Məhkəmə qərarları › İş №1(012)-515/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-515/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-515/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş,məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyata olan və ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Təzə bazar» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat məbləğində nəğd pul verməklə şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümlərdə ayrı-ayrılıqda 0,088 qram, 0,050 qram və 0,019 qram, ümumilikdə 0,157 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini və 1 kağız bükümümdə içrisində ayrı-ayrılıqda 0,043 qram, və 0, 048 qram olmaqla ümumilikdə 0,091 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamış, həmin gün saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə küçədə saxlanılaraq rayon polis idarəsinə gətirilmiş, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ cibindən 3 ədəd bükümlərdə ayrı-ayrılıqda 0,088 qram, 0,050 qram və 0,019 qram ümumilikdə 0,157 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamin və 1 kağız bükümümdə içrisində ayrı-ayrılıqda 0,043 qram və 0, 048 qram olmaqla ümumilikdə 0,091 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri Qurtuluş küçəsi bina 205, mənzil 11-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri məhəllə 25, bina 5-də yaşayır. Narkotik vasitə olan heroin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 28ci məhəllə ərazisində polis əməkdaşları özlərini təqdim etdikdən sonra onu saxlayıb Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-nin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən çıxardığı bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində ümumilikdə 5(beş) bükümdən ibarət olan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin maddə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri “təzə bazar” adlandırılan yerin yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata almış, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin şəxsi ilk dəfə xx.xx.2023-cü il tarixdə görmüş, əvvəllər həmin şəxsi tanımamışdır. Sonda o, tutduğu əməldən peşman olduğunu əsas gərirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ İTŞ-nin sahə rəisi, poils mayoru Şahid3 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir.Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və satması barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış, onun və NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 23 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı, 28-ci məhəllə ərazisində zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığı soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd ağ rəngli kağız parçasına bükülü bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində 3 ədəd selofona bükülü və 2 ədəd kağız parçasına bükülü kütlələr olduğu müəyyən edilmişdir. Həmin bükümlərdə qəhvəyi rəngli, toz formalı, narkotik vasitə heroinə oxşar maddə və kristal formalı şəffaf psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə və psixotrop maddəyə oxşar kütlələrin xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Təzə bazar» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər və psixotrop maddəyə oxşar kütlələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiiyi ifadəsini təsdiq etdiyini və işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid1 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan edilmiş ifadələrindən görünür ki, onlar Abşeron RPİ İTŞ-nin sahə rəisi, poils mayoru Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və istintaqa analoji ifadələr vermişlər. Məhkəmə baxışında iş üzrə sübut Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, qara rəngli cins şalvarının sağ cibindən 1 kağız bükümdə icərisində ayrı-ayrılıqda və üç ədəd yenə ayrı-ayrılıqda bükümlər aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli 6/1118 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №56» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən…» və s sözlər, imzalar olan bir ədəd zərfdə 02 ədəd bükümdə təmiz çəkisi 0,043 qram, 0,048 qram, ümumi təmiz çəkisi 0,091 qram qəhvəyi rəngli maddə kustur üsulla hazırlanmış narkotik vasitə- Heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,088 qram, 0,050 qram, 0,019 qram, ümumi təmiz çəkisi 0,157 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələr”in siyahısına (Siyahı 1), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metafetaminin təmiz çəkisi 0,157 qram, tədqiqata sərf olunan miqdar 0,03 qram, qalıq 0,127 qram təşkil edir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,091 qram, tədqiqata sərf olunan miqdar 0,02 qram, qalıq 0,071 qram təşkil edir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 0, 071 qram qalmış narkotik vasitə olan heroin və 0,127 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndiirlən şəxs Qasımov X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə, əməlindən peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmışdır. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparılmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 1659 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi mülicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 0,071 qram qalmış narkotik vasitə olan heroin və 0,127 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi narkotik vasitə olan 0,071 qram heroin və 0.127 qram metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar