Məhkəmə qərarları › İş №1(012)-5/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-5/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-5/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 Akif oğlunun iştirakı ilə xx.xx.1989-cu ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində kirayədə yaşamış, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü Təhsil Nazirliyində vəzifəli şəxsin sürücüsü kimi təqdim edərək onu Gədəbəy rayon Təhsil şöbəsinə müdir təyin etdirəcəyinə dair yalan vəd edib inandırmış, xx.xx.2019-cu il tarixdə bu niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən «Beynəlxalq bank»ın Xırdalan filialından qarşısındakı ərazidə qaynı Şahid2 Rəfayıl oğlunun vasitəsi ilə Zərərçəkmiş şəxs aralarında olan razılaşmaya əsasən göndərdiyi 12.000 manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid2 Rəfayıl oğlu qaynıdır. 2019-cu ildə lizinqlə maşın almış və həmin maşını bir neçə ay idarə etmiş, həmin vaxtı qaynı Muxtar ondan harada işlədiyini soruşduqda ona işləmədiyini deməmiş, bildirdir ki, Təhsil Nazirliyində vəzifəli şəxsin sürücüsü işləyir. Muxtar da ondan konkret olaraq kimin sürücüsü olduğunu soruşmadığı üçün ona başqa bir söz deməmiş, 2019-cu ilin təxminən avqust ayının sonlarında qaynı Muxtar ona zəng vurmuş, bildirmişdir ki, Aqşin adlı tanışı Təhsil İdarələrinin birində işə düzəlmək istəyir, ona mümkünsə köməklik etsin. Həmin ərəfədə çoxlu borcu olduğu üçün qərara gəlmişdir ki, Muxtarın dediyi şəxsin pulunu işə düzəltmək adı ilə alsın və sonradan pulu düzəldib qaytarar. Buna görə də qaynı Muxtar ona zəng etdikdən təxminən 1-2 gün sonra ona zəng vurmuş və demişdir ki, Gədəbəydə Təhsil İdarəsində müdir müavini və yaxud müdir kimi onun tanışını işə düzəldə bilər. Muxtar isə ona Aqşinin mobil nömrəsini vermiş və demişdir ki, özü onunla danışıb razılaşıb işini həll etsin. Bundan sonra Aqşinlə telefon əlaqəsi yaratmış və onunla bir neçə dəfə danışığı olmuş, Aqşinlə danışığından başa düşmüşdür ki, artıq ona inamı yaranmışdır. Sonuncu danışıqda vədmişdir et ki, Gədəbəy rayonunda onu Təhsil İdarəsində müdir müavini və yaxud müdir kimi işə düzəldə bilər. 2-3 gün sonra, yəni 02 sentyabr 2019-cu il tarixdə yenidən zəng vurmuş, demişdir ki, Gədəbəy rayonu Təhsil İdarəsində müdir kimi işə düzəlməsinin xahişini etmişdir və bunun müqabilində 20.000 manat pul verməlidir. Lakin pulun bir qismini əvvəlcədən və əmrini aldıqdan sonra pulun qalanını verəcəyini Aqşinə dedikdə sonuncu onunla razılaşmış və demişdir ki, hazırda rayondadır, gec gələcək, səhər pulun 12.000 manatını Muxtara versin, axşam ondan götürər. Aqşinin razılığını aldıqdan sonra eyni ilə Muxtara zəng vurub rayonda olduğumu demiş, xahiş etmişdir ki, Aqşinlə görüşsün və ona verəcəyi pulu ondan götürsün, axşam qayıtdıqda görüşüb ondan pulu götürər. Həmin günü gecə radələrində Muxtara zəng vurmuş, sonuncu pulu götürdüyünü dediyi üçün onunla görüşüb 12.000 manatı tamlığı ilə götürmüş, sonra Aqşinə zəng vurub pulu Muxtardan götürdüyünü bildirmiş, ona demişdir ki, 10 günə əmri olacaqdır. Bundan sonra nömrəsini söndürmüş və bir daha Aqşin onunla telefon əlaqəsi saxlaya bilməmişdir. Sonrakı vaxtlarda bir-iki dəfə qaynı Muxtar ona zəng vurub Aqşinin işi ilə maraqlanmış, demişdir ki, ona zəng vurub nəticəsini bildirsin. O da Muxtarı arxayın etmişdir ki, Aqşinlə əlaqə saxlayacaqdır, lakin sonradan eşitmişdir ki, Aqşin onun barəsində ərizə yazıb şikayət edib və ərizəsində qaynı Muxtarın da adını yazmışdır. Əlavə olaraq göstərmişdir ki, Aqşinə Gədəbəy rayonu Təhsil İdarəsində müdir kimi işə düzəldəcəyini vəd etmiş və demişdir ki, işə düzəlməsinin əvəzində ondan 20.000 manat pul alacaqdır, pulun yarısını əvvəlcədən verməlidir, qalan hissəsini isə əmri olduqda alacağını ona demişdim. Aqşin də razı olduğu üçün pulun 12.000 manatını əvvəlcədən ondan qaynı Muxtarın vasitəsi ilə almışdır. Aqşinlə ümumiyyətlə üzbəüz görüşməmiş və danışığı olmamış, yalnız telefonda danışmış və onu işə düzəldəcəyinə inandırmış, pulu ondan aldıqda özü onunla üzbəüz gəlməməyi üçün qaynı Muxtarı onunla görüşə göndərmiş, lakin buna baxmayaraq Muxtar onun Aqşini aldadacağımdan şübhələnməmiş, eyni zamanda Aqşindən aldığı pulun hər hansı miqdarının Muxtara verəcəyini vəd etməmiş və yaxud verməmişdir. Bildirmişdir ki, borcu olduğu üçün aldığı pulu tamlığı ilə borclarına və şəxsi tələbatına xərcləmiş, həmin pulu Aqşindən aldıqda onun hər hansı hissəsini vəzifəli şəxsə verəcəyini deməmiş, yalnız bildirmişdir ki, müdir kimi işə düzəlməsini xahiş etmiş, mənə 20.000 manat pul lazımdır, pulun bir hissəsini qabaqcadan, qalan hissəsini isə əmrini verdikdən sonra alacağını demiş, Aqşinlə arasında başqa heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən iki il əvvəl hazırda Türkiyə Respublikasında yaşayan Adil adlı şəxsin vasitəsi ilə Gündüz kimi tanıdığı Şahid2 adlı şəxslə tanış olmuş, 2019-cu ilin avqust ayında Şahid2 ilə söhbət edərkən söhbət yeznəsi Bəxtiyardan düşmüş, Şahid2 ona Bəxtiyarın Təhsil Nazirliyində sürücü işlədiyini demişdir. Şahid2 yeznəsinin əlaqələri barədə maraqlanmış, demişdir ki, vəzifəyə getmək istəyir, ona köməklik edə bilərmi?!. Şahid2 isə demişdir ki, «istəyirsən özüm maraqlanım və yaxud səni Bəxtiyarla tanış edim, özünüz danışın». Şahid2 ona Bəxtiyarın mobil telefon nömrəsini vermiş, onunla telefon əlaqəsi yaratmış və bir neçə dəfə telefon əlaqəsi olmuşdur. Bəxtiyar onu Təhsil Nazirliyindən vəzifəli şəxsin sürücüsü olduğunu bildirmiş, lakin kimin sürücüsü olduğunu deməmiş, bildirmişdir ki, onun xahişi əsasında bir neçə tanışını artıq rayon təhsil idarələrinə işə qəbul edilmişdir. Bəxtiyar çox əminliklə danışdığı üçün ona qarşı inamı yaranmış və həm də onu qaynının vasitəsi ilə tanıdığı üçün onu aldadacağını təsəvvür belə etməzdi. Belə ki, söhbət əsnasında Bəxtiyradan xahiş etmişdir ki, onu təhsil sahələrindən birində vəzifəyə təyin etdirsin, bunun müqabilində onun hörmətini edləcəyimi demişdir. Bəxtiyar razılaşmış və onun zəngini gözləməyini demiş, üstündən iki gün keçmiş, yəni 26 avqust 2019-cu il tarixdə Bəxtiyar ona zəng etmiş, demişdir ki, onu təhsil şöbələrinin birinə müdir və yaxud müavin vəzifəsinə təyin etdirə bilər. Bəxtiyarın təklifini eşidib sevinmiş və ondan müavin kimi vəzifəyə təyin etdirilməyi üçün hansı miqdarda pul verəcəyini soruşmuş, sonuncu ona 20.000 manat pul lazım olduğunu, lakin pulun yarısını əvvəlcədən ödəməli olduğunu, qalan hissəsini isə vəzifəyə təyin edildikdən sonra ona verəcəyini demişdir. Belə olduqda Bəxtiyarın sözləri onda tam əminlik yaratmış və həmin məbləği verməyi razılaşdır. 02 sentyabr 2019-cu il tarixdə Bəxtiyar axşam radələrində zəng etmiş, hal-əhval tutduqdan sonra demişdir ki, «danışmışam, səni Gədəbəy rayon təhsil şöbəsinə müdir verilməyinin razılığını almışam». Bəxtiyar ona müdir müavini kimi işə düzəltməsini vəd etməsinə baxmayaraq, müdir kimi işə qəbul etdirəcəyini dedikdə, çox sevinmiş, sonra Bəxtiyar qaynı Gündüzlə görüşməyi və 12.000 manat pulu Gündüzə verməyi bildirmiş və sonuncudan pulu özü alacağını demişdir. Bəxtiyarla razılaşıb səhəri günü, yəni 03 sentyabr 2019-cu il tarixdə günorta radələrində «Beynəlxalq bank»m qarşısında Gündüzlə görüşmüş, üstündə gətirdiyi 12.000 manatı Gündüzə vermişdir ki, Bəxtiyara çatdırsın. Təxminən 1-2 dəqiqə söhbət etdikdən sonra ayrılmış, həmin günün axşamı Bəxtiyar ona zəng vurmuş və pulu ona Gündüz çatdırdığını bildirmiş və demişdir ki, 10 gün ərzində ona zəng edəcək və əmrini alıb işə çıxacağaqdır. Lakin üstündən 2 ay keçməsinə baxmayaraq, ona heç kəs zəng etməmiş, dəfələrlə Bəxtiyarla əlaqə saxlasa da, ona yalançı vədlər verməyə başlamış, hətta bir neçə dəfə Bəxtiyarın hərəkətləri ilə bağlı Gündüzlə danışmış, ondan Bəxtiyarı tapmasını tələb etdikdə aralarında mübahisə düşmüş, ona demişdir ki, «Bəxtiyarı sənə görə tanımışam, onu mənim üçün tapmasan, səndən də şikayət edəcəyəm». Buna baxmayaraq Gündüzün vasitəsi ilə də Bəxtiyarla əlaqə saxlaya bilmədiyi üçün şikayət etmiş və ərizəsində onların hər ikisinin adını yazmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır. Atası Aqşin qardaşı Elminin səhhəti ilə əlaqədar tez-tez ölkə hüdudlarından kənarda olur. Buna görə də atası onun səlahiyyətlərini icra etməsi üçün ona xx.xx.2019-cu il tarixdə reyestr nömrəsi 7E-12028 olan etibarnamə vermişdir. Buna görə də o, poçt vasitəsi ilə atasının Bəxtiyar adlı şəxs tərəfindən aldadılaraq işə düzəlmək adı ilə 12.000 manat pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Atası hal-hazırda Azərbaycan Respublikasmdadır və özü Abşeron rayon Pİ-nə Bəxtiyar tərəfindən aldanılması barədə ərizəylə müraciət etmişdir. Bildirmişdir ki, atasının həmin şəxs tərəfindən aldadılması barədə o da məlumatlıdır, buna görə də atası Aqşinin aldadılaraq pulunu dələduzluq yolu ilə ələ keçirmiş Bəxtiyar barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Rəfayıl oğlu ifadəsində göstərmişdir ki, adı Muxtar olsa da, ona Gündüz deyə müraciət edirlər. Zərərçəkmiş şəxs ilə Ənvər adlı şəxsin vasitəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxsla söhbət zamanı ona təhsil şöbəsində işləmək istədiyini bildirmiş və ona kömək etməsini xahiş etmişdir. O da yeznəsi Bəxtiyarla Aqşini tanış etmiş, belə ki, Bəxtiyar ona Təhsil Nazirliyində sürücüsü işlədiyini demişdir. Sonradan eşitmişdir ki, Aqşin Bəxtiyarla telefon əlaqəsi saxlayıb dəfələrlə iş barədə danışıblar. Bəxtiyar onu Gədəbəy rayon Təhsil İdarəsinə müdir vəzifəsinə işə düzəldəcəyini vəd etmiş, 02 sentyabr 2019-cu il tarixdə Bəxtiyar ona zəng vurub demişdir ki, Aqşinin işini danışıb və ona çatdırılası pulun Aqşindən götürüb ona çatdırmağımı xahiş etmiş, özü isə axşama qədər Bakıya dönəcəyini bildirmişdir. Həmin günü Bəxtiyarın telefon zəngindən sonra Aqşin ona zəng vurmuş və səhəri günü «Beynəlxalq bank»ın qarşısında görüşməyi demiş, bildirmişdir ki, Bəxtiyara çatdırmalı olduğu pulu ona verəcəkdir ki, sonuncuya çatdırsın. 03 sentyabr 2019-cu il tarixdə günorta radələrində «Beynəlxalq bank»ın qarşısında Aqşin onunla görüşmüş və 12.000 manatı ona vermişdir ki, Bəxtiyara çatdırsın. Aqşindən pulu götürdü və həmin günün axşamı Bəxtiyar ona zəng vurub evin həyətində onunla görüşmüş, pulu ondan alıb getmişdir. Həmin vaxtı Bəxtiyardan xahiş etmişdir ki, əgər işi düzəlmirsə, Aqşinin pulunu qısa müddətdə qaytarsın. Üstündən 20 gün keçmiş Aqşin, daha sonra onun oğlu Kamran ona zənglər etməyə başlamış, ondan Bəxtiyarın verdiyi pulu alıb qaytarmağı tələb etmiş, sonunculara demişdir ki, özünüz danışmısınız, gedin işinizi həll edin. Lakin buna baxmayaraq, Aqşin onunla mübahisə etməyə başlamış və ondan polisə şikayət edəcəyini bildirmiş, belə olduqda məcbur olub telefonunun nömrəsini dəyişmişdir. Bildirmişdir ki, Bəxtiyarla Aqşinin söhbətində iştirak etməmiş və bu işdə heç bir rolu olmamış, yalnız Aqşinin xahişi ilə Bəxtiyarla danışdırmış, pulu Aqşin özü ona vermişdir ki, Bəxtiyara çatdırsın, yalnız sonuncunun xahişi ilə pulu Bəxtiyara vermiş, onun bu işdə heç bir maddi marağı olmamışdır. Yeznəsi Bəxtiyar ona Təhsil Nazirliyində sürücüsü işlədiyini demiş və nazirlikdə vəzifəli şəxsin sürücüsü işlədiyini bildirmiş, lakin sonuncunun işi barədə konkret olaraq maraqlanmamış, Zərərçəkmiş şəxs da ona Təhsil idarəsində işləmək istədiyini dedikdə və bu işdə ondan yardım istədikdə, onun ağlına yeznəsi Bəxtiyar gəlmiş və onun barəsində Aqşinə məlumat vermişdir ki, özləri danışsınlar. X3 bilavasitə söhbətlərində iştirak etməmiş və bu işdə heç bir marağı belə olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə könüllü olaraq, Abşeron rayon polis idarəsində gəlmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət işi üzrə istintaq tərəfimdən AR CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlməsi ilə bağlı icraat təzələnmiş və istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM- nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3, 67.1 və 68.2-ci maddələrinə əsasən 01 il 08 ay 08 gün azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli 144 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cərimə cəzasını tam ödədiyi müəyyyən edilmiş, həmin şöbənin xx.xx.2021-ci il tarixli, 145 nömrəli məktubu ilə məhkum Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın 06 ayını çəkmiş, 01 il 02 ay 08 gün müddətinə çəkilməmiş qaldığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, CM-in 32.4, 312.2, 66.3-cü maddələri dair müddəalar ittihamdan xaric edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən poçt vasitəsi ilə məhkəməyə göndərilmiş teleqramdan görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etsə də bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılma növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılma cəzası ilə cəzası ilə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınmalı və hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Akif oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanması nəzərə alınsın. Hazırkı iş üzrə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 Akif oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar