Məhkəmə qərarları › İş №1(012)-507/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-507/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-507/2021 26.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, Abşeron rayon məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli hazırlıq ixlasında barəsində «həbs» qətimkan tədbiri və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Təzə Bazar adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı»na (Siyahı İ) daxil olan təmiz çəkisi 0, 267 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini özündə saxlamaqla daşımış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 iyul 2021-ci il tarixdə saat 21:20 radələrində Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 2 yaşayış kompleksinin ərazisində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarın sağ cibindən həmin narkotik vasitə 0,267 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31.07.2021-ci il tarixdə saat 21:20 radələrində yaşadığı binanın yəni Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron 2 yaşayış kompleksi, 4 nömrəli binanın qarşısında liftdən çıxan zaman iki nəfər mülki paltarda şəxs yaxınlaşaraq, özlərini polis işçisi kimi təqdim edib, qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib, onu Abşeron rayon polis idarəsinə dəvət etdilər. Orada onun hüquqlarımın müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Polis idarəsində olan xidməti otaqların birində üzərinə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman polis əməkdaşı tərəfindən ondan qanunla dövriyyəsi qadağan olunmuş əşya, predmet, narkotik vasitə olubolmaması sorğu olunmuşdur. O da əynində olan boz rəngli parça şalvarımın sağ cibində olan siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik maddə olan heroini təqdim etmişdir. Həmin bükümün içərisində olan narkotik maddəni 31.07.2021-ci il tarixdə saat 17 radələrində şəxsi istifadəsi üçün Abşeron rayonu, Xırdalan şəhəri, Təzə Bazar adlanan yerdə tanımadığı şəxdən 5 manata almışdır. Narkotik maddəni aldığı şəxsi tanımır. Ondan ilk dəfə idi ki, narkotik maddə almışdır. Həmin kişi cinsli şəxsi görən kimi hərətlərindən və xarici görkəmindən narkotik maddə satan birinə oxşatmış, bu səbəbdən yaxınlaşıb, narkotik maddə satıb satmadığını soğru etmişdir. O, da üzərində narkotik vasitə olduğunu bildirdikdə, ona pulu verib narkotik maddəni alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O da təxminən 1 ay olar ki, narkotik maddədən istifadə edir. Əvvəllər fasilə ilə bir neçə dəfə narkotik maddədən istifadə etmiş, 2008-ci il tarixdə narkotik maddəni üzərində gəzdirməkdə və istifadə etdiyinə görə məhkum olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş narkotik maddə qablaşdırılmış, idarənin 56 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərindən narkotik vasitə aşkar edilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsindən görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 iyul 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat Abşeron RPİnin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərinə getmiş və 31.07.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 21:20 radələrində Abşeron rayonu Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 2 yaşayış kompleksinin ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.1982-ci ildə Füzüli şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən gümüşü siqaret kağızına bükülmüş bir bükülünü çıxardaraq təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni 31.07.2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu Xırdalan şəhəri Təzə Bazar adlanan ərazidən tanımadığı şəxsdən 5 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükülüyə baxış keçirilmiş orada qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş, sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış narkotik vasitə heroinə bənzər maddəni üzərinə bütün iştirakçılar imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 digər Şahid1 dediklərini təsdiq edərək analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 avqust 2021-ci il tarixli, 6/3238 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №56» dairəvi möhür əksi, soyadlar və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,267 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.heroinin təmiz çəkisi-0.267 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.217 qram. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 14 avqust 2021-ci il tarixli, 2863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfeatminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 01.08.2021-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynində olan boz rəngli parça şalvarın sağ cibindən narkotik vasitə heroinə bənzər toz şəkilli qəhvəyi rəngli maddə aşkar edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 31.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və dərhal məhkəmə zalından azad edilmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, 01.10.2021-ci il tarixdə məhkəmə zalından həbs edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş 0,267 qram narkotik maddə heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,217 qram narkotik vasitə olan heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Füzuli şəhər İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Nəsimi rayonu, S.Rəhimov küçəsi, bina 152, 3 saylı evdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi baxılması üçün 09.07.2021-ci il tarixdə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Sumqayıt şəhər İcra və probasiya şöbəsinin 26.08.2021-ci il tarixli 3130 nömrəli məktubundan görünür ki, Abşeron rayon məhkəməsinin 23.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın 01 ay 01 günün çəkmiş, 04 ay 29 günü isə çəkilməmiş qamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş, cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini əməlindən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, himayəsində 21.01.2014-cü il təvəllüdlü Dəniz Əliyeva adlı azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanırr. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, məhkum Əliyev X2 Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 1(012)-448/2021 saylı hökmünə əsasən 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə həbs edilmiş, ona təyin edilmiş cəzanın 01 ay 01 gününü çəkmiş, 04 ay 29 gün isə çəkilməmiş olaraq qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Abşeron rayon Məhkəməsinin hökmü ilə 23.07.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 29 günü hazırki hökmlə təyin edilmiş cəzayla qismən toplanmaqla Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməlidir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs oğlu 31.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair təqdirmat təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 (iki) gün, eyni zamanda həbsdə saxlandığı 26 (iyirmi altı) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 28 (iyirmi səkkiz) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) ay 26 (iyirmi altı) gün müddət cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqın məhdudlaşdırılması cəzası təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon polis idarəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,217 qram olan narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə biloloji ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs oğlu məhkəmə istintaqında 20 (iyirmi) saat olmaqla, cəmi 120 ( bir yüz iyirmi) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğluna Abşeron Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzayla qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 27 (iyirmi yeddi) gün müddət nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət hazırki hökmdə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bak şəhər və Abşeron rayonunun hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,217 qram narkotik vasitə heroin müsadirə olunmaqla hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışı əks etdirən 01 (bir) ədəd “CD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ41NABZ********************) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqında 20 (iyirmi) saat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan və ya rəsmən təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar