Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-48/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumlugu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 23-15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 18 manat müqabilində satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına daxil olan 0,279 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 00-05 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon Saray qəsəbəsi ərazisində saxlanılaraq. Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülümüş həmin 0,279 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, bir ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 09 fevral 2023-cü il tarixdə saat 00- 05 radələrində Abşeron rayonu, Saray qəsəbəsində evinə gedərkən iki nəfər mülki geyimdə ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər və onu Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Saray PB-nə gəlmişdir. Abşeron rayon Polis İdarəsinin Saray PB-da ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O, da könüllü olaraq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, bükülünü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 18 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 fadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cu il tarixdə 00-05 radələrində Abşeron rayonu, Saray qəsəbəsi İlqar Hüseynov küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması və hazırda Abşeron rayonu, Saray qəsəbəsində üzərində narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı PB-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvvəkili, polis baş leytenantı Şahid1 oğlu ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi İlqar Hüseynov küçəsinə getmişlər. Həmin vaxtı küçədə hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlaria Abşeron RPİ-nin Saray polis bölməsinə gəlmişdir. Bundan sonra onlar PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd siqaretin gümüşü kağızında bükülü narkotik vasite heroin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızında olan bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, spevsik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən tanımadığı bir nəfər şəxsdən 18 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb, imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 09 fefral 2023- cil tarixli 6/781 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş...» sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,279 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,229 qram - 0,50 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 01 mart 2023-cü il tarixli 1185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,229 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin xx.xx.2024-cü il tarixli 59- 3/2-2764/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir əd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini çıxararaq təqdim etməsi, sorğu zamanı həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisindən tanımdığı şəxsdən öz istifadəsi üçün 18 manata aldığını və özü ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisində daşıdığını bildirməsi öz əksini tapmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədən Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,229 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-ci tarixdən xx.xx.2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,229 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-48/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-48/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver