Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-486/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişniyovka-2, Bağ 451A ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1,267 qram psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ərazisinə daşıyaraq üzərində saxlamış, Abşeron RPİ-nin CAŞ-nə daxil olan əməliyyat məlumatı əsasında 06 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 22:10-dan 22:25-ə qədər orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd bükümdə 1,267 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək məqsədilə öz üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan qohumugilə gedərkən həmin məhəllədə hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Daha sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş, yəni içərisində psixotrop maddə metamfetamin olan bir bükümü çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamini də bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində almışdır. Polis əməkdaşları tərəfindən saxlandığı zaman və polis idarəsinə gətirildikdən sonra ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, “DVD” diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnyovka-2, Bağ 451 A ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində gəzdirməsi və bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəlləyə gedəcəyi, üzərində də qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəlləyə gedib gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs Xırdalan şəhəri, 26-cı məhəllədə piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla Abşeron RPİ-nə gəlmişdir. Bundan sonra Abşeron RPİ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Elvin də üzərində özü istifadə etmək üçün bir büküm halında psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əlini əynindəki göy rəngli şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim etmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sonra onlar videoçəkiliş ilə onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə psixotrop maddə metamfetamindir. Həmin bir büküm metamfetamini bir gün əvvəl, yəni xx.xx.2023cü ildə saat 22:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5240 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 56 dairəvi möhür əksi olan, “(imza) Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,267 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetamin təmiz çəkisi 1,267 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq- 1,217 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 1,217 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6417 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maşdağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, əməlin ictimai təhlükəliliyinə və şəxsin şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədini təmin edə bilməz. Azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri ilə seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 15 mart 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6417 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,217 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdən 08 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,217 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi-80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-486/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-486/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver