Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-512/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri, «İrshad Telekom» mağazasının yaxınlığında əvvəllər tanımadığı 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs şalvarının sağ arxa cibində olan 800 (səkkiz yüz) manat dəyərində «Samsung SM- A356E/DS» markalı mobil telefonu sonuncu tərəfindən əmlakın götürülməsini dərk edilməsi ilə müşahidə olunan şəraitdə çıxardıb açıq talayaraq zərərçəkmişə həmin məbləğdə ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirək göstərmişdir ki, o, Qobustan rayonu, Ərəbşalbaş kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayonu Xırdalan şəhərində olan zaman İrşad telekom mağazasının yaxınlığında qarşıda piyada hərəkətdə olan qızın mobil telefonunun onun arxa cibində olmasını görmüş, qızın cibindəki mobil telefonu ələ keçirmək qərarına gəlmiş, əvvəlcə düşünmüşdür ki, qızın mobil telefonunu götürsə onun xəbəri olacaq. Bir qədər fikirləşdikdən sonra qərara gəlmişdir ki, həmin qızın xəbəri olsa belə mobil telefonu götürüb qaçacaq. Bu məqsədlə qıza arxadan yaxınlaşmış, hava yağışlı olmuş, ani anda mobil telefonu onun şalvarının arxa cibindən götürmüşdür. Qız qışqırmağa başlamış, o da mobil telefonu götürərək qaçmışdır. Həmin qız onun arxasınca qaçmaq istəsə də çata bilməmişdir. Həmin gün oradan çıxaraq bir müddət Bakı şəhərində vaxt keçirdikdən sonra mobil telefonu özü ilə birlikdə Şamaxı rayonuna aparmış, mobil telefonun ekranında şifrə olmamış, bir neçə gün mobil telefonu istifadə etmişdir. Sonradan mobil telefonu söndürərək evə qoymuş, maddi vəziyyəti pis olduğu üçün bu əməli törətmişdir. Törətdiyi əməldən peşmandır. Samsung markalı mobil telefonu da təqdim etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxsnin qanuni nümayəndəsi-anası Şahid ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmiş, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. İbtidai istintaqda iş üzrə qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valdeyinləri ilə birlikdə Quba rayonu, Aşağı Xuc kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə saat 14:30-da bacısı 2009-cu il təvəllüdlü X4 ilə birlikdə təhsil aldıqları Xırdalan şəhərində yerləşən «Missiya Təhsil Mərkəzi»nə getmək istəyən vaxt özünə məxsus «Samsung A35» markalı mobil telefonunu əynində olan şalvarının arxa cibinə qoymuş, bacısı Səma ilə birlikdə «Ülker Lahmacun» restoranının qarşısından keçərkən həmin ərazidə yerləşdirilmiş zibil qutularının yanında bacısı ilə söhbət əsnasında anidən arxa cibindən mobil telefonunun çıxarılmasını hiss edərək tez geriyə dönmüş, 1 nəfər ortaboylu, seyrək saçlı, əynində qara rəngli dəri gödəkçə, tünd yaşıl rəngdə cins şalvarı, ayağında qara rəngli ayaqqabısı olan şəxsin sağ əlində onun mobil telefonu ilə qaçdığını görüb arxasınca qışqırmağa, kömək çağırmağa və qaçmağa başlamışdır. Lakin həmin şəxsə çata bilməmiş, bacısı Səma öz mobil telefonunda anası Şahid zəng edərək hadisə barədə məlumat vermişdir. Anası da həmin hadisə barədə polisə məlumat vermişdir. O, həmin şəxsi əvvəllər tanımamış və görməmişdir. Həmin şəxsin telefonunu götürməsindən xəbəri olmuş, həmçinin həmin şəxs də onun bunu bilməyini görərək qaçmışdır. «Samsung A35» markalı mobil telefonu xx.xx.2024-cü ilt arixdə 799,99 manata almış, ona həmin məbləğdə maddi ziyan vurulmuşdur. O, müraciət etdikdən sonra mobil telefonu aldığı kassa çeklərini tapmış, dəqiq məbləğ 799,99 manatdır. Ona həmin məbləğdə maddi ziyan dəymişdir. Həmin mobil telefonun İMEİ 1: 3516xx/xx/075768/6, İMEİ 2: 3578xx/xx/05768/2 kimidir. Üzərində olmuş mobil nömrə isə ***-***-**-** nömrəsi olmuşdur. İş üzrə qanuni nümayəndənin iştirakı ilı şahid qismində dindirilmiş X1 Sona Yosif qızı ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Quba rayonu, Aşağı Xuc kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. xx.xx.2009-cu il təvəlllüdlü Zərərçəkmiş şəxs və X4 əkiz qızlarıdır. Sona və Səma Xırdalan şəhəri 1 nömrəli məktəbdə təhsil alırlar. Həmçinin, Xırdalan şəhərində yerləşən «Missiya Təhsil Mərkəzi»ndə kursa gedirlər. xx.xx.2024-cü il tarixdə saat 14:30-da Sona və Səma yaşadıqları evdən çıxaraq kursa getmişlər, saat 14:58-də Səma ona zəng edərək, naməlum şəxsin Sonanın mobil telefonunu cibindən oğurlamasını bildirmişdir. Onlardan hadisə barədə məlumat aldıqdan sonra DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sonanın mobil telefonunu xx.xx.2024-cü il tarixdə İrşad Telekom mağazasından Sonaya hədiyyə almış, həmin mobil telefonun dəyəri 799,99 manat təşkil etmişdir. Odur ki, onlara həmin məbləğdə maddi ziyan vurulmuşdur. İş üzrə Alternativ ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 212 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şahid məxsus 01 ədəd “Samsung” markalı, “SM-A356E/DS” modelli telefonun xx.xx.2024-cü il tarixə olan təqribi satış qiyməti 700,00 (yeddi yüz) manat məbləğində müəyyən edilir. İstintaq zamanı Təqsirləndirilən şəxs istinaqa bir ədəd smartfon tipli mobil telefon təqdim edərək xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri, «İrshad Telekom» mağazasının yaxınlığında azyaşlı Zərərçəkmiş şəxs Yusif qızının şalvarının arxa cibindən götürüb qaçdığı mobil telefon olduğunu bildirmişdir. Həmin telefona baxış keçirilib götürülmüş və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən həmin telefon tanınmışdır.Həmin «Samsung» markalı, «SM-A356E/DS» modelli mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Mehdiyev X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşdə olan Sumqayıt Probasiya Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli 5616 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması ilə əlaqədar bildirilir ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə probasiya qeydiyyatına götürülmüş, xx.xx.2025-ci il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq MSY-ə təhvil verilmiş, həmin vaxtadək təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 03 gün hissəsini çəkmiş, 01 il 06 ay 23 gün hissəsi isə cəkilməmiş qalmışdır. Himayəsində 02 azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən haldır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı tutulduğu xx.xx.2025-ci il tarixədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 23 gün hissəsi CM-nin 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 09 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş,MSY-ə yerləşdirilmiş, barəsində xx.xx.2024-cü il tarixdə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət cəza müddətindən çıxılmalıdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs məhkəmə çagırışlarından yayındığından barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, axtarış elan edilmişdir. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq MSY-ə yerləşdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə «Samsung» markalı, «SM-A356E/DS» modelli mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün məhkəməyədək zərərçəkmiş şəxsə verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə görə 20 saat hesabı ilə 220 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir)il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı tutulduğu xx.xx.2025-ci il tarixədək çəkilməmiş qalan 01 il 06 ay 23 gün hissəsi CM-nin 68.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 09 ay 11 gün müddət hesab olunsun və həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından tutulduğu 02 (iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut «Samsung» markalı, «SM-A356E/DS» modelli mobil telefonun zərərçəkmiş şəxsə verilməsi nəzərə alınsın. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat hesabı ilə 220 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-512/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-512/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver