Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-494/2025 10.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə 07 avqust 1982-ci il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokola əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü il gecə saat 02 radələrində qeyri rəsmi olaraq aşbaz kimi işlədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Babanın Kafesi” adlanan kafeyə müştəri qismində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gəlib həmin kafedə də əlavə olaraq alkoqollu içki içməklə istirahətinə davam edən Zərərçəkmiş şəxs kafenin işçisi kimi yaxınlaşıb kafe bağlandığından oranı tərk etməsi ilə bağlı tələb irəli sürdükdə Zərərçəkmiş şəxs ona hələ də, kafedə oturub istirahət etmək istəməsini nəlayiq formada şifahi şəkildə bildirməsindən əsəbiləşərək həmin cüzi səbəbi bəhanə etməklə kafedə sonuncudan əlavə digər şəxslərin olmasını nəzərə almadan Zərərçəkmiş şəxsla mübahisə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması və belə zorun tədbiq edilməsi hədəsilə müşayiət edilən qərəzli hərəkətlər edib əsaslı səbəb olmadan ictimai maraqlara laqeyidlik və etinasızlıq göstərməklə öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sifət, baş nahiyəsindən əl, yumruq zərbələri vuraraq, ardınca əlləri ilə qollarından qəsdən tutub itələməklə yerə yıxıb Zərərçəkmiş şəxs həmin səbəbdən də, əlavə olaraq xəsarətlər almasına səbəb olaraq Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin 1 (bir) ədəd, sol almacıq nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yaraları, sol alt vəüst göz qapaqlarının şişkinlik halında göz yarığının nisbətən daralması ilə müşayiət olunan qançırı, ağlı qişaya qansızma ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, o, 2023-cü ildən Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən “Babanın kafesi” adlanan yerdə kababçı olaraq işləmişdir. 18 noyabr 2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində işdə olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs kafeyə gəlmiş və o, gələrkən artıq spirtli içkinin təsiri altında olmuş və masalardan birində əyləşib pivə sifariş etmişdir. O, Hikmətin sifarişini gətirdikdən sonra sonuncu pivəni qəbul etmiş, artıq bir müddət keçdikdən sonra gec olduğu üçün kafeni bağlamaq və evə getmək istədiyindən, müştərilər də artıq yavaş-yavaş getdiyindən sonuncuya yaxınlaşıb yavaş-yavaş kafeni tərk etməsini, artıq kafeni bağlamaq istədiyini bildirmişdir. Müştəri qismində əyləşən Hikmət spirtli içkinin təsiri altında olmaqla “buranın kafe olduğunu, oturmaq istədiyini” deyib onu çıxara bilənin ünvanına söyüş söyərək, qolundan tutaraq qaldırmışdır. Sonuncu çıxmaq istəmədiyi üçün onun qolundan tutub qapıdan çıxarmaq üçün kənara itələmişdir. Hikmət çıxmaq istəmədikdə onun baş nahiyyəsindən əli ilə vurub çıxarmış, bu zaman sonuncu üzü üstə yerə yıxılmış, onun sifəti pilləkənin çıxıntısına dəymiş və qanamağa başlamış, orada olan şəxslər onları sakitləşdirmiş, müştəri isə kafedən çıxıb uzaqlaşmışdır. Həmin vaxt əsəbləşdiyi üçün müştərilərin gözü qarşısında zərərçəkmişə qarşı kobud davrandığı, onu itələdiyi və istəmədən də, olsa ona xəsarət yetirdiyinənə görə peşman olmasını, əməlin səhv olmasını anlayaraq, onunla barışıq əldə etməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun verdiyi ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadə ilə, ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 17 noyabr 2024-cü il tarixdə təxminən saat 23 radələrində Xırdalan şəhərində «Həkəri» kafesində oturmuş, orada yemək yeyib spirtli içki qəbul etmiş, daha sonra isə 18 noyabr 2024-cü il tarixdə təxminən gecə saat 01 radələrində oturduğu kafedən çıxıb piyada şəkildə Masazır qəsəbəsinə, Masazır dairəsinin girişində canlı musiqi olduğunu düşündüyü “Babanın Kafesi” adlanan yerə getmişdir. O, kafenin 2-ci mərtəbəsinə qalxmış və ümumi salonda əyləşmiş, bu zaman orada 15 nəfərə yaxın müştəri olmuşdur. O, masanın arxasında əyləşərək spirtli içki olan pivə sifariş edərək, qəbul etmişdir. Hazırda xatırlamadığı səbəbdən kafedə işləyən, sonradan adını bildiyi Tural adlı bir nəfər şəxslə aralarında mübahisə baş vermiş, və mübahisə zamanı sonucnu yumruqla onun gözünün sol tərəfindən vuraraq xəsarət yetirmiş, sonra isə əlləri ilə onu itələyərək yerə yıxmışdır. Kafedə olan şəxslər onları ayırmış, həmin şəxs isə ona xəsarət yetirərək, kafenin qapısından çıxarıb özü isə oradan uzaqlaşmışdır. Onun Tural ilə şəxsi tanışlığı olmamış, sadəcə həmin kafedə baş verən mübahisədən sonra onu tanımışdır. Sonradan onu vuran şəxsin adının Tural olduğunu öyrəndiyini, həmçinin spirtli içkinin təsiri altında olduğundan mübahisənin səbəbini xatırlamadığını, baş vermiş mübahisənin səbəbini xatırlamadığını, aralarındakı münaqişənin təxminən 20 dəqiqə olmaqla davam etməsini göstərmişdir. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 2023-cü ildən Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən “Babanın kafesi” adlnana yerdə süfrəçi (ofisiant) kimi işləyir. 18 noyabr 2024-cü il tarixdə təxminən gecə saat 02 radələrində işdə olmuş, həmin vaxt sonradan adını bildiyi Zərərçəkmiş şəxs həmin vaxt kafeyə gəlmişdir. Hikmət gələn zaman spirtli içkinin təsiri altında olmuş, kafeyə daxil olandan qeyri-adekvat hərəkətlər etmiş, masada əyləşib pivə sifariş etmişdir. Həmin kafedə işləyən Tural da ona sifarişləri gətirmiş, Hikmət həmin spirtli içkini də qəbul etmişdir. Artıq gec olduğu üçün kafeni bağlamaq və evə getmək istədikləri, eyni zamanda müştərilərin də artıq yavaş-yavaş kafeni tərk etdikləri üçün Tural Hikmətə yaxınlaşıb yavaş-yavaş kafedən çıxmasını, artıq gec olmasını bildirmiş, lakin sonuncu spirtli içkinin təsiri altında ola-ola “buranın kafe olduğunu, oturmaq istədiyini” deyib onu çıxara bilənin ünvanına söyüş söymüşdür. Tural da ona yaxınlaşıb çıxmasını demiş, bu zaman Hikmət Turalın və onun ünvanına nalayiq sözlər işlətmi, sonuncu onun qolundan tutub qaldırmış və kafedən çıxarmaq üçün qapıdan çıxarıb itələmişdir. Tural onu çıxışa tərəf zərblə itələdiyi üçün Hikmətin başı kafenin pilləkəninə dəymiş və sifəti qanamağa başlamışdır. Bundan sonra kafedə olan müştərilər Turalı sakitləşdirmiş, Hikmət isə yenə söyüş söyərək kafedən uzaqlaşmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” haqqında 18 noyabr 2024-cü il tarixli 2/63783 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli sərxoş olmuş, narkotik qəbulu faktı aşkarlanmamışdır.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Abşeron rayon şöbəsinin 18 noyabr 2024-cü il tarixli, 2671 saylı rəyin davamına əsasən 23 noyabr 2024-ü il tarixdə qəbul edilmiş nəticəyə əsasən 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol qaş nahiyəsinin 1 (bir) ədəd, sol almacıq nahiyəsinin 1 (bir) ədəd əzilmiş-cırılmış yaraları, sol alt vəüst göz qapaqlarının şişkinlik halında göz yarığının nisbətən daralması ilə müşayiət olunan qançırı, ağlı qişaya qansızma küt əşyanın (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə davadalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər.
3. “Məhkəməyədək sadələşdirilmiş icraatın açılması və icraata qəbul edilməsi” barədə 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmaqla, araşdırma aparılması üçün icraata qəbul edilmişdir;
4. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 12772 nömrəli material üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Azərbaycan Respublikası DİN-nin BƏSİİ” tərəfindən tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Rusiya Federasiyasının Kirov X1 rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixdə qəbul edilmiş hökmünə əsasən o, törətmiş olduğu cinayət əməli ilə bağlı təqsirli bilinərək, qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla, 07 ay məcburi əmək cəzasına məhkum edilmiş, bundan sonra Rusiya Federasiyasının Kirov X1 rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş qərarına əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 03 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir;
6. “Sübutların qiymətləndirilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs qeyri rəsmi olaraq aşbaz kimi çalışdığı kafedə əlavə digər şəxslərin olmasını nəzərə almadan müştəri qismində orta dərəcəli alkoqol sərxoş olan Zərərçəkmiş şəxs kafe bağlandığından oranı tərk etməsi ilə bağlı aralarında yaranmış mübahisəni bəhanə edərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə vedən, şəxslər üzərində zor tədbiq olunması kimi qərəzli hərəkətlər edib əsaslı səbəb olmadan ictimai maraqlara laqeyidlik və etinasızlıq göstərməklə sonuncunun üzərinə hücum edib qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmiş, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsin tərkibini yaradır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə sonuncunun zərərçəkmiş şəxslə barışmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Abusət Qasımov