Məhkəmə qərarları › İş №1(012)-507/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-507/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-507/2022 23.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, "xxxx" MMC-də sürücü işləyən, Bakı şəhəri Yasamal rayonu Şahbazi küçəsi ev 49/51-də qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi H.Əliyev küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi 16,483 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş narkotik vasitə qurudulmuş marixuananı 50 manata qanunsuz olaraq əldə edib, idarə etdiyi “Saturun Astra minik” markalı, 99SX443 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşımaqla saxlamış, 09 dekabr 2021-ci il tarixdə, saat 14:54-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 23,8-ci kilometrliyində 710 saylı Yol Patrul Xidməti postunda Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları tərəfindən idarə etdiyi “Saturun Astra minik” markalı, 99SX443 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılaraq Abşeron rayon Polis idarəsinin Qobu polis bölməsinə gətirilib və həmin tarixdə saat 20 radələrində avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa yük yerində bir ədəd göy rəngli sellofan torbada həmin narkotik vasitə olan 16,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təxminən bir ildir ki, narkotik vasitə olan marixuanadan hərdən qəbul edir. İstifadə etdiyi narkotik vasitələri əsasən Bakı şəhəri Yasamal rayonunun ərazisində tanımadığı şəxslərdən əldə edir. 08 dekabr 2021-ci il tarixdə, saat təxminən 12 radələrində Bakı şəhəri 20 yanvar metro stansiyasının yaxınlığında olarkən təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə marixuana istəyib-istəmədiyini ondan soruşmuş, o, da həmin şəxsə narkotik vasitə olan marixuana almaq istədiyini bildirmişdir. Həmin şəxs ona bir ədəd göy rəngli sellofan torbada narkotik vasitə olan marixuana vermiş və o, da həmin şəxsə 50 manat pul vermişdir. Aldığı narkotik vasitəni idarə etdiyi “Saturun Astra” markalı, 99SX443 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyub və ondan bir ədəd siqaretə doldurub çəkmiş, qalanlarını da avtomobildə saxlayırmış ki, özü üçün istifadə edəcək. 09 dekabr 2021-ci il tarixdə, təxminən saat 14:30 radələrində idarə etdiyi avtomobillə Bakı-Şamaxı yolun 23-cü kilometrliyində yerləşən 710 saylı YPX postunda yol hərəkəti qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan sərxoş olub-olmadığını soruşmuşlar, o, sərxoş olmadığını bildirmişdir. Sonra YPX-nin əməkdaşları onun narkotik vasitələrdən qəbul etməyindən şübhələnib onu Sumqayıt şəhər Narkoloji dispanserinə müayinədən keçməyə aparmışlar.O, narkoloji müayinədən keçəndən sonra narkotik vasitədən qəbul etməyi məlum olmuşdur. Bununla bağlı barəsində inzibati protokol tərtib edilmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına idarə etdiyi avtomobildə narkotik vasitə marixuana olduğunu etiraf etmişdir. YPX-nin əməkdaşları onu avtomobili ilə birlikdə Abşeron rayonu Qobu PB-nə aparmışlar.Polis Bölməsinə gəldikdən sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir.O, üzərində qanunla saxlanılması qadağan olunan heç bir əşya olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərimdə saxlanılması qadağan olunan heç bir əşya aşkar edilməmişdir. O, polis əməkdaşlarına idarə etdiyi avtomobildə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Ondan sonra avtomobilinə baxış keçirilmiş və avtomobilinin arxa yük yerində saxladığı bir ədəd göy rəngli torbadakı narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilmiş, həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, həmin narkotik vasitəni 08 dekabr 2021-ci il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyulmuş, zərf möhürlənmiş və baxışda iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Qeyd etmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün əldə etmiş və həmin məqsədlə üzərimdə gəzdirirmiş, narkotik vasitə əldə etdiyi həmin şəxsin şəxsiyyətini bilmir, həmin şəxs təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır.hazırda əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid1 Xəqani oğlunun elan edilmiş ifadəsindən görünür ki, o, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin YPXA-nın 3-cü Tağımın YPXB inspektor işləyirəm və 710 saylı stasionar postunda xidmət edir. 09 dekabr 2021-ci il tarixdə, saat 14:54 radələrində iş yoldaşı Orxan Sadıxov ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23.8-ci kilometrliyində, yəni 710 saylı stasionar postunda xidmət aparan zaman “Saturun Astra minik” markalı, 99SX443 dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydasını pozduğuna görə tərəfindən saxlanılmışdır. Sürücü Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və onunla söhbət zamanı onun avtomobili sərxoş vəziyyətdə idarə etməsindən şübhələnmişlər və həmin sürücünü Sumqayıt şəhərində yerləşən narkoloji dispanserə aparıb müayinədən keçirmişlər və məlum olmuşdur ki, həmin şəxs narkotik tərkibli maddələrdən qəbul etmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs özü də bildirmişdir ki, həmin gün saat 11 radələrində narkotik vasitə olan qurudulmuş marixuanadan qəbul etmiş və avtomobilində də bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana vardır. Bununla bağlı məlumatı rəhbərliyə məruzə etmişlər və Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Qobu polis bölməsinə aparıb təhvil vermişlər. Onların işitirakları ilə təhqiqatçı tərəfindən həmin avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerində bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan marixuandır və bir gün əvvəl əldə etmişdir.Aşkar edilmiş həmin kütlə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu və zərfi imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 Xəqani oğlunun ifadəsində göstərdiyi xüsussatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, 7/1268 saylı məhkəmə-biloloji ekspertizasının rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 16,483 qram olam bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın 03 iyun 2022-ci il tarixli, 2945 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qalıq qalan təmiz çəkisi 16,463 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və narkotik vasitə saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi zərurəti yaranmış, lakin Təqsirləndirilən şəxs istintaq şöbəsinə gətirilməsi üçün bir sıra tədbirlərin keçirilməsinə baxmayaraq onun istintaq şöbəsinə gətirilməsini təmin etmək mümkun olmamış və o, istintaqdan gizləndiyinə görə 10 fevral 2022-ci il tarixdə barəsində axtarış elan edilərək həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə könüllü olaraq istintaq şöbəsinə gəldiyi üçün həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmiş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında bir ədəd SD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “Saturun Astra minik” markalı, 99SX443 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Sadıxov X3 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 16,463 qram marixuana məhv edilməlidir. İş üzrə 72 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Sadıxov X3 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 16,463 qram marixuana məhv edilsin. İş üzrə 72 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar