Məhkəmə qərarları › İş №1(012)-498/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-498/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-498/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 23.10.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində istintaqa məlum olmayan Cavid adlı şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop ”-in siyahısına (Siyahi İ) daxil olan təmiz çəkisi 0,420 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 12 mart 2021-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu Xırdalan şəhəri,Əlihüseyn Əsgərov küçəsində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində şalvarının sağ yan cibindən həmin 0,420 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasınm yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 manat müqabilində bir ədəd gümüşü kağıza bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil olan təmiz çəkisi 0,548 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 iyul 2021-ci il tarixdə saat 21:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Ruhulla Axundov küçəsində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin 0,548 qram çəkidə psixotrop maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iki il olarki psixotrop maddədən əsasən də metamfetamindən istifadə etmişdir. Fəhləliklə işləyib pul qazananda arada bir təsadüf adamlardan psixotrop maddə metamfetamin alıb istifadə edir. Belə ki, 12 mart 2021-ci il tarixdə səhər saat 11 radələrində kənd Xırdalan deyilən yerdən piyada keçəndə fəhli kimi həmin ərazidə usta işləyən üzdən tanıdığı Cavid adlı şəxslə rastlaşmış, ondan özü üçün psixotrop maddə metamfetamin istəmiş, Cavid ona 15 manat müqabilində bir ədəd büküm metamfetamin vermişdir. Həmin bükülünü götürüb oradan uzaqlaşmış və saat təxminən 14 radələrində evinin yaxınlığında keçəndə yanma polis əməkdaşları kimi özlərini təqdim edən şəxslər yaxınlaşmış, ondan şübhələndiklərini deyib Abşeron rayon polis idarəsinə gətirmişlər. Polisə gətiriləndə polis əməkdaşlarına üzərində psixotrop maddə olmasını demişdir. Bundan sonra polis idarəsində dəvət edilmiş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. O da əynimdəki cins şalvarımın sağ yan cibindən həmin gün aldığı psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra müvafiq sənədləşmə aparılmış və həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Ondan psixotrop maddə metamfeatmin aşkar edilməsinə dair polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, düzgün yazıldığından bütün iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan əlavə 31.07.2021-ci il tarixdə saat 15 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrostansiyasmm yaxınlığında tanımadığı şəxdən bir büküm psixotrop maddə metamfetamini 5 manata sonradan istifadə etmək üçün almışdır. 31.07.2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Rufulla Axundov küçəsində olduğu zaman iki nəfər mülki paltarda şəxs yaxınlaşaraq, özlərini polis işçisi kimi təqdim edib, qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğumu bildirib, onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Orada onun hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Polis idarəsində olan xidməti otaqların birində üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman ondan qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə olub-olmaması sorğu olunmuşdur. O da əynimdə olan açıq göy rəngli cins şalvarımın sağ cibində olan gümüşü kağıza bükülmüş içərisində narkotik maddə olan metanfetamini təqdim etmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, həmin bükümün içərisində olan psixotrop maddəni 31.07.2021-ci il tarixdə saat 15 radələrində şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metrostansiyasmm yaxınlığında tanımadığı şəxdən 5 manata almışdır. Narkotik maddəni aldığı şəxsi tanımır. Həmin şəxsdən ilk dəfə narkotik maddə almışdır. Şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi gümüşü kağıza bükülmüş psixotrop maddə qablaşdırılmış, idarənin 56 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Əsvər oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 mart 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, M.Mirqasımov küçəsi ev 57-də yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri saxlaması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı əldə etmişdir. Məlumatın yoxlanmasına göstəriş verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Rəis tərəfindən təsdiq edilmiş 12 mart 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat qrupunun üzvü Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin günü günorta saatlarında aparılan əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri, Ə.Əsgərov küçəsində müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotiklə məşğul olmasında şübhəli olduğu elan olunmuşdur. Bundan sonra onu Polis idarəsinə dəvət etmişlər və orada raport tərtib edilərək material təhqiqatçıya həvalə edilmişdir. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərinə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Ələkbərin əynindəki şalvarının sağ yan cibindən bir ədəd büküm aşkar edilmişdir. Ələkbər bildirmişdir ki, həmin bükümdəki metamfetamindir və öz istifadəsi üçün Cavid adlı şəxsdən 15 manata əldə etmişdir. Aşkar olunaraq götürülmüş psixotrop maddə qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən onların iştirakı ilə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs dediyi Cavid adlı şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbiri keçirilməsinə baxmayaraq həmin şəxsin şəxsiyyətini müəyyən edə bilməmişdir. Bundan əlavə 31 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Əsvər oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərinə getmiş və 31.07.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 21:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Ruhulla Axundov küçəsində olduğu zaman Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.1992-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Əsvər oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş bir bükülünü çıxardaraq təqdim etmiş və həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını və həmin psixotrop maddəni 31.07.2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasmın yaxınlığından tanımadığı şəxsdən 5 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükülüyə baxış keçirilmiş orada ağ rəngli kristallik formalı maddə olması aşkar edilmiş və sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər maddəni üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 13.03.2021-ci il tarixli, 6/1023 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-nin «Zərflər üçün № 56» möhür əksi, «....Təqsirləndirilən şəxs üzərindən...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkimi 0,420 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (qalıq 0,370 qram - 0,05 qram psixotrop maddə-metamfetamin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının01.08.2021-ci il tarixli, 6/3240 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Din-nin zərflər üçün 56» №-li möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,548 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir(qalıq 0,498 qram - 0,05 qram psixotrop maddə-metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövrüyəsi qadağan edilən psixotrop maddələr» -in siyahısına (siyahı İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19.06.2021-ci il tarixli 1977 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 20.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 12.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13.03.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qaçıb qizləndiyinə görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 15.06.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Carıyev X2 RPİ-nin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. 31.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon prokurorluğunun 02.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02.08.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 18.11.2021-ci il tarixdə daxil olmuş 11.11.2021-ci il tarixli, 7818 saylı məktubundan görünür ki, Carıyev X2 RPİ-in əməkdaşları tərəfindən 23.10.2021-ci il tarixdə tutulmuş 26.10.2021ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə baxışı iclasında iki ədəd SD diskə baxış keçirilmiş, 12.03.2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan şalvarının sağ yan cibindən ağ kristallik formalı maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi və 31.07.2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs sonuncunun əynində olan əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ağ kristallik formalı maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, yəni cinayətlərin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23.10.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdən 13.03.2021-ci il tarixədək, 15.06.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək və 31.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 05 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,370 qram və 0,498 qram metamfetamin məhv edilməlidir. İş üzrə 65 manat və 109 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdən 13.03.2021-ci il tarixədək, 15.06.2021-ci il tarixdən 17.06.2021-ci il tarixədək və 31.07.2021-ci il tarixdən 02.08.2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 05 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,370 qram və 0,498 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 manat və 109 manat məhkəmə-fiziki-kimyəvi ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar