Məhkəmə qərarları › İş №1(012)-500/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-500/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-500/2021 10.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsi, ev 13-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs 06.08.2021-ci il tarixdə Sumqayıt şəhərində olan zaman olduğu ünvanı dəqiq bilmədiyi üçün əri Təqsirləndirilən şəxs bu barədə dolğun məlumat verə bilməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qısqanaraq həmin tarixdə 17 radələrində birgə yaşadıqları ünvan 3 ünvanında sonuncuya iradını bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs kobud davranışları səbəbindən onunla əri Təqsirləndirilən şəxs arasında ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə sillə zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, hər iki göz ətrafı nahiyənin hematoması, sol yuxarı ətrafın və sol əlin yumşaq toxumalarının əziyindən ibarət sağlamlığına qəsdən Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, onlar rəsmi nikah əsasında 2007-ci il tarixdən ər-arvad münasibətində yaşayırlar və onların bu münasibətdən 3 azyaşlı övladı vardır. Şəfəq ilə münasibətləri həmişə normal olmuşdur və aralarında heç bir dava-dalaş baş verməmişdir. Lakin 06.08.2021-ci il tarixdə aralarında yanlış anlaşılma səbəbindən mübahisə baş vermişdir. Belə ki, Şəfəq həmin tarixdə Sumqayıt şəhərinə getmişdir. Bu zaman o, Şəfəqə zəng edərək olduğu yeri soruşduqda sonuncu ona dəqiq ünvan bildirməmişdir. Daha sonra o, Sumqayıt şəhərinə getmiş və Şəfəq olduğu yeri dəqiq bildirdikdən sonra o, Şəfəqi götürərək birgə yaşadıqları evə aparmışdır. Həmin tarixdə saat 17 radələrində birgə yaşadıqları evdə olan zaman yenidən Şəfəqdən olduğu yeri hansı səbəbdən dəqiq bildirmədiyini soruşduqda sonuncu ona aqressiv cavab qaytarmışdır. Bu səbəbdən Şəfəq ilə aralarında sözlə mübahisə yaranmış və daha sonra Şəfəqin ona irad bildirməsi səbəbindən o, əsəbləşib bir dəfə sillə ilə Şəfəqin sifət nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Şəfəq burun nahiyəsindən xəsarət almışdır. O, bundan sonra mübahisənin daha da böyüməməsi üçün evi tərk edərək getmişdir. Növbəti gün isə Şəfəq Sumqayıt şəhəri TTY xəstəxanasına müraciət etmiş və orada burun nahiyəsinin sındığı məlum olmuşdur. 09.08.2021-ci il tarixdə Şəfəq onun barəsində şikayət etmişdir İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızının ifadəsindən görünür ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Belə ki, onlar rəsmi nigah əsasında 2007-ci il tarixdən ər-arvad münasibətində yaşayırlar və onların bu münasibətdən 3 azyaşlı övladı vardır. Onun İsmayıl ilə münasibətləri həmişə normal olmuşdur. Lakin 06.08.2021-ci il tarixdə İsmayıl ilə aralarında yanlış anlaşılma səbəbindən mübahisə baş vermişdir. Belə ki, o, həmin tarixdə Sumqayıt şəhərinə getmiş, həmin zaman İsmayıl ona zəng edərək olduğu yeri soruşduqda o, oranı tanımadığı üçün düzgün ünvanı bildirə bilməmişdir. Daha sonra İsmayıla olduğu yeri dəqiq bildirmiş və sonuncu gələrək onu oradan götürmüşdür. Onlar daha sonra birlikdə yaşadıqları evə getmişdir. Həmin tarixdə saat 17 radələrində birgə yaşadıqları evdə olan zaman İsmayıl yenidən onunla bu barədə sözlə mübahisə etməyə başlamışdır. O, İsmayılın qısandığını görüb sonuncuya irad bildirdikdə İsmayıl əsəbi halda onun üzərinə gəlmişdir. Həmin zaman İsmayıl bir dəfə sillə ilə onun sifət nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən o, burun nahiyəsindən xəsarət almışdır. Növbəti gün isə Sumqayıt şəhəri TTY xəstəxanasına müraciət etmişdir. Orada burun nahiyəsinin sındığı ona məlum olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs qızı təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin МТЕ və PA ETT Birliyinin Abşeron rayon şöbəsinin 25.08.2021ci il tarixli 1887 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, hər iki gözətrafı nahiyənin hematoması, sol yuxarı ətrafın və sol əlin yumşaq toxumalarının əziyi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 06.08.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 16.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir qeyd aşkar olunmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qızı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs qızı ilə barışdıqlarını və aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul, Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 15 saat göstərdiyi hüquqi yardıma görə 90 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar