Məhkəmə qərarları › İş №1(012)-500/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-500/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-500/2020 25.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsil ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu Şahid5 icarəyə götürərək işlətdiyi Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən idman zalının faktiki sahibi olan Zərərçəkmiş şəxs2 Şahid5 həmin idman zalından hansı səbəbdən çıxartmaq istəməsini aydınlaşdırması məqsədilə tanışı X9 ilə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ərazisində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26-cı km-də yerləşən Zərərçəkmiş şəxs3 işlətdiyi “Avropa” kafesində görüşə çağırmış və həmin gün saat 23 radələrində restoranın 4 nömrəli kabinetində o, Zərərçəkmiş şəxs2lə ikilikdə söhbət edən zaman, aralarında şəxsi münasibətlər zəminində yaranmış sözlə mübahisə qarşılıqlı dava-dalaşa çevirildikdən sonra, həmin kabinetdə yaranan səs-küyə kafedə olan çoxsaylı müştərilərlə yanaşı oraya Kamran Xəlilov əvvəlcədən üzərində qanunsuz olaraq gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik Kalaşnikov avtomatları üçün nəzərdə tutulmuş hərbi təyinatlı süngü bıçağı ilə silahlanıb gəldikdə, o, Kamran Xəlilovla bir qrup şəxs halında birləşib, əsaslı səbəb olmadan kafedə olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün, özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Kamran Xəlilov istifadə etdiyi soyuq silah hesab edilən bıçağın əl tutan hissəsinin arxa tərəfi ilə Zərərçəkmiş şəxs2 sağ gicgah nahiyəsindən bir dəfə vuraraq, ona sağ gicgah nahiyəsinin sıyrığı, o, isə sonuncunun boyun nahiyəsinə bir dəfə yumruqla vuraraq, ona sağ körpücüküstü nahiyənin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, onun bu qərəzli xuliqanlıq hərəkətləri nəticəsində kafenin 01 ədəd 2 manat dəyərində külqabısı sınmaqla Zərərçəkmiş şəxs3 həmin məbəlğdə maddi ziyan dəymiş və 20-30 dəqiqə ərzində davam etməklə «Avropa» kafensinin normal iş fəaliyyəti, orada olan şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, evli olmasına baxmayaraq Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə verdiyi obyektdə kikboks fitnes dərsi keçən Səmihə adlı qadınla yaxın münasibəti var. Orxanı eyni qəsəbədə yaşayan biri kimi tanısa da, sonuncu ilə yaxın münasibəti olmamışdır. Şahid5 Orxandan icarəyə götürdüyü yerə ayda 400 manat pul ödəyir. xx.xx.2019-cu il tarixdə Səmihə gecə saatlarında «Whatsapp»-da ona yazaraq Orxanın onun üstünə qışqırdığını, işlədiyi yerdən çıxardacağını bildirmiş, o, Səmihəyə işi həll edəcəyini, yəni Orxanla danışacağını demiş, sonra Orxanla «Whatsapp»-la danışaraq, ondan Səmihəni obyektdən çıxarmasının və üstünə qışqırmasının səbəbini soruşmuş, Orxan ona başından böyük danışdığını, Səmihənin üstünə heç kimin qışqırmadığını, əksinə Səmihə onun üstünə qışqırdığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Dağıstandan Bakıya qayıdan zaman Xaçmaz rayonunu keçəndən sonra Orxana zəng edərək harada olduğunu soruşmuş, sonuncu ona Müşfiqabad qəsəbəsində olduğunu bildirmiş, o, qəsəbəyə çatmağa az qalmış tanışı Cavanşirə zəng edib harada olduğunu soruşmuş, sonuncu ona Oktayla birlikdə oturub “Avropa” kafesində yemək yediklərini bildirmiş, təxminən 15-20 dəqiqədən sonra o, həmin restorana çatmış, Oktayla Cavanşir kafeyə girən kimi yan-yana olan kabinetdən birincisində oturub söhbət edirmişlər. Təxminən 10-15 dəqiqə sonra Kamran da içəri girmiş, həmin zaman o, Kamranın üzərində hər hansı bir bıçaq və silah görməmiş, ancaq əvvəllər Kamranın üzərində həmişə bıçaq görmüşdür. Təxminən Kamrandan 15 dəqiqə sonra da Orxan təklikdə içəri girib hamı ilə, o cümlədən Kamranla da əllə görüşüb və ona “Valeh, səni bir dəqiqə olar?” sözlərini demişdir. Sonra o, Orxanla birlikdə 4 nömrəli kabinetə keçmiş, orada ikisi oturub söhbət etmişlər. O, Orxana «nə məsələdir, obyektdə su axıtması kranlıq deyil, prefarator gətirib divarı söküb düzəldərəm» sözlərini deyəndən sonra, Orxan ayağa durub qışqıra-qışqıra “yığın şələ-şülənizi, obyektdən çıxın, heç nə lazım deyil, pozuluşduq” sözlərini deyəndə, o, Orxana qışqırmamasını, səbrli olmasını demiş, bu zaman çöldən hay-küyə Orxanın qardaşı Anar, tanışları Kamran, Oktay və Cavanşir gəlmişlər. Birinci içəri Kamran keçmiş, Kamranın əlində bıçaq olduğuna görə, qapının içəri tərəfdən girişində ayaq üstə olan Anar Kamranın arxadan qollarını tutmaq istəmiş, ancaq Kamran əlindəki bıçağın arxası ilə Anarın sağ gicgah tərəfindən vurmuş, Kamran əlindəki bıçaqla Orxanın üzərinə hücum edəndə, Orxan bunu görüb Kamranın üzərinə getmiş və bir-birlərilə əlbəyaxa olub yerə yıxılmışlar. Bu zaman yıxılı vəziyyətdə olan Kamran bıçağın arxası ilə Orxanın başına iki dəfə zərbə vurmuş, o, ayaq üstdə Orxana tərəf əyilib sonuncunun gödəkçəsinin boyun nahiyəsindən özünə tərəf dartıb Orxanın boynundan sağ əli ilə bir dəfə yumruq zərbəsi vuranda, o silah səsi eşitmiş və silahdan açılan atəş Kamranın ürək nahiyəsindən dəymişdir. Silah səsi eşidən kimi otaqda olan hamı çölə qaçmış, Kamran isə vurulduğu yerdən bir neçə metr irəli gəlib çöldə yelləncəyin yanında yerə yıxılmışdır. Orxan əlindəki silahla hadisə yerində avtomobillərin dayanacağına tərəf qaçmışdır. Onun özü də oradan birinci uzaqlaşmış, sonra Oktay ona «Kamran vuruldu, aparaq xəstəxanaya» sözlərini dedikdən sonra Cavanşir və Oktay sonuncunun maşını ilə X11 Mərkəzə, yəni “Semaşko” xəstəxanasına aparmışlar. Sonda o, ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslərin müəyyən hissəsinin ondan şikayət və tələbinin olmamasını əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncu ilə dostluq münasibətlərində olmuşdur. Müşfiqabad qəsəbəsində olan 120 kv/m obyektini Valehin qeyri-rəsmi yaşadığı Səmihə adlı şəxsə aylıq 400 manat məbləğində icarəyə verirmiş. xx.xx.2019-cu il tarixdə həmin obyektin yanından keçən zaman obyektə gedən su xəttinin qidroforunun öz-özünə işlədiyni görmüş və xətdə sızma olduğunu başa düşmüş, bu səbəbdən Səmihə adlı qadına zəng vuraraq ya problemi həll etməsini ya da zalı təhvil verməsini bildirmiş, bundan sonra Səmihə onunla olan söhbəti Valehə çatdırmağı ona məlum olmuş, Valehdə ona xx.xx.2020-ci il tarixdə zəng vuraraq Müşfiqabad qəsəbəsində yol kənarında yerləşən «Avropa» kafesinə dəvət etmiş, o, «Avropa» kafesinə gəldikdə Valehin orada oturub tanımadığı şəxslərlə çay içdiyini görmüş, o, həmin şəxslərlə görüşüb onların yanında əyləşmiş, bundan bir neçə dəqiqə sonra o, Valehlə orada olan şəxsləri narahat etməmək üçün yaxınlıqda olan 4 nömrəli kabinetə keçmişlər. Həmin kabinetdə Səmihənin zaldan çıxarılması ilə bağlı söhbət edən zaman, kabinetə heç bir əsas və səbəb olmadan sonradan adını bildiyi Kamran Xəlilov kabinətə daxil olmuş, içəri daxil olan zaman Kamran onun üzərinə hücum çəkmiş və əlində olan əşya ilə onun baş nahiyəsinə zərbə vurmuş, içəridə olan dava-dalaş zamanı ona çoxlu sayda təpik və yumruq zərbələri dəymiş, o, həmin zərbələrin hansını Valeh, hansını Kamran tərəfindən vurulmasını görməmiş, həmin zaman yalnız özünü müdafiə etməyə çalışmışdır. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2019-cu ilin mart ayından Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində yolun kənarında yerləşən “Avropa” kafesini təmir edərək işlətməyə başlamış, hal-hazırda kafe rəsmi olaraq ona məxsusdur, kafenin torpağının çıxarışı rəsmi olaraq baldızına məxsus olsa da, ona etibarnamə ilə həvalə etmişdir. Kafenin 3 nəfər işçi 2 aşbaz, 1 xadimə və 1 ofisiantdan ibarət işçi heyəti var. xx.xx.2019-cu il tarixdə saat təxminən 23 radələrində o, kafenin mətbəxində oturan zaman əvvəllər tanıdığı Orxan adlı şəxsin tanımadığı şəxslərlə kafeyə gəlib çay sifariş vermişlər. Həmin şəxslər kafedə olan kabineti 1 manat çaydan ötrü məşğul etdikləri və onların bezərək çıxıb getmələri üçün kafenin işçiləri belə müştərilərə çayı gec aparmışlar, o, mətbəxdən çölə çıxan zaman, 4 saylı kabinetdən iki-üç nəfərin çölə çıxaraq qaçıdqlarını görmüş, bundan əlavə kabinetdə olan şəxslər Orxanı kimlərləsə ayırmağa çalışmaq istədiklərini görmüş, Orxanın əlində həmin vaxt silah olmuş, Orxan həmin şəxslərin əlindən çıxaraq, silahını kabinetin giriş qapısına tuşlayaraq atəş açmış, həmin atəşdən sonra kabinetin içərisindən bir nəfər əvvəllər tanımadığı şəxs çölə çıxmış və bir neçə addım atdıqdaq sonra yerə yıxılmış, bundan sonra o, hadisə barədə dərhal hüquqmühafizə orqanlarının əməkdaşlarına məlumat vermiş, hadisə təxminən 5-10 dəqiqə davam etmiş və bu zaman digər kabinetlərdə olan müştərilər dərhal qorxu içərisində oranı tərk etmişlər. Hadisə zamanı otaqda olan bir ədəd külqabının sınması nəticəsində ona 2 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Orxan xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində onun mobil telefon nömrəsinə zəng etmiş və onun harada olduğunu soruşduqda o, Müşfiqabad qəsəbəsində “Mədəniyyət evi”-nin qarşısında olduğunu demiş, Orxan isə ona ofisdə Valeh adlı şəxslə problemi olduğunu bildirmişdir. Həmin gün, yəni xx xxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində narahat olduğu üçün Orxana zəng etmiş, sonuncu bir neçə dəfə onun zənginə cavab verməmiş, daha sonra isə Orxanla əlaqə saxlaya bilmiş və sonuncu ona “Avropa” kafesinə getdiyini dedikdə o, avtomobilinə əyləşib “Avropa” kafesinə getmiş, təxminən 10 dəqiqə sonra həmin kafeyə çatmış, kafeyə çatdığı vaxt həyətdə bir nəfər ağ köynəkli, 25-30 yaşlarında tanımadığı kişini, onun yanında başqa bir kişini görmüş və onlarla salamlaşmış, elə bu zaman kafenin kabinetlərindən birindən qışqırıq səsi gəlmiş və yanında duran ağ köynəkli, sonradan adının Kamran olduğunu bildiyi şəxs qaçaraq həmin kabinetə getmiş, o da Kamranın arxasınca getmişdir. Kabinetin qapısına çatdıqda Kamranın sağ əlində bıçaq kabinetdə stolun baş hissəsində oturan Orxana tərəf getdiyini görmüş, o, Kamranı saxlamaq üçün əlindən tutan zaman sonuncu bıçağın arxa hissəsi ilə onun baş nahiyyəsindən zərbə endirmiş, elə həmin an gicgahında şiddətli bir ağrı hiss etmiş və yerə yıxıldıqdan sonra ona yerdə bir neçə təpik zərbəsinin vurulduğunu da hiss etmiş, çox az bir müddət özündə olmamış və huşunu itirmiş, özünə gəldikdə qışqırıq səsləri eşitmiş və kabinetin qarşısında Kamranın yerə yıxıldığını görmüş, bundan sonra o, qardaşı Orxanı ora yığışan insanların arasından çıxarmaq üçün qardaşını tutub avtomobilinə doğru aparmış, daha sonra qardaşı Orxana təslim olmaq lazım olduğunu bildirmiş, lakin sonuncu bir saatdan sonra özü təslim olacağını demiş, o, qardaşı Orxanı Mədəniyyət evinin qarşısında düşürmüş və daha sonra qardaşının polis orqanlarına təslim olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2005ci ilin may ayında Hindistan vətəndaşı X6 ilə ailə həyatı qurmuş, bu nikahdan onların 3 övladı dünyaya gəlmiş, 2014-cü ildə Yasamal rayon Məhkəməsinin qətnaməsi əsasən onlar arasında bağlanmış nikahları pozulmuş, 1999-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Nikahları pozulduğu gündən üç övladı onunla birlikdə yaşadığı üçün 2014-cü ildən idman müəlliməliyi ilə məşğul olaraq övladlarını böyüdür. Zərərçəkmiş şəxs2 2019-cu ilin may ayından tanıyır. Müşviqabadda azyaşlı uşaqlara pul müqabilində idman dərsləri verdiyi üçün bir ədəd idman zalına ehtiyacı olmuş, bu səbəblə tanışları Müşviqabad sakini Zərərçəkmiş şəxs2 274 nömrəli məktəbin yanında bir ədəd obyekt icarəyə verdiyini söylədikdə yuxarıda qeyd olunan tarixdə obyektə baxmış və idman zalı kimi icarəyə götürməyi qərara almış, Zərərçəkmiş şəxs2lə şifahi icarə müqaviləsi bağlamış və hər ay 400 manat icarə haqqı verməyi öhdəsinə götürmüşdür. Təxminən 6 ildir Müşviqabad sakini Təqsirləndirilən şəxsla qeyri-rəsmi yaşayır və hər dəfə bir çətinliyə düşdükdə Valehə müraciət edir. Obyekti icarəyə götürdüyü gündən obeyktin su borusunda problem olmuş, Orxan bu hissəni düzəltdirməyi tapşırsa da, bunun üçün vaxtı olmadığını, Orxanın özünün düzəltdirməsini xahiş edərək pulunun özü tərəfindən veriləcəyini bildirmiş, Orxan aqressiv insan olduğu üçün əvvəllər onunla bir neçə dəfə xırda problemi olmuş, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Orxan istifadəsində olan mobil telefonuna zəng edərək su sızmasını aradan qaldırdığını bildirərərək ona minnət vuran sözlər demiş, o, isə Orxana cavabında icarə haqqını tam ödədiyini və su sızmasının oranı icarəyə götürdüyü gündən olduğunu Orxana demiş, evə gəldikdən sonra “Whatsapp”a Orxan su borusunun düzəldilmiş hissəsinin şəklini çəkərək ona göndərdiyini görmüş, “Whatsapp” danışıqları zamanı Orxanla aralarında mübahisə yaranmış və sonuncu zəng edərək zalı tərk etməsini tapşırmış, Orxana icarə haqqında heç bir probleminin olmadığını bildirmiş, lakin Orxan ondan təkidlə idman zalını boşaltmasını istədikdə həmin gün Valehə zəng edərək Orxanla aralarında olan söhbəti ona bildirmiş, Valeh isə cavabında Orxanla yaxın olduğunu və problemi həll edə biləcəyini demişdir. Valehlə axırıncı danışığı bu olmuş, bundan sonra sonuncu ilə əlaqə saxlaya bilməmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Valehin anası Rasimə zəng edərək onu təhqir etmiş və oğlunun başını xətaya saldığını bildirmiş, daha sonra Valehin bacısı Səidə xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında Orxanın Kamranı pnevmatik tapança ilə öldürdüyünü və Valehin də həmin vaxt orada olduğunu dedikdən sonra Orxanın Kamranı öldürdüyünü bilmiş, əlavə olaraq X7 dostu kimi bir neçə dəfə sonuncunun yanında görmüşdür. Onun Kamranla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdən Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən “Avropa” kafesində aşpaz kimi fəaliyyət göstərir. Orada həm aşpaz həm də bəzən, həm də müştəri çox olanda ofisant kimi fəaliyyət göstərir. “Avropa” kafesində 8 ədəd müştərilərin oturması üçün kabinet var. Bu kabinetlərdən 1-ci, 2-ci, 3-cü və 4-cü kabinetlər kafenin həyətində 1cisi mətbəxə bitişik formada üzü mətbəxə baxdıqda sağdan sola doğru sıralanır. Kabinetlərin eni 4 metr uzunluğu isə 6 metrdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində tanımadığı 3-4 kişi “Avropa” kafesinə gəlmiş və mətbəxə gələrək çay sifariş vermişlər, bunu ofisiant Şahid1 çay dəmlədiyini görəndə bilmiş, çay sifariş verdikdən sonra onlar 4-cü kabinetə getmişlər. Onlarla birlikdə kafeyə təxminən 15 nəfər kişi də gəlmiş, lakin onlar heç bir sifariş verməmiş və kafenin həyətində gəzişməklə məşğul olmuşlar. Həmin vaxt 25-30 yaşlarında bir kişi də kafenin həyətində gəzişmiş, həmin kişinin əynində boz köynək, papaq olmuş, həmin vaxt 3-cü kabinetdə oturan 3 nəfər müştəriyə xidmət göstərmiş, masa üzərində olan qab-qacağı yığışdıran vaxt 4-cü kabinetdə dava-dalaş səsi eşitmiş, 3-cü kabinetdən çıxıb mətbəxə getmiş və qab-qacağı mətbəxə qoyduqdan sonra geri qayıtmış, 4-cü kabinetin qapısında içəri baxdıqda 7-8 nəfərin 4-cü kabinetin içərisində qışqıraraq mübahisə etdiklərini görmüş, qorxaraq 4-cü kabinetin yanında yerləşən ayaqyolunun yanından keçərək ağaclar olan yerə qaçmış, elə bu zaman odlu silahdan atıldığını güman etdiyi bir güllə səsi eşitmiş, güllə səsindən sonra daha da qorxmuş və digər kabinetlərin qabağından mətbəxə gəlmiş, həyətdə gəzişməklə məşğul olan insanlar da güllə səsinə görə 4-cü kabinetin qabağına getmişlər, daha sonra 4-cü kabinetdə olan insanlar çıxmağa başlamışlar, mətbəxin qabağında olarkən kabinetin içindən çıxan iki nəfəri daha aydın müşahidə etmiş, həmin iki nəfərdən biri kafenin həyətində gəzişən 25- 30 yaşlarında kişi olmuş, sonuncunun sağ əlində bıçaq olduğunu da görmüş, həmin şəxs 4-cü kabinetin qapısından təxminən 2-3 metr aralıda yerləşən yelləncəyin yanında üzü üstə yerə yıxılmış, daha sonra orada olan şəxslər yıxılan kişini götürüb həmin vaxt kafedə olan müştərilərdən birinin dövlət qeydiyyat nişanını bilmədiyi “BMW” markalı qara rəngli avtomobilinə aparmışlar, həmin vaxt yıxılan şəxsin sinəsinin sol hissəsindən yaralandığını və həmin yerdən qan axdığını görmüş, güllə atılan vaxt qorxduğu və qaçdığı üçün güllənin kim tərəfindən atıldığını görməmiş, lakin güllənin səsindən onun tapança vasitəsi ilə atıldığını güman etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan rayonu, Nəriman kənində qeydiyyatda olmaqla yaşayır, 2016-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, 2018-ci il tarixində xidmətini başa vurmuş, atası usta kimi fəaliyyət göstərir, həqiqi hərbi xidmətdən qayıdandan sonra atası Amil Baxışovun yanında fəhlə vəzifəsində işləmiş, bir müddət fəhlə kimi işlədikdən sonra maddi vəziyyətinin zəif olduğunu bilən dayısı oğlu Dilavər Babazadə ilə söhbət zamanı ondan ofisiant işləyə bilərmi - deyə soruşmuş və ona müsbət cavab vermiş, 2019-cu ilin təxminən avqust ayının ortalarından dayısı oğlu Dilavərin ofisiant işlədiyi, Abşeron rayonu, Müşviqabad qəsəbəsi Baki-Şamaxı yolunun kənarında yerləşən “Avropa” kafesində ofisiant kimi fəaliyyət göstərməyə başlamış, o, demək olar ki, hər gün səhər saat 09:00 da evdən, yəni yaşadığı Qobustan rayonu, Nəriman kəndindən çıxaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən işlədiyi restorana işə qəlir və gecə saatlarında axırıncı müştəri çıxandan sonra yaşadığı Qobustan rayonuna yol maşınları ilə qeri qayıdır, Müviqabad qəsəbəsində yaşamadığı üçün oranın sakinlərini tanımır və restorana qəlib gedən heç bir müştəri ilə səmimi münasibəti olmamış, yalnız işlədiyi restoranda beş ofisiant, iki aşbazdan ibarət heyəti tanıyır. xx.xx.2019-cu il tarixdə hər gün olduğu kimi səhər işə gəlmiş, həmin tarixdə təxminən saat 23 radələrində o, mətbəxdə çay dəmləmiş və təmizlik işləri görmüş, həmin radələrdə bir nəfər saqqallı oğlan mətbəxin qapısını acaraq harada oturacaqlarını soruşmuş və orada olan aşbaz əli ilə yer göstərərək orada boş kabinetlərin birində əyləşmələrini demiş, həmin saqqallı oğlan kabinetə çay gətiməyi deyərək gedəndən bir az sonra atəş səsi gəlmiş və onlar səsə kafenin həyətinə qaçaraq nə olduğunu bilmək istədikdə müdriyyəti Zərərçəkmiş şəxs3 onları mətbəxə keçmələrini demiş və özü də qorxudan atəş səsi gələn kabinetə tərəfə getməmiş, onlar atəş səsinə çölə çıxdıqda orada təxminən 4-5 nəfər adam olmuş və hərəsi bir istiqamətdə qaçmışlar, onlar atəş açan şəxsin kim olduğunu bilməmişlər, çünki ora artıq onlar çıxarkən çox qarışıqlıq olmuş, təxminən 5 dəqiqədən sonra onlar yenidən çölə çıxmış, yerdə bir nəfər şəxsin qana bulaşmış vəziyyətdə uzandığının şahidi olmuş və bir neçə nəfər tanımadığı şəxs onu qucaqlarına götürərək oradan aparmış və arxalarınca baxdıqda orada digər kabinetlərin birində yemək yeyən müştərilərin birinin markasını bilmədiyi avtomobilnə qoyaraq apardıqlarının şahidi olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, dostu Cavanşir Quliyevlə orta məktəbdə eyni sinifdə oxumuşlar. Hazırda Cavanşir ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində yaşayır. Cavanşirlə hələ də dost kimi münasibətləri davam edir. Cavanşir vasitəsi ilə Müşfiqabad sakini Valehlə və sonuncunun dostu Kamranla tanış olaraq onlarla da yaxın dostluq münasibəti olmuş, Müşfiqabad sakini kimi Orxanı da tanımış, lakin sonuncu ilə yaxın münasibəti olmamış, hadisə baş verən gün yəni xx xxxxxx 2019-cu il tarixdə dostu Cavanşirlə Pirəkəşkül qəsəbəsində yerləşən «Avropa» kafesində görüşməyi qərarlaşdırmışlar. Bu görüşləri də adi görüşlərdən biri olmuşdur. Saat 21 radələrində Cavanşirlə həmin kafedə görüşmüş, təxminən bir saat oturduqdan sonra təsadüfən Valeh də oraya gəlmiş və onlarla birlikdə oturmuş, Cavanşirlə tək olduğu vaxt isə təsadüfən Kamranla “Whatsapp”la əlaqə saxlamış və Kamrana kafeyə gəlməsini və onlarla birlikdə yemək yeməyini istəmişdir (Öz istifadəsində ********** mobil telefon nömrəsi, Kamranın istifadəsində isə ********** mobil telefon nömrəsi olmuşdur.). Kamran təkliflə razılaşmış və təxminən 22:30 radələrində gəlmiş, Kamran gəldikdən sonra dördü təxminən 15 dəqiqə birlikdə oturduqdan sonra isə Orxan oturduqları kabinetə gəlmiş və Valehi çölə çağırmış, oturduqları kabinet mətbəxlə üzbəüz yerləşən kabinetlər arasında olmuşdur. Orxan və Valeh üzr istəyib kabineti tərk etmiş, təxminən 2-3 dəqiqə sonra Kamran, Valeh və Orxan arasında dava düşəcəyindən narahat olaraq sonuncuların dalınca kafenin 4-cü kabinetinə getmiş, Kamran getdikdən təxminən 2-3 dəqiqə sonra güllə səsi gəlmiş və bundan sonra Cavanşirlə birlikdə çölə çıxmış, orada Kamranın 4-cü kabinetin qarşısında yerləşən yelləncəyin yanında yerə yıxıldığını və ətrafda olan insanların sonuncunun başına yığışdığını görmüş, orada qarışıqlıq olduğuna görə Orxanın harada olduğunu və odlu silahın kim tərəfindən vurulduğu bilməmiş, o, Cavanşir, Valeh və ətrafda olan bir neçə şəxslə birlikdə Kamranı yaralı vəziyyətdə istifadəsində olan “BMW” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacaq hissəsinə yerləşdirmişlər. Maşında olarkən Kamranın sinə nahiyyəsindən yaralandığını və yaranın qanadığını görmüş, Valeh və Cavanşirlə birlikdə avtomobili vasitəsi ilə Kamranı xəstəxanaya aparmağı qərarlaşdırmışlar. Yolda olarkən dostum Çingiz Quliyevə zəng edərək olanları bildirmiş, sonuncu Kamranı Bakı Şəhəri X12 aparmağı məsləhət bilmiş, X11 Mərkəzə aparmış, orada həkimlər Kamranı müayinə etdikdən sonra sonuncunun artıq öldüyünü bildirmişlər. Kamranın yarasından axan qan avtomobilinin arxa hissəsinə də tökülmüş, o, güllənin kim tərəfindən atıldığını görməmiş, hadisədən sonra Orxanın Kamranı atəş açaraq öldürdüyünü eşitmiş, Kamran vurulmamışdan əvvəl baş vermiş münaqişənin şahidi olmamışdır. X10 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X10 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 2764 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətləri vardır:Alın nahiyəsinin sağ hissəsinin qançırı bərk küt əşya təsirindən törənmişdir, bel nahiyəsinin sol yarısının səthi kəsilmiş yarası iti kənara malik olan aşyanın (alətin) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin maddi sübutların ekspertizasının xx.xx.2020ci il tarixli, 616/2019-MKTŞ saylı rəyindən görünür ki, X5 məxsus köynəyin üzərində iki ədəd zədə aşkar olunmuşdur. Köynəyin ön orta səthində olan bir ədəd zədə odlu silah zədəsinin giriş dəliyidir, arxa sol səthində isə olan bir ədəd zədə çıxış dəliyi kimi qiymətləndirilir. Kamran Xəlilova məxsus sigər paltarlar üzərində əhəmiyyət kəsb edən hər hans bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı (idman oyunları üçün) dəyənəkdir və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış Kalaşnikov avtomatları üçün nəzərdə tutulmuş hərbi təyinatlı süngü bıçağıdır. Deşici-kəsici-qırxıcı xassəyə malik soyuq silah hesab edilir. Dəyənək və bıçağın üzərində sonradan təyinatın dəyişdirilməsi üçün heç bir əlavə və dəyişikilik aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş qara rəngli futilyar ekspertizaya təqdim olunmuş bıçağın qabı hesab edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 2698 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ gicgah nahiyəsinin sıyrığı, sağ körpücük üstü nahiyənin qançırı xəsarətləri küt əşyaların təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli, 2855 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ baldır nahiyəsinin sıyrığı xəsarəti küt əşyaların təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsil ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və onlar törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər İHB Qaradağ rayon MKTB MKİS tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 5d saylı, ev 89 mənzildə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxscinayət əməlinin qismən etiraf etməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərin bir hissəsnin ondan şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbətxarakterizəolunmasını onun cəzasınıyüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə törədilmiş ciayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və o cümlədən cəzanın onun islah olunmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, bu növ cəza təyin olunması qanuni əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra Abşeron RM-nin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunaraq həbsdən azad olunmuş, ev dustaqlığı qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılmış, xx.xx.2020-ci il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla cəmi 11 (on bir) 24 (iyirmi dörd) gün müddət çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdəvə ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 27 (iyiymi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 11 (on bir) 24 (iyirmi dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan və ya rəsmən təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar