Məhkəmə qərarları › İş №1(012)-488/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-488/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-488/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu. Xırdalan şəhəri, "Kristal ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs qızına işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq X1nı “ASAN xidmət” mərkəzinə işə düzəlməsində köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 25 dekabr 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi evində Zərərçəkmiş şəxs 1000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq edərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin dekabr ayından tanıdığı Zərərçəkmiş şəxs söhbət zamanı qızının işsiz olmasını, onun üçün bir iş axtardıqlarını bildirdikdə o, ona da həmin vaxt təxminən bir aylıq müddətə pul lazım olduğuna sonuncuya qızını “Asan Xidmətə” işə düzəltməyə kömək edə biləcəyini bildirmişdir. Rayanı aldatmaq vəsaiti ələ keçirmək niyyəti olmamışdır, düşünmüşdür ki, bir ay sonra işin düzəlmədiyini bildirməklə vəsaiti geri qaytarar və hər hansı problem olmaz. Lakin işləri onun düşündüyü kimi getməmiş, həmin vəsaiti düzəldə bilmədiyi üçün bir aya qaytara bilməmişdir. Ona görə də məcbur olub işin düzəldiləcəyi barədə vədlər vermiş, sonradan isə telfonlara cavab verməmişdir. Daha sonra barəsində şikayət verildiyini öyrənmiş və istintaq zamanı pulu geri qaytarmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işinə xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, X1 orta-ixtisas təhsilli olduğu üçün iş axtarmışdır. Bununla bağlı tanışlarına da bildirmişdir ki, baxçalarda müəllimə kimi iş olsa köməklik etsinlər qızını işə düzəltsin. Təsadüfən 2023-cü ilin dekabr ayının ortalarında taksi ilə Tərtər rayonuna gedən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Taksidə Tərtər rayonuna gedərkən Kəmalə ilə söhbət edən zaman Kəmalə ona demişdir ki, “onun yaxşı tanışları və geniş imkanları vardır”. Söhbət zamanı o, Kəmaləyə qızının işsiz olduğunu bildirdikdə Kəmalə ona qızını “Asan Xidmətə” işə düzəldə biləcəyini demişdir. Söhbət zamanı o, Kəmalənin telefon nömrəsini, Kəmalə də onun mobil telefon nömrəsini götürmüşdür. Bundan az bir müddət sonra yəni 23 dekabr 2023-cü il tarixdə Kəmalə ilə əlaqə saxlayıb onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi evinə getmişdir. Orada Kəmalə ilə qızı Maralın işə düzəlməsi ilə bağlı söhbət edən zaman Kəmalə qızının işə düzəlməsində ona köməklik edəcəyini və bunun müqabilində ondan 1000 manat pulun alacağını və bəzi sənədlərin lazım olduğunu bildirmişdir. Həmin gün o, Kəmaləyə qızı Maralın şəxsiyyət vəsiqəsinin kserosurətini və ailə tərkibi haqqında arayışı vermişdir. Sonra 25 dekabr 2023-cü il tarixdə Kəmalə ilə əlaqə saxlayıb əri Rafiqlə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi evinə getmiş və həmin evdə əri Rafiqin yanında Kəmaləyə 1000 manat pul vermişdir. Kəmalə ona qızının işini 2024-cü ilin yanvar ayının 15-nə kimi düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxta kimi, Kəmalə ona verdiyi sözə əməl etməyib onu aldatmışdır. Bundan sonra o, dəfələrlə Kəmalə ilə əlaqə saxladıqda Kəmalə onu müxtəlif bəhanələrlə aldadıb qızının işini düzəltməkdə həmdə ondan aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə şahid X3 məhkəməyə ərizə ünvanlayaraq, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən şahid X3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun arvadı, X5 isə onun qızıdır. X1 orta-ixtisas təhsilli olduğu üçün iş axtarmışlar. Bununla bağlı tanışlarına da bildirmişdir ki, baxçalarda müəllimə kimi iş olsa köməklik etsinlər qızını işə düzəltsin. 2023-cü ilin dekabr ayının axırlarında arvadı Zərərçəkmiş şəxs ona demişdir ki, “2023-cü ilin dekabr ayının ortalarında taksi ilə Tərtər rayonuna gedən zaman taksidə Kəmalə adlı qadınla tanış olmuş, həmin qadın ona geniş imkanlarının olduğunu, bizim qızımızı “Asan Xidmətə” işə düzəltməkdə bizə kömək edəcəkdir”. O, Rayanı dinlədikdən sonra demişdir ki, “get həmin şəxslə söhbət elə gör bu işi necə düzəldə bilər”. 23 dekabr 2023-cü il tarixdə arvadı Raya Kəmalə ilə əlaqə saxlayıb Kəmalənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi evinə gedib yaşadıqları evə qayıtdıqda ona demişdir ki, “Kəmalə adlı qadın bu işi 1000 manat müqabilində görə bilər”. O, bununla bağlı Rayaya bir söz deməmişdir. Həmin gün X4 şəxsiyyət vəsiqəsinin kserosurətini və ailə haqqında arayışı vermişdir. Sonra 25 dekabr 2023-cü il tarixdə Raya Kəmalə ilə əlaqə saxladıqdan sonra o, Raya ilə Kəmalənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən fərdi evinə getmişlər və həmin evdə Raya onun yanımda Kəmaləyə 1000 manat pul vermişdir. Kəmalə Rayadan 1000 manat pulu alıb qızının işini 2024-cü ilin yanvar ayının 15-nə kimi düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxta kimi, Kəmalə verdiyi sözə əməl etməyib arvadı Rayanı aldatmışdır. Bundan sonra Raya dəfələrlə Kəmalə ilə əlaqə saxladıqda Kəmalə müxtəlif bəhanələrlə onun qızının işini düzəltməkdə həmdə Rayadan aldığı pulu geri qaytarmaqdan yayınmışdır. O da əsəbləşib DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 avqust 2024cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimiş və ibtidai araşdırma aparılmışdır;

2. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Təqsirləndirilən şəxs qismində ittiham elan etmə” haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

4. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün barəsində axtarış elan olunması və tutularaq Abşeron RPİ-nin İstintaq Şöbəsinə təhvil verilməsi müəyyən edilmişdir;

5. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır;

6. “Axtarışda olan şəxsin tutulmasına” dair” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tutularaq, Abşeron rayon MSY-nə təhvil verilmişdir;

7. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 09 deabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulan 1000 manat ziyan ona tam şəkildə ödənilmişdir;

8. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;

9. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs dəymiş 1000 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsinin iş üzrə nəzərə alınması və iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişdir;

10. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işinə xitam verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir;

11. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, onunla arasında barışıq əldə etməsinin, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi olmamasını və həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasını xahiş etmişdir.

Şəxsi axtarış və götürmə aparılması barədə 09 dekabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1000 (bir min) manat pula baxış keçirilərkən müəyyən edildi ki, həmin 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarətdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1000 (bir min) manat pul iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək, vətəndaş İbrahimova Zərərçəkmiş şəxs təhvil verilmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəni, həmçinin həmin ərizədə qeyd olunmuş təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, və əvvəllər eyni əsasla məsuliyyətdən azad edilməsi halının olmamasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) saat hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Radiq qızına ödənilməsi üçün 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar