Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-511/2024 15.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx.xx.2001-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayonu, Kətəlparaq ərazi dairəsi, Kətəlparaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, H.B.Zərdabi küçəsində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3cü maddəsinə əsasən qəti olaraq, 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, “20 Yanvar” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş üç ədəd siqaretin gümüşü rəngli kağızına və bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,027 qram, 0,016 qram, 0,018 qram və 0,211 qram, ümumi çəkisi 0,272 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat müqabilində əldə edib, Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşıyaraq üzərində saxlamış, həmin gün saat 18 radələrində Abşeron rayon polis idarəsinin Post patrul xidməti bölüyünün əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə xidmətdə olduqları zaman özünü şübhəli apardığına görə həmin ərazidə saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib saat 21:15-dən 21:24-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyduğu 3 ədəd siqaretin gümüşü rəngli kağızına və 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş həmin 0,027 qram, 0,016 qram, 0,018 qram və 0,211 qram, ümumilikdə 0,272 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş çəkisi 0,651 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqların birində həmin gün saat 19:20-dən 19:30-a kimi üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd bükümdə 0,651 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan heroin istifadəçisi`dir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alaraq həmin bükümü sonra istifadə edəcəyi məqsədilə cibində saxlamışdır. Ertəsi gün, yəni xx.xx.2023cü il tarixdə saat 17:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərimdə saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə gəlmişdir. Abşeron RPİ-də xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan şəffaf sellofan kəsiyini çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə olan heroini də bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Sonra içərisində narkotik vasitə heroin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Narkotik vasitə olan heroini xx.xx.2023cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 manat müqabilində alaraq sonra istifadə edəcəyi üçün öz üzərində saxlamışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlandığı zaman və polis idarəsinə gətirildikdən sonra ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Bundan başqa göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə Abşeron rayon polis idarəsinin istintaq şöbəsində barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işi hazırda baxılma mərhələsindədir. Hadisə barədə bildirir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar metrosu ərazisində olduğu zaman tanımadığı şəxsdən 4 bükümdə 15 manata narkotik vasitə olan heroin alaraq həmin bükümü sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlamışdır. Həmin günü axşam radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində olduğu zaman PPX əməkdaşları ona yaxınlaşmış, o, üzərində narkotik vasitə olduğundan oradan qaçıb getmək istəmiş, polis əməkdaşları onun arxasınca gələrək onu saxlamış və özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları ona yayınmaq istəməsinin səbəbləri ilə maraqalmış, belə olduqda o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron RPİ-yə gətirmişlər. Abşeron RPİ-də onun şəxsiyyəti müəyyən edilmiş və xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd «Pothmans» markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxdıqda orada bir ədəd siqaretin şəffaf rəngli selofona bükülmüş və 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütlə aşkar edilərək götürülmüşdür. Həmin bükülülər polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş,o, həmin kütlələrin narkotik vasitə heroin olduğunu və həmin kütlələri özünün şəxsi istifadəsi üçün səhər satlarında 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra içərisində narkotik vasitə heroin olan həmin büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Göstərmişdir ki, narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində alaraq sonra istifadə edəcəyi üçün öz üzərində saxlamış, həmçinin polis əməkdaşları tərəfindən saxlandığı zaman və polis idarəsinə gətirildikdən sonra ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2001-ci ildə Bərdə rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Zərdabi küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 24 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, saat 17 radələrində M.Hüseynzadə küçəsində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan boz rəngli cins şalvarın sağ yan yan cibində saxladığı bir ədəd şəffaf rəngli selofona bükülü bükümdə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2in ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Abşeron RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət göstərir, rütbəsi polis serjantıdır. 11 avqust 2023-cü il tarixdə polis nəfəri Şahid4 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Köhnə Bazar adlanan ərazidə xidmət aparmışdır. Saat təxminən 18 radələrində 28-ci məhəllə ərazisində olarkən bir nəfər şəxsin onları görərək ərazidən dərhal uzaqlaşmağa cəhd etdiyinin şahidi olmuşlar. Həmin şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim etdikdən sonra özünü şübhəli aparması və onlardan yayınmağa cəhd etməsi onları şübhələndirdiyi üçün həmin şəxsdən üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmetin olması ilə bağlı maraqlanmışlar. Belə olduqda həmin şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra həmin şəxsin hərəkətlərini müşahidə edərək onu Abşeron rayon Pİ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər və orada həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.2001-ci ildə Bərdə rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, Zərdabi küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə raportla məruzə etmişlər. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ yan cibində göy boz rəngli üzərində «Rothmans» yazıları olan siqaret qutusunun içərisində saxladığı bir ədəd şəffaf rəngli selofona və üç ədəd siqaretin gümüşü rəngli kağızına bükülü bükümləri təqdim etmiş və həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim edilmiş bükümlər açıldıqda onun içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5719 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №56» dairəvi möhür əksi « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,651 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (qalıq çəkisi 0,601 qram – 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4331 № li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №56» dairəvi möhür əksi « şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs…» yazısı və imzalar olan paketdəki 4 dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,016 qram, 0,018 qram və 0,211 qram, ümumi təmiz çəkisi 0,272 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir(qalıq çəkisi 0,192 qram – 0,08 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli 8091 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* və ********* nömrəli cinayət işləri hazırda məhkəmənin icraatındadır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq, 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,601 qram və 0,192 qram narkotik vasitə heroin Abşeron RPİnin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 05 may 2023-cü il tarixli 456 və 457 nömrəli arayışlardan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, kənd sakinlərinin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. İ-86686 nömrəli vəsiqənin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İ-3309 nömrəli vəsiqənin sürətindən görünür ki, Qarayev X5 azad olunmasında görə medalla təltif edilmişdir. Məhkəmə baxış iclasında 02 ədəd DVD diskə baxış keçirlmiş, xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunda içərisində olan 3 ədəd siqaretin gümüşü rəngli kağızı və 1 ədəd şəffaf rəngli sellofan bükümlərində narkotik vasitə heroin və xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Qarayev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,601 qram və 0,192 qram narkotik vasitə heroin məhv olunmalı; maddi sübut olan iki ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət olmaqla ümumilikdə 06 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 194 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,601 qram və 0,192 qram narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-511/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-511/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver