Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-5/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, zərərçəkmiş şəxs X6, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1978-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, ailəli, 1 uşaq atası əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ev 87-də qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Motodrom” yaşayış massivi ev 20-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbslə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham aktı ilə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2017-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs komendant işlədiyi "xxxx" MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə. Rəsulzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış evinin birinci mərtəbəsində olan komendant otağına arxa giriş qapısını sındırıb qanunsuz həmin otağa daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 80 manat dəyərində olan “Samsung” markalı kompyuter monitorunu, hər biri 20 manat dəyərində olan ümumi 40 manat dəyərində 2 ədəd kompyuter qidalandırıcı qurğusunu, 1 ədəd 10 manat dəyərində olan kompyuter mişkasını, 1 ədəd 75 manat dəyərində olan “Hkvision” markalı rəqəmsal kameranı, hər biri 75 manat dəyərində olan ümumi 150 manat dəyərində 2 ədəd döşəyi, hər biri 6 manat dəyərində olan ümumi 18 manat dəyərində 3 kisə sementi, hər biri 5 manat dəyərində olan ümumi 15 manat dəyərində 3 kisə gipsi, hər biri 6 manat dəyərində olan ümumi 12 manat dəyərində 2 kisə “Mətanət” kafel-metlaq yapışdırıcısını, hər biri 6.50 manat dəyərində olan ümumi 13 manat dəyərində 2 kisə “Ağ dirək” suvağını, 1 ədəd 60 manat dəyərində olan 320 mq-lıq yaddaş kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 473 manat məbləğində maddi ziyan vurmuşdur. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq X9) aparılan ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir: Belə ki, cinayət işinin materiallarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində xx.xx.2017-ci ildə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığına görə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbslə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə saxlanılır. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı X10 vəsatətlə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında sorğu verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə dövlət sərhəddindən çıxmışdır. “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermək haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmişdir. xx.xx.2021-ci il taixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmişdir. Beləliklə müəyyən edilmişdir ki, iş üzrə müstəntiq tərəfindən təqsirləndirilən şəxs ölkə hüdudlarından kənarda olduğu halda guya iş materialları ilə tanış olması və imza etməkdən imtina etməsi barədə protokol tərtib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs iş materialları ilə tanış edilmədən ittiham aktı təsdiq edilərək məhkəməyə göndərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinin pozulması hallarının aradan qaldırılması və Təqsirləndirilən şəxs müdafiə hüququnun, eləcə də müvafiq istintaq hərəkətlərinın yerinə yetirilməsinin tam təmin edilməsi məqsədilə cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiq barəsində xüsusi qərarın çıxarılmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə dövlət sərhəddindən çıxdığını, “İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə məlumat vermək haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və xx.xx.2021-ci il taixli “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmək haqqında” protokoldan məlumatı olmadığını, həmin protokollara imza etməkdən imtina etmədiyini, ölkədən getmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmadığını, müstəntiqin cinayət işinə xitam verdiyini ona bildirməsini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini, eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini və sonuncunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, X9 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasının gedişində əldə edilmiş məlumat əsasında müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs müdafiə və cinayət işinin materialları ilə tanış olmaq hüquqları pozulmuşdur. Bununla bağlı cinayət işinin materialları nəzərdə keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə və xx.xx.2021-ci il tarixli cinayət işinin materialları ilə tanış etmə protokollarında Təqsirləndirilən şəxs imtina etməsi qeyd olunsa da onun müdafiəçisi Abşeron rayon vəkil Bürosunun vəkili X3 imzası vardır. Lakin, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/1477 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə dövlət sərhədindin hərəkəti barədə İAMAS bazasında xx.xx.2021-ci il tarixdə məlumat qeydə alınmışdır. xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə Abşeron RPİ-nin İŞnin müstəntiqi X9 tərəfindən istintaq hərərkətlərinin aparılmasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X7 ilə birlikdə iştirak etməmişdir. Qeyd olunan hallardan müəyyən edilir ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, X9 faktiki olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması, cinayət işinin materialları ilə tanış olmasını təmin etməyərək onun hüquqlarını pozmuşdur. Belə ki, CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 91.5.22-ci maddəsində əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, təqsirləndirilən şəxsin ibtidai istintaqın qurtarması barədə məlumatlandırılması və cinayət işinin materialları ilə tanış olması onun hüquqları olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, X9 tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokollar tərtib edib (təqsirləndirilən şəxs ölkə hüdudlarından kənarda olduğu halda) iş üzrə istintaqı yekunlaşdırmışdır. Halbuki sorğu verilərək alınmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli 33/1477 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-nin inzibati binasında olmamış və həmin tarixlərdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X9 tərəfindən istintaq hərərkətlərinin aparılmasında vəkil X7 ilə birlikdə iştirak etməməsi müəyyən edilmişdir. Bauna baxmayaraq, müstəntiq tərəfindən təqsirləndirilən şəxs ölkə hüdudlarından kənarda olduğu halda guya iş materialları ilə tanış olması və imza etməkdən imtina etməsi barədə protokol tərtib edilmişdir. Göstərilən həmin hal xx.xx.2021-ci il tarixli “ibtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxs və onun hüquqlarının müdafiəçisinə elan edilməsi haqqında”, eləcə də xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolların formal olaraq tərtib olunmasını və həmin tarixlərdə təqsirləndirilən şəxsin ölkə hüdudlarından kənarda olmasına, müstəntiq və müdafiəçinin isə Abşeron RPİ-in inzibati binasında olmayaraq göstərilən istintaq hərəkətlərinin aparılamamasına dəlalət edir. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirən Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, X9 tərəfindən Cinayət-Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır, eləcə də, vəkil barəsində qeyd olunan pozuntu ilə bağlı təqdimatla Vəkillər Kollegiyasına müraciət edilməlidir. CPM-nin 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün);... CPM-nin 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—288-ci maddələrinin tələblərinin pozulması kobud prosessual pozuntu hesab edilir. Məhkəmə qətimkan tədbirinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Beləliklə, məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284—286-cı maddələrinin tələbləri pozulduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır, eləcə də, vəkil barəsində qeyd olunan pozuntu ilə bağlı təqdimatla Vəkillər Kollegiyasına müraciət edilməlidir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə qətimkan tədbirinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289, 299, 300, 303.1, 303.3.6 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-5/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-5/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver