Məhkəmə qərarları › İş №1(012)-492/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-492/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-492/2022 14.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, ev 124, mənzil 11-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 14 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-452/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 11 yanvar 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 mart 2022-ci il tarixə kimi, cəmi 9120,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda yaşadığı ərazidə təmir-tikinti sahəsində işəmuzd fəhlə kimi çalışır, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, sonuncu ilə 2012-ci ilin iyul ayında faktiki nikaha daxil olaraq ailə qurmuş, lakin nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş, həmin nikahdan Məryam və Ömər adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2020-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-452/2020 saylı qətnaməsinə əsasən, 14 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd müxtəlif sahələrdə işləmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş, cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş və icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 9120,00 manat təşkil etmişdir. Özü hazırda Abşeron rayonu ərazisində tikinti-təmir sahəsi üzrə fəhlə kimi işəmuzd işləyir, qazanc əldə etməsinə baxmayaraq aliment borcunu tam ödəmək qabiliyyətində olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verilməməsi olmuş, bundan başqa digər səbəb, aliment borcunun yüksək olmasıdır, lakin özü işəmuzd fəhlə kimi işləsə də, aylıq alimentin müəyyən hissəsinin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmə istintaqında üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ilin iyul ayında faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş, həmin nikahdan Məryam və Ömər adlı övladları doğulmuş, ilk dövrdə Eldarla münasibəti yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2020-ci ildə faktiki ayrılaraq uşaqlarla birlikdə valideyinlərinin evinə köçmüş, həmin ərəfədə uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-452/2020 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 14 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə cəmi 400,00 manat ödəniş etmiş, icra məmuru alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 9120,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, istintaq dövründə Təqsirləndirilən şəxs aliment borcu üzrə əlavə olaraq ümumilikdə 170,00 manat məbləğində pul ödəmişdir. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, uzun müddət Qobustan rayonunda “SOCAR” YDM-də operator, lakin bir neçə ildir ki, işəmuzd təmir-tikinti sahəsində usta kimi fəaliyyət göstərir, borclunun qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, yaranmış aliment borcunun keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Dəymiş ziyanı tələb edir, lakin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-452/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs Adığözəl oğlundan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Qeyd edilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq qərar və bildiriş iş üzrə tərəflərə təqdim edilmiş, borclunun yerini müəyyən etmək mümkün olmadığından xx.xx.2020-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün polis orqanlarına göndərilmiş, xx.xx.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs tutularaq şöbəyə təhvil verilmiş, sonuncuya qeyd olunan icra sənədinin icrasının vacibliyi bildirimiş, hüquqları və icra sənədinin icra olunmaması ilə bağlı məsuliyyəti izah olunmaqla izahatı alınmış, görülən hərəkətlərdən Təqsirləndirilən şəxs nəticə çıxarmadığından və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən borclunun barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 3(012)-42/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə borclu şəxs Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-265/21 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə X7 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialına müraciət olunması tövsiyə edilmiş, lakin xx.xx.2021-ci il tarixli cavab məktubunda vətəndaş Təqsirləndirilən şəxs filiala müraciət edilmədiyi göstərilmiş, bundan sonra borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün 10 (on) gün müddət verilmiş, bununla yanaşı “cinayət məsuliyyətinə cəlb olunması barədə” xəbərdarlıq məktubları imza edilməklə şəxsən borcluya təqdim edilmiş, lakin borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən və dəfələrlə edilən xəbərdarlıqlardan qərəzli şəkildə heç bir nəticə çıxarmamış və icra sənədi üzrə borcun ödənilməsindən qəsdən yayınmış, nəticədə xx.xx.2022-ci il tarixdədək icra sənədi üzrə cəmi 400,00 manat ödəniş aparılmaqla (tələbkarın xx.xx.2021ci il tarixli ərizəsində öz təsdiqini tapır) aliment üzrə borcu 9120,00 manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-452/2020 saylı qətnaməsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 14 noyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsin qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin borclunun adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(012)-452/2020 saylı qətnaməsi üzrə 1025 manat məbləğində istintaq dövründə ödəniş aparılmışdır. Cinayət işinə əlavə olunmuş X2 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs Adığözəl oğlu işaxtaran kimi filiala müraciət etməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs aliment borcundan cəmi 1821 manat zərərçəkmiş şəxsə ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərək 24 may 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar qəbul olunmuş, lakin istintaqdan gizləndiyindən onun barəsində həmin tarixdə axtarış elan olunmuş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. 24 iyun 2022-ci il tarixdə Ağayev X5 Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 26 iyun 2022-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham Təqsirləndirilən şəxs elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalında dərhal həbs qedilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, istintaqda saxlanıldığı bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə zalında dərhal həbs qedilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar