Məhkəmə qərarları › İş №1(012)-497/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-497/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-497/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, `ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 1 -ci mkr, ev 1/5, mənzil 30-da qeydiyyatda olan, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq, 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 dekabr 2023-cü il tarixdə saat 16:57-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketdə işçilər üçün ayrılmış otağa qanunsuz daxil olaraq, oradan satıcı X2 asılqandan asdığı gödəkçəsinin cibindən içərisində 550 manat nağd pul, 300 manat dəyərində 01 ədəd qızıl qolbaq və 200 manat dəyərində 01 ədəd qızıl qolbaq olan 6 manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş X3 ümumilikdə 1056 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Azadlıqda olarkən 23 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Xırdalan şəhərində yerləşən “Oba” marketə müştəri kimi giriş qapısından daxil olmuşdur, ətrafda kimsənin olmadığını, işçilərin başının müştərilərə qarışıq olduğunu görüb mağazada olan ağ rəngli plastik qapını açıb otağa daxil olmuş, otaqda kimsənin olmadığını görüb, divardan asılmış qadın gödəkçəsinin ciblərini axtarmış, oradan pul kisəsini götürüb mağazadan çıxmışdır. Bir qədər aralaşdıqdan sonra pul kisəsini açdıqda içərisində 500 manat pul olduğunu aşkar etmiş, pulu götürüb pul kisəsini tullamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə saat 12 radəələrində mağazaya gəlmiş, həmişəki kimi gödəkçəsini mağazada müdirinin otağındakı asılqandan asmışdır. Pul kisəsi gödəkçəsinin cibində qalmışdır. Pul kisəsinin içərisində bank kartları, 550 manat nağd pul və 2 ədəd qızıl qolbaq olmuşdur. Həmin gün axşam saat 22 radələrində işdən çıxarkən gödəkçəsini geyindikdə pul kisəsinin cibində olmadığını aşkar etmişdir. Dərhal mağazada olan kameraların görüntülərinə baxmış müəyyən olunmuşdur ki, saat 16:57 radələrində keçəl bir kişi həmin otağa daxil olub gödəkçəsinin cibindən pul kisəsini oğurlamışdır. Həmin şəxsi əvvələr görməmişdir, tanımır. Qolbaqların birinin qiyməti 300, digərinin isə 200 manatdır. Bank kartlarını həmin gün bağlatdırmış, kartdan heç bir əməliyyat aparılmamış, ziyan dəyməmişdir. Pul qabının dəyəri 6 manatdır. Hadisə nəticəsində ümumilikdə ona 1056 manat maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, baxış zamanı 23 dekabr 2023-cü il tarixdə saat 16:57-də Təqsirləndirilən şəxs Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Oba” marketə daxil olub işçilər üçün ayrılmış otağın qapısını açıb içəri girir və divarda asılqandan asılmış Zərərçəkmiş şəxs məxsus gödəkçənin cibindən pul kisəsini oğurlayıb otağı tərk etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli Amnistiya haqqında qərarın 6.1 bəndinə əsasən azad edilmişdir. Bundan başqa Binəqədi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 2.3-cü bəndi ilə azad edilmişdir. Bundan başqa Nəsimi rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 234.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024- cü il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CMin 66.5-ci maddəsinə əsasən qəti olaraq, 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024- cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Oba marketin təhlükəsizlik kameralarının xx.xx.2023-cü il tarixdə qeydə aldığı video görüntülərin köçürüldüyü bir ədəd SD disk cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirli bilindiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, analoji cinayət törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; maddi sübut qismində tanınmış video görüntü əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 04 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd SD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar