Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-491/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1993-cü il tarixdə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində nadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə saat 04:20 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən işıqforun yaxınlığında idarə etdiyi “VAZ 21074” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilində olan arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət və qısqançlıq zəmnində yaranmış mübahisə zamanı sonuncunun sifətinə əli ilə qəsdən 2 dəfə vuraraq Zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi, hər iki gözaltı nahiyənin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 16 iyul 2024-cü il tarixdə yaşadıqları evdə olarkən qaynının toy məclisində gələn müğəninin “Tik-Tok” sosial şəbəkəsində paylaşdığı görüntülərə görə Həkiməyə irad bildirmiş və həmin görüntüləri sildirməyi təklif etmişdir. Bundan sonra idarə etdiyi Vaz 2107 markalı avtomobillə Zərərçəkmiş şəxs valideyininin yaşadığı Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən evə getirməyi qərarlaşdırmışlar. Onlar yolda olan zaman həmin paylaşımla əlaqədar Həkimə ilə aralarında təkrar mübahisə yaranmış və o, sağ əli ilə sonuncunun sifət nahiyəsinə bir dəfə yumruqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra onlar Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olarkən təkrar mübahisə baş vermiş və o, avtomobilin içərisində Həkimənin sifət nahiyəsinə möhkəm zərbə vurduğundan burnundan qan gəlmişdir. Həkiməni və uşaqları onun valideyinlərinin yaşadığı evə aparmış və oranı tərk etmişdir. Aralarında mübahisə baş verərkən uşaqlar avtomobildə yatmış vəziyyətdə olmuş və həmin vaxtı hadisənin şahidi olmamışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, onun 2016-cı ildə Təqsirləndirilən şəxs ilə birgə qurduqları nikahdan 04 (dörd) azyaşlı övladı vardır. 15 iyul 2024-cü il tarixdə evdə olan zaman qardaşının toy məclisindən videogörüntüləri ”TiK-ToK” sosial şəbəkəsində paylaşması səbəbindən əri Təqsirləndirilən şəxs aralarında mübahisə baş vermişdi. O, Rəsula videoları müğənninin paylaşdığını və onun bu hadisədə heç bir günahının olmadığını desə də, lakin sonuncu onun dediklərinə əhəmiyyət verməyərək, əsasız olaraq mübahisə yaratmışdır. 16 iyul 2024-cü il tarixdə, təxminən saat 04 radələrində yuxudan durmuş, bu zaman Rəsul ona hazırlaşmağı və kəndə gedəcəklərini demişdir. Rəsul avtomobili idarə edərkən o, arxa oturacaqda əyləmiş və onların arasında yenidən mübahisə yaranmışdır. Bu zaman Rəsul onun sifət nahiyəsinə əl zərbəsi ilə bir dəfə vurmuşdur. Bundan sonra onlar Xırdalan şəhərinin Qalubiyyə küçəsində işıqforda dayanan zaman sonuncu yenidən əlinin arxası ilə onun sifət və burun nahiyəsinə möhkəm zərbə vurmuş və bu zaman onun burnundan qan gəlmişdir. Rəsul onu o halda valideynlərinin yaşadığı ünvana gətirmiş və çıxıb getmişdir. Baş vermiş hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 03 avqust 2024-cü il tarixli 1561 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayyət edilən burun nahiyyəsinin qançır-şişkinliyi, hər iki gözaltı nahiyyənin qançırları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə , yəni xx.xx.2024-cü il tarixdə insan bədənin hissəsini təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayətinə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. “Axtarış elan edilməsi” haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur;
5. “Axtarışda olan şəxsin tutulması” barədə 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir;
7. “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi” haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır;
9. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir.
Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəni, həmçinin həmin ərizədə qeyd olunmuş təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, və əvvəllər eyni əsasla məsuliyyətdən azad edilməsi halının olmamasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov