Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-514/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, mühafizəçi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində “BC” kateqoriyalı, AD 200599 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan ’’BMW’ markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Omar Atçılıq” mərkəzindən Mehdiabad-Pirşağı yolu istiqamətində hərəkətdə olarkən yolayrıcı qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1 -ci hissəsinin tələbinlərini (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanı) pozaraq idarə etdiyi avtomobili yolayrıcına daxil etmədən dayandırmalı, kəsişən küçə ilə yolayrıcına yaxınlaşan avtomobilin yolayrıcında hərəkət üstünlüyünə malik olmasını nəzərə alaraq yolayrıcına daxil olmadan gələn avtomobilə yol verməli və bundan sonra hərəkətin təhükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili yolayrıcına daxil etməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda, buna əməl etməyib, Mehdiabad - Pirşağı yolu ilə hərəkət edərək sol tərəfdən yol ayrıcına yaxınlaşan Şahid2 idarə etdiyi “X13” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran avtomobilin yol ayrıcında hərəkət üstünlüyünə malik olmasını nəzərə alıb yol verməyərək, hərəkətini davam etdirib həmin avtomobillə toqquşmuş, toqquşmadan sonra “X13” markalı avtomobil idarəetməni itirərək sol yan üstə aşaraq sürüşüb yolun sol hissəsində olan avtobus dayanacağına çırpılmış və dayanacağın, dayanacaqda dayanan piyada X4 üzərinə uçması nəticəsində ehtiyatsızlıqdan sonuncuya başın, alın və sol qaşüstü nahiyələrinin əzilmiş-cırılmış yarası, alın nahiyəsində başın yumşaq örtüyü altına qansızma, onurğa beyninin boyun şöbəsinin əzilməsi və toxumasına qansızma ilə müşayət olunan l-ll boyun fəqərələrinin sınıqları və fəqərələrarası diskin aralanması, döş qəfəsinin ön səthində yumşaq qişaları altına qansızmalar, sağ ll-Vİ qabırğaların yerdəyişmiş sınıqları, sağ mil-bilək oynağının və əlin arxa səthlərinin əzilmiş- cırılmış yaraları, sol əlin arxa səthinin qançırı, sağ diz oynağının arxa səthinin iri ölçülü əzilmişcırılmış yarası, sol diz oynağının ön səthinin sıyrığı, sağ ayaq pəncəsinin üst səthinin əzilmiş- cırılmış yaraları, sağ ayağın ll-V barmaqlarının proksimal falanqalarının qəlpəli yerdəyişmiş sınıqları ilə nəticələnən ağırlıq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və nəqliyyat travması nəticəsində l-ll boyun fəqərələrinin sınıqları və fəqərələrarası diskin aralanmasını, onurğa beyinin boyun şöbəsinin əzilməsi və toxumasına qansızmayla müşayət olunan Sevda Məmmədovanın ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü qismən təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, “BMW’ markalı 745 modelli, 90- XJ-745 dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə ilə idarə etsə də, mülkiyyət sahibi odur. 16 oktyabr 2023- cü il tarixdə saat 15 radələrində idarə etdiyi BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mehdiabad-Pirşağı yoluna “Omar Atçılıq” mərkəzindən gəlirmiş. Avtomobildə ondan başqa qabaqda sərnişin oturacağında atası X8 oturmuşdur. Yol ayrıcına çatanda o, “stop” nişanın tələbinə uyğun olaraq həmin nişanın altında avtomobili tam dayandırmışdır. Həmin nişanın altında dayananda çıxacağı yolda hərəkət edən avtomobilləri görə bilmədiyi üçün həmin yolda avtomobil olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə idarə etdiyi avtomobili bir az yola çıxarmış və yenə dayanmışdır. Sola-sağa baxmış, sol tərəfdən avtomobilin gəlmədiyini dəqiqləşdirmişdir. Lakin sağ tərəfdən lap uzaqdan markası, modeli və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobil gəlirdi. O, yola çıxıb sağdan gələn avtomobili gözləməyi və həmin avtomobil gəlib keçdikdən sonra öz yoluna çıxıb davam edəcəyini düşünmüşdür. Ona görə də sola dönmək üçün hərəkətə başlamış və yolun ortasına çatıb təxminən 5-6 saniyə dayanıb sağdan uzaqdan gələn avtomobilin keçməsini gözləmişdir. Elə bu anda sol tərəfdən sonradan marka modelini bildiyi Mercedes markalı Axor modelli **-DA-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili onun avtomobilinin qabaq sol tərəfi ilə dəymişdir. Toqquşmadan sonra həmin yük avtomobili inersiya ilə irəli sürüşərək yolun sol tərəfində olan dayanacağa dəymişdir. Həmin vaxt o, şokda olduğu üçün yük avtomobilinin aşaraq dayanacaq tərəfə sürüşdüyünü və ya dayanacaqa dəyib sol yanı üstə aşdığını görməmişdi. Hadisədən dərhal sonra o və atası avtomobildən özləri düşmüşlər. Yük avtomobilinin sürücüsü də aşmış yük avtomobilindən özü çıxmışdır. Avtomobildən düşəndən sonra yük avtomobilin aşdığı yerə getmiş və orada müəyyən etmişdir ki, hadisədən əvvəl dayanacaqda qadın dayanıbmış. Həmin qadın da daşlar altında qalaraq ölmüşdür. O, yola çıxan zaman soldan avtomobilin gəldiyini görməmişdir. Yolun ortasında dayanıb sağa tərəf baxıb sağdan uzaqdan gələn avtomobili gözləyəndə hadisə baş vermişdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Həmin vaxt avtomobilində yük olmamışdır. Yalnız qabaqda sağda yanında atası X8 oturmuşdur. Heç biri də hər hansı bir xəsarət almamışdır. Onun idarə etdiyi “BMW’ markalı 745 modelli, **- XJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir nasazlıq olmamış, avtomobili saz vəziyyətdə olmuşdur. Həmin vaxt hava aydın olmuş, yolun görmə şəraiti də normal olmuşdur. Həmin an onun səhhətində heç bir problem olmamış, səhhəti normal olmuşdur. O, avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Yola çıxmazdan əvvəldən də sol tərəfdən heç kimin gəlmədiyini yəqin etdiyi üçün də yola çıxmışdır. Hadisə baş verməmişdən əvvəl onun idarə etdiyi avtomobil yolun ortasında dayanmışdır. Yolun ortasında dayanıb sağa tərəf baxıb sağdan uzaqdan gələn avtomobili gözləyəndə hadisə baş vermişdir. Hesab edir ki, bu hadisə də digər tərəfin də təqsiri olub, lakin müəyyən edilməmiş qalmışdır. O, yol ayrıcından çıxandan sonra toqquşmaya kimi təxminən 8 metr məsafə qət etmişdir.Zərərçəkənə dəyən ziyanı tam ödəmiş, barışıq əldə etmişlər, ona görə də bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bacısı X6 ölmüşdür.Bu hadisənin günahkarı hesab edir ki, həm də Mercedes markalı Axor modelli **-DA-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili sürücüsüdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmişdir.Ona qarşı heç bir şikayəti, tələbi yoxdur.Məhkəmə cəza təyin edərkən bunları nəzərə alıb təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, yük avtomobili sürücülüyü ilə məşğul olur. Baş vermiş məlum hadisədən əvvəl də Mercedes markalı Axor modelli **-DA-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili sürücü kimi idarə etmişdir. Belə ki, həmin avtomobil Vüqar adlı şəxsə məxsusdur. O, Vüqarın həmin avtomobilini etibarnamə ilə idarə edib lazım olan yerlərə beton yük daşıması edib qazanc əldə etmişdir. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 16 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi Mercedes markalı Axor modelli **-DA-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili ilə Mehdiabad qəsəbəsi istiqamətindən Pirşağı kəndi istiqamətinə 50-55 km/saat sürətlə hərəkət edirmiş. Hava yağışlı olduğu üçün yolun asfalt örtüyü yaş olmuşdur. Hərəkətdə olan zaman qarşıda olan yol kəsişməsindən Omar Atçılıq tərəfdən BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yola çıxmaq istədiyini görmüşdür. Həmin yerdə yol bir qədər döngəli olmuşdur. Ona görə də o, görəndə BMW artıq bir qədər yola girmişdir. Həmin vaxtı onun idarə etdiyi yük avtomobili ilə BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili arasında təxminən 70-80 metr məsafə olarmış. O, həmin avtomobilin yola çıxmaması üçün xəbərdarlıq siqnalı vermişdir. Onun xəbərdarlıq siqnalından sonra həmin avtomobilin qabaq hissəsi yola çıxmış formada dayanmışdır. O, həmin avtomobilin mənim siqnalından sonra hərəkətini saxladığını düşünmüş və ona görə də sürətini azaltmayıb yoluna davam etmişdir. Həmin avtomobil də yola çıxdığı üçün idarə etdiyi yük avtomobili təxminən 1 metr solla idarə etmişdir ki, toqquşma olmasın. Həmin BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə onun idarə etdiyi avtomobil arasında təxminən 20-25 metr məsafə qalan zaman həmin avtomobil anidən hərəkətə başlamışdır. O da dərhal tormozlama edib sükanı sola burmuşdur. Lakin aralarında olan məsafə az olduğu üçün, bundan başqa həm idarə etdiyi yük avtomobili yüklü olduğu üçün, həm də yolun asfalt örtüyü yaş və sürüşkən olduğu üçün idarə etdiyi yük avtomobilinin təkərləri sürüşdüyündən, yük avtomobilinin ön idarəetmə kabini keçsə də, həmin BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qabaq sol tərəfi ilə onun avtomobilinin sağ yan tərəfindən vurmuşdur. Elə toqquşan anda da sükan əlindən çıxdığı üçün idarə etməni itirmiş və yük avtomobili aşaraq sürüşüb qarşıda yolun solunda olan dayanacağının yanındakı avtobusa dəyib dayanmışdır. Yük avtomobilin beton qarışdıran hissəsi isə dayanacağa dəyib dayanacağı uçurmuşdur. Avtomobillər toqquşmamışdan əvvəl dayanacağın yanında səkidə bir qadının ayaq üstə durduğunu görmüşdür. Yük avtomobilinin beton qarşıdıran hissəsi dayanacağı uçurduğu üçün o, aşmış avtomobildən çıxan kimi həmin qadını axtarmağa başlamışdır. Hadisə yerinə gələn şəxslərlə birlikdə uçmuş dayanacağın daşları arasında qadını axtarmağa başlamış və həmin qadının ölmüş cəsədini uçmuş dayanacağın daşları altında tapmışdır. Hadisə ilə bağlı deyə biləcəkləri bu qədərdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Həmin vaxt avtomobilində sərnişin olmamışdır. Yük avtomoblinin beton qarışdıran hissəsi ümumilikdə 9 kub metr beton tutsa da, beton qarşıdıran hissəsində 4-5 kub metr beton olmuşdur. Onun idarə etdiyi Mercedes markalı Axor modelli 77- DA-813 dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobilində heç bir nasazlıq olmamış, avtomobili saz vəziyyətdə olmuşdur. Həmin vaxt hava tutqun olmuş, yolun görmə şəraiti normal olmuşdur. Həmin an onun səhhətində heç bir problem olmamış, səhhəti normal olmuşdur. O, avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Həmin gün hava yağışlı olduğu üçün hərəkətdə olduğu asfalt yol yaş olmuşdur. O, ilk dəfə BMW markalı 745 modelli, 90-XJ- 745 dövlət qeydiyyat nişanlı minik avtomobilin yola çıxmasını görən zaman aralarında 70-80 metr məsafə olmuşdur. O, xəbərdarlıq siqnalı vermiş, onun xəbərdarlıq siqnalından sonra həmin avtomobilin qabaq hissəsi bir qədər yola çıxmış formada dayanmışdır. O da ona görə yoluna davam etmişdir. Lakin həmin avtomobil ilə onun idarə etdiyi yük avtomobili arasında 20-25 metr məsafə qalan zaman həmin avtomobil qəflətən hərəkətə başlamışdır. Ona görə də düşünmüşdür ki, təhlükə yaranan anda onun avtomobili ilə həmin avtomobil arasında 20-25 metr məsafə olmuşdur. Hadisə baş verməmişdən əvvəl onun idarə etdiyi avtomobilin surəti təxminən 50-55 km/saat olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sol qaşı, sol əli və sol ayağından yüngül xəsarətlər almışdır. Hadisədən sonra da ilkin tibbi yardım almışdır. Hərəkətdə olan zaman qarşıda olan yol kəsişməsindən Omar Atçılıq tərəfdən BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yola çıxmaq istədiyini görmüşdür. Həmin yerdə yol bir qədər döngəli olmuşdur. Ona görə də o görəndə BMW artıq bir qədər yola girmişdir. Həmin vaxtı onun idarə etdiyi yük avtomobili ilə BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili arasında təxminən 70-80 metr məsafə olarmış. O, həmin avtomobilin yola çıxmaması üçün xəbərdarlıq siqnalı vermiş, onun xəbərdarlıq siqnalından sonra həmin avtomobil qabaq hissəsi yola çıxmış formada dayanmışdır. O, düşünmüşdür ki, həmin avtomobil onun siqnalından sonra hərəkətini saxlamış və ona görə də o, sürətini azaltmayıb yoluna davam etmişdir. Həmin avtomobil də yola çıxdığı üçün idarə etdiyi yük avtomobilini təxminən 1 metr solla idarə etmişdir ki, toqquşma olmasın. Həmin BMW markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə onun idarə etdiyi avtomobil arasında təxminən 20-25 metr məsafə qalan zaman həmin avtomobil anidən hərəkətə başlamışdır. Əlavə olaraq bildirmişdir ki, onun hərəkətdə olduğu yolda qarşı tərəfdən heç bir nəqliyyat vasitəsi gəlməmiş, Rəşad həmin xüsusatı yalan demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 12 ilə yaxındır ki, avtobus sürücülüyü ilə məşğul olur. Hal-hazırda “Daewoo” markalı BS090 modelli, **-TB-*** dövlət qeydiyyat nişanlı avtobusu 179 nömrəli sərnişin daşıma xətti üzrə idarə edir. 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində həmin avtobusla sərnişinlərlə birlikdə Mehdiabad qəsəbəsi istiqamətindən Pirşağı kəndi istiqamətinə doğru hərəkət edirmiş. Həmin vaxt “Omar Atçılıq” mərkəzinin yaxınlığındakı sərnişin dayanacağına çatmağa bir qədər qalmış avtobusda nasazlıq olduğunu müəyyən etmişdir. Bu zaman sərnişinlərin təhlükəsizliyi üçün avtobusu dayancağa bir neçə metr qalmış yolun köməkçi hissəsində saxlamış və bir qədər sonra sərnişinləri düşürdərək digər xəttə buraxılmış sərnişin avtobusuna mindirmişdir. Özü isə avtobusun yanında qalmış və avtobusun sürücü kəbinində oturub gözləmişdir. Təxminən saat 15 radələrində o, başını aşağı əyib telefonla oynayan zaman qəfildən siqnal səsi eşidib yola baxanda, qarşıdan Mercedes markalı beton qarışdırdan yük avtomobilinin siqnal verərək gəldiyini və bir “BMW’ markalı avtomobilin yolu, onun hərəkəti istiqamətdə soldan sağa keçdiyini görmüşdür. Həmin avtomobilə dəyməməsi üçün sürücü idarə etdiyi yük avtomobilini sola doğru döndərsə də, “BMW’ yük avtomobilinin sağ yan hissəsindən vuraraq sol yanı üstə aşırmışdır. O, başa düşmüşdür ki, idarəsini itirmiş yük avtomobili onun oturduğu avtobusla toqquşacaq. Ona görə də dərhal sükan arxasından durub qapıya tərəf qaçmışdır ki, baş verəcək toqquşmadan xəsarət almasın. O, çıxışa çatana yaxın yük avtomobili onun olduğu avtobusa dəymiş və həmin zərbə təsirindən o, avtobusun çıxış qapısının pilləkənindən yerə yıxılaraq beli üstə yerə düşüb xəsarət almışdır. “BMW’ markalı avtomobil toqquşma anında hərəkətdə idi. Yolu keçən “BMW’ yük avtomobilin sağ yan hissəsindən vurub aşırmışdır. Onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. Belə ki, o, həmin sərnişin avtobusunu yol vərəqəsi ilə idarə edirmişdir. Hadisə baş verən zaman avtobusda sərnişin olmamışdır. Həmin vaxt hava tutqun olmuş, ancaq yolun görmə şəraiti normal olmuşdur. Həmin an onun səhhətində heç bir problem olmamış, səhhəti normal olmuşdur. O, sərnişin avtobusunu idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Həmin gün hava yağışlı olduğu üçün hərəkətdə olduğu asfalt yol yaş imiş. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı belinin sağ nahiyəsindən xəsarət almışdır. O, yük avtomobilinin xəbərdarlıq siqnalını eşidən zaman başını yuxarı qaldırmış və görmüşdür ki, bir “BMW’ markalı avtomobilin yolu, onun hərəkəti istiqamətdə soldan sağa keçir. “BMW’ markalı avtomobil dayanmamışdır. Arxadan gələn avtomobil barəsində bildirmişdir ki, yol nəqliyyat hadisəsindən xeyli sonra ora avtomobillər yığışmağa başlamışdır. Rəşadın dediyi kimi arxadan yaxın məsafədə avtomobil gələcəyi təqdirdə həmin avtomobilin də toqquşmada iştirak edəcəyini qeyd etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad Pirşağı yolu, Omar Atıcılıq mərkəzinin qarşısındakı yolun asfalt-beton örtüklü hissəsində baş vermişdir. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla yaş və düzdür. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.1 üfiqi nişanlanma xətti vardır və hər istiqamət bir zolaqlıdır. Yol örtüyünün eni 22 metrdir. Yolun hərəkət hissəsi sağdan ağaclıq sahə soldan isə X7. Daewoo markalı avtobus hadisədən sonra yolun sol kənarında, qarşısında isə Mercedes markalı yük avtomobili sol yan üstə aşmış vəziyyətdə, BMW markalı avtomobil isə yolun hərəkət hissəsində dayanmışdır. Hadisə yerinə baxış keçirilən zaman şin izləri və tormozlama izləri aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 19 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, baş vermiş hadisə zamanı Omar İdman və Atçılıq klubunun mülkiyyətində olan dayanacağın aşması nəticəsində şirkətə 5000 manat ziyan vurulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş 20 noyabr 2023-cü il tarixli 0262/23 nömrəli ziyan aktından görünür ki, "xxxx" MMC-ə məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı “Daewoo BS 090” markalı avtomobilə 7325 manat ziyan vurulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2/39481 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 8/3564 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 745 markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində gsötərilən səbəblərə görə istintaq tərəfindən göstərilən məlumat real hadisə mexanizminə uyğun olmadığından X13 markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 152 nömrəli rəyində göstərilmişdir ki, mərhum S.B.Məmmədovanın meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın, alın və sol qaşüstü nahiyələrinin əzilmiş-cırılmış yarası, alın nahiyəsində başın yumşaq örtüyü altına qansızma, onurğa beyninin boyun şöbəsinin əzilməsi və toxumasına qansızma ilə müşaiyyət olunan l-ll boyun fəqərələrinin sınıqları və fəqərələrarası diskin aralanması, döş qəfəsinin ön səthində yumşaq qişaları altına qansızmalar, sağ ll-Vİ qabırğaların yerdəyişmiş sınıqları, sağ mil-bilək oynağının və əlin arxa səthlərinin əzilmiş-cırılmış yaraları, sol əlin arxa səthinin qançırı, sağ diz oynağının arxa səthinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol diz oynağının ön səthinin sıyrığı, sağ ayaq pəncəsinin üst səthinin əzilmiş-cırılmış yaraları, sağ ayağın ll-V barmaqlarının proksimal falanqalarının qəlpəli yerdəyişmiş sınıqları. Qeyd edilən xəsarətlər həyatı olub, mərhumun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum S.B.Məmmədovanın ölümünə səbəb nəqliyyat travması nəticəsində l-ll boyun fəqərələrinin sınıqları və fəqərələrarası diskin aralanması, onurğa beyinin boyun şöbəsinin əzilməsi və toxumasına qansızma olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə görə meyitin meyitxanada müayinəsi başlandığı vaxtdan 12- 20 saat əvvələ uyğun gəlir. Mərhum S.B.Məmmədovanın meyitində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan yük avtomobilinin digər avtomobillə toqquşması nəticəsində aşakaraq qabarıq bərk küt hissələri ilə piyadanı vurması və sonuncuda avtobus dayanacağını dağıdıb-uçuraraq dayanacaqda olan piyadanın bədən hissələrinin üzərinə aşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum S.B.Məmmədovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 2265 nömrəli rəyində göstərilmişdir ki, 1985-ci il təvəllüdlü Şahid2 məhkəmə - tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol üst göz qapağının qançırı, sol dirsək, sağ və sol diz nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir: qərarda qeyd olunan müddətə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə salonunda olduğu yük avtomaşın digər minik avtomaşın ilə toqquşması əmələ gələ bilərdi: sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2023-cü il tarixli, 2441 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin əzilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin arxa səthinin yumşaq toxumalarının əziyi, qançırı, bel və sağ sağrı nahiyələrinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.Onun özünü qismən təqsirli bilməsi işin həqiqi halları ilə təkzib olunur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkən tərəflə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun zərərçəkən tərəflə barışıq əldə etməsi kimi cəzasını yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halı, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə maddi “BMW’ markalı 745 modelli, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Daewoo” markalı BS090 modelli, **-TB-*** dövlət qeydiyyat nişanlı avtobus və “X13” markalı **-DA-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili maddi sübut kimi tanınaraq sahiblərinə geri qaytarılmışdır. İş üzrə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 7325 manat məbləğində dəymiş ziyan ilə bağlı, "xxxx" MMC-nin nümayəndəsi isə 5000 manat məbləğində dəymiş ziyan ilə bağlı istintaq zamanı mülki iddiaçı qismində tanınmışlar. Lakin onlar tərəfindən iddia ərizəsi verilməmişdir.Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda həmin ərizələri iddia ərizəsi hesab edib düzgün hüquqi nəticəyə gəlmək mümkün olmadığından həmin ərizələr baxılmamış saxlanmalı, mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. İş üzrə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən ziyan tələbi barədə ərizələri baxılmamış saxlanılsın.Bu barədə mülki iddia ilə ümumi məhkəməyə müraciət etmək hüquqları onlara izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X14 idarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-514/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-514/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver