Məhkəmə qərarları › İş №1(012)-480/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-480/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-480/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-cı ildə Abşeron rayonunun Qobu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləyən, Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ev 245-də qeydiyyatda olan, Abşeron rayonu Hökməli qəsəbəsi R.Rza küçəsi ev 82-də yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü ildə saat 18:50 radələrində Bakı- Şamaxı- Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 27.7-ci kilometrliyində idarə etdiyi X5 111 minik markalı ** PG *** dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X3» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda soldan orta ayırıcı beton zolağın üstündən keçib ümumilikdə 10,6 metr məsafə qət etmiş piyada 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sol bud sümüyünün aşağı 1/3 hissəsinin çox parçalı qapalı yerdəyişmiş daxili sınığı, sağ qamış sümüyünün yuxarı 1/3 hissəsinin yerdəyişmiş qapalı sınığı və 1-ci bel fəqərəsinin qapalı kompression sınıqları xəsarətini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü ildə saat 18:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yolun orta zolağı ilə idarə etdiyi X5 111 minik markalı ** PG *** dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində 70 km/saat sürətlə faraların yaxın işıqlarında hərəkətdə olarkən, yolun solundan bir nəfər piyada kişi ayrıcı beton piltənin üstündən keçərək yola daxil olub sağa doğru yolu keçməyə başlamışdır. Piyada yolu keçib qurtarmağa az qalmış onun yaxınlaşdığını görüb dayanaraq geriyə qayıdıb bir neçə addım atmışdır. Dərhal ayağını tormoza atıb azca sola manevr etmiş, lakin idarə etdiyi avtomobilin ön sol tərəfi ilə piyadanı vurmuşdur. Piyada yerə yıxılmış, avtomobili qarşıda dayandıraraq yerə düşüb piyadanın xəsarət aldığını görərək onu avtomobilinə mindirib həkimə çatdırmışdır. Sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Ona müalicəsi üçün pul təklif etmiş, lakin Zərərçəkmiş şəxs pul çox istəmiş, özünün isə imkanı olmamışdır. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla avtomobildə 3 nəfər sərnişin olmuş, bunlardan isə 1 nəfəri uşaq olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 yanvar 2023-cü ildə saat 18 radələrində xidmətdə olduğu N saylı hərbi hissədən işdən çıxıb Bakı- Şamaxı-Yevlax yolunun hərbi hissə tərəfdən Bakı şəhər istiqamətli yolun kənarına doğru asta yerişlə keçərkən ayrıcı beton piltənin üstündən adlayıb yola daxil olaraq yolu keçib qurtarmağa 2-3 addım qalmış sağdan gələn avtomobilin yaxınlaşdığını görüb, dayanaraq dərhal geriyə qayıtmış, 2 addım geriyə atmışdır ki, avtomobil onu vurmuşdur. Xəsarət alaraq bir neçə vaxt xəstəxanada müalicə almışdır. Xəstəxanada olduğu müddətdə onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona lazımi diqqət yetirmədiyi üçün sürücüdən şikayətçi olmuşdur. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli Ə12 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud sümüyünün aşağı 1/3 hissəsinin çox parçalı qapalı yerdəyişmiş daxili sınığı, sağ qamış sümüyünün yuxarı 1/3 hissəsinin yerdəyişmiş qapalı sınığı və 1-ci bel fəqərəsinin qapalı kompression sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 fevral 2023-cü il tarixli 8/175 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində X5 111 minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 2/698 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2023-cü il tarixli 3-13-16/2-6382/2023 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə xx.xx.2025- ci il tarixədək müddətə etibarlı olan AC 516984 nömrəli «BE CE DE» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış Toyota Auris markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış X5 markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış X5 markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar