Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-500/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1995-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olmaqla Binəqədi rayonu, Mərkəzi Mədəniyyət evinin yaxınlığında fərdi evdə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,180.2.1,180.2.2 və 234.1-ci maddələri ilə xx.xx.1992-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 talama məqsədi ilə 29 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Tural” istirahət mərkəzinin ərazisində oturacağın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus üzərində 15 manat dəyərində ***-***-**-** saylı GSM mobil nömrəsi ilə işləyən 1500 manat dəyərində 256 GB yaddaşlı bir ədəd “İphone 14” markalı mobil telefonu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1515 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, 29 iyun 2024-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində 01 (bir) ədəd bükümdə 0,544 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə üzərində saxlamış və Sumqayıt şəhəri, Novxanı qəsəbəsindəki «Tural» istirahət mərkəzinin ərazisinə daşımış, 29 iyun 2024-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Tural” istirahət mərkəzinin yaxınlığında saxlanılmaqla Sumqayıt şəhər polis idarəsinə gətirilib həmin gün saat 18:40dan saat 19:10-dək polis idarəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin xeyli miqdarda 01 (bir) ədəd bükümdə 0,544 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, Sulutəpə dairəsi istiqamətində yolun sağ kənarı ilə piyada hərəkətdə olan X2 arxadan yaxınlaşaraq şalvarının sol arxa cibində saxladığı üzərində 17 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 50 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi və 15 manat dəyərində qoruyucu üzlüyü olan bir ədəd 420 manat dəyərində “Honor” markalı mobil telefonu, həmin telefonun qoruyucu üzlüyündə olan 390 manat nağd pul vəsaitini, həmçinin üzərində 50 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 5 manat dəyərində qoruyucu üzlüyü olan 145 manat dəyərində “Redmi” markalı mobil telefonu, həmin telefonun qoruyucu üzlüyündə olan 60 manat nağd pul vəsaitini açıq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 1152 manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, Sulutəpə dairəsi istiqamətində yolun sağ kənarı ilə piyada hərəkətdə olan X2 arxadan yaxınlaşaraq şalvarının sol arxa cibində saxladığı üzərində 17 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 50 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi və 15 manat dəyərində qoruyucu üzlüyü olan bir ədəd 420 manat dəyərində “Honor” markalı mobil telefonu, həmin telefonun qoruyucu üzlüyündə olan 390 manat nağd pul vəsaitini, həmçinin üzərində 50 manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 5 manat dəyərində qoruyucu üzlüyü olan 145 manat dəyərində “Redmi” markalı mobil telefonu, həmin telefonun qoruyucu üzlüyündə olan 60 manat nağd pul vəsaitini açıq talayıb, zərərçəkmiş şəxs X2 ümumilikdə 1152 manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,180.2.1,180.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü yalnız CM-nin 177.1-ci maddəsi ilə təqsirli bildiyi, digər maddələr üzrə özünü təqsirli bilmədiyini, təqsirli bildiyi ittiham üzrə zərərəçəkənə dəyən ziyanı ödədiyini bildirib, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.1,180.2.1,180.2.2 və 234.1-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında olarkən bir nəfər şəxsin küçədə getdiyini görmüş, həmin şəxsin əlində telefon olmuş və telefonda nəsə etmişdir. Daha sonra həmin şəxsin telefonu arxa cibinə qoyduğunu görmüş, o tanışı Vasifə demişdir ki, həmin şəxsin telefonunu götürüb qaçsınlar və satıb pul əldə etsinlər. Çünki, hər ikisinin pula ehtiyacı olmuşdur. Belə ki, onlar həmin şəxsə yaxınlaşaraq sonuncudan siqaret istədikdə həmin şəxs onlara “cibinizə siqaret alın qoyun” demiş və Ekoloji nəzarət postu istiqamətində hərəkətə başlamışdır. Bu zaman onlar həmin şəxsin arxasınca getməyə başlamış, Sulutəpə dairəsinə çatmamış Vasif irəlidə, o isə arxada olmaqla həmin şəxsin arxasıyca getmiş, bu zaman o arxadan həmin şəxsə yaxınlaşaraq arxa cibinə əl atmış və həmin cibindən iki ədəd mobil telefon götürərək Vasiflə qaçmağa başlamışlar. Bu zaman həmin şəxs uca səslə telefonlarını istəməyə başlamış, lakin ona məhəl qoymayaraq oradan qaçıb uzaqlaşmış, bundan sonra o, yaşadığı Binəqədi rayonundakı evə getmiş və bundan sonra Təqsirləndirilən şəxs2 də onun yaşadığı ünvana gəlmişdir. Orada olarkən götürdüyü 2 ədəd mobil telefonlardan birini satması üçün Vasifə vermiş, səhəri gün, yəni 23 oktyabr 2024-cü il tarixdə onda olan “Honor” markalı mobil telefonu Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan telefon dükanına 50 manata satmış və telefonun üzərində olan mobil telefon nömrəsini çıxararaq tullamışdır. Göstərmişdir ki, həmin telefonların kaburasında heç bir məbləğdə pul olmamışdır. Bundan başqa, göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroindən tüstüsünü qəbul etməklə istifadə edir. 29 iyun 2024-cü il tarixdə, təxminən saat 16 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğu zaman tanımadığı bir nəfər şəxslə təsadüfən tanış olmuş, həmin şəxslə söhbət zamanı narkoman olduğunu bilmiş və həmin şəxsdən istifadə etmək üçün heroin istəmişdir. Həmin şəxs də ona 20 manat pul müqabilində bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin vermişdir. Həmin şəxsdən aldığı heroini daha sonra istifadə etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş, bundan sonra Sumqayıt şəhəri, Novxanı qəsbəsində yerləşən “Tural” çimərliyinə getmiş, çimərlikdə olduğu zaman təxminən saat 17 radələrində oturacaqların birinin üzərində bənövşəyi rəngli “iPhone 14” markalı mobil telefonun olmasını görmüş və maddi imkanı yaxşı olmadığından həmin telefonu oğurlayaraq satmaq qərarına gəlmişdir. Buna görə də ətrafa nəzər yetirib yaxınlıqda ona və telefona diqqət yetirən heç kimin olmadığını gördükdən sonra cəld həmin telefonu götürüb içərisində özünə məxsus boz rəngli dəsmal və ağ rəngli mayka olan ağ rəngli sellofan torbaya qoymuş, sonra isə həmin yerdən uzaqlaşıb bir qədər kənarda oturmuşdur. Bir neçə dəqiqə orada oturduqdan sonra “Tural” çimərliyindən çıxıb evinə getmək qərarına gəlmiş və yolun kənarına çıxmış ki, avtobusa minib yaşadığı Bakı şəhərinə getsin. Avtobus gözlədiyi vaxt təxminən saat 17:30 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində olduğu zaman ona hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı bildirilmiş və hüquqlarının müdafiəsi üçün ona vəkillərin siyahısı təqdim olunmuş, o da vəkil Kərimxan Əsədovu seçdikdən sonra polis idarəsində, xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərimdə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərimdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o da qablaşdırmanı və protokolu imzalamışdır. O, “Tural” çimərliyindən çıxan zaman həyəcandan içərisində dəsmal, mayka və mobil telefon olan torba yadından çıxararaq çimərlikdəki oturacaqların birinin üzərində qalmışdır. Göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini şəxsi istifadə üçün əldə etmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində axtarış aparılmamış, həmçinin oğurladığı telefonun kimə məxsus olmasını bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında olarkən bir nəfər şəxsin küçədə getdiyini görmüş, həmin şəxs əlində telefon olmuş və telefonda nəsə etmişdir. Daha sonra həmin şəxs telefonu arxa cibinə qoymuş, tanışı olan Təqsirləndirilən şəxs1 ona demişdir ki, həmin şəxsin telefonunu götürüb qaçsınlar və satıb pul əldə etsinlər. Çünki, hər ikisinin pula ehtiyacı olmuşdur. Belə ki, onlar həmin şəxsə yaxınlaşaraq ondan siqaret istədikdə həmin şəxs onlara “cibinizə siqaret alın qoyun” demiş və Ekoloji nəzarət postu istiqamətində hərəkətə başlamışdır. Bu zaman onlar həmin şəxsin arxasınca getməyə başlamış, Sulutəpə dairəsinə çatmamış o irəlidə, Təqsirləndirilən şəxs1 isə arxada olmaqla həmin şəxsin arxasıyca getmişdir. Bu zaman Təqsirləndirilən şəxs1, arxadan həmin şəxsə yaxınlaşaraq arxa cibinə əl atmış və həmin cibindən iki ədəd mobil telefon götürərək onunla birlikdə qaçmağa başlamışdır. Bu zaman həmin şəxs uca səslə telefonlarını istəməyə başlamış, lakin ona məhəl qoymayaraq oradan qaçıb uzaqlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonundakı evə getmiş və bundan sonra o da sonuncunun yaşadığı ünvana gəlmişdir. Orada olarkən Təqsirləndirilən şəxs1 götürdüyü 2 ədəd mobil telefonlardan birini satması üçün ona vermiş, səhəri gün, yəni 23 oktyabr 2024-cü il tarixdə onda olan “Redmi” markalı mobil telefonu Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan telefon dükanına 30 manata satmış və telefonun üzərində olan mobil telefon nömrəsini çıxararaq tullamışdır. Göstərmişdir ki, həmin telefonların kaburasında pul olması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 götürdüyü telefonların kaburasında pul olması barədə ona heç bir şey deməmişdir. Zərərçəkmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən onu vurulmuş 1200 manat ziyandan 500 manatın ona ödənildiyini, lakin 700 manat ziyanın ödənilmədiyini, odur ki, işə onun iştirakı olmadan baxılmasını,təqsirləndirilən şəxslər barəsində ən ağır cəza verilməsini və ona dəyən 700 manat ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında (səh. 129) ibtidai istintaqda zərərçəkmiş X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, 1132 manat maddi ziyan tam olaraq ona ödənilmişdir, şikayəti, tələbi yoxdur. İbtidai istintaqda zərərçəkmiş qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində Binəqədi rayonundan iş yerindən çıxıb yaşadığı ünvana gedərkən Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında olarkən iki nəfər tanımadığı təxminən 30-35 yaşlı kişilər ona yaxınlaşaraq ondan siqaret istəmiş, o da həmin şəxslərə “cibinizə siqaret alın qoyun” demiş və Ekoloji nəzarət postu istiqamətində piyada hərəkətə davam etmişdir. Bu zaman arxaya baxdıqda həmin şəxslərin arxasınca gəldiyini görmüş, Sulutəpə dairəsinə çatmamış həmin şəxslərdən biri irəlidə, digəri isə arxada olmaqla gəlmiş, bu zaman arxadan gələn həmin şəxs anidən ona yaxınlaşaraq arxa cibinə əl atmış və cibindən iki ədəd mobil telefonunu götürərək qaçmağa başlamışdır. Bu zaman o həmin şəxsin arxasınca uca səslə çağıraraq telefonları istəməyə başlamış, lakin həmin şəxslər buna məhəl qoymayaraq oradan qaçıb uzaqlaşmışlar. Göstərmişdir ki, telefonlardan biri “Honor” markalı mobil telefonun öz qiyməti 420 manat olmaqla üzərində qiyməti 17 manat olmaqla ***-***-**-** və qiyməti 50 manat olan ***-***-**-** mobil telefon nömrələri, həmin telefonun üzərində 15 manat dəyərində kabura və kaburanın arxasında 390 manat nəğd pul olmuşdur. “Redmi” markalı mobil telefonun öz qiyməti 145 manat olmaqla üzərində qiyməti 50 manat olan ***-***-**-** mobil telefon nömrəsi, həmin telefonun üzərində 5 manat dəyərində kabura və kaburanın arxasında 60 manat nəğd pul olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 1.152 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə nəticəsində heç bir xəsarət almamış, işdən gecə saatlarında çıxdığına görə belə halların baş verə biləcəyindən qorxduğu üçün pulları gizlətmək məqsədi ilə kaburaların arxasına qoymuşdur. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17-18 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən "Tural" istirahət mərkəzinin ərazisindəki çimərlikdə olarkən özünə məxsus təxminən iki il əvvəl alaraq, həmin vaxtdanda istifadə etdiyi, hazırki bazar qiyməti təxminən 1500 (bir min beş yüz) manat təşkil edən 01 (bir) ədəd "iPhone 14" markalı, 256 MB yaddaş tutumlu mobil telefonu özünə məxsus digər geyim əşyaları ilə birlikdə dəniz kənarında qoyaraq dənizə daxil olmuşdur. Aradan təxminən 20-25 dəqiqə keçmiş geri qayıtdıqda isə özünə məxsus mobil telefonun oğurlandığını müəyyən etmişdir. Bundan sonra, səhəri gün hadisə barədə zəng vurub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, sonradan isə Sumqayıt şəhər Pİ-nə dəvət edilərkən ona məxsus mobil telefonun oğurlandığını bildirərək oğurluq hadisəsini törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini və ona məxsus mobil telefonun tapılaraq özünə qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Göstərmişdir ki, hadisə nəticəsində ona təxminən 1500 manat maddi ziyan dəymişdir. Həmin mobil telefonu təxmminən iki il əvvəl alaraq həmin vaxtdanda istifadə edir, həmin mobil telefonun hazırki bazar qiyməti təxminən 1500 manat təşkil edir, mobil telefon çəhrayı rəngli, 256 MB tutumlu olmuş, ona məxsus mobil kimin hansı şəraitdə oğurlaması barədə hər hansı məlumatı yoxdur, ona məxsus mobil telefon çimərlik ərazisindən dəniz kənarından oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis kapitanıdır. 29 iyun 2024-ciü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və tərəfindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Tural” istirahət mərkəzinin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs1 “Tural” çimərliyinin yaxınlığında olmasını görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində kriminalist Şahid3 video görüntüyə alması və müdafiəçi Kərimxan Əsədovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 özü əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olan şəffaf sellofan bükülünü və şalvarının sol arxa cibindən bir ədəd pul qabını çıxaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, sonuncunun üzərində başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Pul qabının içərisinə baxış keçirildikdə içərisindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamış, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə saxlanılmazdan əvvəl Sumqayıt şəhəri, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş həmin maddə elektron tərəziyə qoyulub çəkildikdən sonra ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparıldı və imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 və Şahid3 ifadələrində əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, 20 yanvar metrosu qarşısında yerləşən «Baksell» telefon alqı-satqı dükanını icarə əsasında işlədir. İşlədiyi dükanda vətəndaşlardan mobil telefonların alqısını və eyni ilə də satışını həyata keçirir. Vətəndaşlardan mobil telefonları şəxsiyyətlərini təsdiq edən sənəd əsasında qəbul edir. 23 oktyabr 2024-cü il tarixdə işlədiyi dükanda olmuş, həmin tarixdə təxminən saat 12:30 radələrində əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 adlı şəxs dükana yaxınlaşaraq özünə məxsus bir ədəd Honor markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin mobil telefon istifadə olunmuş mobil telefon olmuş, mobil telefonun işlək vəziyyəti tərəfindən yoxlanıldıqdan sonra telefonun qiymətini 100 manata razılaşmış və ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra kserosurəti çıxarıldmış və üzərinə təqdim edilən mobil telefonun modelinin «Honor X6» olduğu, qəbul etdiyi tarix xx.xx.2024cü il, mobil telefonun imei kodu 867 252 069 368 180 olması və həmin şəxsin ***-***-**-** mobil nömrəsi qeyd edilməklə imzası alınmış, daha sonra mobil telefonu həmin şəxsdən təhvil alıb 100 manat pulunu ödədikdən sonra çıxıb getmiş, bundan sonra həmin şəxs bir daha dükana gəlməmiş və onu sonradan görməmişdir. Göstərmişdir ki, «Honor X6» mobil telefonu Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldıqdan sonra satışa qoymuş və bir neçə gün sonra həmin mobil telefonu tanımadığı şəxsə satmışdır. «Honor X6» mobil telefonu Təqsirləndirilən şəxs1 adlı şəxs satılması üçün təqdim etdikdə həmin mobil telefonun özünə məxsus olduğunu və maddi vəziyyəti ilə əlaqədar satmaq istədiyini bildirdiyi üçün ondan şəxsiyyət vəsiqəsini qəbul edib mobil telefonu ondan almışdır. İstintaq zamanı zərərçəkmiş qismində tanınaraq dindirilmiş X3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş və onu ifşa etmişdir. İstintaq zamanı zərərçəkmiş qismində tanınaraq dindirilmiş X3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş və onu ifşa etmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı sonuncu istintaqa verdiyi ifadəsini hadisə yerində əyani olaraq göstərmiş və analoji ifadə vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/3418 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün №124” möşür əksi, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir büküm maddə” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 5030 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sintromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə aparılması haqqında Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 iyun 2024-cü il tarixdə, saat 17:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Tural” istirahət məkrəzinin yaxınlığında saxlanılmaqla şəhər polis idarəsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD diskə məhkəmədə baxış keçirilərək məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər Sumqşayıt ŞPİ-nin TŞ-nun təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 oğlu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükülüdə narkotik vasitə heroinə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, bükülünün içərisində olan narkotik vasitə heroindir və həmin heroini Novxanı qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata alıb üzərində saxlayıb gəzdirməsini bildirir. Video-görüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir Ekspertiza tədqiqatına təqdim edilmiş heroinin təmiz çəkisi 0,544 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq 0,494 qram. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 0,544 qram çəkidə narkotik vasitə heroin, bir ədəd DVD diski və bir ədəd «İphone 14» markalı mobil telefon sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,494 qram heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd «İphone 14» markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmış, bir ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,180.2.1,180.2.2 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli isə düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsi tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi özünün məhkəmədə qismən etirafı,zərərçəkmiş şəxslərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs2 əməli isə özünün məhkəmədə etirafı,zərərçəkmiş şəxsİn ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,180.2.1,180.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi iş materialları ilə təkzib olunur, özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinmiş və 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 3282 saylı “ƏHV” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməyən şəxs hesab edilməli və əməlində cinayətin residivi vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayətin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi və aradan qaldırması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, ağırlaşdıran hallar müəyyən edilmişdir. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,180.2.1,180.2.2 və 234.1cimaddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, ziyanın ödənilməsini, təyin edilmiş cəzanın məhkumu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,180.2.1,180.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalı və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğundan və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,494 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50(əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, ziyanın ödənilməsini, təyin edilmiş cəzanın məhkumu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, barələrində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanmışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan «ev dustaqlığı» qətimkan tədbirinin müddəti məhkəmə tərəfindən uzadılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu 30 oktyabr 2024-cü il tarixdə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə cəzasından həbsdə və ev dustaqlığında olduğu 03 ay müddət çıxılmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbsə alınmalı, cəzasının əvvəli isə hökmün çıxarıldığı 17 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli tutulduğu 28 fevral 2025-ci il il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 440(dörd yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 440(dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən onu vurulmuş 1200 manat ziyandan 500 manatın ona ödənildiyini, lakin 700 manat ziyanın ödənilmədiyini, odur ki, işə onun iştirakı olmadan baxılmasını,təqsirləndirilən şəxslər barəsində ən ağır cəza verilməsini və ona dəyən 700 manat ziyanın ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında (səh. 129) ibtidai istintaqda zərərçəkmiş X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, 1132 manat maddi ziyan tam olaraq ona ödənilmişdir, şikayəti, tələbi yoxdur. Qeyd edilənlərdən göründüyü kimi zərərçəkmiş X3 özü ərizə ilə ona dəyən ziyanın tam olaraq ödənildiyini bildirmişdir.Hazırkı halda qalan 700 manatın ödənilməsini tələb etsə də, bu barədə iddia ərizəsi və müvafiq dövlət rüsumu ödəməmişdir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2 maddələri ilə təqsirli bilinsin ona 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinsin ona 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplansın, ona qəti olaraq 04(dörd) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 gün müddət ona təyin ediln azadlıqdan məhrumetmə cəzasından çıxılsın, üzərində 04(dörd) il 05(beş) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi qalıq çəkisi 0,494 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50(əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 maddəsi ilə təqsirli bilinsin ona 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlğında olduğu 03 ay müddət ona təyin ediln azadlıqdan məhrumetmə cəzasından çıxılsın, üzərində 03(üç) il müddətə azalıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli həbsə alındığı 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 440(dörd yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 440(dörd yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-500/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-500/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver