Məhkəmə qərarları › İş №1(012)-498/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-498/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-498/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Abşeron raynunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il saat 22 radələrində idarə etdiyi Mercedes Benz E240 markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrliyində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tamdayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla dahadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun sağından soluna doğru iti qaçışla keçən piyada X2 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, ehtiyyatsızlıqdan piyada Vasif Məmmədovun baş beyinin travmatik ödemi, baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, solqamış sümüyünün qapalı, yerinidəyişmiş sınığı, alın nahiyyəsinin sol hissəsinin əzilmiş-cırılmış yarası, sağ diz oynağı nahiyyəsinin ön səthinin və sol baldırın aşağı 1/3-nin ön səthinin əzilmiş yaralarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlər yetirmiş, nəticədə piyada X3 aldığı xəsarətlərdən xx.xx.2020-ci il tarixdə, saat 01.20-də Akademik M.Ə.Mirqasımov adına RKX-da ölmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır. xx.xx.2019cu ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. xx xxxx 2020-ci ildə saat 22:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrində etibarnamə əsasında idarə etdiyi MERCEDES BENZ E240 minik markalı 90 0F 390 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun sol zolağı ilə 70-75 km/saat sürətlə faraların yaxın işığında hərəkət etmişdir. Bu zaman qəflətən sağ tərəfdən sol tərəfə doğru hərəkət edən piyada oğlanı idarə etdiyi avtomobilin qarşısında görmüşdür. Bu anda hərəkəti üçün təhlükə yaranmışdır. Ona görə də heç bir tədbir görə bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin alın şüşəsinə çırpılaraq yerə düşmüşdür. Avtomobilini hadisə yerində dayandırmışdır. Həmin yaralı piyadanı idarə etdiyi avtomobillə Respublika Xəstəxanasına aparmışdır. Həkimə həmin şəxsi idarə etdiyi avtomobil ilə vurduğunu demişdir. Xəstəxanaya gələn YPX inspektoruna sənədlərini təqdim etmiş və onunla hadisə yerinə qayıtmışlar. Hadisə YPX inspektoru tərəfindən qeydə alınmışdır. Hadisə yerinə təhqiqatçı baxış keçirdikdə baxışda iştirak etmiş və piyadanın vurulduğu yeri təhqiqatçıya göstərmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Piyadanı idarə etdiyi avtomobilin qarşısına çıxdığı anda görmüş, həmin vaxtı piyada yolu iti qaçışla keçmişdir. Zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 22:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 10-cu kilometrində 1981 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi MERCEDES BENZ E240 minik markalı 90 0F 390 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada oğlu 1987-ci il təvəllüdlü Ucar şəhəri H.Əliyev küçəsi ev 129-A mənzil 11-də qeydiyyatda olan Vasif Məmmədovu avtomobilin qabaq hissəsi ilə vurmuşdur. X5 xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi zamanı oğlu Vasif müalicədə olduğu vaxt xx xxxx 2020-ci ildə saat 01:20 radələrində xəstəxanada ölmüşdür. Həmin günü oğlu Vasifin meyiti meyitxanada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və meyiti Göyçay rayonunun Potu kənd qəbiristanlığında dəfn etmişlər. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hazırda BDYPİ YPXA-nın Ekoloji Nəzarət Bölyünün yol patrul xidməti inspektoru vəzifəsində işləyir, polis serjantıdır. xx xxxx 2020-ci il tarixdə saat 22.30 radələrində xidmətdə olarkən Akademik M.Ə.Mİrqasımov adına Respublika Kliniki xəstəxanasından Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yolnəqliyyat hadisəsi nəticəsində bir nəfər şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal xidməti ərazini yoxlamış, lakin şübhəli bir avtomobilə rast gəlməmişdir. Bundan sonra Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnikleytenantı Rauf Cəfərov telefon vasitəsilə ona zəng edərək bildirmişdir ki, Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində sürücü idarə etdiyi avtomobillə piyada oğlanı vurduqdan sonra yaralını xəstəxanaya gətirmişdir. O, dərhal xəstəxanaya getmişdir. Orada piyadanın X3 və sürücünün Xudaverdiyev Rasim Yunis oğlu olması məlum oldu. Bundan sonra təhqiqatçı Rauf Cəfərovun göstərişi ilə sürücünün sərxoş olub-olmadığını yoxlamaq məqsədilə Respublika Narkoloji dispanserinə aparmışdır. Orada tibbi müayiəndən keçdikdən sonra təhqiqatçının göstərişi əsasında onun idarə etdiyi Mercedes Benz E240 markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili xəstəxananın həyətindən cərimə meydançasına aparmıdır. Bundan sonra sürücü Təqsirləndirilən şəxs hadisə yerinə aparılaraq onun iştrakı ilə hadisə yerinə baxış keçririlmişdir. Həmin baxışda iştirak etmiş, orada Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq olunmuş, həmin protokola imza etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 59 №-li rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi aşağıdakı xəsarətlər aşkar olunmuşdur – baş beyinin travmatik ödemi, baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, sol qamış sümüyünün qapalı, yerinidəyişmiş sınığı, alın nahiyyəsinin sol hissəsinin əzilmiş-cırılmış yarası, sağ diz oynağı nahiyəsinin ön səthinin vəsol baldırın aşağı 1/3-nin ön səthinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində piyada qismində avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədardır. Ölümünə səbəb baş beyinin yumşaq qişaları altına və beyintoxumasına qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur. Mərhum X1 ölümü Akademik M.Ə.Mİrqasımov adına RKX-da xx.xx.2020-ci il tarixdə, saat 01.20-də baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişayı dərəcəsi ilə inkar edilmir. Mərhum X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-cı il tarixli, 8/1011 saylı rəyinə əsasən Mercedes Benz E240 markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2020-ci il tarixli 2/9435 saylı X6 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 22:10də müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sürücülük vəsiqəsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs AC 252650 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək ehtibarlıdır. Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2020-ci il tarixli, ********* saylı arayışından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin məlumat bazasına əsasən Təqsirləndirilən şəxs AC 252650 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2029cu il tarixədək ehtibarlıdır və sürücülük hüququ məhdudlaşdırılmamışdır. Zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri və ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilənin baş vermiş hadisədən sonrakı davranışını, daimi yaşayış yerinin olmasını, cinayət prosesini həyata keçirən orqanın çağırışına vaxtında gəlməsini, hökmün icrasına mane olmaq ehtimalının olmadığını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar