Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-510/2020 04.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 və vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi 2-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində yerləşən fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 özünün Abşeron rayon İcra Hakimiyyəti Memarliq və Şəhərsalma Şöbəsini tikintiyə nazarətçi vəsifəsində işləyən X3 tərəfindən göndəlmisini bildirib evinin tikilməsində Abşeron rayonu, İcra Hakimiyyətindən icazə almasına köməklik göstərəcəyi adı ilə özünə inandıraraq xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində görüşərək 1000 manat pulunu, xx.xx.2016-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində görüşərək 1000 manat pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə xx xxxxx 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə tanışı Zərərçəkmiş şəxs2 11900 manata satdığı “Chevrolet Cruize” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilini almsını söz verib ilkin olaraq 2400 manat pul verməsi və avtomobili sürüb yoxlamaq adı ilə aldadıb, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Pizza Liine” adlı restoranın qarşısında alaraq oradan uzaqlaşmaqla vədinə əməl etməyib başqa şəxsə satmaqla Zərərçəkmiş şəxs2 11900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi 2-də yaşayır. Zərərçəkmiş şəxs1 barəsində etdiyi şikayət əsasında bildirmişdir ki, təxminən 2016-cı ilin dekabr ayının əvvəllərində tanışı Sumqayıt şəhər sakini olan Seymur adlı şəxslə Sumqayıt şəhərində çayxanaların birində əyləşib çay içən zaman Seymur ona demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi evdə yaşayan Səbuhi adlı şəxslə görüşərsən və ona deyərsən ki, məni Elmir adlı şəxs göndərib, Elmirə çatası 2000 manat pulu ver, Səbuhi adlı şəxs sənə 2000 manat pul verəcək alıb gətirib mənə verərsən”. xx.xx.2016-cı il tarixdə idarə etdiyi “Niva” markalı **-VN-*** dövlət nömrə nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində Səbuhi adlı şəxslə görüşüb Səbuhiyə onu Elmirin göndərdiyini bildirib Elmirə çatası 2000 manat pulu istəmişdir. Səbuhi ona 1000 manat pul verib qalan 1000 manat pulu da səhəri gün verəcəyini demişdir. 1000 manat pulu almış və Seymurla Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Dalğa” restoranında görüşüb Seymura vermişdir. Səhəri gün xx.xx.2016-cı il tarixdə idarə etdiyi “Niva” markalı **-VN-*** dövlət nömrə nişanlı avtomaşınla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində Səbuhi adlı şəxslə görüşüb Səbuhidən qalan 1000 manat pulu alıb aparıb Seymurla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Pizza Line” restoranının qarşısında olan cayxanada görüşüb Seymura vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 barəsində etdiyi şikayət əsasında bildirmişdir ki, Asifin özünə məxsus “Chevrolet Cruize” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədini eşitmişdir. Pula ehtiyacı olduğundan özünə pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxx 2017-ci il tarixdə təxminən saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhərində “Alyans” adlı mağazanın qarşısında Asiflə görüşüb Asifdən avtomobilini satıb satmayacağını soruşmuşdur. Asif avtomobilini satdığını bildirmişdir. Asifə avtomobili özü almaq istədiyini söyləmiş və aralarında olan şifahi razılaşmaya görə Asifə əvvəlcə 2400 manat beh kimi pul verəcəyini bildirmişdir. Asifə Abşeron rayonu, Xırdalan şəhəri, 120 nömrəli avtobusun sonuncu dayanacağı tərəfdə tanışının olduğunu və birlikdə gedib həmin tanışından pulu götürüb Asifə verəcəyini bildirdikdən sonra Asifin avtomobili ilə həmin istiqamətə getmişlər. Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən «Pizza Line» restoranınının qarşısına çatdıqda o, Asifə avtomobili saxlamasını dediyindən Asif də avtomobili saxlamış və özü düşüb Asifə həmin restoranda oturub çay içməyi təklif etmiş və Asifə demişdir ki, “ver maşını 10-15 dəqiqə sürüm baxım görüm necə maşındır”. Asif də maşını ona vermişdir. Asif ona maşını verəndə özü Asifə demişdir ki, avtomaşını Bakı şəhəri, 3-cü mikrorayon dairəsinə tərəf sürəcək. Asif ona bir söz deməmiş, maşını sürüb getmişdir. Həmin vaxt maşına aid olan bütün sənədlər maşında olmuşdur. Sonra Symqayıt şəhərində yaşayan Ümüd adlı tanışı ilə telefon vasitəsi ilə danışaraq tanışı Ümüdün verdiyi hazırda yadında qalmayan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb həmin nömrənin sahibi ilə Bakı şəhəri, 3-cü mikrorayon dairəsində görüşmüşdür. Adı yadında qalmayan şəxslə maşını 1800 manata satmağa razılaşmışdır. Həmin şəxs ona 1300 manat pul verib demişdir ki, “qalan 500 manatı isə səhər verərəm”. Özünü inandırmaq üçün həmin şəxsə avtomaşını və avtomaşına aid olan sənədləri vermiş və demişdir ki, “al maşın səndə qalsın 500 manat pulu verəndə maşını sənin adına keçirərəm”. Həmin şəxs onunla razılaşmışdır. Həmin şəxsə avtomobili verib 1300 manat pulu alıb həmin şəxsdən ayrılmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus evi olmadığına görə 2016-cı ilin dekabr ayında Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 0,1 ha torpaq sahəsində bir mərtəbəli 40 kv.metr ölçülü ev tikmək qərarına gəlmiş və həmin yerdə evin özülünü qazaraq özü Abşeron rayon icra hakimiyyətinin əməkdaşlarına şifahi xəbərdarlıq etmiş, həmin tarixdə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin əməkdaşı Elmir Həsənov tikinti aparmaq istədiyi əraziyə gəlmiş, özü Elmirə ev tikmək istədiyini bildirmiş və Elmir ona “bir müddət səbirli ol mən sənə xəbər edərəm” deyərək getmişdir. Elə həmin vaxt onun qonşusu Elçin Cabbarov ona yaxınlaşmış və onun Elmir ilə söhbətləşdiyini gördüyünü deyib Elmir ilə münasibətinin olmasını tikintiyə icazə məsələsində Elmir ilə danışıq apara biləcəyini demiş və ondan telefonunu istəmiş, onun telefonu ilə Elmir ilə telefon əlaqəsi saxlayaraq ona köməklik etməsini xahiş etmişdir. Hadisənin səhəri günü səhər saatlarında Elmir Həsəsnov və onun qonşusu Elçin Cabbarov ona məxsus həmin torpaq sahəsinə gəlmişlər. Elmir Həsənov torpaq sahəsinin müxtəlif tərəflərdən şəkillərini çəkmiş və ona evin hər kvadrat metrinə görə ona 50 manat pul verəcəyi təqdirdə tikintiyə icazə verəcəyini bildirmişdir. Belə olan halda Elmirə 2000 manat pul verməli olmuşdur. Elmir getmiş və dəqiq razılıq aldıqdan sonra ona xəbər edəcəyini bildirmişdir. Bundan bir neçə saat sonra bir nəfər də İcra şöbəsinin o, tanımadığı əməkdaşı gəlmiş və həyətyanı sahəsinin şəkillərini çəkmişdir. Elə həmin tarixdə gecə saatlarında qonşusu Elçin ona məxsus mobil telefona zəng edərək bildirmişdir ki, “***-***- **-** mobil nömrəsi ilə əlaqə saxla, həmin şəxs sənə nə vaxt hansı şəraitdə tikinti aparacağını deyəcəkdir”, dərhal həmin nömrə ilə əlaqə saxlamış, telefon əlaqəsi zamanı həmin şəxs ona adının Rahib olmasını və Abşeron rayon icra hakimiyyətinin əməkdaşı olmasını bildirdib təxminən bir saatdan sonra gələ biləciyini demişdir. Elə təxminən 1 saatdan ona məxsus mobil telefona ***-***-**-** mobil nömrə ilə zəng gəlmiş, həmin şəxs onunla bir saat əvvəl danışan Rahib olduğunu və ona bayıra çıxmasını demişdir. Evdən çıxmış **-VN-*** dövlət nömrə nişanlı avtomaşın dayanmış, bir nəfər uzun boylu, dolu bədən quruluşlu, seyrək saçlı 25-30 yaşlı bir nəfər şəxs ona tanışlıq verib, adının Rahib olmasını bildirib, “bu gün evin şəkillərini çəkiblər, razılıq almışıq, 2000 manat pul verməlisən, sonra isə iki gün ərzində tikintini başa çatdırmalısan” demişdir. Həmin şəxsin cavabında səhər tezdən tikintiyə “başlayacağam” demişdir. Özünü Rahib adı ilə təqdim edən şəxs çıxıb getmişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra yenidən həmin şəxs sonuncu zəng etdiyi nömrə ilə ona zəng edib, “müəllim məni pul dalınca göndərmişdi, pulu dərhal gəlib ötürməliyəm” demişdir. Həmin şəxsə həmin pul məndə yoxdur, hal-hazırda 1000 manatım var gəl götür, səhərdə gəlib qalan 1000 manatı götürərsən demişdir. Təxminən on dəqiqədən sonra Rahib adlı şəxs yenidən həmin avtomaşınla gəlmiş, o, küçəyə çıxmış, həmin vaxt qonşusu Mahir də onun yanında olmuş, daha doğrusu o, özü Mahiri çağırmış, Rahibə Mahirin iştirkaı ilə 1000 manat pul vermişdir. Rahib ona bildirmişdir ki, “qalan 1000 manatı saba icra hakimiyyətinin qabaığna gətirərsən orda götürərərm”. xx.xx.2016-cı il tarixdə səhər saatlarında Rahib ona zəng edərək “tikinti yerində gözlə gəlib pulu götürürəm” demişdir. Orada gözləmiş, bir neçə dəqiqədən sonra Rahib markasını və dövlət qeydiyyat nişanını dəqiq bilmədiyi üzərində taksi işarəsi olan bir avtomaşınla gəlmiş, özü yenə də Mahirin iştirakı əlavə 1000 manatı da Rahibə vermişdir. Rahib isə ona “tikinti apar deyib” çıxıb getmişdir. Onlar tikintiyə başlamışlar və tikinti işləri aparmışlar. xx.xx.2016-cı il tarixdə Elmir Həsənov və bir neçə icra hakimiyyətinin əməkdaşı gəlmiş, onun qanunsuz tikinti apardığını bildirib, evi sökəcəklərini demişlər. Elmiri kənara çəkib, Elmirin göndərdiyi Rahib adlı şəxsə tikintiyə icazə üçün 2000 manat pul verdiyini demişdir. Elmir Rahib adlı şəxsi tanımaması və ondan pul almasını, heç kimə göstəriş verməməsini bildirib, kiminsə onu aldatdığını bildirmişdir. Bundan sonra özü Elmirdən evi sökməməyi xahiş etmiş və Elmirə bildirmişdir ki, özü evi sökəcəkdir. Elmir buna razılqı verməmiş bir neçə dəqiqədən sonra traktorla gələrək evi sökməyə başalmışdır. Özü Elmirdən nə qədər xahiş etsə də, elmir ona məhəl qoymamış və hətta onun sağ çiynindən yumruqla vuraraq xasərət yetirərərək və məcburi şəkildə evini sökdürərək çıxıb getmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 475-də ailəsi ilə bir yerdə yaşayır. Şahid2 tanıyır, onun dostudur. Rahiblə manasibətləri hər zamana yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, təxminən 2017-ci ilin aprel ayının əvvəllərində özü üçün almağa avtomaşın axtarırmış, bu məqsədlə də tanıdıqlarından bu barədə soruşub soraqlaşmışdır. xx xxxxx 2017-ci il tarixdə dostu Şahid2la birlikdə Bakı şəhərinə maşın almaq üçün getmişlər. Həmin gün Bakı şəhərində Əcəmi metrosu yaxınlığında olarkən tanıdığı Elnur adlı şəxslə görüşdükdə Elnura da kredit şərtləri ilə avtomaşın almaq istədiyini bildirmişdir. Həmin vaxt Elnur ona maraqlanıb, deyən şərtlərlə maşın tapacağını bildirmişdir. Elnuru iki ildir ki, yaşadığı Gəncə şəhərindən maşın alqı satqısı ilə məşğul olan bir şəxs kimi tanıyır. xx xxxxx 2017-ci il tarixdə dostu Şahid2la avtomaşın tapa bilmədiyi üçün saat 23 radələrində artıq Gəncə şəhərinə geri qayıtmaq üçün Bakı şəhərində beynəlxalq avtovağzala getmişlər. Elnur da onları yola salmaq üçün onlarla birlikdə avtovağzala gəlmişdir. Avtovağzalda olarkən Elnurun mobil telefonuna zəng gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin vaxt Elnura zəng edən şəxs Anar adlı şəxsdir. Anar Elnura telefonda “Chevrolet Cruize” markalı qara rənli avtomombili kredit şərtləri ilə satmaq istədiyini, həmin avtomobilə baxmaq üçün Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsinə getmələrini, həmin avtomobilə görə ilkin olaraq 2500 manat pul vermək lazım olduğunu, 6800 manat pulun isə kredit borcu kimi bankda qaldığını bildirmişdir. Həmin avtomaşına baxıb almaq istədiyini deyib Elnura razılığını bildirmiş, lakin, Elnur işi olduğu üçün onlarla birlikdə gedə bilməyəcəyini söyləmişdir, Anarla onu telefon vasitəsi ilə tanış etmiş və onlar görüşməklərinə şərait yaratmışdır. Bununla da Anarla telefon vasitəsi ilə danışmış və maşına baxmaq üçün dostu Şahid2la birlikdə Bakı şəhəri Bülbülə qəsəbəsinə Anarın dediyi yerə getmişlər və orada görüşmüşlər. Həmin vaxt Anarın yanında Vüsal adlı tanımadığı şəriki də olmuş və onlar tanış olmuşlar. Anar elə həmin vaxt, yəni, təxminən saat 01 radələrində küçədə qara rəngli “Chevrolet Cruize” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili onlara göstərmişdir. Həmin vaxt avtomaşının baqaj hissəsində batıq olduğunu gördmüşlər. Avtomaşını bəyəndiyi üçün şərtlərini Anardan soruşmuşdur. Anar ona həmin avtomaşına görə ilkin olaraq 2200 manat pul alacağını deyib, avtomaşının qalan 6800 manatının “BTB” bankda kredit borcu olduğunu bildirmişdir. Anarla razılaşmış, Anar həmin vaxt ona avtomaşının qeydiyyat şəhadətnaməsinin və etibarnaməsinin olduğunu söyləmiş və ona həmin sənədləri göstərmişdir. Lakin, avtomaşının sənədlə kimə məxsus olduğunu soruşduqda Anar ona avtomaşının başqa şəxsə məxsus olduğunu, həmin avtomaşını satmasını ona həvalə etdiyini bildirmişdir. Həmçinin, iki gün ərzində, xx.xx.2017-ci il tarixdə həmin avtomaşın üçün onun adına etibarnamə verəcəyinə söz vermişdir. Belə olduqda özü razılaşmış və özünə məxsus olan şəxsiyyət vəsiqəsini və həmçinin 1800 manat pulu Anara vermişdir. Anara qalan 400 manat pulu etibarnaməni aldıqdan sonra verəcəyimi dedikdə, Anar ona bildirmişdir ki, «siz avtomaşını götürün, hara istəsəz gedin, mən etibarnaməni yazdırıb taksi ilə sizə göndərəcəm». Razılaşmışlar ki, həmin vaxtda göndərdiyi taksi avtomaşını ilə də o, qalan 400 manat pulu ona göndərər. Bununla da onlar orada Anar və Vüsalla sağollaşıb ayrılmışlar və özü həmin avtomaşını Bakı şəhərindən idarə edib dostu Rahiblə birlikdə yaşadığı Gəncə şəhərinə gəlmişdir. xx.xx.2017-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, kolxoz bazarı yaxınlığında həmin avtomaşını idarə etdiyi zaman polis əməkdaşları tərəfindən avtomaşın saxlanılmışdır. Polis əməkdaşları həmin avtomaşının axtarışda olduğunu bildirmişlər və ona həmin avtomaşınla birlikdə Gəncə şəhər, Nizami rayon Pİ-nə getməyə dəvət etmişlər. Heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri, Nizami rayon Pİ-nə getmişlər. Avtomaşını Pİ-nin həyətinə yerləşdirmişlər. Orada ona məlum olmuşdur ki, həmin avtomaşın Zərərçəkmiş şəxs2 məxsusdur, Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən həmin avtomaşın aldadılaraq ələ keçirilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Anarla Vüsal adlı şəxslər də onu aldadıb qeyd olunan “Chevrolet Cruize” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili ona 1800 manata satmışlar. Belə olduqda özü həmin vaxt Anara zəng edib baş verənlərin səbəbini ondan soruşduqda əvvəlcə Anar ona inanmamış, 400 manat qalıq pulu Anara verməmək üçün belə etdiyini bildirmiş və məsələni dəqiqləşdirib ona zəng edəcəyini söyləmişdir. Təxminən iki saatdan sonra Anar ona zəng edib Təqsirləndirilən şəxs onları da aldatdığını bildirmiş və məsələni aydınlaşdırıb həll edəcəyinə söz vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində X5 ilə qonşuluqda yaşayır. 2018-ci ilin may ayında sonuncu ona yaxınlaşıb, Abşeron rayon İHB-nin Tikinti və Memarlıq şöbəsinin əməkdaşlarının tikinti işləri ilə bağlı müvafiq icazəsinin olmadığına görə onun Saray qəsəbəsində yerləşən torpaq sahəsindəki evin tikinti işlərini dayandırdığını söyləyib, tikintiyə icazə sənədlərinin hazırlanması üçün köməklik edə biləcək şəxs axtardığını bildirmişdir. Canağaya Saray qəsəbəsində yaşayan yeznəsi İlham Əmrahovun həmin sənədlərin hazırlanmasında səriştəsi olduğunu bildiyi üçün Canağanı İlhamla tanış etmiş, sonuncu Abşeron Saray qəsəbəsindəki evinin qarşısında Canağa ilə görüşən zaman ona tikəcəyi evin hər 1 kv.metri üçün 20 manat pul ödəyəcəyi təqdirdə tikintiyə icazə sənədi alıb verə biləcəyini demişdir. Bundan bir neçə gün sonra İlhamla və Çanağa ilə ayrıayrılıqda görüşən zaman onlar tikinti sənədini almaq üçün 1650 manata razılaşdıqlarını və Canağanın həmin məbləğdə pulu İlhama verdiyini bildirmişlər. Bir müddət sonra Çanağanın əlavə olaraq hissə-hissə İlhama ümumilikdə həmin icazə sənədinin alınması üçün 1000 manat pul verdiyini bilmişdir. Bundan bir müddət sonra, yəni 2018-ci ilin təxminən sentyabr ayında İlham ailə problemlemləri ilə bağlı Oğuz rayonuna getdiyinə görə Çanağa İlhamı tapa bilməyib, ondan sonuncunun yerini soruşaraq, İlhamın onu aldadıb pulunu ələ keçirərək tikintiyə icazə sənədini düzəltmədiyini söyləyib, onları tanış etdiyinə görə iradını bildirmişdir. Canağaya köməklik etmək üçün yeznəsi İlhamla onu tanış etdiyini, bu işdə heç bir maddi marağı olmadığını demiş və pulu İlhama verdiyi üçün sonuncunu tapıb sözünü deməsini xahiş etmişdir. Bundan sonra İlhama zəng edib bu barədə ona demiş, sonuncu da yaxın günlərdə Canağadan aldığı pulu geri qaytaracağını demişdir. Bundan sonra onların arasında nə baş verdiyindən xəbəri olmamışdır. Canağanın İlhamdan polisə şikayət etdiyini sonradan eşitmişdir. İlham Canağadan aldığı 2650 manat puldan hər hansısa məbləğdə pul verməmiş, İlhamın Canağanı aldadaraq pulunu ələ keçirmək niyyətinin olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni yaşayış massivində ailəsi ilə bir yerdə yaşayır. Avtomobil alveri ilə məşğul olur və ordan əldə etdiyi gəlirlə ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanımır və Rahibdən heç vaxt avtomobil almamışdır. Lakin Şahid1 isə tanıyır, Şahid1 əvvəllər onun dostu olan Vüsal Abdullayevin vasitəsi ilə tanımışdır. xx xxxxx 2017-ci il tarixdə dostu Vüsal Abdullayev satılıq “Chevrolet Cruize” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və 600 manat pul lazım olduğunu ona bildirmişdir. Vüsal Abdullayevlə Bakı şəhəri, 4-cü mikrorayonda görüşmüşdür və 600 manat pulu Vüsal da tanımadığı şəxsdən həmin avtomobili yadında qalmadığı miqdara almışdır. Daha sonra o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinə getmişdir. Bir müddətdən sonra X6 qəsəbəsinə aldığı “Cruize” markalı avtomobil ilə gəlmişdir. Avtomobilə baxdıqdan sonra xeyir dua vermişdir. Bu vaxt onun mobil telefonuna Gəncədən Elnur adlı tanışı zəng vurmuş və tanışına yaxşı vəziyyətdə olan kreditlə bir avtomobil lazım olduğunu demişdir. Həmin vaxtı Vüsal Abdullayev yanında olduğundan Vüsala demişdir. Vüsal da az öncə aldığı avtomobili sata biləcəyini ona dedikdə, Elnura yaxşı vəziyyətdə dostunda avtomobil olduğunu demişdir. Bundan sonra Elnur özü gələ bilməyəcəyini və avtomobili alan şəxsi həmin yerə göndərəcəyini ona demişdir. Bir neçə saatdan sonra adını sonradan bildiyi Şahid1 yanında da bir nəfər də gəlmişdir. Həmin şəxslər avtomobilə baxmışlar və dostu Vüsal Abdullayevlə avtomobilin alış-verişində razılaşmışlar. Amma hansı qiymətə razılaşdıqları yadında qalmamışdır. Bildiyi qədər Şahid1 400 manat borcu tanışı Vüsala qalmışdır. Dostu Vüsal satmış olduğu avtomobili 2 gündən sonra alqı-satqı edəcəyini alan şəxslə razılaşmış, daha sonra ona məlum olmuşdur ki, dostu Vüsal almış olduğu “Chevrolet Cruize” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili alan zaman aldığı şəxs ona iki gündən sonra alqı-satqı edəcəyini ona demişdir. Həmin günü, yəni xx xxxxx 2017-ci il tarixdə Şahid1 almış olduğu avtomobili götürərək sürüb yaşadığı Gəncə şəhərinə getmişdir. Bir gün sonra xx xxxxx 2017-ci il tarixdə tanışı Elnur ona zəng edərək dostu Vüsal Abdullayevin satmış olduğu avtomobili Gəncə şəhərində polis tərəfindən saxlandığını və avtomobildən şikayət olduğunu ona demişdir. Həmin məsələni dostu Vüsal Abdullayevdən soruşub dedyəcəyini bildirmişdir. Bundan sonra onun dostu Vüsal Abdullayevlə münasibətləri pisləşmiş və məsələnin nə yerdə qaldığından xəbəri olmamışdır. Bundan sonra xx xxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binə kəndində olarkən Abşeron rayon polis idarəsini əməkdaşları ona yaxınlaşaraq ifadə verməkdən ötrü Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə məhkəməyə verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərifindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərifindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2020-ci tarixli, 128-21228 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə respublika ərazisinə daxil olarkən sərhəd məntəqəsinin əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2020-ci tarixdə isə Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o həbsdən azad edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cinayət törətdikdən sonra davranışını, zərərçəkmiş şəxslərin xahişini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 60 saat hüquqi yardıma görə Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 360 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 26 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi 60 saat hüquqi yardıma görə 360 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-510/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-510/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver