Məhkəmə qərarları › İş №1(012)-490/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-490/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-490/2021 01.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakı ilə, 17 avqust 1988-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli,evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,390 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1i, Ş.Qurbanova küçəsinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, 25.05.2021-ci il tarixdə saat 17:30 radələrində Abşeron RPİnin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanova küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, rayon polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,390 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır, iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 il müddətdir ki, narkotik vasitə istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. 24.05.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhərində tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manat müqabilində bir büküm narkotik vasitə heroin almış. Həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş ki, sonra istifadə edər. 25.05.2021-ci il tarixdə saat 17:30 radələrində yaşadığı ünvan 1i, Ş.Qurbanov küçəsində olan zaman mülki geyimdə olan sonradan özlərini təqdim etdikdən sonra bildiyi iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədinin olub-olmamasını soruşduqda, o, qaçmağa başlamış. Bir qədər qaçdıqdan sonra ayağı yerdə olan məftilə ilişmiş və o, yerə yıxılmış. Yıxılan zaman burun, dodaq və bədəninin digər nahiyələrindən xəsarət almış. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Abşeron rayon polis idarəsinə gəlmiş. Polis idarəsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuş. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş. Bundan sonra onun təqdim etdiyi həmin bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş. Sorğu zamanı o, üzərində aşkar olunmuş bir bükümdə olan narkotik vasitə heroini 24.05.2021-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamış. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə heroin olan şəffaf sellofana bükülmüş bir ədəd bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmiş. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamış. Onun narkotik vasitə heroin əldə etməsi barədə bildiyinə görə heç kimin məlumatı olmamış. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, DİO-da 2005-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən polis mayoru rütbəsi ilə xidmət edir. 25 may 2021-ci il tarixdə ünvan 1i, Ş.Qurbanov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş. Həmin tarixdə, yəni 25 may 2021-ci il tarixdə saat 17:30 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Masazır kəndi, Ş.Qurbanov küçəsinə getmiş. Qeyd olunan küçədə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Fuada üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olub-olmamasını soruşduqda, Fuad qaçmağa başlamış. Onlar Fuadın arxası ilə bir qədər qaçdıqdan sonra Fuadın ayağı ilişib yıxılmış. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Fuad onlarla polis idarəsinə gəlmiş. Polis idarəsinin inzibati binasında baş təhqiqatçı Rövşən Şahkərəmov və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Fuad üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Fuaddan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Fuad əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə olan şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamış. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroini 24.05.2021-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış keçirilərkən 25.05.2021-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli bilinərək Abşeron RPİ-nə gətirilmiş və onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış materialların məhkəmə ekspertizasının 26 may 2021-ci il tarixli 6/2083 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi olan “25.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,390 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0.390 qram, tədqiqata sərf edildi:0.05 qram, qalıq-0.340 qram Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş, cinayət işi materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 19 iyun 2021-ci il tarixli 1982 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,340 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Sabirabad rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarsa da, məhkumluq müddəti ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən o,“məhkum olunmuş” hesab edilir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 27.05.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni 15.09.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair 25.12.2019-cu il tarixli hökmü icra olunması 23.04.2020-ci il tarixdə Sumqayıt şəhər probasiya şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı tam olaraq çəkib qurtarmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Abşeron RİHB-nin Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01.04.2015-i il təvəllüdlü Bəxtiyar Salahov və 30.01.2019-cu il təvəllüdlü Aydan Salahova adlı iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə də məhkəmə hesab edir ki, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməlidir. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan vasitələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, cəmi 0,340 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 ibtidai istintaq zamanı 29 (iyirmi doqquz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001- ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 174 (yüz yetmiş dörd) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında və ev dustaqlığında olduğu cəmi 04 (dörd) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq, ev dustaqlığı və həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla cəmi 08 (səkkiz) ay 12 (on iki) gün müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustalığı ” qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək barədə itizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizalarının dəyəri olan 65(altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş ümumi xalis çəkisi 0,340 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 (iyirmi doqquz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001- ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 174 (bir yüz yetmiş dörd) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir 6yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına köçürülsün. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar