Məhkəmə qərarları › İş №1(012)-484/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-484/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-484/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Sabirabad rayonu, Moranlı kənində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1, bina 16, mənzil 175-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin may ayının əvvəllərində Sabirabad rayonu Moranlı kəndində yaşayan həmkəndlisi Şahid2 vasitəsi ilə tanış olduğu Salyan rayonu, Noxudlu kəndində yaşayan Zərərçəkmiş şəxs əlilliyi ilə bağlı əvvəllər ona təyin olunmuş və bir müddət sonra ləğv olunmuş pensiyasını bərpa etdirəcəyi barədə yalan vəd verib aldatmaqla 2022-ci ilin may ayının 3-də saat 12 radələrində Salyan rayonu, Noxudlu kəndində Şahid2 bu məqsədlə Zərərçəkmiş şəxs aldığı 3030 manat pulu 2022-ci ilin may ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri Kristal Abşeron 1 yaşayış kompleksi bina 16, mənzil 175-də ələ keçirib Zərərçəkmiş şəxs qarşı 3030 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Salyan rayonu, Noxudlu kənd sakini olan Zərərçəkmiş şəxs əvvəldən tanımamış, İsraillə qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Onun arvadının Hafis adlı qohumu var və Hafis onunla həmkəndlidir. Hafisin ağ ciyərində xəstəliyi olduğundan sonuncuya əvvəllər təqaüd təyin olunmuş, lakin sonradan həmin təqaüdü kəsilmişdir. O da Hafisə qohum kimi təqaüdünün bərpa olunmasında köməklik göstərəcəyini demişdir. Hafis də bu məqsədlə Bakı şəhərinə gəldikdən sonra Bakı şəhərini yaxşı tanımadığından Hafisə qohum kimi köməklik göstərmiş və Hafisi xəstəxanalara aparıb təqaüdünün bərpa olunmasına təmənnasız köməklik etmişdir. Ondan sonra da Hafizə İİ qrup onkoloji xəstə kimi təqaüdü bərpa olunmuşdur. Təqaüd təyin olunandan sonra isə Hafisə təqaüdü kəsilmiş şəxslər olarsa həmin şəxslərə də köməklik edə biləcəyini, bunun üçün isə həmin adamın ona əvvəldən ona 3000 manat pul verməli olduğunu, həmin pulun qarşılığılnda isə kəsilmiş təqaüdün bərpa olunma məsələsini həll edə biləcəyini demişdir. Bundan bir müdddət sonra Hafis ona müraciət edib arvadının Salyan rayonu, Noxudlu kəndində yaşayan İsrail adlı bir qohumunun əvvəllər orduda xidmət etdiyini, sonradan xəstəliyi ilə əlaqədar ordudan tərxis olunduğunu və təqaüd təyin olunduğunu, İsrail bir müddət təqaüd alsa da, sonradan təqaüdü kəsildiyindən hal-hazırda təqaüdünü bərpa etdirmək istədiyini bildirmiş və ondan İsrailə köməklik göstərməsini xahiş etmişdir. O da Hafisə bildirmişdir ki, 3000 manat pul verməsi, həm də sənədlərini gətirməsindən sonra İsrailə kömək edər. Bundan sonra İsrail bir yol maşını ilə ona öz xəstəliyinə dair sənədlərini göndərmişdir. Bir neçə gün sonra, təxminən 2022-ci ilin may ayının əvvəllərində günortadan sonra saat 16 radələrində Hafis onun Xırdalan şəhərində yaşadığı evinə gəlmişdir. Görüşüb hal-əhval tutandan sonra Hafis ona 1030 manat pul və bir dənə də "Ekspressbank"a məxsus bank kartı verib bunları İsrailin ona təqaüdünü bərpa etdirməsi üçün çatdırmaqdan ötrü verdiyini, İsrailin deməsinə görə kartda 2000 manat da pul olduğunu demişdir. Ona verilən kartın üzərində həmin vaxt şifrəsi də olmuşdur. O, pulu və kartı götürüb İsrailə narahat olmamasını və təqaüdünün bərpa olunması məsələsinə imkan daxilində köməklik edəcəyini deməsi barədə Hafisdən ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində İsrailin Hafis vasitəsi ilə ona göndərdiyi 3030 manat pulu Xırdalan şəhərində yaşadığı evdə alarkən əvvəldən onun məqsədinin həmin pulu ələ keçirmək olduğunu, həmin pulu kiməsə vermək fikrinin və belə bir məqsədinin olmadığını, nə də bu məsələdə köməklik göstərə bilmək üçün təqaüd təyin olunan sahədə tanışının olmadığını, İsrailin ona göndərdiyi kartdakı 2000 manat pulu həmin kartdan ayrıayrı vaxtlarda hissə-hissə çıxardıb öz ehtiyaclarına xərclədiyini, daha sonra isə İsrailin onun adına Salyan şəhərində yerləşən notariat kontorunda etibarnamə verdiyini, İsrailə Bakı şəhərinə gəlməsini və birlikdə VTEK-ə getməli olduqlarını bildirmişdir. Bundan sonra İsrail Bakı şəhərinə gəlmiş və onlar görüşüb birlikdə 4-cü mikrorayon ərazisində yerləşən VTEK-a getmişlər. VTEK-də İsrailin sənədlərinə baxıb sənədlərin saxta olduğunu və bunlara görə təqaüd verilməsinin mümkün olmadığını bildirmişlər. Ona görə də onlar Ağ ciyər Xəstəlikləri institutuna gedib İsrailin oradakı müalicə həkimi Gülnarə adlı qadınla görüşmüşlər. X6 özünə xəstə rəyi yazdırması üçün 600 manat pul da vermişdir. Gülnarə də rəy yazıb vermiş və sənədlərini yenidən sistemə daxil etsə də İsrailə təqaüd təyin olunmamışdır. Ondan sonra buna görə İsraillə onun arasında narazılıq yaranmış və İsrail ondan verdiyi sənədlərini tələb etməyə başlamışdır. O da 2022-ci ilin noyabr ayının 25-də Xırdalan şəhərində ona verdiyi xəstəliyinə dair sənədlərin surətini qaytarmışdır. İsrail 3000 manat pulunu da istəyəndə o, İsrailə həmin pulu işi ilə bağlı məsələlərə xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs eyni zamanda ifadəsində sənədlərini İsrailə qaytaran zaman yanında qaynı Cavid və tanımadığı bir şəxsin də olduğunu, ondan sonra İsrail və yanındakıların çıxıb getdiyini, bir daha İsraili görmədiyini, sonradan İsrailin onun barəsində Salyan RPŞ-nə müraciət etməsini bildiyini, hal-hazırda səhv iş görməsini başa düşdüyünü və tutduğu əməldən də səmimi peşiman olduğunu, İsraildən başqa başqa heç kimdən belə məsələlərə görə pul almadığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2004-cü ildə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Rabitə fakultəsini bitirmiş və 2004-2006-cı illərdə Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət etmişdir. Sonradan səhhətində yaranmış problemlə əlaqədar, yəni vərəm xəstəliyinə tutulduğu üçün onu ordudan tərxis etmişlər. Ona 2008-ci ildən 2021-ci ilin mart ayına kimi təqaüd təyin olunduğundan o, bu müddət ərzində müxtəlif məbləğlərdə təqaüd pulu almışdır. Sonradan isə təqaüd sahəsində aparılan islahatlarla bağlı ona təyin olunmuş təqaüd kəsilmiş və o, artıq həmin pulu ala bilməmişdir. Təxminən 2022-ci ilin aprel ayının sonlarında onunla bir kənddə yaşayan bibisi oğlu, Şahid1 onlara gəlmişdir. Söhbət zamanı Rövşən ondan təqaüd alıb-almadığını soruşmuş, o da Rövşənə hazırda təqaüdünün kəsildiyini və təqaüd almadığını demişdir. Rövşən də ona arvadının xalasının Hafis adlı yoldaşı olduğunu, Hafisin Sabirabad rayonunun Moranlı kəndində yaşadığını, belə məsələlərlə məşğul olduğunu, təqaüdnün bərpa olunmasında ona köməklik edə biləciyini, ancaq bunun üçün 3000 manat pul verməli olduğunu demişdir. Əvvəlcə qohumu Şahid1la razılaşmasa da, sonuncunun təkid etməsindən sonra razılıq vermiş və 2022-ci ilin may ayının 3-də zəng etdiyi üçün Rövşənin evinə gəlmişdir. Həmin vaxt orada Rövşən onu Hafis adlı şəxslə və arvadı ilə tanış etmişdir. Hafis də Rövşən kimi onu tam yaxın günlərdə əlililk dərəcəsi təyin etdirəcəyi və bundan sonra təqaüd alacağlnda dair tam əmin olmuşdur. Onu tam inandırdıqları üçün o, həmin vaxt çıxarıb Hafisə 1030 manat pul və bir də bibisi oğlu Seymur Mustafayevin adına olsa da, onun istifadəsində olan "Ekspress Bank”a məxsus plastik kartı verib kartda 2000 manat pul olmasını, yaşadığı kənddə terminal olmadığından pul çıxarda bilmədiyini deyərək kartdan pulu çıxarmasını Hfaisdən xahiş etmişdir. Verdiyi 1000 manatı Hafisin Cəvahir adlı arvadı sayıb götürmüşdür. Hafis ondan pulu alarkən ona aldıqları pulu kimə, necə verəcəkləri, onun məsələsini hansı qaydada həll edəcəkləri barədə heç nə deməmişlər. Sonradan o, öyrənmişdir ki, Hafisin Xırdalanda şəhərtində yaşayan Natiq adlı tanışı Hafisə də təqaüdünün bərpa olunmasında köməklik göstərib. Bir neçə vaxt sonra o, özü də Natiqlə Bakı şəhərində görüşmüş və xəstəliyi ilə, eləcədə şəxsiyyəti ilə bağlı sənədlərin əslini Natiqə vermişdir. Natiq həmin görüş zamanı özü ona etiraf edib demişdir ki, Hafisə verdiyi 3000 manat pulun hamısını Hafis sonuncuya verib və özü də guya onun təqaüdünün bərpa olunması işi ilə hazırda məşğuldur. Soruşanda Natiq ona demişdir ki, bu məsələni həll edəcək. O, işin axırında görəcək ki, işi düzəlib, təqaüd təyin olunub. O da Hafisə inandığından daha bir söz deməmişdir. Ondan sonra o, Natiqin xahişi ilə təqaüdünün bərpa olunması işində hüquqlarının etibar olunması barədə öz adından Salyan şəhərindəki notariusda Natiqin adına 15 günlük etibarnamə də vermişdir. Lakin ondan sonra ötən bu müddət ərzində dəfələrlə Hafisdən və Natiqdən işinin nə yerdə olduğunu soruşanda Hafis ondan aldığı pulun hamısını Natiqə verdiyini və onun məsələsini həll edəcəyini bildirir, Natiq isə hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. O, işinin düzəlmədiyini görüb Natiqdən Hafis vasitəsi ilə verdiyi 3000 manatı geri tələb edəndə Natiq onun pulunu qaytarmaqdan imtina etmiş və o da məcbur qalıb bununla bağlı Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqaüdünün bərpası ilə əlaqədar Natiqə verdiyi sənədlərini 2022-ci ilin noyabr ayının əvvəllərində Xırdalan şəhərində ala bilmişdir. Natiqin Hafis vasitəsi ilə ondan aldığı 3000 manat pulu isə indiyədək ala bilməmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildə həmkəndlisi Aynur adlı xanımla evlənib ailə həyatı qurmuş və bu nigahdan 4 uşaqları olmuşdur. Zərərçəkmiş şəxs onun dayısı oğludur, bir qohum kimi çox yaxın münasibətləri olmuş və bir-birilərinin problemlərinə çox diqqətlə yanaşmış, həmişə birbirilərinə kömək etmişlər. Aralarında da heç vaxt narazılıq, ədavət olmamışdır. İsrail 2004cü ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rabitə fakultəsini bitirmiş və 2004- 2006-cı illərdə Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət etmiş, sonradan səhhətində yaranmış problemlə əlaqədar, yəni vərəm xəstəliyinə tutulduğu üçün ordudan tərxis edilmişdir. O, 2021-ci ildə İsrailin aldığı təqaüdünün kəsildiyini və artıq təqaüd almadığını bilmişdir. Təxminən 2022-ci ilin aprel ayının sonlarında Sabirabad rayonunun Moranlı kəndində yaşayan qohumu Hafizgilə qonaq getmişdir. Hafiz onun arvadı Aynurun xalası Cəvahirin əridir. Orada olan zaman Hafizə zəng gəlmiş və Hafis telefonda kiminləsə danışmağa başlamışdır. Danışıqdan o, Hafisin telefonla danışdığı şəxsin kiməsə təqaüd almağa kömək etdiyini başa düşmüşdür. Telefon danışığı qurtardıqdan sonra o, Hafisdən kiminlə danışdığını soruşduqda Hafis ona demişdir ki, danışdığı şəxsin adı Natiqdir, Natiq onunla bir rayondan olmaqla çox qoçaq adamdır. Hazırda istəyən şəxslərə təqaüd təyin etdirir. Lazımdırsa, istənilən şəxsə təqaüd almasını təşkil edə bilər. O, Hafisə təqaüd almağa ehtiyacının olmadığını, işlədiyini, lakin İsrail adlı dayısı oğlunun əvvəllər hərbçi olduğundan təqaüd aldığını, 2021-ci ildən təqaüdün kəsildiyini deyərək imkan olarsa İsrailə kömək edilməsini xahiş etmişdir. Hafiz də ona İsrailə kömək edilə biləcəyini, ancaq bunun üçün 2800-3000 manat pul lazım olduğunu demişdir. O da həmin vaxt Hafisə bu barədə dayısı oğluna deyib sonra da nəticəsi barədə məlumat verəcəyini bildirmişdir. O, yaşadığı kəndə qayıtdıqdan sonra dayısı oğlu İsrailgilə getmiş, görüşüb hal- əhval tutduqdan sonra söhbət zamanı İsraildən təqaüd alıb-almadığını soruşmuş, İsrail də ona hazırda təqaüdünün kəsildiyini dedikdə İsrailə arvadının xalasının əri olan Hafis adlı şəxsin Sabirabad rayonunun Moranlı kəndində yaşadığını, deməsinə görə belə məsələlərlə məşğul olduğunu, Hafisin ona kömək edə biləcəyini, ancaq bunun üçün 3000 manat pul istədiyini demişdir. İsrail razılıq verdiyindən o da bu barədə Hafizə zəng vurub bildirmişdir. 2022-ci ilin may ayının 3-də Hafis arvadı Cəvahirlə saat 12 radələrində onlara gəlmişdir. O da İsrailə zəng vurub evinə dəvət etmişdir. Rövşən gələndən sonra o, İsraili Hafiz və arvadı ilə tanış etmişdir. Söhbət zamanı Hafiz də İsrailə demişdir ki, yaxın günlərdə əlililk dərəcəsi təyin etdirəcək və bundan sonra İsrail də təqaüd alacaq. Onun bu işlə məşğul olan yaxşı adamları vardır. Həmin şəxslərin köməyi ilə bu məsələni həll edəcəklər. Ondan sonra İsrail həmin vaxt çıxarıb Hafisə 1030 manat pul və bir də bir dənə bank kartı verib həmin kartda da 2000 manat pul olduğunudemişdir. 1030 manat pulu İsraildən Hafizin arvadı Cəvahir alıb sayaraq götürmüşdür. Hafizgili İsraildən pulu alarkən aldıqları pulu öz yaxın adamları olan Natiq adlı şəxsə verəcəklərini bildirmişlər. X5 demişdir ki, bu məsələ özlərinlikdi. Ondan sonra bir az da söhbət etdikdən sonra İsrail və Hafiz çıxıb getmişlər. Hafiz həmin vaxt İsrailə demişdir ki, həmin məsələ ən uzağı 2022-ci ilin avqustun 25-nə kimi həll olunacaq. Lakin həmin vaxt gəlib çatsa da, İsrailə təqaüd təyin olunmamışdır. İsrail bu barədə ona deyəndə o, Hafisə zəng vurub nə üçün indiyədək İsrailə təqaüd təyin olunmadığının səbəbini soruşmuşdur. Hafis də ona narahat olmamasını, Natiqin bu işlə məşğul olduğunu, nəticəsində yaxşı olacağını demişdir. Bundan sonra onun başı öz işlərinə qarışmış, hər dəfə İsrail ondan işinin nə yerdə olması barədə soruşanda, o da zəng vurub Hafizdən bu barədə soruşmuşdur. Hafiz də ona İsraildən aldığı pulu və bank kartını Bakı şəhərində yaşayan Natiq adlı şəxsə verdiyini, həmin şəxsin bu məsələni həll etməli olduğunu demişdir. Sonuncu dəfə İsrail onlara gəlib ondan 3000 manat pulu geri qaytarmağını tələb etmişdir. O da İsrailə pul almadığını, özünə də həmin puldan heç nə götürmədiyini, məqsədinin də bir qohum kimi yaxşılıq etmək olduğunu, özünün də aldadılıb pis vəziyyətdə qoyulduğunu demişdir. Şahid1 həmçinin ifadəsində İsraili Hafiz adlı şəxslə tanış edərkən məqsədinin yalnız İsrailin təqaüd almasına kömək etmək olduğunu, bu zaman heç bir maddi maraq güdmədiyini, başqa bir pis məqsədi də olmadığını, Hafizin İsraildən aldığı pulu və bank kartını Natiqə nə vaxt, harada, necə verməsini bilmədiyini, İsrailin təqaüd alması ilə bağlı Hafizin də söhbət etdiyi Natiq adlı şəxsi də heç vaxt görmədiyini və həmin şəxslə ünsiyyətdə də olmadığını, İsraili Hafizlə tanış etməyinə və İsrailin bu məsələdə aldadılmasına görə çox peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, əvvəldən tanımamış və İsraillə onun heç bir münasibəti də olmamışdır. Şahid1 isə baldızı qızının əri kimi tanımış və bir qohum kimi yaxın münasibətləri olmuşdur. özü İİ qrup onkoloji xəstədir və əvvəllər aldığı təqaüd sonradan kəsilmişdir. Onun anasının əmisi nəvəsinin əri olan və hazırda Xırdalan şəhərində yaşayan Natiq adlı şəxs sonradan onun təqaüd pulunun bərpa olunmasında ona köməklik etmişdir. Belə ki, o, Bakı şəhərini yaxşı tanımadığından Natiq ona xəstəxanaya yerləşməsinə, sənədlərinin hazırlanmasına kömək etmiş və buna görə ondan pul almamışdır. Sonradan Natiq ona demişdir ki, əgər özü kimi təqaüdü kəsilmiş şəxslər varsa həmin şəxslərin təqaüdünü 3000 manat pul müqabilində bərpa etdirə bilər. O da Natiqə demişdir ki, maraqlanıb bu barədə bildirər. Bundan sonra Rövşən bir dəfə onlara qonaq gələndə bu barədə söhbət açılmış və söhbət zamanı Rövşən ona demişdir ki, onun dayısıoğlu əvvəllər orduda xidmət edib. Sonradan, xəstəliyinə görə ordudan tərxis olunub. Dayısı oğlu İsrail əvvəllər təqaüd alsa da, sonradan təqaüdü kəsilmişdir. O da Rövşənə dayısı oğlu İsraillə əlaqə saxlamasını demişdir. Ondan sonra Rövşən bu barədə öz dayısı oğlu İsrailə demiş və İsrail də təqaüdünün bərpa olunmasına razılıq vermişdr. Bir dəfə o, arvadı Cəvahirlə Rövşəngilə qonaq gəlmiş, təxminən 2022-ci ilin may ayının əvvəllərində Rövşən zəng vurub İsraili də ora dəvət etmişdir. Orada o, İsrailə demişdir ki, qohumu Natiqin öz deməsinə görə təqaüd məsələlərinin həllində yaxşı əlaqələri var və ona deməsinə görə 3000 manata təqaüdünü bərpa etdirə bilər. İsrail də bir az fikirləşəndən sonra razılıq vermiş və onlara çıxarıb Natiqə vermək üçün 1030 manat pul və bir də şifrəsi üzərində olan bir bank kartı vermiş, həmin kartda 2000 manat pul olduğunu, cəmi 3000 manat pul təşkil etdiyini demişdir. O da həmin pulu alıb sonra Xırdalan şəhərinə gedərək qohumu Natiqin Xırdalan şəhərində birlikdə yaşadığı Seva adlı qadının evində saat 16 radələrində Natiqə vermiş və ondan sonra Natiqlə İsrail telefon vasitəsi ilə danışıb görüşmüşlər. İsrail hətta Natiqin evində də olmuş və Natiqə hüquqlarına dair etibarnamə də vermişdir. Sonradan İsrailin işi bir qədər uzanmış və buna görə İsrail narazılıq etməyə başlamışdır. O da İsrailə bütün işləri ilə Natiqin məşğul olduğunu, Natiqə sənədləri özünün verdiyini, aldığı pulun hamısını aparıb Natiqə verdiyini demişdir. İsrail də pulunu Natiqdən ala bilmədiyi üçün sonradan polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şahid2 həmçinin ifadəsində Natiqin sözü ilə belə işlərə qarışmağın görə səhvini başa düşdüyünü və İsraili aldatmaq fikri olmadığını, həmçinin İsrailin aldadılcağını əvvəlcədən bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Mehdiyev X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 27 gün islah işləri cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəişdirilərək islah işləri cəzası 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ictaata xitam verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2023-cü il tarixli 21-2/3-1815 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1 və 69.3-cü maddələr ilə təqsirli bilinərək Şirvan Apelyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(06)-143/2019 saylı qərarı ilə il 11 ay 28 gün müddətə azadlıığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, cəzanı tam olaraq çəkib qurtarmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X3 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ictaata xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2022-ci ilin may ayının əvvəllərində törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətdən azad olunmasının mümkünlüyünü istisna etmir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar