Məhkəmə qərarları › İş №1(012)-505/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-505/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-505/2023 12.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Bağırlı İlahə Oruc qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Müşviq küçəsində yerləşən nömrəsiz fərdi evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəvz edilmiş, xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı1) daxil edilmiş bir ədəd bükümdə təmiz çəkisi 485,0 qram narkotik vasitə qurudulumuş marixuananı qanunsuz olaraq əldə edib Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 00:15-də Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Vahid küçəsi , “Şok” marketin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin altından həmin üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış bir ədəd rəngli selofan bükümdə təmiz çəkisi 485,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və 2 azyaşlı övladı vardır. Heç bir yerdə işləmir. Təxminən 10 il müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir və narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində onun, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbristanlığın yaxınlığında üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış bir ədəd rəngli selofan büküm diqqətini cəlb etmiş və o, sellofan bükümü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Bundan sonra o, həmin sellofanı əynindəki qara rəngli gödəkçənin altında gizlədərək hərəkətinə davam etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Şok market yaxınlığında iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını demiş və ondan gödəkçənin altında nə saxladığını soruşmuşlar. O da üzərində narkotik vasitə daşımağı barədə məlumat verdikdə polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və o, buna etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olnumuş, daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin altında saxladığı, içərisində narkotik vasitə marixuana olan bir ədəd üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə olan marixuana götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitə olan marixuananı xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Abşeron rayonu Masazır qəbristanlığı yaxınlığından tapmışdır və şəxsi istifadəsi üçün üzərimdə saxlamışdır. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan, bir ədəd üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış rəngli sellofan bükümü möhürləyib qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. O, narkotik vasitə marixuana aludəçisi olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisindəki qəbristanlıqdan tapdığı üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış rəngli sellofanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu dərhal bilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı özü istifadə etmək üçün üzərində daşıyaraq saxlamışdır. Həmin narkotik vasitə marixuananı əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi, Şok market yaxınlığında saxlanılan zaman, polis idarəsinə gətirilən zaman və polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron rayon polis idarəsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid, ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə xidmətdə olarkən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində cyerləşən “Şok” marketin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını və gödəkçəsinin altında nəsə gizlətdiyini görüb sonuncuya tərəf yaxınlaşmışdır. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində olan bağlamanın nə olduğunu soruşmuşlar. Bu zaman həmin şəxs üzərində şəxsi istifadəsi üçün istifadə etdiyi narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Abşeron RPİ-nin inzibati binasına gətirmişlər. Abşeron RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəri hissəsindən 01 ədəd rəngli sellofana bükülmüş bir bükümdə bitki mənşəli narkotik vasitə marixuanaya bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi rəngli sellofana bükülmüş bir büküm narkotik vasitə marixuanaya bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içəri hissəsindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Amin bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlə bitki mənşəli narkotik vasitə marixuanadır. Amin həmin narkotik vasitə marixuananı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbirstanlığı yaxılığından tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Aminə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Aztarış Şöbəsinin əməliyyat müvəkili baş leytenantı Zərərçəkmiş şəxs Əvsər oğlu ifadəsində Şahid dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 10 fevral 2023-cü il tarixli, 7/203 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” yazılar və imzalar olan kağız paketdə 1 üzəri skoşla bağlanmış rəngli sellofan bağlamada təmiz çəkisi 485 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 485 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 484,95 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 14 fevral 2023-cü il tarixli, 820 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə 10 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə saat 00:15 radələrində radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində DİN-nin Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb idarəsinin inzibati binasına gətirilmiş və saat 01:30 radələrindən saat 01:40 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin altından bir ədəd göy rəngli selofana bükülmüş narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin marixuananı Masazır qəsəbəsində qəbristanlıqda taparaq üzərində daşımış və öz şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin 13.102.2019-cu il tarixli hökmü ilə 01 il 11 ay 28 gün müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti baş çatmışdır. Məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023cü il tarixli diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin içəri hissəsindən bir ədəd rəngli sellofana bükülmüş narkotik vasitə marixuana aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə marixuana bükümü götürülmüşdür. Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Nurlan Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Faktla bağlı 10 fevral 2023-cü il tarixdə təhqiqatçı Nurlan Məmmədov tərəfindən ilkin araşdırma aparılaraq toplanmış cinayət işi üzrə araşdırma davam etdirilməsi üçün Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin tarixdə də cinayət işi üzrə araşdırmanın aparılması davam edilmişdir. 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət olunmuşdur. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 11 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə istintaqından yayındığından Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixdən tutularaq Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü Əli Talıbov adlı və xx.xx.2013-cü il təvəllüdlü Şahid Talıbov adlı 2 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv və məhkumluğu olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli həbs olunduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 1.148 qram narkotik maddə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 484,95 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar