Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-480/2022 20.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Abşeron rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, 27 yanvar 2020-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2,4-cü bəndinə əsasən cəzadan azad edilmiş, ünvan 1 ünvanında yaşamış, Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu Masazır Bələdiyyəsinin inzibati binasının ikinci mərtəbəsində, həmin bələdiyyədə Mülkiyyətin idarə edilməsi sektorunun müdiri işləyən Zərərçəkmiş şəxs öz xidməti otağında vətəndaşların qəbulunu həyata keçirən zaman icazəsiz otağa daxil olub sonuncudan pul tələb etmiş, Zərərçəkmiş şəxs ondan otaqdan çıxıb gözləməyi tələb etdikdə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan “Sirab” şüşəsindən istifadə etməklə zərərçəkmiş şəxsə zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai yerdə ucadan sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ətrafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə yol verməklə onun əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən hərəkətlər etməklə bələdiyyənin inzibati binasında, dəhlizdəki pəncərənin qarşısında olan boş “Sirab” şüşəsini döşəməyə vuraraq sındırıb daha sonra əlindəki yarımçıq şüşə parçası ilə Zərərçəkmiş şəxs Hücum etdikdə orada olan şəxslər “Sirab” şüşəsinin boğaz hissəsini onun əlindən almış, daha sonra pilləkənə səpələnmiş şüşə parçasını götürüb var gücü ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə ataraq ona sağ yanaq nahiyəsinin səthi kəsilmiş yarası kimi dərəcəsi təyin olunmayan xəsarətini yetirmiş, bu hərəkətlərini 5 dəqiqə davam etdirməklə bələdiyyənin iş fəaliyyətini və hadisə yerinə toplanmış xeyli sayda şəxslərin rahatlığını və dincliyini pozmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, halhazırda Abşeron rayonu, Masazır kəndi, Duz Zavod yolu, massiv-2 ev 1 mənzil 49 Dövlət tərəfindən verilmiş binada yaşayır, valideyinləri olmadığından son dəfə Mərdəkan qəsəbəsində yerləşən cətin tərbiyə olunanlar üçün məktəbi bitirmiş, 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə Tərtər Hərbi Məhkəməsi tərəfindən, 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 221.2.2-ci maddəsi ilə Abşeron rayon məhkəməsi tərəfindən məhkum olunmuş, 2021-ci ilin noyabr ayının 18-də amnistiya aktına görə azad olunmuşdur. 18 may 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində Masazır Bədədiyəsinə iş tapmaq üçün getmiş, Bələdiyə İdarəsində şöbə rəisinin iş otağına yaxınlaşaraq qapını döymədən acaraq içəri daxil olmuş, icəridə kənar şəxslərin olduğu üçün Zərərçəkmiş şəxs ona bayıra cıxmasını bildirdiyi üçün ona “nə olub mənim üstümə niyə qışqırırsan” dedikdən sonra Zərərçəkmiş şəxs onun üzərinə gələrək yaxasından tutaraq bayıra itələmiş, müqavimət göstərdikdə isə qapının ağzında duran vətəndaşlar İlhamla bir yerdə pilləkan qovşağına cıxararkən pencərənin ağzında boş «Sirab» butulkasını əl atıb götürərək sındırmış, butulkanın sınıqlarını yerdən yığaraq Zərərçəkmiş şəxs sifət nahiyəsinə atmış, orada olan bələdiyə işciləri sakitləşdirdikdən sonra evlərinə getmişdir. Hazırda əməlindən peşmandır yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. 2020-ci ilin fevral ayında Abşeron rayonu Masazır Bələdiyəsinin şöbə rəisi vəzifəsində işləyir. 18 may 2022-ci il tarixdə saat 12 radələrində Masazır Bələdiyəsinin inzibati binasında iş otağında işdə olarkən əvvəl Elnur kimi tanıdığı şəxs iş otağına yaxınlaşaraq qapını döymədən içəri daxil olmuş və pul verməyi tələb etmiş, otağda kənar şəxslərin olduğu üçün Elnura otağı tərk etməyi və gözləməsini demişdir. Əvvəllər Elnur onun iş yerinə gələrək pul istəmiş və onun kimsəsiz olduğunu və dövlət tərəfindən himayədə olduğuna görə həmişə ona sərbəst və könülli olaraq pul vermişdir. Mübahisə olunan gün isə Təqsirləndirilən şəxs qapının ağzında gözləməsini demiş, lakin Təqsirləndirilən şəxs sözlərinə məhəl qoymayaraq üzərinə getmiş, qaba tərzdə qışqıraraq, üzərinə getmiş, lakin otaqda olan vətəndaşlar və bələdiyə əməkdaşlarının göməyi ilə Təqsirləndirilən şəxs iş otağından zorla bayıra cıxartmışlar. Təqsirləndirilən şəxs bu hərəkətlərdən sakitləşməyib pilləkanın qabaq hissəsində yerləşən pencərənin ağzında olan boş «Sirab» butulkasını götürərək yerə cırpmış və butulka sındığdan sonra butulkanın baş hissəsi əlində qalaraq üzərinə hücum etmiş və orada olan sakinlər və bələdiyyə işciləri Elnurun qabağını kəsərək şüşəni əlindən almışlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs aqresiv şəkildə hərəkətlərinə davam etdirərək şüşə qırıntılarını yerdən götürərək üzərinə atmış və şüşə qırıntıları sifət nahiyəsinin sağ tərəfinə dəyərək xəsarət yetirmişdir. Mübahisə zamanı Elnur onu kücə sözləri ilə təhqir etmiş və onun azğın şəkildə ona qarşı hərəkət etdiyini görərək DİN-n 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda onu bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Namet oğlu ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda yaşayır, özü isə X2 sektorunda işləyir. 18 may 2022-ci il tarixdə saat təxminən 12 radələrində Masazır Bələdiyəsində işdə olarkən Elnur adlı şəxs bələdiyə İdarəsində şöbə rəisi işləyən Zərərçəkmiş şəxs iş otağına yaxınlaşaraq qapını döymədən qapını acaraq içəri daxil olmuş, icəridə səs-küy gəldiyini eşitmiş və icəridə olan şəxslər Elnuru otaqdan bayıra cıxardarkən Elnur pencərənin ağzında olan boş «Sirab» butulkasını görüb əl atıb götürmüş və onu pilləkanın birinci pilləsinə cırparaq sındırmış, butulkanın baş hissəsi əlində qalmış, sonradan sakinlər Elnuru sakitləşdirdikdən sonra, Elnur əyilib şüşə qırıntılarını götürərək Zərərçəkmiş şəxs ünvanına nəlayiq sözlər deyərək və əlində olan şüşə qırıntılarını İlhamın sifət nahiyəsinə atmış və xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək eyni xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda yaşayır, özü isə Masazır Bələdiyəsində baş mütəxəssis vəzifəsində işləyir. 18 may 2022-ci il tarixdə saat təxminən 12 radələrində Masazır Bələdiyəsində inzibati binasının bayır hissəsində dayandığı zaman binanın içərisində səsküy gəldiyini eşitdiyi üçün inzibati binaya daxil olaraq ikinçi mərtəbəyə qalxmışdır. Şöbə rəisi olan Zərərçəkmiş şəxs sifət nahiyəsindən qan gəldiyini görmüş və səs-küyü salan Təqsirləndirilən şəxs olduğunu və hətta sındırdığı boş «Sirab» butulkasının şüşə qırıntılarını şöbə rəisi Zərərçəkmiş şəxs ünvanına nəlayiq sözlər deməsini və əlində olan şüşə qırıntılarını İlhamın sifət nahiyəsinə ataraq xəsarət yetirdiyini sonradan sakitləşdirərək evə yola saldığını demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının 19 may 2022-ci il tarixli, 1030 saylı rəydən görünür ki,müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ yanaq nahiyəsinin səthi kəsilmiş yarası-kəsici xarakterə malik əşyanın təsirindən törənməklə, qərarın təsviri hissəsində göstərilən müddətdə və yəni 18 may 2022-ci il tarixdə qeyd olunan nahiyəyə şüşə parçasının təsiri nəticəsində yarana bilərdi; sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İstintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2020-cı il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. 220276033 nömrəli cinayət işi üzrə 23 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 may 2022-ci ildən hesablanmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində "Bu Məcəllənin 221.1ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. "Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1 N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını cinayət işinin materialları, o cümlədən müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlinin CM-in 128-ci maddəsinin tərkib əlamətinin olması barədə gətirdiyi dəlilləri ilə müqayisə etməklə yoxladıqda, təqsirləndirilən şəxs tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin CM-in 221.3-cü maddəsinin tərkib hissəsinin mövcudluğu barədə məhkəmə iclasında araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, ictimai təhlükəlilik dərəcəsi onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, iş materiallarında olan amnistiya tətbiq edilməsi barədə qərardan görünür ki, 8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilməsi qərara alınmışdır. 8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilməsi qərara alınmışdır Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməsi qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin qanunla Təqsirləndirilən şəxs da məhkumluğu 18 noyabr 2021-ci il tarixli amnistiya tətbiq edilməsi barədə qərarda nəzərdə tutulmasa da götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi xuliqanlıq hərəkətləri çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 360 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi xuliqanlıq hərəkətləri çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd CD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 60 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 360 manat pul Xırdalan vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-480/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-480/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver