Məhkəmə qərarları › İş №1(012)-48/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-48/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-48/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlunun, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə 06.06.1994-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, evli, orta təhsilli,əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində yaşamış, Abşeron Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 06.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X9 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 01.02.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fermanın divarını sökərək qanunsuz içəri daxil olub fermanın həyətindən 01 ədəd 1000 manat dəyərində “Dawer” markalı DYH 8000 SE model generatoru gizli talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1000 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X9 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 04.02.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli kəndi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinin qapısını sındıraraq qanunsuz evə daxil olub evdən 01 ədəd 50 manat dəyərində su mühərrikini , 01 ədəd 480 manat dəyərində “Panasonic”markalı televizoru,01 ədəd 170 manat dəyərində su qızdırıcısını, hər biri 2500 manat dəyərində olan 02 ədəd ümumi 5000 manat dəyərində iri həcmli su nasosunu, 01 ədəd 370 manat dəyərində qaynaq aparatını və 01 ədəd 300 manat dəyərində üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 6370 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir.X9 onun həmkəndlisidir. Təxminən 6-7 ildir ki , Hikmət Rəhimovu tanıyır. 01.02.2021 tarixdə Hikmət onun yaşadığı evə gələrək onu evdən çölə çağımış və ona bildirmişdir ki , Məmmədli kəndində ferma var və həmin fermanın divarını dağıdaraq oğurluq üçün həyətinə daxil olub .Lakin fermanın həyətində olan generator ağır olduğundan onu apara bilmir. Bunun üçün onun köməyinə ehtiyacı vardır. Bundan sonra Hikmətlə piyada həmin fermaya getmiş və Hikmətin dağıtdığı divardan həmin fermaya daxil olmuşlar. Həmin vaxtı həmin yerdə Hikmətlə ondan başqa heç kim olmamışdır. Hikmətlə birlikdə həmin generatoru sürütləyərək fermanın hasarında açdıqları dəlikdən çölə çıxarmışlar. Hikmət ona həmin generatoru onun həyətində gizlətməyi təklif etmiş lakin o , evlərinin fermaya yaxın olduğundan tutulma ehtimalını nəzərə alaraq buna razı olmamışdır.Bundan sonra Hikmətlə həmin generatoru yaxınlıqda yerləşən hasarın dibinə qoymuş və generatoru aparmaq üçün avtomobil axtarmışlar lakin tapa bilməmiş bunun üçün fermaya yaxın yerləşən sahibsiz bir tikilidə həmin generatoru gizlətmişlər.Bundan sonra Hikmət həmin generatoru satmaq üçün müştəri tapacağını bildirmişdir.Bundan sonra 04.02.2021-ci il tarixdə təxminən axşam saat 22 radələrində Hikmət təkrarən onun yaşadığı evə gələrək ona kəndin içərisində konteyner ev olduğunu və həmin evin qapısının açıq olduğunu həmin evə girmək istədiyini lakin ona köməklik lazım olduğunu bildirmişdir. Bunun üçün həmin vaxtı O, Hikmətlə birlikdə həmin evin yerləşdiyi əraziyə getmişdir. O, torpaq sahəsinin hasarının giriş darvazasının yanında dayandığını gələn olarsa xəbər edəcəyini. Hikmətin isə hasardan aşaraq həyətə daxil olduğunu. Bundan sonra hasarın bir tərəfindən Hikmət oğurladığı əşyaları digər tərəfinə ona verdiyini. Hikmətlə həmin vaxtı evdən 1 ədəd “Panasonic” markalı televizor,1 ədəd su matoru, 1 ədəd su qızdırıcısı,1 ədəd işıq generatoru və 2 ədəd su matoru və 1 ədəd qaynaq aparatını götürdüyünü və həmin əşyaları Himətlə birlikdə Hikmətin əvvəlcədən özü ilə gətirdiyi əl arabasına yığaraq həmin əşyaları da əvvəlki oğurluqda oğurladıqları generatoru qoyduqları yarımçıq tikilinin içərisinə yığmışlar. Bundan sonra Hikmətin həmin əşyaları kimə və necə satmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Hikmət Rəhimov ilə birlikdə oğurluğa getdiklərini əvvəlcədən bilmiş və ehtiyacı olduğu üçün bu yola əl atmışdır. Zərərçəkmiş şəxslərə dəyən ziyan tam ödəmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 6 il olarki Abşeron rayonu Məmmədli kəndində özünə məxsus torpaq sahəsində iri buynuzlu heyvanlar saxlayır . Həmin torpaq sahəsinin qurtaracağında heyvanların qida tələbatını ödəmək üçün samanlıq vardır.31.01.2021-ci il tarixdən 02.02.2021-ci il tarixədək olan müddət ərzində ona məxsus fermanın hasarında kiçik dəlik açmaq yolu ilə fermaya daxil olan şəxslər tərəfindən fermanın aşağı hissəsində yerləşən samanlığın yaxınlığında yerləşdirilmiş 2000 manat dəyərində “Daver” markalı generatorun oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymiş və bunun üçün ərizə ilə Abşeron RPİ-nə müraciət etmiş və sonradan ona məxsus fermadan oğurluq etmiş şəxslərin Abşeron rayon Məmmədli kənd sakinləri X2 və X9 olduğunu öyrənmiş və tələbinin həmin şəxslər barəsində qanuni tədbir görülməsindən ibarət olmuşdur. Zərərçəkmiş şəxs2 əvvəllər həmin şəxsləri tanımadığını həmin şəxslərlə arasında heç bir əlaqənin eləcədə düşmənçilik münasibəti və ya şəxsi ədavətinin olmadığını bildirmişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli kəndində özünə məxsus 04 ha torpaq sahəsində badam əkmişdir. Həmin torpaq sahəsinin kənarında fərdi yaşayış evi vardır.04.02.2021-ci il tarixdən 05.02.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəmir qapısının kilidini sındırmaq yolu ilə içəri daxil olaraq oradan ona məxsus bir ədəd 86 manat dəyərində su nasosunu, bir ədəd 480 manat dəyərində “Panasonic”markalı televizoru, 1 ədəd 170 manat dəyərində su qızdırıcını, hər biri 2500 manat dəyərində olan ümumi 5000 manat dəyərində iri həcmli su nasosunu, 1 ədəd 370 manat dəyərində qaynaq aparatını və bir ədəd 1600 manat dəyərində “Genpover” markalı generatoru oğurlayaraq ona ümumilikdə 7706 manat məbləğində maddi ziyan vurduğu üçün ərizə Abşeron RPİ-nin Mehdiabad PB-nə müraciət etmişdir. Sonradan öyrənmişdir ki ona məxsus evdən oğurluq etmiş şəxslər Abşeron rayon Məmmədli kənd sakinləri X2 və X7r. Tələbi ona məxsus əşyaları oğurlayan şəxslərin barəsində qanuni tədbir görülməsindən və ona məxsus olan əşyaların tapılaraq geri qaytarılmasından ibarət olmuşdur. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.1957-ci il tarixdə Azərbaycan Respublikası Sabirabad rayonunda anadan olmuşdur. Onun 24 yaşı olarkən 1981-ci il tarixdə Azərbaycan Respublikasında Türkmənistan Respublikası vətəndaşı olan 15.11.1955-ci il təvəllüdlü X4 ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə Türkmənistan Respublikasına köçmüşdür. Həmin nikahdan onun 3 oğlu və 1 qızı dünyaya gəlmişdir.Övladlarının hamısı Türkmənistan Respublikasında dünyaya gəlmişdir.Təqsirləndirilən şəxs onun axrıncı övladıdır. Təqsirləndirilən şəxs 06.06.1994-cü il tarixdə Türkmənistan Respublikasında dünyaya gəlmişdir. Oğlu Təqsirləndirilən şəxs 1 yaşı olarkən onlar Türkmənistan Respublikasından köçərək Azərbaycan Respublikasına gəlmiş və bir müddət Sabirabad rayonunda bacısının yanında həyətdə kiçik gecəqondu düzəldib orada yaşamışlar. Kür çayı daşdıqdan sonra evləri suyun altında qaldığı üçün oradan köçərək Abşeron rayonu Məmmədli kəndinə gəlmişlər. Məmmədli kəndində yarımçıq tikilidə məskunlaşaraq orada yaşamışlar. 26 ildir ki, Azərbaycanda övladları ilə birlikdə yaşayır. Nə özü nə yoldaşı nə də Təqsirləndirilən şəxs daxil olmaqla digər övladları heç bir vaxt Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almamışdır. Əvvəllər bir neçə dəfə buna çalışsada Dövlət Miqrasiya Xidməti tərəfindən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmadığı üçün övladlarına və özünə nə doğum haqqında şəhadətnamə nə şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Eləcə də Azərbaycan Respublikası vətəndaşlığı tanınmamışdır. Hal-hazırda nə o, nə onun övladları heç bir ölkənin vətəndaşı deyildir. Oğlu Təqsirləndirilən şəxs etdiyi oğurluq ilə bağlı isə xəbəri olmamış nə də Təqsirləndirilən şəxs oğurladığı əşyalardan nə isə evə gətirməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01.08.2021-ci il tarixli 9/6017 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ili ümumi dəyəri təxminən 1350(min üç yüz əlli) manat müəyyən edilir. O cümlədən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində İ/C 6.5 yazıları “genpover GBS 40 M” markalı rəng qopuqları olan sarı-qara rəngli generator -300 manat ,01 ədəd sarı rəngli “Dawer” markalı DHY 8000 SE model generator -1000 manat,01 ədəd hidroforlu göy rəngli su mühərriki -50 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron RPİ-in 18.02.2021-ci il tarixli qərarından görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 22.08.2021-ci il tarixdə barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş və həmin tarixdə ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1 , 177.2.2 ,177.2.3 ,177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən 30.11.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən 30.11.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. 06.02.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 06.02.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Dawer” markalı DYH 8000 SE model generator və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd su mühərrikini və 01 ədəd üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatoru iş üzrə maddi sübut tanınmış və sahiblərinə qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 v 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə dəymiş ziyanın tam ödənilməsi nəticəsində ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06.02.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Dawer” markalı DYH 8000 SE model generator və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd su mühərrikini və 01 ədəd üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatorun ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06.02.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Dawer” markalı DYH 8000 SE model generator və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd su mühərrikini və 01 ədəd üzərində L/C 6.5 yazıları olan “genpover GBS 40M” markalı generatorun ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar