Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-486/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsi ev 6, mənzil 21-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Ş. Qurbanov küçəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş. Qurbanov küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamışdır və 25.05.2021-ci il tarixdə saat 18:30 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ş. Qurbanov küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, rayon polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkisi 0,188 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il müddətdir ki, narkotik vasitə istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. 24.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində olduğu zaman orada olan park ərazisində oturacaqların birinin üzərində “Pall Mall” markalı siqaret qutusunu görmüşdür. Həmin siqaret qutusunun içərisində siqaret ola biləcəyini güman edərək həmin qutunu götürmüşdür. Həmin siqaret qutusunun içərisinə baxan zaman siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm diqqətini cəlb etmişdir. O, həmin bükümü açdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadə etdiyi üçün həmin kütlənin narkotik vasitə heroin olduğunu bilmişdir. Bundan sonra tapdığı həmin bir ədəd içərisində narkotik vasitə heroin olan bükümü sonra istifadə etməsi üçün əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. 25.05.2021-ci il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ş. Qurbanov küçəsində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatları olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişdilər. O, polis əməkdaşları ilə Abşeron rayon polis idarəsinə gəlmişdir. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuş. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əynindəki qara rəngli cins şalvarının sol yan cibindən siqaret qutusunda saxladığı içərisində narkotik vasitə heroin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, üzərində aşkar olunmuş bir bükümdə olan narkotik vasitə heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zamanı qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişdilər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə heroin əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2017-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində 2021-ci ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. 25 may 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ş. Qurbanov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni 25 may 2021-ci il tarixdə saat 18:30 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Masazır kəndi, Ş. Qurbanov küçəsinə getmişdilər. Qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Rüstəmə narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Rüstəm onlarla polis idarəsinə gəlmişdir. Polis idarəsinin inzibati binasında baş təhqiqatçı Rövşən Şahkərəmov və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Rüstəm üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və şəxsi axtarış keçirilməzdən əvvəl Rüstəmdən üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur, Rüstəm də əynindəki qara rəngli cins şalvarının sol yan cibindən siqaret qutusunda saxladığı içərisində narkotik vasitə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroini 24.05.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində olduğu zaman orada olan parkdakı oturacaqlardan birinin üzərində “Pall Mall” markalı siqaret qutusunun içərisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Zau oğlu və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 26.05.2021-ci il tarixli, 6/2084 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,188 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19.06.2021-ci il tarixli 1980 №li rəyindən görünür ki Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 04.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 25.05.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 03 ədəd bükümlərin, birində psixatrop maddə metamfetamin, digər bükümlərdə isə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15.11.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 91 manat 76 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,138 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 26 saat hüquqi yardıma görə 156 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.05.2021-ci tarixdən 27.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 91 manat 76 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,138 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 göstərdiyi 26 saat hüquqi yardıma görə 156 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdaln şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-486/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-486/2021
15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver