Məhkəmə qərarları › İş №1(012)-49/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-49/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-49/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxx 1980-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu Novxanı kəndi Ə.Abuzərov küçəsi ev 60-da qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən qanunsuz yolla əldə edib saxladığı xalis çəkisi 0,459 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini siqaretin gümüşü kağızına qablaşdırıb əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Abşeron rayonu Novxanı kəndi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0.459 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-345/2020 nömrəli cinayət işi xx.xx.2020-ci tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə keçirilmişdir. İlkin təyin edilmiş məhkəmənin baxış iclasına Təqsirləndirilən şəxs gəlmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərara əsasən barəsində axtatış elan edilmiş və iş üzrə icraat dayandırlımışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi məhkəmə istintaqda “ölmüş şəxsin müdafiəçisi kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi” qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə dedikdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı xx xxxxxx 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və o xx.xx.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraiət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndi Ə.Abuzərov küçəsi ev 60-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 13 il olar ki, narkotik vasitə olan heroin qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində park deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında bir ədəd siqaretin gümüşü kağız bükülü narkotik vasitə olan heroin almış, həmin narkotik vasitənin olduğu bükümü əyninədki boz rəngli cins şalvarın sol yan cibinə qoymuş, həmin gün saat 18 radələrində Abşeron rayonu Novxanı kəndində yaşadığı küçədə gəzərkən polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat məlumatı olduğunu buna görə də üzərinə baxış keçirilməsi üçün Abşeron RPİ-nə getməyini demişlər, o, da heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəlmiş, orada hüquqları izah edildikdən sonra video çəkiliş ilə polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən özü əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmiş, daha sonra həmin bükümdəki narkotik vasitə ekspertiza təyin edilməsi üçün onun və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürülmüş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində daşımış, tərtib edilmiş protokoldakı və izahatındakı imzalar özünə məxsusdur və heç bir təzyiq olmadan könüllü çəkmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Azərbaycan Respublikası DİO-da, 2019-cu ildən isə Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1980-ci il təvəllüdlü Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğunu və dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başladığını, daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə Ramil Fərmaovun olduğu ehtimal olunan Abşeron rayonu Novxanı kəndi ərazisinə gəldiklərini, Şahid2 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən ünvana yaxınlaşdıqlarını və qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduğu Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduğu şəxsə yaxınlaşaraq özlərini ona təqdim etdiklərini və narkotik vasitələrin qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək xidmət göstərdikləri Abşeron RPİ-nə getməsini təklif etdiyini, həmin şəxs onun təklifindən imtina etməsə də ona narkotik vasitələrin əldə olunması və saxlanması barədə məlumatlı olmağımızı deməyindən narahatçılıq keçirdiyini, buna baxmayaraq onu Polis idarəsinə gətirdiyini və yol boyu onun üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxladıqlarını, polis idarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ayaz Gülməmmədova həvalə olunmuş, həmin vaxt video çəkiliş vasitəsi ilə Ramil Fərmaovun üzərinə baxış keçirilən zaman təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olunduğunu, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü təqdim etdiyini, həmin bükümə onların iştirakı və video çəkiliş ilə baxış keçirilərkən içərisində sarımtıl rəngli, toz şəkilli, iyli narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu aşkar edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümü hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirilməsi sual verilərkən Ramil Fərmaovun həmin bükümdəki narkotik vasitəni xx.xx.2020-ci il tarixdə tanımadığı şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün Sumqayıt şəhəri Corat qəsəbəsində park deyilən yerdə tanımadığı şəxsdən aldığını dediyini, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş, həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra Təqsirləndirilən şəxs və onların iştirakı ilə həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında elan və tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 4196 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri qeyd olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,459 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə- heroindir (qalıq 0,409 qram - 0,050 qram heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 783 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui–istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 06 ay 12 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs meyidi Sabunçu rayon ərazisindən tapıldığına gğrə xx.xx.2020-ci il tarixdə barəsində açılmış axtarış işi xitam olunmuşdur. İş materiallarında olan ölümün qeyd edilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu ərazisində geroinlə zəhərlənmə kəskin respirator çatışmazlıq diaqnozu ilə vəfat etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs təqsiri iş üzrə şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam veriməsi barədə qərar çıxarılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən, «hökm qanuni qüvvəyə minənədək məhkum (təqsirləndirilən şəxs) öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar». Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə ölməsi ilə əlaqədar, 81 manat 82 qəpik məbləğində məhkəmə xərclərinin dövlət hesabına həyata keçirilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,409 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin »vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar, 81 manat 82 qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) dövlət hesabına həyata keçirilmiş hesab edilsin. İş üzrə maddi sübut qalıq çəkisi 0,409 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin »vəsaiti hesabına köçürülsün. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar