Məhkəmə qərarları › İş №1(012)-488/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-488/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-488/2020 26.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayon, Ərəbşahverdi kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri B.Səfəroğlu küçəsi ev 112-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində uca səslə nalayiq ifadələr işlədərkən, iradını bildirərək, əli ilə onu vurmaq istədiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruq ilə qəsdən vuraraq, ona yuxarı çənənin sağdan 3-cü dişin tac hissəsinin sınığı ilə müşayiət olunan sağ yanaq nahiyəsinin hematoması və ağız boşluğunun selikli qişasının geniş sahəli əzilmiş yarası, sağ saidin orta 1/3-nin iç səthinin və sağ saidin orta 1/3-nin bayır səthinin sıyrıqlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur və onunla münasibətləri normaldır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində əmisi oğlu Rafiq ilə Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində piyada hərəkət edən zaman zarafat məqsədilə bir birlərinin ünvanına nalayiq ifadlər işlətmələri səbəbindən Vahid onlara yaxınlaşaraq söyüş söymələrinə irad bildirmiş, bu zaman Vahiddən üzr istəsə də, Vahid irad bildirməyə davam etmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmış, mübahisə zamanı Vahid ona doğru yumruq atsa da zərbədən yayınmış və bir dəfə yumruqla Vahidin sifət nahiyyəsindən vurmuşdur. Bu zaman Rafiq onları sakitləşdirmiş və oradan uzaqlaşaraq getmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində, yaşadığı küçədə avtomobilində əyləşən zaman tanıdığı iki nəfər şəxsin mübahisə etdiklərini görüb, həmin şəxslərə yaxınlaşmış və onlara bir-birilərini söydükləri üçün irad bildirərək yaxınlıqda ailə olduğunu xatırlatmışdır. Bu zaman sonradan adının Qarabala olduğunu bildiyi şəxs ondan üzr istəsədə bu onu qane etmədiyi üçün yenidən irad bildirmişdir. Qarabala cavab olaraq “sən kimsən ki bizə müdaxilə edib irad bildirirsən” demiş, bu səbəbdən də aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşdiyi üçün Qarabalanı yumruqla vurmaq istəsə də, sonuncu zərbədən yayınaraq bir dəfə yumruqla onun sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra orada olan Rafiq adlı şəxs Qarabalanı oradan uzaqlaşdırmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində qohumu Qarabala ilə Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsində piyada olaraq gedən zaman zarafat məqsədilə bir-birlərinin ünvanına nalayiq ifadlər işlətmələri səbəbindən Vahid onlara yaxınlaşaraq söyüş söymələrinə irad bildirmiş, bu zaman Qarabala Vahiddən üzr istəmiş, lakin Vahid irad bildirməyə davam etmiş, bu səbəbdən də aralarında mübahisə yaranmış, mübahisə zamanı Vahid Qarabalaya doğru yumruq atsa da sonuncu zərbədən yayınmış və bir dəfə yumruqla Vahidin sifət nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş MTE və PA Birliyinin Abşeron rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər - yuxarı çənənin sağdan 3-cü dişin tac hissəsinin sınığı ilə müşayiət olunan sağ yanaq nahiyyəsinin hematoması və ağız boşluğunun selikli qişasının geniş sahəli əzilmiş yarası, sağ saidin orta 1/3-nin iç səthinin və sağ saidin orta 1/3-nin bayır səthinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul, eyni zamanda məhkəmə stintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul, eyni zamanda məhkəmə stintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar