Məhkəmə qərarları › İş №1(012)-486/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-486/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-486/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan,ünvan 1 ünvanında qeydiyyatda olan və Bakışəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talayıb oğurluq cinayətini törətmiş və vətəndaşların şəxsiyyət vəsiqələrini talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 18:10-da Abşeron rayonu. Xırdalan şəhəri, M.Qaşqay küçəsində fərdi evin çöl tərəfdən qarşısında saxlanılmış X5 məxsus BMV X-6 markalı, **- OV-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sol qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq avtomobilin salonuna daxil olmuş, avtomobilin salonundan içərisində 500 (beş yüz) manat nəğd pul, bir ədəd 600 (altı yüz) manat dəyərində 750 əyarlı, 6 qram çəkidə qızıl boyunbağı, FaidəƏkbərovanın və qızı Zərərçəkmiş şəxs2 adına olan şəxsiyyət vəsiqələri, FaidəƏkbərovaın adına olan «xxxxxxxxx»a məxsus pul kartı olan bir ədəd 30 manat dəyərində pulqabını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Faidə Əkbərovaya ümumilikdə 1130 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmiş, zərərçəkmiş şəxslər - X4 və Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqələrini talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə axşam saat təxminən 18:10 radələrində sərxoş vəziyyətdə Xırdalan şəhəri M.Qaşqay küçəsi ilə piyada tək gəzmiş, həmin vaxt M.Qaşqay küçəsində yolun kənarında qırmızı rəngli BMVV X-6 markalı avtomaşına yaxınlaşıb içərisinə baxdıqda maşının içərisində pul qabı görmüş, belə olduqda həmin maşından pulqabını oğurlamaq qərarına gəlmiş, bundan sonra yerdən daş götürüb maşının qabaq sol qapısının şüşəsini sındırmış, sonra isə əlini pəncərədən içəri salıb pulqabını götürüb çıxıb getmiş, həmin pulqabının içərisinə baxıb orada 500 manat nəğd pul, 1 ədəd qızıl sep və 2 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd isə əlavə kart görmüş, həmin pul qabının içərisindən 500 manat pulu və bir ədəd qızıl sepi götürmüş, içərisində şəxsiyyət vəsiqələri və pul kartı olan pul qabını isə avtomaşının yanından təxminən 200-300 metr aralıda yerə atıb çıxıb getmişdir. Pulqabıdan oğurladığı qızıl sepi Bakı şəhəri Yasamal rayonu 20 yanvar dairəsində tanımadığı şəxsə 100 (yüz) manata satmış, sonra əldə etdiyi 100 manat pulu və oğurladığı 500 manat pulu isə öz ehtiyyaclarına xərcləmişdir.Sonda o, tutduğu əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini əsas gətirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, özünə məxsus BMVV X-6 markalı, qırmızı rəngli, **- OV-*** dövlət qeydiyyat nişanlı avtomaşını var, hazırda Xırdalan şəhəri M.Qaşqay küçəsində özünə həyət evi almış, təxminən bir neçə gün əvvəl həmin evə köçmüşdür. xx.xx.2019-cu il tarixdə axşamüstü təzə aldığı evdə qızına ad günü keçirmiş, özünə məxsus maşınını isə həyətin çöl tərəfində saxlayıb evə keçmiş, təxminən yarım saat sonra, yəni 18:30 radələrində çölə çıxdıqda maşınının qabaq sol qapısının şüşəsinin sındırıldığını görmüş, maşınının qapısını açıb içəri baxdıqda içərisində özünə və qızına məxsus şəxsiyyət vəsiqəsinin, «xxxxxxxxx»a məxsus içərisində 5000 (beş min) manat pul olan kartı, 500 manat nəğd pulun və 1 ədəd 600 (altı yüz) manat dəyərində 6 qram olan 750 əyarlı qızıl sepi olan tünd qəhvəyi rəngdə olan 30 manata aldığı pul qabının yerində olmadığını görmüş, pul qabında olan «xxxxxxxxx» ASC-yəməxsus kartından pul çıxarılmadığı ona məlum olmuş, belə ki, o, dərhal həmin kartı bağlatdırmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1130 (min yüz otuz) manat dəyərində maddi ziyan dəymiş, həmçinin avtomobilinin qabaq sol qapısının şüşəsinin sındırılması nəticəsində ona 400 manat maddi ziyan dəymiş, bundan başqa onun və qızının şəxsiyyət vəsiqəsi də oğurlanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, anası Faidənin özünə məxsus BMVV X-6 markalı qırmızı rəngli **-OV-*** dövlət qeydiyyat nişanlı avtomaşını var, hazırda onlar Xırdalan şəhəri M.Qaşqay küçəsində özünə həyət evi almış, təxminən bir neçə gün əvvəl həmin evə köçmüşlər. xx.xx.2019-cu il tarixdə axşamüstü təzə aldıqları evdə onun üçün ad günü keçirilmiş, həmin tarixdə anasıFaidəözünə məxsus maşınını saat 18 radələrində evin çöl tərəfdən qarşısında saxlayıb evə keçmiş, təxminən yarım saat sonra, yəni saat 18:30 radələrində anasıçölə çıxdıqda maşının qabaq sol qapısının şüşəsinin sındırıldığını görmüş, maşınının qapısını açıb içəri baxdıqda salondan hər ikisinə məxsus şəxsiyyət vəsiqələrinin, anasına məxsus «xxxxxxxxx»a məxsus içərisində 5000 (beş min) manat pul olan kartın, 500 manat pulun və 1 ədəd 600 (altı yüz) manat dəyərində 6 qram olan qızıl sepi olan tünd qəhvəyi rəngdə olan pul qabının oğurlandığını görmüş və baş vermiş oğurluq nəticəsində onun adına olan şəxsiyyət vəsinəsi də oğurlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 20/363R nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Qaşqay küçəsində yaşayan X5 məxsus «BMVV X-6» markalı, ** OV *** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 02 ədəd əl barmaq və 03 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq və 01 ədəd ovuc izi xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının və ovucunun əksi ilə eynilik müəyyən edilmişdir.Qalan 01 ədəd əl barmaq və 02 ədəd ovuc izləri DİN-in KTİninAvtomatlaşdırılmış X1 məlumat bankında olan şəxslərin əl barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs X5 məxsus «BMVV X-6» markalı, ** OV *** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş 09 ədəd yapışqan lent kəsiklərində olan əl barmaq və ovuc izləri iş üzrə sübut əhəmiyyətli olduğundaniş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.1, 29,177.2.2 ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 il azadlıqdan məhrum etmə müəyyən olunmuş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Xocəsən qəsəbəsi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X9 qəsəbəsində qohumu X11 inşa etdiyi sənədsiz evdə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, zərərəkmiş şəxsə dəyiş maddi ziyanın ödənilməsinivə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasınıonun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 326.2-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş,xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmış və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə axlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiriilə əvəz olunmalı və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Hökmünicrasıona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsind təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar