Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-499/2023 12.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Oba” marketin yaxınlığında özünə məxsus “AzSamand” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman ondan arxada hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib həmin avtomobilin qarşısını kəsib heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq edib ictimai yerdə - küçədə insanların gözü qarşısında Zərərçəkmiş şəxsla dalaşmağa başlamış, sonuncudan ayrılıb avtomobilinə əyləşdikdə ona məxsus həmin avtomobilin sol yan şüşəsini yumruğu ilə qəsdən vurub sındıraraq şüşə hissələri üz nahiyəsinə dəymiş və ona 20 manat ziyan vurmaqla əmlakını məhv etmiş və idarə etdiyi avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmaq istədikdə avtomobilin qapısından tutub onu saxlamaq istəyən Zərərçəkmiş şəxs qəsdən avtomobili ilə sürüyərək, ona sağ gözün iç küncünün səthi kəsilmiş yaraları, sol dirsək oynağı, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol əlin arxa səthinin qançırı ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid Abşeron rayonu, Novxanı kəndində qonşuluqda yaşadığı üçün tanıyır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Hadisə baş verən günü, yəni xx.xx.2022-ci il təxminən saat 17:30 radələrində sürücülük hüququ verən etibarnamə əsasında idarə etdiyi “AzSamand” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı kəndi ərazisində hərəkətdə olmuş, həmin vaxt avtomobildə sərnişin qismində Şahid da olmuşdur. Həmin gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində Şahid görmüş və hər ikisi Abşeron rayonu, Novxanı kəndinə getdiyi üçün onun avtomobilinə əyləşmişdir. Abşeron rayonu. Novxanı kəndində hərəkətdə olan zaman ondan arxada “Ford Transit” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı yük maşını işıqla işarə verib ondan yol istəmiş, həmin vaxt yolun hərəkət hissəsi ensiz olduğu üçün bir qədər məsafə qət etdikdən sonra ona yol verə bilmişdir. Həmçinin qarşıdan sola döndüyü üçün həmin yük maşını ilə fərqli istiqamətlərə getmişlər. Bundan bir qədər sonra Abşeron rayonu, Novxanı kəndində yerləşən “Oba” marketin yaxınlığında idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt bir qədər əvvəl ondan yol istəyən yük maşını da təsadüfən həmin yerə gəlib avtomobili saxlamışdır. O. avtomobildən düşüb həmin yük avtomobilinə tərəf gedəndə həmin sürücü də ona tərəf gəlmişdir. Onlar orada sözlə mübahisə etmiş, o, həmin sürücüyə, həmin sürücü də ona heç bir xəsarət yetirməmişdir. Şahid da orada sürücünü sakitləşdirib avtomobilə otuzdurmağa çalışmış, həmin vaxt sürücü yenidən avtomobildən düşmək istəyəndə əli ilə onun düşməyinə mane olmağa çalışmış ki, mübahisə daha da uzanmasın. Lakin həmin vaxt sükan tərəfdə olan qapının pəncərəsi yarıya qədər açıq olduğu üçün anidən şüşə sınmışdır. Bundan sonra Arif ilə birlikdə idarə etdiyi avtomobilə oturmuşdur. Yük maşının sürücüsü də arxasınca gəlib onun tərəfdən pəncərə açıq olduğu üçün sükandan yapışmış, o da avtomobili idarə edib oradan uzaqlaşmağa çalışmışdır. Həmin vaxt təxminən 25-30 kilometr saat sürətlə hərəkət edəndə sürücünün sükanı buraxmadığını görüb onun əlindən dartmış ki, sükanı buraxsın, sonuncu da müvazinətini itirib yerə yıxılmış, o, yan güzgüdən baxdıqda Elxanın yerdən qalxıb çıxıb getdiyini görmüşdür. Göstərmidir ki, onun Zərərçəkmiş şəxsla mübahisəsinin səbəbi həmin gün bir qədər əvvəl işıq siqnalları verərək ondan yol istəməsi olmuş, mübahisə Abşeron rayonu. Novxanı kəndində yerləşən “Oba” marketin yaxınlığında baş vermiş və təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı Şahid Zərərçəkmiş şəxs təzyiq göstərməmiş və heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində ona məxsus “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Noxvanı kəndində hərəkətdə olan zaman idarə etdiyi avtomobildən irəlidə hərəkətdə olan ağ rəngli “Azsamand” markalı dövlət qeydiyyat nişanının sonu **-BN-*** olan avtomobilə işıqla işarə verib yol verməsini istəmişdir. Həmin avtomobil çox asta sürətlə hərəkət etdiyi üçün yolu dəyişib qarşıdakı yolayrıcından sola dönüb Novxanı kəndinin ara yolları ilə getməyə başlamışdır. Ara küçələrlə bir qədər məsafə qət etdikdən sonra yenidən əsas yola qayıtmışdır. Abşeron rayonu, Novxanı kəndində yerləşən “Oba” marketin yaxınlığında olan zaman həmin avtomobil onun idarə etdiyi avtomobilin qarşısını kəsmişdir. Həmin vaxt o hərəkətini dayandırmış, bu zaman avtomobilin sürücü onun tərəfdən avtomobilə yaxınlaşıb yumruq zərbəsi ilə vurub sol yan qapının şüşəsini sındırmışdır. Həmin şüşə qırıntıları onun sifət nahiyəsinə dəymiş, sağ göz nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, avtomobildən düşüb sürücüyə yaxınlaşaraq nə səbəbə görə belə hərəkət eləməsinin səbəbini aydınlaşdırmağa çalışmış, bunun üçün avtomobilə sürücü tərəfdən yaxınlaşmış, lakin sürücünün maşını idarə edib getmək istədiyim gördüyü üçün pəncərənin açıq olmasından istifadə edib əlini sükandan tutub həmin şəxsin oradan uzaqlaşmasına mane olmağa çalışmışdır. Həmçinin sürücünü tanımadığı üçün onun kimliyini öyrənmək istəmişdir. Lakin sürücü ona heç bir əhəmiyyət verməyib maşını idarə etməyə başlamışdır. Bu vaxt o, sükandan tutduğu üçün sürücü avtomobili hərəkətə gətirdikdə onu avtomobillə sürüməyə başlamışdır. Təxminən sürücü onu 10-15 metr avtomobillə sürümüş, o, həmin vaxt müvazinətini itirib yerə yıxılmışdır. Asfalta sürtüldüyü üçün diz və qol nahiyəsində sıyrıqlar əmələ gəlmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar polisə müraciət etmiş, polisə müraciət etdikdən sonra oqa qarşı heç bir əsas olmadan qərəzli olaraq xəsarət yetirən və avtomobilin pəncərəsini sındıran şəxsin “AzSamand” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olduğunu müəyyən edilmişdir. Göstərmişdir ki, mübahisəsi təxminən 30 dəqiqə davam etmiş, mübahisə küçədə olduğu üçün ətrafda da tanımadığı bir neçə nəfər şəxs olmuş, həmin şəxslər onları ayırmağa çalışsalar da, buna nail ola bilməmişlər. Avtomobilinin yan şüşəsinin sınması nəticəsində ona 20 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:30 radələrində işdən evə qayıdarkən Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi “AzSamand” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Elvinin həmin avtomobilə əyləşib birlikdə yaşadığı Abşeron rayonu. Novxanı kəndinə gəlmişlər. Abşeron rayonu. Novxanı kəndində hərəkətdə olan zaman yaşadığı Əsgər Əliyev küçəsinin yaxınlığında arxadan gələn “Ford Transit” markalı yük maşının yol istədiyini görmüşlər. Həmin vaxt yolun hərəkət hissəsi ensiz olduğu üçün Elvin həmin yük maşınına yol verə bilməmiş, bir qədər getdikdən sonra həmin yük maşını ilə fərqli istiqamətlərə getmişlər. Təxminən 15 dəqiqə sonra Abşeron rayonu, Novxanı kəndində yerləşən “Oba” marketin yaxınlığında həmin yük maşını ilə qarşılaşmış, Bundan sonra Elvin orada saxlayıb həmin yük maşının bir qədər əvvəl yol istəyən yük maşını olduğunu bildirmişdir. Avtomobili orada saxlayıb Elvin avtomobildən enib həmin yük maşınına tərəf getmiş, həmin vaxtı Elvinlə həmin sürücü arasında yol istəmək məsələsinə görə mübahisə yaranmış və onlar əlbəyaxa olmuşlar. Belə olduqda o, avtomobildən düşüb sonunculara yaxınlaşmış və onları aralamışdır. Yük maşının sürücüsünü sakitləşdirib avtomobilinin sükanına əyləşdirmiş, bu zaman Elvin yumruq zərbəsi ilə yük maşının sükan tərəfdən sol yan şüşəsinə vuraraq sındırmışdır. Bundan sonra Elvin gedib idarə etdiyi avtomobilə əyləşmiş, belə olduqda o, da qayıdıb avtomobilə əyləşmişdir. Həmin yük maşının sürücüsü Elvin tərəfdən avtomobilə yaxınlaşıb Elvinə nəyə görə belə etdiyini soruşmuş. Elvin isə ona məhəl qoymayıb avtomobili idarə etməyə başlamışdır. Bir neçə metr sürdükdən sonra həmin yük maşınının sürücüsü müvazinətini itirib yıxılmış. Elvin isə avtomobili saxlamayıb sürüb getmiş, bir qədər aralıda Elvinin idarə etdiyi avtomobildən düşüb öz evinə getmişdir. Göstərmişdir ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, sadəcə Elvin avtomobildən düşdükdən sonra dava-dalaş yarandığını görüb dərhal avtomobildən düşüb onlara tərəf gəlmiş. Elvin və Elxanın əlbəyaxa olduğunu görüb onları aralamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2398 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ gözün iç küncünün səthi kəsilmiş yaraları - iti kənara malik olan əşyanın, sol dirsək oynağı, sol diz oynağı nahiyəsinin sıyrıqları, sol əlin arxa səthinin qançırı bərk küt əşya təsirindən törənmişdir, törədilmə müddəti xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı alınmış arayışla müəyyən edilmişdir ki, “Ford Transit” markalı avtomobilin yan şüşəsinin orta bazar qiyməti 20 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilmiş, məhkəmədə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə bir ədəd DVD diskinə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 00:41 saniyəni əhatə edir. Videogörüntünün 00:27 saniyəsində kameranın fıksə etdiyi ərazinin sağ tərəfindən ağ rəngli Azsamand markalı avtomobilin yolun ehtiyat hissəsindən yolun işlək hissəsinə iti sürətlə daxil olduğu, bir nəfər şəxsin avtomobilin sol yan qapısından, yəni sürücü tərəfdən olan sükanın yerləşdiyi qapıdan yapışdığı və avtomobil hərəkət edən anda həmin şəxsin yerlə süründüyü, avtomobil yolun işlək hissəsinə daxil olub orta sədd xəttinə çatdığı anda həmin şəxsin yerə yıxıldığı və yolun işlək hissəsində bir neçə mert irəli sürüşdüyü, ayağında ayaqqabısının çıxdığı və sonra həmin şəxsin yerdən qalxaraq ayaqqabılarını geyindiyi, bu anda hadisə yernə arxadan yaxınlaşan içərisi sərnişinlə dolu avtobusun hadisə yerində bir neçə saniyə dayanıb, sonra isə hərəkətini davam etdirdiyi, yolun ehtiyat hissəsində isə iki nəfər qadının dayanıb hadisəni müşahidə etdikləri və hadisəni görüb əl hərəkətləri ilə təəccübləndikləri müşahidə edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi süybut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi qərəzli xuliqanlıq əməlləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış hadisənin video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-499/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-499/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver