Məhkəmə qərarları › İş №1(012)-497/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-497/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-497/2023 20.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla Abşeron rayonu Pirəkəşkül kəndində yaşayan, barəsində polisin nəzrəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10-da Abşeron rayonu Pirəkəşkül kəndində yerləşən fərdi yaşayış evinin həyətinə sərxoş vəziyyətdə səhvən daxil olmuş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə onun həyətinə gecə vaxtı girməsinin səbəbini soruşub mübahisə edərək qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sonuncuya sol göz qapaqlarının və sol gözaltı-almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, sağ göz qapaqlarının, sağ gözaltı və sağ sağrı nahiyələrinin qançırları, başın təpə-ənsə nahiyəsinin dərialtı hematoması, onurğa sütununun bel şöbəsinin sıyrığı xəsarətləri ilə müşaiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Pirəkəşkül kəndində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddə özünə məxsus 8 sot torpaq sahəsi vardır. Həmin troapq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış yalnız bir tərəfində hasar yoxdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 08 yanvar 2023-cü il tarixdə saat 00:10 radələrində evdə olarkən 15 yaşlı oğlu Şahid2 ona həyətdə adam olduğunu demiş, tez həyətə düşmüş, bu vaxt həyətdə evin giriş qapısının yaxınlığında bir nəfər sonradan adının Tofiq olduğunu bildiyi şəxsi görmüş, həmin şəxsə yaxınlaşıb əlini onun qoluna tərəf apararkən həmin şəxs onun əlini burub digər əlini belinə tərəf apardığını görüb bıçaq çıxaracağını fikirləşib onu yumruq və təpiklə döyməyə başlamış, daha sonra onu zərərsizləşdirib kim olduğunu və nə səbəbə həyətinə bu vaxt girdiyini soruşanda həmin şəxsin içkili olduğu üçün ona cavab verə bilmədiyini başa düşmüş, həmin şəxsin həyətinə oğurluğa girdiyini fikirləşib dərhal DİN-nin 102 xidmətinə zəng edərək həyətimə oğurluğa girmiş şəxsi tutub saxladığımı məlumat vermiş, polislər gəldikdən sonra Tofiqi götürüb aparmışlar, Zərərçəkmiş şəxs onun həyətindən heç bir maddi dəyəri əşya və ya predmet oğurlamadığını və ya buna cəhd etmədiyini, aralarında baş vermiş dava zamanı Tofiqin onu vurmadığını və heç bir xəsarət yetirməməsini, sonradan Tofiqin sərxoş olduğu üçün ünvanı səhv salıb onun həyətinə daxil olmasını, Tofiqi öz evinin həyətində döyən zaman orada oğlu Ömərdən başqa heç kimin olmadığını bildirmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri MİK 12 ev 29 mən 24-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Q.Vəzirov küç ev 24-də kirayə yaşayır. Şahid1 onun qardaşıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Qardaşı Eldar təxminən 3 il olar ki, Abşeron rayonu Çaylı kəndinə köçmüş və orada ailəsi ilə birlikdə yaşayır. 07 yanvar 2023-cü il tarixdə qardaşı Eldar onu Çaylı kəndinə evinə qonaq çağırmış, o, da həmin gün saat 20 radələrində qardaşı evinə gəlmiş, qardaşı Eldarla evdə yeyib-içmişdir. Həmin vaxt onlar 0.7 litr spirtli içki olan araq qəbul etmiş, lakin, siqareti qurtardığı üçün qardaşı evindən çıxıb siqaret almaq üçün mağazaya getmiş, həmin vaxt yağış yağmış və mağazaya çatanda bağlı olduğunu görmüş, təxminən 50 metr aralıda kafenin olduğunu görüb siqaret tapmaq üçün ora getmiş, orada da əlavə olaraq 2 bakal pivə içmış, bundan sonra sərxoş olduğu üçün yolu səhv salmış, səhvən sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin evinin həyətinə girmiş, həyətdə olarkən Rami ona yaxınlaşmış və nə səbəbə görə onun həyətinə girdiyimi soruşanda çox ağır dərəcəli sərxoş olduğu üçün fikrini izah edə bilməmiş, bundan sonra Rami onun həyətinə oğurluğa girdiyini fikirləşib onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüş və həmin vaxt huşunu itirmiş, sonra baş verənləri xatırlamadığını, Təqsirləndirilən şəxs həyətinə necə girməsini xatırlamadığını, onun həyətindən heç nə oğurlamadığını, həmçinin, oğurlamağa da cəhd etmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilniş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri MİK 12 ev 29 mən 24-də qeydiyyatda olmaqla Abşeron rayonu Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə həmkəndlisi olsa da əvvəllər tanımamışdır. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən 3 il olar ki, Abşeron rayonu Çaylı kəndinə köçmüş və orada ailəsi ilə birlikdə yaşayır. 07 yanvar 2023-cü il tarixdə qardaşı Tofiqi öz avtomobili ilə yaşadığı evə gətirmiş, həmin gün saat 20 radələrində Tofiqlə evdə yeyib içdiyini, həmin vaxt 0.7 litr spirtli içki olan araq içdiklərini, Tofiqin siqareti qurtardığı üçün saat 23 radələrində evdən çıxıb getdiyini, özü isə yorğun olduğu üçün yatdığını, həmin vaxt güclü yağış yağdığını, həmin günün səhərisi yuxudan oyanarkən qardaşı Tofiqin evdə olmadığını görüb onu axtarmağa çıxmış, bu vaxt yaxnlıqdakı kafeni işlədən adını bilmədiyi şəxsdən qardaşını soruşarkən o, “dünən axşam Tofiqin həmin kafeyə gəldiyini, orada 2-3 bakal pivə içib oradan da Sabunçu rayonuna getmək üçün taksi sifariş vermiş, taksi gələrkən onunla qiymətdə razılaşmadığı üçün Tofiq taksini geri göndərmiş, sonrada üzü çay istiqamətində hərəkət etdiyini” demişdir. 08 yanvar 2023-cü il tarixdə saat 11 radələrində sonradan adının Dəyanət olduğunu bildiyi polis əməkdaşı zəng edərək qardaşı Tofiqin Qobu PB-dəı olduğunu və axşam həmkəndlisi Təqsirləndirilən şəxs adlı şəxsin həyətinə daxil olduğunu buna görə də Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirdiyini bildirmiş, buna görə də bölməyə gedib qardaşını götürüb evə gəlmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Pirəkəşkül kəndində qeydiyyatda olmaqla valideyinləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs atası olduğunu, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, 08 yanvar 2023-cü il tarixdə saat 00 radələrində həyətə ayaqyoluna çıxıb geri evə qayıdarkən həyətdə itin hürdüyünü eşitmiş, evin pəncərəsindən həyətə baxarkən bir nəfər sonradan adının Tofiq olduğunu bildiyi şəxsin evin pəncərəsinin qarşısında dayandığını görüb tez atası Ramiyə bu barədə məlumat vermiş, atası Rami də tez həyətə çıxıb həmin şəxsə yaxınlaşmış, atasının əlini ona tərəf uzatmaq istəyərkən Tofiq atasının əlini burmuş, bu vaxt atası Raminin yumruq və təpiklə Tofiqi döydüyünü görmüş, sonra atası Rami Tofiqə “sən kimsən niyə mənim həyətimə girmisən” deyə suallar vermiş, lakin, Tofiq ağır dərəcəli sərxoş olduğu üçün heç nə deyə bilməmiş, daha sonra atası Rami DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat verib polisin gəlməsini xahiş etmiş, sonra həyətə polislər gələrək Tofiqi götürüb aparmış, Tofiq İsmayılovun dava zamanı heç kimi vurmadığını, Tofiqi isə atası Raminin döyməsini, Tofiqi həyətlərində görərkən onun əlində heç bir maddi dəyərli predmetin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 50 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər- sol göz qapaqlarının və sol göz almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, sağ göz qapaqlarının, sağ gözaltı və sağ sağrı nahiyələrinin qançırları, başın təpə-ənsə nahiyəsinin dərialtı hematoması, onurğa sütunun bel şöbəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən tönəmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə insan bədəni hissələrinin( əl, baş, təpik və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın barışdıqları barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməli; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və və barəsində olan cinayət işi üzrə icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar