Məhkəmə qərarları › İş №1(012)-514/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-514/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-514/2025 21.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X2 Təqsirləndirilən şəxs İnqilab oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1976-cı il tarixdə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağları yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İnqilab oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 14:30 radələrində idarə etdiyi “Hyundai Terracan” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Fatmayı qəsəbəsi, Fatmayı-Goradil yolu ilə 40-50 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb hərəkət hissəsinin sağ kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadadan təhlükəsiz yan məsafəsi saxlamayıb piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs travmatik subdural qansızma, baş beyinin ödemi, sol yuxarı ətrafın plegiyası, sol aşağı ətrafın parezi, sostravmatik ensefallopatiya, baş beyin zədələnməsi nəticəsində yaranan dəqiqləşdirilməmiş pozuntu kimi həyat üçün təhlükəli olan ağır zərər vurulmasına səbəb olmuşdur. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs İnqilab oğlu ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Hyundai Terracan” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsiylə etibarnamə əsasında idarə edir. 14 avqust 2024-cü il tarixdə gecəni də növbədə qaldıqdan sonra 15 avqust 2024-cü il tarixdə səhər saat 09:30 radələrində işdən çıxmış və evə doğru avtomobili ilə hərəkət etməyə başlamışdır. Lakin yolda olan zaman avtomobili saxlayıb bir neçə mağazaya girdiyi üçün bir qədər ləngimişdir. Təxminən saat 14:30 radələrində Mehdiabad qəsəbəsindən yaşadığı Fatmayı bağlar massivinə qayıtmaq üçün Fatmayı-Goradil yolu ilə hərəkət edirmiş. Hərəkət etdiyi yolda nəqliyyat vasitələrin hərəkəti iki istiqamətli və hər istiqamətdə bir zolaqlı imiş. O, təxminən 40-50 km/saat sürətlə hərəkət edib birinci “Rahat” marketi keçib getmişdir. Təxminən 500 metr həmin sürətlə irəliləmiş və ikinci “Rahat” marketə çatmağına 20-25 metr qalmış qəfildən bir nəfər yol kənarı ilə gedən şəxs idarəetdiyi avtomobilin ön kapotuna dəymiş və o, ayılıb tez əyləcə basmışdır. Bu zaman həmin şəxs avtomobilin kapotundan yerə düşmüşdür. O, tez avtomobildən düşüb orada olan şəxslərin köməyi ilə adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi avtomobilinə mindirərək Binəqədi rayonu, 6 saylı Xəstəxanaya çatdırmışdır. Lakin oarada xəstəyə əlavə müayinələr tələb olunduğundan təcili tibbi yardım maşını ilə X11 çatdırılmasını təmin etmişdir. Xəstəxanada olan zaman isə ona yaxınlaşan polis əməkdaşlarına baş vermiş hadiə barədə məlumat vermişdir. Onun idarə etdiyi “Hyundai Terracan” markalı avtomobilində heç bir nasazlıq olmamış, avtomobili saz vəziyyətdə olmuşdur. Həmçinin avtomobildə həmin vaxt ondan başqa kimsə olmamışdır. Həmin vaxt günorta olduğu üçün hava aydın və yolun görmə şəraiti normal olmuş, duman olmamışdır. Həmin an onun səhhətində heç bir problem olmamış, səhhəti normal olmuşdur. O, avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Həmin gün hava aydın olduğu üçün hərəkətdə olduğu asfalt yol quru olmuşdur. O, Zərərçəkmiş şəxs Şahini vuran zaman görmüşdür. O, gecə növbəsindən çıxdığı üçün yuxulu imiş. Ola bilsin ki, həmin vaxt yuxuya getmiş və özündən asılı olmayaraq avtomobil yoldan bir qədər kənara, yəni sağa doğru çıxaraq Şahinə dəymişdir. Çünki Şahin idarəetdiyi avtomobilə dəyən zaman yaranan səsə o, özünə gəlmiş və dərhal avtomobili tormozlama edərək saxlamışdır. Onun hərəkət etdiyi istiqamətdə qarşısında avtomobil olmamışdır. Həmin vaxt o, özündə olmadığı üçün və avtomobili ilə Şahinə vurduqdan sonra özünə gəldiyi üçün hadisədən bir qədər əvvəl yolun hansı hissəsi ilə hərəkət etdiyi tam olaraq yadında olmamışdır. Zərərçəkmiş şəxsin müayinə və müalicələrinə 18000 manat vəsait xərcləmişdir. Dərman və ərzaqların alınması üçün xərc çəkmişdir, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. O,üçüncü qrup əlildir, X10 İctimai Birliyinin üzvü olmaqla müharibə iştirakçısıdır. Həmçinin himayəsində üç uşağı vardır. “Hyundai Terracan” markalı avtomobil ona geri qaytarılmışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs İnqilab oğlunun barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 15 avqust 2024cü il tarixdə təxminən saat 14:30 radələrində Fatmayı-Goradil yolunda yerləşən birinci işlədiyi “Rahat” marketdə olan zaman dişi ağrıdığı üçün ağrı kəsici almaq məqsədilə icazə alıb marketdən çıxmış və aptekə yollanmışdır. Təxminən 500 metr həmin yolun piyadalar üçün nəzərdə tutulmuş kənarı ilə piyada şəkildə irəliləmiş və ikinci “Rahat” marketə çatmağına 20-25 metr qalmış qəfildən o, huşunu itirmişdir. Ondan sonra baş verənlərin heç biri yadında olmamışdır. O, artıq özünə gəldikdə noyabr ayının əvvəlləri imiş və onda öyrənmişdir ki, o vaxta qədər xəstəxanada yatırmış. Bundan başqa heçnə yadında qalmamışdır. Lakin özünə gəldikdən sonra o, öyrənmişdir ki, o, aptekə gedən zaman arxadan avtomobil onu vurmuş və o, xəsarət almışdır. Bunun nəticəsində huşunu itirdiyi üçün heçnə yadında qalmamışdır. Onu avtomobil vurduqdan sonra vəziyyəti olduqca ağır olmuşdur. Müalicəsini anasıgil kredit götürərək özəl xəstəxanalarda etdirmişlər. Təqsirləndirilən şəxs onun müalicəsinə xərc çəkməmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Hətta onun müalicə olunduğu Məlhəm klinikası müailcə xərcinin tam ödənilmədiyi üçün ona qarşı iddia qaldırmışdır. Hesab edir ki, həmin iddia təqsirləndirilən şəxsə qarşı qaldırılmalı idi. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Şikayətçi olduğunu təqsirləndirilən şəxs barədə azadlıqdan məhrum edilmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs nümayəndəsi X3 məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsinə uyğun ifadə verdi əlavə olaraq bildirdi ki, təqsirləndirilənin əməli nəticəsində oğlu olan zərərçəkmiş ağır xəsarət almış və ölümdən dönmüşdür. Təqsirləndirilən bu işdə günahkar olmasına baxmayaraq oğlunun müalicə xərclərini ödəməmiş, onlara dəyən ziyanı verməkdən imtina etmişdir. Oğlunun müalicəsi üçün təqsirləndirilən şəxs 4600 manat Məlhəm Klinikasına ilk olaraq ödəmişdir. Lakin oğlunun müalicəsinə çox pul lazım olmuş və hər dəfə təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pul ödəməkdən imtina etmişdir. Odur ki, o, müxtəlif banklardan kredit götürmüş və oğlunun müalicəsinə sərf etmişdir. Bu vaxta qədər oğlu olan zərərçəkmişin müalicəsinə olduqca çox vəsait xərclənmişdir. Hətta Məlhəm klinikası onlara qarşı iddia da qaldırmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidirlər, təqsirləndirilən şəxs oğluna vurulmuş ziyanlğı ödəməmişdir. Odur ki, təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:  14 dekabr 2024-cü il tarixli Abşeron Rayon Polis İdarəsinin məktubundan görünür ki, DİN-in BDYPİ-in məlumat informasiya sisteminə verilən sorğuya əsasən Təqsirləndirilən şəxs İnqilab oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Təqsirləndirilən şəxs İnqilab oğluna 14 iyul 2027-ci il tarixədək etibarlı olan AD seriyalı 077782 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İnqilab oğlu hadisə vaxtı ayıq olmuşdur.  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Fatmayi qəsəbəsi, Fatmayı-Goradil yolunun asfalt-beton örtüklü hissəsində baş vermişdir. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və düzdür. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün 1.5 üfiqi nişanlanma xətti vardır və hər istiqamət bir zolaqlıdır. Yol örtüyünün eni 10 metrdir. Yolun hərəkət hissəsi sağdan “Rahat” market və fərdi tikililər, soldan isə torpaqlı ehtiyyat hissədir. Hyundai markalı avtomobil Fatmayı-Goradil yolu ilə Fatmai bağları istiqamətində hərəkətdə olarkən yolun sağ kənarı ilə hərəkətdə olan piyadanı avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Hadisə yerinə baxış keçirilən zaman şin izləri və tormozlama izləri aşkar olunmamışdır.  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 8/2764 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Terracan markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs İnqilab oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsinin Abşeron rayon şöbəsindən verilən 07 oktyabr 2024-cü il tarixli 2336 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində tibbi yardım üçün müraciət etdiyi “X4”-da və “X15”-də qoyulmuş diaqnoz “Travmatik subdural qansızma. Baş beyinin ödemi. Sol yuxarı ətrafın plegiyası. Sol aşağı ətrafın parezi. Postravmatik ensefallopatiya. Baş beyin zədələnməsi nəticəsində yaranan dəqiqləşdirilməmiş pozuntu bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.  “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq, icraata qəbul edilmişdir.  “Zərərçəkmiş şəxs qismində tanınmaq barədə” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır.  Cinayət işinin tövsif olunması haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-in 263.1-ci maddəsindən 263.1- 1-ci maddəsinə tövsif edilmişdir.  “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İnqilab oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 13 dekabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İnqilab oğlu əvvəllər məhkum olunmamışdır.  “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İnqilab oğlu barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.  AzeMis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs İnqilab oğlunun himayəsində xx.xx.2007-ci il təvəllüdlü X6 adlı, xx.xx.2010-cu il təvəllüdlü X7 adlı, xx.xx.2013-cü il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan övladları vardır.  “Sübutların qiymətləndirilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs İnqilab oğlunun idarə etdiyi “Hyundai Terracan” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və sxem, baxış və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizaları, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyləri, sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsi aktı və toplanmış digər rəsmi sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir.  Təqdim edilmiş fotoşəkillərdən Zərərçəkmiş şəxs xəstəxana otağında huşsuz vəziyyətdə olduğu görünür.  Məhkəmə iclasında zərərçəkmiş tərəfdən təqdim edilmiş video görüntüyə baxış keçirilmiş və təqsirləndirilən şəxs tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən edilmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməkləbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMnin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs İnqilab oğlunun törətdiyi CM-in 263.1-1-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.1-1-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İnqilab oğlunun törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, Təqsirləndirilən şəxs İnqilab oğlunun törətdiyi cinayət əməli onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs İnqilab oğlunun yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olması halı tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs İnqilab oğlunun hərəkətlərində CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs İnqilab oğlu CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs İnqilab oğluna cəza təyin edərkən CM-in 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs İnqilab oğlunun zərərçəkmiş şəxsə vurulmuş zərərlə bağlı qismən ödəniş etməsi, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması,müharibə iştirakçısı olması əməlində cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs İnqilab oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, İ Qarabağ Müharibəsi veteranı olduğunu, himayəsində 03 yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsə də qismən ödənişlər etməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədlərini təmin edə bilər. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. CM-in 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs İnqilab oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış “HYUNDAİ TERRACAN” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Təqsirləndirilən şəxs İnqilab oğlunun istifadəsində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə sərf edilmiş 20 (iyirmi) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (bir yüz iyirmi) manat ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu işə baxan hakim (hakimlər) tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs İnqilab oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İnqilab oğlu cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs İnqilab oğlu barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs İnqilab oğlundan tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “HYUNDAİ TERRACAN” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs İnqilab oğlunun istifadəsində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs İnqilab oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar