Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-481/2022 18.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu il tarixdə Beyləqan rayonu, Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1 və 32 4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin mart ayının ortalarında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə tanıdığı sonuncunun qohumu Şahid1 Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə köməklik göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra sonuncunu inandırmaq məqsədilə ona guya özünün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olmasını bildirməklə aldadaraq Abşeron rayonu, Hökməli Bələdiyyəsinin vəzifəli şəxsləri ilə geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Abşeron rayonu, Hökməli Bələdiyyəsinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirməklə sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin mart ayının ortalarında Şahid2 vasitəsilə Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən evində Şahid1 məxsus 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini almaqla şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus qeyd edilən məbləğdə pul vəsaitini ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2009cu ildən Abşeron rayonu, Hökməli qəsəbəsində daimi yaşamış, uzun müddət qəsəbədə ev və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olduğuna görə çoxlarını tanımaq imkanı yaranmışdır. 2021-ci ilin mart ayının əvvəllərində qəsəbə sakini kimi yaxşı tanıdığı Şahid2 ona zəng edərək qohumu üçün boş torpaq sahəsi almaq istədiyini və bu işdə ona kömək etməsini xahiş etmiş, həmin vaxt Amidə əvvəllər Hökməli Bələdiyyəsinin sədri işləmiş Mirnemət Miradiyevə müraciət edib sonuncudan boş torpaq sahəsinin olub-olmaması barədə məlumat alacağını desə də, ancaq bununla bağlı Mirnemət müəllimə heç nə bildirməmiş, sadəcə həmin dövrdə maddi vəziyyəti yaxşı olmadığına görə Amidi inandırmaq üçün yalan danışmağa məcbur olmuşdur. Bundan sonra, o, Amidə zəng edib yalandan Mirnemətin təklif etdiyi torpaq sahəsini ona bildirmiş, həmin yerin qiymətinin 5.600 manat (beş min altı yüz) olduğunu dedikdə Amid bu təkliflə razılaşmışdır. Sonra Amidin evinə getmiş, Amid, sonuncunun qayınatası Hüseynbala və o, bir neçə saat məsələ ilə bağlı söhbət etmiş, bundan sonra piyada gedib satılacaq torpağın yerini Amidə göstərmişdir. Bir neçə dəqiqə torpağın olduğu yerə baxdıqdan sonra təkrar Amidin evinə qayıdıb alqı-satqı barədə ətraflı bir daha söhbət etmiş, söhbət zamanı Amidin ilkin olaraq 3.500 manat (üç min beş yüz) beh verəcəyi, qalan pulu isə torpağın sənədləri tam hazır olduqdan sonra verə biləcəyi barədə təklifi ilə razılaşmış, həmin gün axşam Amidgilə yenidən gedib 3.500 manat (üç min beş yüz) behi götürmüş, pulu Amiddən alarkən Amidin qayınatası Hüseynbalanın da orada olduğunu bildirmişdir. Amiddən aldığı pulun 2.500 manatını (iki min beş yüz) şəxsi ehtiyaclarına xərcləmiş, 1.000 manatını (bir min) isə tanışı Afər Xıdırova borc kimi vermişdir. Şahid2 ilə aralarında heç bir düşmənçilik və ya şəxsi ədavətin olmadığını, Amidin qohumu Şahid1 Hüseynəli oğlunu ilk dəfə Korrupsiyaya qarşı Mübarizə İdarəsində izahat verərkən gördüyünü, Rəsulla əvvəllər telefonla bir neçə dəfə danışdığını, həmin vaxta qədər satılacaq torpağın Rəsulun deyil, Hüseynbalanın almaq istədiyini ifadəsində göstərmişdir. Bir neçə vaxt keçəndən sonra ona məlum olmuşdur ki, həmin torpağı Amidin Rəsul adlı qohumu almaq istəyir. Amid və Rəsul istintaqa yalan ifadə vermişlər. Belə ki, Amiddən 3.500 manat (üç min beş yüz) pulu alarkən yanında Amidin qayınatası Hüseynbala olmuşdur. Rəsul həmin vaxt orada olmamışdır. Rəsulla bir neçə dəfə telefonla danışmış, ancaq heç vaxt görüşməmişdir. Sonuncu ilə ilk dəfə Korrupsiyaya qarşı Mübarizə idarəsində görüşüb tanış olmuşdur. Rəsulla telefon danışıqları zamanı özünü ona və ya başqa birinə vergi işçisi kimi təqdim etməmiş, Şahid1 onun barəsində göstərdikləri yalan və şər-böhtandır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə vəziyyəti ilə əlaqədar 2021-ci ilin mart ayının əvvəllərində hazırda yaşadığı Qobustan rayonu, Poladlı kəndindən çıxmaq qərarına gəmiş, həmin ərəfələrdə bununla bağlı Abşeron rayonu, 28 may qəsəbəsində yaşayan əmisi Hüseynbala Məhərrəmovun kürəkəni Şahid2 müraciət etmiş, bir neçə gün sonra Amid istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun mobil nömrəsinə zəng edib, Xaliq adlı tanıdığı bir maklerlə danışdığını, Xaliqin ona ilkin 3.500 manat (üç min beş yüz), alqı-satqı olub bitəndən sonra isə 1.500 manat (bir min beş yüz), ümumilikdə 5.000 manata (beş min) Abşeron rayonu, 28 may qəsəbəsində 3 sot torpaq ala biləcəyini demiş, həmin vaxt o, Amidin bu təklifi ilə razılaşmış və Amidə hazırda həmin məbləğdə pulu olmadığına görə onun yerinə 3.500 manat pul verməyi xahiş etmiş, tez bir zamanda şəxsi təsərrüfatında olan mal-qaranı sataraq borcunu qaytaracağını sonuncuya bildirmişdir. Bundan sonra o, təxminən 2021-ci ilin mart ayının 14-də Bakı şəhərində müalicə aldığı Premium Klinikadan çıxıb Amidin yaşadığı Abşeron rayonu, 28 may qəsəbəsində yerləşən evinə getmiş, orada ilk dəfə Xaliqlə tanış olmuş, bir neçə saat Xaliq və Amidlə birlikdə torpaq barədə söhbət etmiş, söhbət zamanı Xaliq onlara Hökməli bələdiyyəsinin sədri Mirnemət müəllimlə danışdığını, pulu Mirnemətə çatdırandan sonra sənədləri düzəldib verəcəyini demiş, bu vaxt o, Xaliqin təklifini qəbul etmiş, bundan sonra Amid 3.500 manat (üç min beş yüz) pulu onun yanında Xaliqə vermiş, daha sonra hər üçü evdən çıxıb piyada Xaliqin dediyi torpağa baxmağa getmişdir. Bu hadisədən təxminən 3 gün sonra Amid ona zəng edərək aldığı torpağın yiyəsi olduğunu demiş, ertəsi gün müalicə aldığı Klinikadan çıxıb yenidən Amidgilə getmiş, söhbət zamanı Amid Xaliqin satdığı torpaq yerində dünən qazıntı işi aparıldığı vaxt bir nəfərin ona yaxınlaşıb bu torpağın başqa bir sahibi olduğunu deyərək qazıntı işlərinin dayandırmağı ondan tələb etmişdir. Bu söhbətdən sonra Amidlə həmin yerə yenidən getmiş, orada Amidin dediyi adamı görmüş, onunla söhbət edəndə sonuncu torpağın sənədlərini göstərmiş, sənəddə həqiqətən də torpağın başqa adama məxsus olduğu məlum olmuşdur. Bundan sonra Amid telefonun mikrofonunu açaraq dərhal Xaliqə zəng etmiş, Xaliqə olan hadisəni danışmış, sonuncu cavabında narahat olmamağı, 15-20 günə həmin torpağın sənədinin hazır olacağını bildirmişdir. Bir neçə gün sonra şəxsi təsərrüfatında olan mal-qaranı satıb Amidə olan 3.500 manat borcunu tam qaytarmış, Xaliqin dediyi kimi 15-20 gün gözləməsinə baxmayaraq torpağın sənədləri düzəlməmiş, buna görə də Xaliqin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı Xaliq özünü vergi işçisi kimi təqdim edərək bu işə görə ona 700 manat (yeddi yüz) pul qaldığını, həmin puldan 300 manatını (üç yüz) Afər adlı şəxsə, qalan 2.500 manatını (iki min beş yüz) isə Hökməli Bələdiyyəsinin sədri Mirnemət müəllimə verdiyini demiş, tələsgənlik edib bir daha narahat olmamağı, tezliklə hər şeyin onun xeyrinə yaxşı olacağını bildirmiş, bundan sonra mütəmadi Xaliqlə telefonla bu barədə danışıqları olmuş, sonuncu onu uzun müddət bu minvalla aldatdığından təxminən 2021-ci ilin may ayında Amidlə birlikdə 20 yanvar metrosunun yaxınlığında görüşüb pulunu ondan geri qaytarmağı tələb etmişdir. Həmin gün uzun sürən söhbətdən sonra Xaliq onu markasını və rəngini hazırda xatırlamadığı sonuncuya məxsus avtomobilə oturub Mirnemət müəllimə zəng edib danışmağı təklif etmiş, həmin vaxt Amid maşına əyləşməmiş, Xaliq Mirnemətə zəng edib telefonun mikrofonunu açmış, Mirnemətə torpağın sənədləri düzəlmədiyinə görə Rəsulun pulu tələb etdiyini və tez zamanda pulları qaytarmaq lazım olduğunu bildirmiş, Mirnemət isə cavabında Xaliqə 2-3 günə pulu düzəldib tam qaytaracağını demişdir. Bu görüşdən təxminən bir ay sonra Xaliqlə yenidən Xırdalanda yerləşən çayxanaların birində görüşüb pulunu tələb etmiş, lakin sonuncu yenə yalan vədlər verərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Xaliqin ona torpaq sahəsini satarkən torpağın sənədləşmə işlərini Hökməli Bələdiyyəsinin sədri Mirnemət müəllimlə, Bələdiyyənin işçisi olan Afər adlı şəxsin görəcəyini bildirmiş, Korrupsiyaya qarşı mübarizə idarəsinə etdiyi şikayətlə əlaqədar ilkin araşdırma vaxtı Mirnemət müəllimi ilk dəfə görüb tanış olduğunu, Afər adlı şəxsi isə heç vaxt görmədiyini qeyd etmişdir. dəymiş ziyandan 150 manat ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2003-cü ildən 2014-cü il tarixədək Abşeron rayonu, Hökməli bələdiyyəsinin sədri vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs qəsəbə sakini kimi 10 ildən artıqdır tanıyır. Onunla aralarında heç vaxt şəxsi ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun barəsində yalan ifadə vermişdir. Belə ki, əvvəllər bələdiyyə sədri işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar barəsində cinayət işinin olması və hər zaman kimsəsiz insanlara əl tutub imkanı çatdığı qədər köməklik göstərməsi səbəbindən Xaliq ona şər-böhtan atıb, ona qarşı istintaqa yalan ifadə vermişdir. Çünki Xaliq qəsəbədə yaşayan 10-na yaxın sakini eyni tərzdə aldadaraq onların təxminən 20.000 manatdan (iyirmi min) artıq pullarını mənimsəmiş, bununla bağlı Abşeron rayonu Polis idarəsində araşdırma aparıldığından həmin araşdırma ilə əlaqədar Abşeron rayonu Polis idarəsinin müstəntiqi Fuad adlı şəxs onu şahid kimi çağıraraq ifadəsini almış, qeyd olunan işdə də Xaliq yalandan onun adını hallandırıb ona qarşı şər-böhtan atmışdır. Buna baxmayaraq araşdırma zamanı Xaliqin barəsində göstərdikləri öz təsdiqini tapmamış və o, hər hansı məsuliyyətə cəlb edilməmişdir. Şahid1 və Şahid2 tanımadığını, həmin şəxslərlə heç vaxt, heç bir yerdə görüşüb danışmadığını, həmçinin Xaliqdən Rəsul adlı şəxsə torpaq satması ilə əlaqədar beh kimi heç bir məbləğdə pul almadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olumamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə müdafiə tərəfin gətirdiyi dəlillərə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və yaüçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Eyni Qərarın 36-cı bəndi izah edir ki, «dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 178.1 və 32 4, 312.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-481/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-481/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver