½ ədəd həb sintetik narkotik maddə metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-478/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-478/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver