Məhkəmə qərarları › İş №1(012)-510/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-510/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-510/2021 10.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Ağdam rayonu Kosalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam rayonu, Kosalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 09 may 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə Nizami küçəsində yerləşən fərdi yaşayış evində yüngül dərəcəli sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs ilə onun evində 2021-ci ilin may aprel–may aylarında usta işlədiyi zaman 70 manat zəhmət haqqı pulunu verməməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol qaş nahiyyəsinin və sol qulaq seyvanın əzilmiş-cırılmış yaraları, sol gözün bayır kənarının boyun və hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları, sol bazu və sağ bayır topuq nahiyələrinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu, ona Azərbaycan Respubliksı CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən fərdi evdə yaşayıram. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fərdi evlərdə hörgü ustası kimi işləyir. Zərərçəkmiş şəxs təxminən 2 il olar ki, tanıyır və Naibin evində bir neçə dəfə usta kimi işləmişdir. 01 may 2021-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə Naibə məxsus evdə usta kimi malyar işi görmüşdür. O, Naibin evində işlədikdən sonra Naib onun təxminən 70 manat pulunu verməmişdir. O da Naibin evinə 05 may 2021-ci il tarixdə gələndə görmüşdür ki, “Naib qapını bağlayıb açarı onlara vermir”. O da özünə gedib başqa iş tapmışdır. 09 may 2021-ci il tarixdə saat təxminən 15 radələrində Naib ona zəng vuraraq onunla görüşmək istədiyini demişdir. Onun da həmin vaxtı işi olduğu üçün Naiblə görüşməmişdir. Axşam saat təxminən 21 radələrində o, Naibə zəng edərək Naiblə görüşmək istədiyini deyəndə Naib onu telefonda söyüb təhqir etmişdir. Sonra Naib ona demişdir ki, “gəlirəm”. Təxminən saat 22 radələrində Naib gəlmişdir. Onlar Naibin evində işlədiyi otağa keçmişlər. Həmin vaxtı Naib demişdir ki, “işi niyə yarımçıq qoyaraq getmisən” O da Naibə pulunu vaxtlı-vaxtında vermədiyini həmçinin onun təhqir etməsini demiş, aralarında bununla əlaqədar mübahisə baş vermişdir. Mübahizə zamanı o, əsəbləşib Naibin sol göz nahiyyəsindən yumruq və tpiklə o, vurmuşdur. Sonra isə Naib polisə zəng vurmuş polis əməkdaşları onları Abşeron rayon polis idarəsinə gətirib təhvil vermişlər. O, da həmin vaxtı sərxoş olmuşdur. Hazırda əməlindən peşmandır və barəsində amnistiya tətbiq olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də lakin fərdi sahibkarlıqla məşğul olur.Təqsirləndirilən şəxs təxminən 2 il olarki tanıyır. Səxavət onun yeni inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən evimin yaxınlığında yaşayır. O, Səxavətin usta olduğunu bilmişdir. Evdə təmir işləri apardığı üçün Səxavət onun yanına gələrək ona təklif etmişdir ki, “mənim evimdə usta kimi işləmək istəyir”. O da qonşu olduğu üçün qərara gəlmişdir ki, Səxavətə evində iş versin. Səxavət yanında olan qohumu Çingiz ilə birlikdə təxminən 2021-ci ilin may aprel–may aylarında onun evində təmir işləri həyata keçirmişlər. O, Səxavətgil iş görükdən sonra tez-tez evinə baş çəkərkən görmüşdür ki, Səxavət və Çingiz spirtli içki aludəçisidirlər ona görə də qərara gəlmişdir ki, daha Səxavətgilə iş verməsin. 07.05.2021ci il tarixdə o, Səxavətə demişdir ki, “daha gəlib işləməsinlər”. 09.05.2021-ci il tarixdə o, Çingizə zəng vuraraq demişdir ki, “onun yarımçıq işi qalıb gəlib həmin işi tamamlasın”. Çingiz də demişdir ki, “onlar Səxavətlə birlikdə Abşeron rayonu Saray qəsəbəsində iş götürüblər daha gələ bilməzlər”. Sonradan Səxavət və Çingiz ona zəng vuraraq demişlər ki, “axşam saat 18 radələrində gəlib onunla gördükləri işlə bağlı haqq-hesab çəkəcəklər”. O da Çingizə və Səxavətə demişdir ki, “iftar vaxtıdır axşama qalsın danışıb görüşərik”.Həmin günü saat təxminən 22:15-də Səxavət ona zəng vuraraq demişdir ki, “gəl tikintinin yanına bizə də yaxınlıqdayıq”. Bundan sonra O, Səxavətgilin içkili olduğunu zənn etdiyi üçün getmək istəməmişdir. Lakin Səxavət ona telefonda təhqiramiz ifadələr işlətdiyi üçün o da əsəbləşib Abşeron rayonu, Masazır qəsəbəsindən çıxaraq tikintinin yanına getmişdir. Həmin vaxtı o, ora çataraq evinə daxil olmuşdur. Bir azdan sonra Səxavət gəlmişdir. Səxavət gələrəkən onun içkili olduğunu bilmişdir. Səxavətlə haqq-hesab etməyə başlamış nə qədər haqq hesab etməyə başlayrkən bu zaman Səxavət onun yeni inşa etdiyi evə xaraba dediyi üçün Səxavətə etirazını bildirmişdir. Lakin bundan sonra Səxavətlə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Səxavət onun sol qulaq nahiyəsindən və sol qaş nahiyəsindən təpiklə vurmuş, sonra isə Çingiz onun sol göz nahiyəsindən, boyun və hər iki dirsək nahiyəsindən, sol bazu və sağ bayır topuq nahiyələrindən əlində olan bel sapı ilə vurmuşdur. Həmin vaxtı qonşu Elçin səsə-küyə gələrək onları ayırmışdır. O da bundan sonra hadisə barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə vaxtı Səxavət və Çingiz onu döyərkən yanlarında qonşusu Elçin olmuşdur. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxtı o, Səxavətgili vurmamışdır. Məhkəmə istintaqında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə Nizami küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Səxavətlə bir yerdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə Nizami küçəsində yerləşən fərdi yaşayış evdə təmir işləri görmüşlər. Həmin vaxt Naib onlara veriləsi 70 manat pulu vermədiyi üçün o, və Səxavət Naibin evindən çıxıb başqa ev təmir etməyə başlamışlar. 09 may 2021-ci il tarixdə saat təxminən 22 radələrində görmüşdür kü, qonşuluqda yaşayan Elçin Naibin həyətinə tərəf qaça-qaça getmişdir. O da Elçinin arxasınca gedərkən görmüşdür ki, Səxavətlə Naib dalaşır. Elçinlə o, Səxavətıə Naibi ayırmağa başlamışlar. Həmin vaxt elə bilmişdir ki, Elçinlə Naib bir yerdə Səxavəti döymək istəyir. Ona görədə yerdən taxta parçası götürüb Elçinin üzərinə tərəf getmək istəyən zaman Elçin bildirmişdir, “mən də sənin kimi bunları ayırıram”. Sonra o, əlimdə olan taxtanı yerə atmış və oradan çıxıb getmişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə Nizami küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs, Səxavəti və Çingizi tanıyır, onunla qonşuluqda yaşayırlar. Çingiz Səxavətlə bir yerdə Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə Nizami küçəsində yerləşən fərdi yaşayış evində təmir işləri görmüşlər. Bildirmişdir ki, 09 may 2021-ci il tarixdə saat təxminən 22 radələrində qonşuluqda Naibin həyətindən səs gəldiyini eşidib Naibin həyətinə tərəf qaça-qaça getmişdir. O, Naibin həyətinə çatdıqda görmüşdür ki, Səxavət Naibi yerə yıxıb döymüşdür. O, Naiblə Səxavəti ayıran zaman oraya digər qonşu Çingiz də gəlmişdir. O, Naiblə Səxavəti ayıran zaman Çingiz yerdən taxta parçası götürüb o, tərəfə gələndə o, Çingizə demişdir ki, “məndə səni kimi bunları ayıraram kömək elə bunları ayıraq gecədir səs ətrafa yaylacaq”. Çingiz onu eşidib əlində olan taxta parçasını yerə atmış və Səxavəti ayırıb oradan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin X10 Alayının 12-ci post patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. Bildirmişdir ki, 09 may 2021-ci il tarixdə saat 22 radələrində iş yoldaşları DİNnin X10 Alayının 12-ci post patrul bölüyünün polis nəfərləri polis serjantlarıı Şahid3 və Şahid4 ilə 9681 saylı avtopatrul maşını ilə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ərazisində xidmət aparmışlar. Həmin vaxt Abşeron RPİ-nin Növbətçi Hissəsindən onlara verilən mobil telefon nömrəsi ilə əlaqə saxladıqdan sonra həmin nömrənin sahibinə yaxınlaşaraq adı sonradan onlara məlum olan Zərərçəkmiş şəxs deməsinə görə tanışı Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs üst-başı cırıq vəziyyədə olmuşdur. Onlar əraziyə baxdıqda bir az kənarda Səxavət adlı şəxsi görüb Abşeron rayon polis idarəsinin Növbətçi Hissəsinə gətirib raportla təqdim etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin X10 Alayının 12-ci post patrul bölüyünün polis nəfərləi Şahid3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 10 may 2021-ci il tarixli 2/5902 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə yüngül dərəcəli səxoş vəziyyətdə olmuşdur. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 20.05.2021-ci il tarixli 923 N saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol qaş nahiyyəsinin və sol qulaq seyvanın əzilmiş-cırılmış yaraları, sol gözün bayır kənarının boyun və hər iki dirsək oynağı nahiyyələrinin sıyrıqları, sol bazu və sağ bayır topuq nahiyələrinin qançırları, bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.05.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və iş materialları ilə də tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun 26.12.2011-ci il təvəllüdlü Saqi Məmmədzadə və 18.01.2013-cü il təvəllüdlü Yusif Məmmədzadə adlı 2 azyaşlı övladı var. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun müdafiəçisi X6 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı İsmayıl oğlu ərizənin təmin edilməsini təklif etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs oğlunun və Zərərçəkmiş şəxs izahatını və dövlət İttihamçısının ərizənin təmin edilməsinə dair rəyini dinləyib, cinayət işini və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs oğlunun barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs oğlunun hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün 240 manat pulun Abşeron rayon Vəkil bürosunun hesabına, məhkəmədə müdafiə edilməsinə görə isə Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 30 saat üçün 180 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Xırdalan şəhər Vəkil bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə edilməsinə görə Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün 240 manat Abşeron rayon Vəkil bürosunun hesabına, məhkəmə istintaqında müdafiə edilməsinə görə isə Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 30 saat üçün 180 manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Xırdalan şəhər Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar